Məhv olan rəqs mədəniyyətimiz

 

Bu yazıda dəyəri, qiyməti heç bir meyar ilə ölçülməyən misilsiz bir sərvətin öz əlimizlə necə məhv edilməsi barədə söz açmağa çalışacağıq. Fikrimizcə, bu barədə ciddi düşünməyə, təqdim edəcəyim faktlara həssaslıqla yanaşmağa dəyər.

 

"Sovetskoe iskusstvo” qəzeti, 2 aprel 1938-ci il tarixli sayında şöhrət zirvələrinə doğru addımlayan Bülbülün ’’Xanəndə və aşıqlar” adlı məqaləsini dərc edib. Müəllifin məlumatına görə, konservatoriya nəzdindəki Azərbaycan musiqisinin elmi-tədqiqat kabinəsinin işçiləri ekspedisiyalar zamanı ancaq bir neçə mahaldan 250 oyun havası toplayıblar. Kabinə son bir neçə il ərzində 800-dən artıq (!) xalq melodiyasını nota köçürüb, ümumiyyətlə isə, 400 xalq rəqsi toplayıb.

Bu gün bəlkə də rəqəmlər inandırıcı görünmür, amma bütün bunlar danılmaz faktdır. Məqalənin çap olunduğu tarixə diqqət yetirin - 1938-ci il. Dəhşətli repressiya tam gücü ilə hücumdadır. Belə bir dövrdə mətbuata yalan məlumat ötürməyə kim cürət edə bilərdi ki? Deməli, 400 xalq rəqsi, 800-dən artıq xalq melodiyası barədə yazılanlar reallığı əks etdirir.

Təəssüf ki, o zaman respublikanın əksər bölgələrində hələ tədqiqatlar aparılmayıb. İndi kimə sual versən ’’neçə xalq havası bilirsən?”, - yalnız ikisinin, üçünün adını çəkə bilər.

400 xalq rəqsi! Görün xalqın xoreoqrafiya mədəniyyəti hansı səviyyədə olub. İndi isə keçək əsl mətləbə...

İzi əsrlərin zülmətində itən Azərbaycan milli rəqs mədəniyyətinin çox qəribə, maraqlı tarixi var. Bu tarixdə acınacaqlı səhifələrlə yanaşı, səhifələrə də rast gəlirik. Vaxtında öyrənilib tədqiq edilmədiyi üçün yüzlərlə orijinal rəqsin cizgisi, adı, havası məhv olub, unudulub. Beləcə, illər keçdikcə səhifələrin sayı artıb, XIX əsrin sonlarında və XX əsrin əvvəllərində yaradılmış yeni rəqs havaları belə bu boşluğu doldura bilməyib.

Keçən əsrin 30-cu illərində Üzeyir bəyin başçılığı ilə konservatoriyanın nəzdindəki Azərbaycan musiqisinin elmi-tədqiqat kabinəsi rayon və kəndlərə ekspedisiyalar göndərirdi. Mütəxəssislər qədim havaları, mahnıları toplayıb öyrənirdilər. Bu nəcib işdə Bülbül, Asəf Zeynallı, Səid Rüstəmov və başqaları yaxından iştirak edirdilər. Qısa bir müddət ərzində cəmi bir zonadan mahnılarla yanaşı minəqədər oyun havası toplandı. Ancaq təəssüf ki, elmi əsaslar üzərində yaradılmış milli xoreoqrafiya məktəbi mütəxəssislərinin olmaması üzündən bu qədər rəqs melodiyasının xoreoqrafik quruluşu, təsviri və cizgiləri işlənib hazırlanmadı.

Onu da qeyd edək ki, məhz bu illərdə yüzlərlə növhə və mərsiyə havası da nota alınmışdı. Həmin zəngin sərvətdən bəzi bəstəkarlar istifadə edib. Çox təəssüf ki, yüksək erudisiyalı, imanında sabitqədəm rövzəxanlar, irfan sahibləri tərəfindən bəstələnmiş yüzlərlə dini melodiyanın hansı arxivdə saxlanılması məlum deyil.

İllər keçir, sonra İkinci Dünya Müharibəsi başlayır. Bütün ölkədə aclıq, mərhumiyyət hökm sürür. Adını çəkdiyimiz kabinənin səsi-sədası gəlmir, gözəl, nəcib təşəbbüs unudulur.

Sonra Bakıda xoreoqrafiya məktəbi yaradılır, klassik Avroparus baletini təbliğ edən bu məktəb yanında milli rəqs mədəniyyətini öyrənən və yerli xoreoqraf kadrları yetişdirə bilən xüsusi studiyanın, ya da kursun açılmasını təklif edənlər də olur. Nə üçünsə klassik balet ’’fədailəri” bu gözəl təklifi rədd edirlər. Elə bununla da milli xoreoqrafiyanın kitabı bağlanır. Ölkənin onlarla rayonunda, yüzlərlə kəndində qədim rəqsləri, oyun havalarını gözəl bilən el sənətkarları dünyalarını dəyişirlər. Beləcə estafet qırılır.

Qədim rəqs mədəniyyətimizin unudulmaz elementləri haqqında nədənsə heç nə yazılmır. Mədəniyyət tariximizin müxtəlif sahələrinə dair onlarla elmi ortaya qoyulur, müasir balet nailiyyətlərimizdən tez-tez danışılır, amma milli rəqs ənənələri unudulur. Qədim adətlərin, ayinlərin mühüm ünsürlərini əks etdirən rəqslər tamam yox olur.

Milli rəqs mədəniyyətimizin klassik irsi öyrənilmədiyindən, nəsillər arasında estafet qırıldığından bizim əksər rəqslərimizdə başqa xalqların rəqslərindən götürülmüş yabançı elementlərə tez-tez rast gəlirik. Çox vaxt isə bir rəqsdəki mühüm element və cizgilər müxtəlif variasiyalarda digər rəqslərdə də təkrar olunur.

Rəhmətlik Əlibaba Abdullayevin yeri görünür... Bəli, Üzeyir bəy dövrünün yadigarlarından biri olan Əlibaba müəllim 1973-cü ildə mahnı və rəqs ansamblının baş baletmeyster vəzifəsindən gedən gündən milli xoreoqrafiyamız yaman çətin günlər yaşayır.

İndi təkcə zaman yox, çox şey dəyişib. Qədimdə heç vaxt toyda 20-30 kişi, qadın ortada atılıb düşmürdü. Toyda, şənlikdə çox oynayanlara ikrahla baxırdılar. Ümumiyyətlə, hər adam oynamırdı, çoxu bunu qəbahət sayıb özünə sığışdırmırdı.

Daha bir incə məqamı vurğulamaq yerinə düşər. Güneyli, quzeyli Azərbaycanda kübarlar, şəcərəli zadəganlar heç bir vaxt qol qaldırıb rəqs etməyiblər. ”Bəy havası” sözü də həmin günü toyu olan gəncə aid edilib. İstər kənd yerlərində, istərsə də böyük şəhərlərdə kişi məclisində həddi-buluğa çatmamış oğlan uşağının oynaması yolverilməz idi. Köçəri camaatın, kənd əhalisinin yallı getməsini bu məsələyə qatıb-qatışdırmaq düzgün deyil. Bu tamam başqa söhbətin mövzusudur.

İndikindən fərqli olaraq, o zaman kişi məclisində qonşunun, ya da tamam başqa məhəllə adamının balaca oğlunu ortaya çəkən adam böyük riskə gedirdi. Heç kim belə həqarəti yerdə qoymazdı. ’’Necə yəni, mənim oğlum sizin üçün mütrüf-zaddır ki, ortaya salıb oynatmısınız”- deyib, həmin gün qan salardılar. Azəri türklərinin əsl kişi rəqslərinə tələbi də, münasibəti də tamam başqa idi.

Təəssüf ki, bu gün qadın rəqslərimiz vaxtı ilə Azərbaycana əyalət, ekzotika yeri kimi baxmış səyyahların təsvir etdikləri bədnam Şərq ’’rəqslərindən” az fərqlənir. Halbuki əsrlər boyu Azərbaycan qadınlarının xarakteri, utancaqlığı, məsumluğu, habelə onların həyat tərzi klassik qadın rəqslərimizdə çox gözəl ifadə olunub. Klassik rəqslərimizdəki dərin lirizmi heç nə ilə müqayisə etmək mümkün deyil. Elə buna görə də Avropanın, Rusiyanın balet məktəbini keçən rəqqasələr, baletmeysterlər bizim milli xoreoqrafiyamızın daxili aləminə nüfuz edə bilmirlər.

Əcdadların dağ çeşməsi kimi safpak irsinə üz tutmaqdansa, mütrüfbazlığa üz tutduq. Gürcü xoreoqrafları qədim kartli, xevsur paltarlarını rəqqaslarına geyindirməyi lazım gördülər və hər yerdə də uğur qazandılar. Rus incəsənətinin görkəmli xadimi İqor Moiseyev qədim Voloqda, Vladimir, Voronej, Ural milli rus kostyumları, ağac qabığından toxunmuş lapti geymiş rəqqasələri dünya səhnələrinə çıxarmaqdan çəkinmədi. İ.Moiseyev bir neçə ildir ki, vəfat edib, amma yaratdığı məktəb, ansambl onun işini ləyaqətlə davam etdirir. Dünyanın heç bir rəqs truppası onlarla bəhsə girmir...

Ziyalı təbəqəsinin susması xoreoqrafiyamızı doğrudan da, zərbə altına qoydu. "Oriyental rəqs" adı altında indi az qala toyxanaları belə zəbt etmiş biədəblik hara, kişilik hara? Şuşası, Qarabağı əlindən alınmış millət indi oturub elit fahişələrin göbək atmasına baxır. Bir millətin ki, ancaq bir "İnnabı” rəqsinin tarixi ərəbdən də, firəngdən də qədimdir, onun göbək rəqsinə aludə olması küfrdür. Bir millətin ki, vaxtilə kübar təbəqəsi oynamağı, atılıb-düşməyi özünə ar bilərdi, onun övladlarının toyxanalarda, ictimai yerlərdə "həbəş yallısı” getməsi şərəfsizlikdir.

İndi bəziləri soruşa bilərlər kl, qədim, unudulmuş rəqsləri və onların əsas elementlərini bərpa etmək olarmı? Olarvacibdir də. Dəqiq bilirəm ki, 60 ildən çox müddət ərzində elmi tədqiqatlar aparmış İ.Moiseyevin arxivində onlarla rəqsimiz xüsusi yazı sistemi ilə qorunur. Onların xoreoqrafik təsvirləri ən yüksək səviyyədə kağız üzərinə köçürülüb. Ədanı bir yana qoyub, o kişinin şagirdlərinə, işinin davamçılarına kömək üçün müraciət etsək, xəncərimizin qaşı düşməz.

Məlumdur ki, Azərbaycanda qadın toyxanası kişi məclisindən ayrı olardı. Allaha şükür, bəzi yerlərdə bu gözəl adət qorunub. Keçən əsrin 30-cu, 50-ci illərində ayrıca mağardaya evdə keçirilən qadın toylarını izləyənlər oradakı rəqslərlə indiki biabırçılıq arasında fərqləri yaxşı görürlər. "Həya və məsumluğun hərəkət edən heykəli” hesab edilən qadın rəqslərimizdəki mahiranə süzməni, qaş və gözlərin oyununu, bütöv bir hekayət nəql edən əl hərəkətlərini indi heç yerdə görmək mümkün deyil. Bütün bunların əvəzindəsə...

Yeri gəlmişkən, bir məsələni də qeyd etmək yerinə düşər. Bəzi ’’mütəxəssislər” rəqs mədəniyyətindən danışanda ya "Yallı”nı misal gətirir, ya da rus rəssamı Qaqarinin məşhur "Şamaxı rəqqasələri” adlı əsərinə mədhiyyələr deyirlər. İncəsənət tarixindən məlumatlı hər bir kəs bu əsərə baxan kimi nəyin nə yerdə olduğunu həmin dəqiqə müəyyən edir. Adlı-sanlı rus rəssamı K.Bryulovdan dərs almış Qaqarin həm istedadına, həm də o illərdə rəssamlıqda hökmfərma olmuş romantizm təmayülünə sadiq qalıb. Qaqarin Qafqazda, xüsusən bizim ölkədə neçə-neçə kübarın, xanın, bəyin evində qonaq olub. ’’Mütəxəssislər” unutmasınlar ki, XIX əsrdə Azərbaycanda elə bir imkanlı şəxs yox idi ki, evində "ştatlı” rəqqasə saxlayaydı. Neft milyonçuları qol-qanad açana qədər ölkədə heç bir əsilzadənin abırlı bir imarəti də yox idi. Bir hörmətli qonaq gələndə imkanlı şəxs pul gücünə səyyar qaraçı tayfasından xüsusi cingənə dəstəsi dəvət edərdi ki, məclisi təmtəraqlı keçsin. Cingənələr qaraçı da olsalar dünya xalqlarının rəqslərini, xüsusi ilə də hind və ərəb rəqslərini böyük məharətlə oynayırdılar. Onlar yaxşı geyinər, misilsiz ustalıqları ilə məclis əhlini heyran qoyarheç bir əxlaqsız hərəkətə yol verməzdilər. Qaqarinin Şamaxıda qonaqlıqda gördüyü rəqqasələr də azəri qızları yox, cingənələrdir. Onları musiqi ilə müşayiət edən sazəndələrin paltarlarına diqqətlə baxsanız hansı millətdən olduqlarını da müəyyən edə bilərsiz. Əlavə şərhə ehtiyac yoxdur... Nəhayət bir mətləbə də toxunmaq zamanıdır. Millətimizin heç bir kübarı heç vaxt əcnəbi qarşısında müsəlman qızlarını oynatmayıb...

(Davamı olacaq)

 

Firuz HƏŞİMOV

 

Reyting.- 2017.- 13 may.- S.7.