ƏSRLƏRİN MUSİQİ ƏSRARI
VII əsrin ortaları Firdovsinin təbiri ilə desək, "dünən kərtənkələ yeyən ərəblər”, "Allah birdir! Mənşəyinə, zümrəsinə, irqinə baxmayaraq, bütün insanlar onun qarşısında bərabərdirlər!” şüarı ilə Sasani imperiyasına qarşı hücuma keçəndə tarix öz hökmünü vermişdi. Atəşpərəstliyin süqutuna səbəb olmuş siyasi, iqtisadi və hərbi amillərlə yanaşı, başqa bir mühüm amil də vardı. Bu, mazdayasna- atəşpərəstlik dininə xas olan kasta sistemi və onun törətdiyi acı nəticələr idi.
Dehqanların (o dövrlərdə bu söz "mülkədar" mənasında işlədilirdi), mobedlərin, spaxpedlərin, mərzban əlaltılarının zülmündən cana doymuş xalq kütləsi imperiya ordularının məğlubiyyətini soyuqqanlılıqla qarşıladı.
...Adi əməkçi atəşgaha yaxınlaşmaq hüququna malik deyildi, müqəddəs odlara ancaq mobedlər vasitəsilə müraciət edə bilərdilər. Qəribə vəziyyət yaranmışdı, bəzən müsibətə düçar olmuş zəhmətkeş sidq-dillə inandığı atəşgaha yaxınlaşıb ovunmaq üçün dərdini də aça bilməzdi, mütləq mobed-vasitəçi lazım idi.
...Əkinçi silah gəzdirməməli idi, ölkənin qorunması yüksək təbəqə sayılan, nəsildən-nəsilə orduda qulluq edən ’’ölməzlərin (bu ənənə hələ Əhəmənilər dövründən qalmışdı), kiçik torpaq sahibləri olan azatların və atəştəran adlanan peşəkar döyüşçülərin işi idi. Ordunun özündə də təbəqələşmə vardı.
“Avesta”ya o qədər şərhlər verilmişdi ki, onun əməyə, rəncbərə hörmət tələb edən məşhur hissələri unudulmuşdu. Kahinlərdən başqa qədim dini mətnlərin dilini də bilən yox idi.
Soqdianadan tutmuş Dərbəndə qədər uzanan böyük bir ərazidə yaşayan avtoxton xalqlar mədəniyyət və incəsənət sahəsində elə zirvələr fəth etmişdilər ki, indinin özündə də buna heyran qalmamaq olmur.
Misilsiz mədəni inkişafın fonunda baş vermiş hadisələri öyrənəndə qeyri-ixtiyari olaraq çaşırsan. Atəşpərəstliyin hökmfərma olduğu yerlərdə sənətlər də neçə qrupa bölünürdü: murdar peşələr, pak sənətlər. Cəmiyyətin yekdilliyini pozan təbəqələşmə bir yana dursun, eyni ictimai pillədə duran adamlar arasında ikitirəlik düşürmüş.
(...Üç inamın - bütpərəstliyin, xristianlığın və atəşpərəstliyin bir- birilərinə çuğlaşıb ölüm-dirim mübarizəsi apardıqları qədim Albaniyadakı vəziyyəti görkəmli tarixçimiz Rəşid Göyüşov özünün ’’Qafqaz Albaniyasında xristianlıq” adlı gözəl əsərində çox dolğun boyalarla təsvir edib).
Şimallı-cənublu Vətənimizin böyük ərazisində atəşpərəstliyin hakim din formasını nəzərə alaraq, mən çox məsələlərə elə bu aspektdən yanaşmağı lazım gördüm. Xristian Albaniyanın mədəni irsinin necə planauyğun surətdə məhv edilməsi və başqaları tərəfindən həyasızcasına mənimsənilməsi haqqında bizim adlı-sanlı tarixçilərimiz dəfələrlə yazıblar. Elə bil qarğışa
gəlmişik, xristianlığın yayıldığı
kiçik ərazinin əlifbası, kitabələri,
memarlıq abidələri və başqa mənəvi sərvətləri
yerli-dibli talan olunur, onların izinin-tozunun qalmaması
üçün erməni kilsəsi rusların köməyi
ilə əlindən gələni əsirgəmir. Etiraf etməliyik ki,
nadanlarımız da bu işdə az rol oynamayıblar...
Mətləbdən uzaqlaşmayaq.
Nəinki başı üzərində "fərri-kəyan”
gəzdirən şahənşah, eyni zamanda onu görmək
şərəfinə nail olmuş əyan-əşrəf, dərbar,
mobedlər, hətta musiqiçilər bir növ sitayiş
obyektinə çevrilirdilər. ”Fərr” sahibi şahənşahı
görmək o demək idi ki, deməli, həmin adamın
üzərinə “ilahi” halədən bir zərrə də
olsa nur düşüb. (“Fərr” Əhəməni
və Sasani şahlarının başları üzərində
olan, adi insanların görə bilmədiyi nur haləsinə
deyilirdi. Onun təsviri sikkələrdə
və barelyeflərdə verilib. Mazdayasna təliminə
görə, ancaq Ahuramazdanın bəxş etdiyi ’’fərri” gəzdirən
adam şahənşah ola bilərdi. Bəlkə
də indi adi adamların ünvanına işlətdiyimiz ’’fərli”,
’’fərsiz” sözləri mənşəcə bununla
bağlıdır?! XI əsr tarixçilərindən biri yazırdı:
’’Atəşpərəst məmləkətində kimə desən
sitayiş olunurdu, hətta itə də (mazdayasna təliminə
görə, it müqəddəs heyvan sayılırdı -
F.H.), təkcə bədbəxt rəiyyət yada
düşmürdü”.
Xalqdan
ayrı düşmüş, ancaq keçmiş şöhrəti
ilə kifayətlənən, naz-nemət içində
yaşamaqdan döyüşkənlik ruhunu itirmiş, taxt- tac uğrunda bir-birini didən saray
aravuranlarının əllərində alətə
çevrilmiş ordu olduqca pis silahlanmış müsəlmanlar
tərəfindən dalbadal məğlubiyyətə
uğradıldı.
Vaxtilə
məğlubedilməz sayılan Roma legionlarını məhv
edən, imperatorlar əsir alan atəşpərəstlərin
fərsiz xələfləri, sayı 30 minə güclə
çatan müsəlman ordusunun qarşısında aciz
qaldılar.
Cavanşir kimi zəmanənin görkəmli sərkərdəsinin
də istedadından istifadə etməyi bacarmadılar.
Nə isə...
Sonralar milli şüurun oyanması və digər
amillərin təsiri nəticəsində müxtəlif
bayraqlar altında qalxmış böyük üsyanlardan,
yerli aristokratiyanın hakimiyyətdə tədricən
üstünlük qazanmasından, yeni hökmdar sülalələrinin
tam müstəqil olmasından danışmıram. Ərəblər tarixə "Sasanilər
dövrü mədəniyyəti” adı ilə
düşmüş misilsiz bir mədəniyyətlə
üzləşdilər.
Son
detalına qədər düşünülmüş saray mərasimləri,
etiket, öz dövrü üçün yüksək
sayılan maliyyə sistemi, arasıkəsilməz
poçt-rabitə xidməti, indiyə qədər
dünyanı heyran qoyan tətbiqi sənət (Ermitajda hifz
olunan qab-qacaq, sürahilər, cam və ritonlar, bütün
dünyada ən bahalı eksponatlardan hesab olunur) və yüksək
musiqi mədəniyyəti tarix səhnəsinə təzə
qədəm qoymuş ərəblər üçün
tapıntı idi.
...Müxtəlif
nağara çalanlar dəstələrinə qulaq asın,
baxın, diqqətlə dinləyin. Alətlərin
hətta korpusları adi süni materialdan düzəldilib,
burada hansı tembr zənginliyindən söhbət gedə bilər?
Hələ indiyə qədər heç bir
alim Stradivari, Amati, Qvarneri kimi ustaların düzəltdikləri
skripkaların, violençellərin səs sirlərini
aça bilmir. Yadigar qalmış simli alətlər
hər bir ölkədə göz bəbəyi kimi qorunur,
onlarda çalmaq hər musiqiçi üçün səadət
sayılırsa, belə alətlərin istifadə olunduğu
konsertdə olmaq isə hər musiqisevər üçün fəxarət
mənbəyi olur. Müasir simfonik orkestrdə,
ya da solo-konsertlərində çıxış edən
musiqiçilər yaxşı, orijinal alətlə işləmək
üçün bütün var-yoxlarından
çıxırlar. ”Eh, nə olar, səs
səsdir də, burada nə var ki?” deyib əlinə hər nə
gəldi götürən musiqiçini bir orkestrə
yaxın da buraxmazlar. Əh- mədxan
Bakıxanov və Bəhram Mansurov kimi ustaların tarları
necə saf-çürük etmələrinin canlı
şahidiyəm. Korpusu ağacdan, üzərinə
də lazımi dəri çəkilmiş əsl nağaraya
rast gəlmək müşkül məsələdir.
Əgər hər şeydə belə güzəştə
getsək, onda gözəl səs imkanları əldə etmək
üçün çəkilən zəhməti bir tərəfə
atıb tarlarımızın, sazlarımızın
çanaqlarını da ştamp üsulu ilə
plastmasdan-zaddan düzəldək də! Ancaq ”üç
badam, bir qoz” ritmini çalmağa layiq olan bizim indiki zərb
alətləri ilə plastmasdan düzəldilmiş tarı,
kamanı müşayət etmək olar. Azərbaycan musiqisinin
keşiyində durmalı olan müxtəlif bədii
şuralar və musiqi ’’məmurları” Hindistandan üzü
bu yana sazəndə dəstələrində
hansı təbil və nağaralardan istifadə olunmasına
fikir versinlər. Bu o yana dursun, fikir versinlər
ki, müxtəlif pərdədə təmiz səs almaq
üçün hər nağaraya, ya təbilə neçə
cür dəri çəkilib.
Bir neçə dəfə “üç badam, bir qoz” ritm
adını çəkməyim bəzilərini
çaşdıra bilər. Məsələ
ondadır ki, türk-islam dünyasında bəstəkarlar,
musiqi nəzəriyyəçiləri öz sələflərindən
aldıqları musiqi sərvətlərini nəinki artırmış,
eyni zamanda yeni-yeni musiqi təlimləri də
yaratmışlar. “Nağara”
sözünün etimologiyasına fikir verək. Ritmik
ölçülər və ya üsullardan tərtib olunan ritmik
vahidlərə ”naqr” deyilirdi. Musiqi risalələrində
naqrlar "t” və ”n” samitlərindən
ibarətdir. Bu naqrların və ya hərflərin
uyarlığından ritmik təqtilər (məs: tana, tan,
tanan, tananan), onların müxtəlif uyarlığından isə
ritm ölçülərinin özü əmələ gəlir.
Bu ritmlərin ifa olunması üçün ən
əlverişli zərb alətinə elə buna görə də
nağara adı verilib. Milli ritmlərin ancaq
”üç badam, bir qoz”dan ibarət olduğunu
düşünənlər üçün, musiqimizdə ilkin
orta əsrlərdən qəbul olunmuş zərb
üsullarının siyahısını verirəm: Qəməriyyə,
Qasir, Peşrəv, Şahi, Təvil, Türki, Hədid, Dərbür-Rəbi,
Cədid, Hünər, Hatif, Hatifi-Rəməl, Hatifi-Səqil,
Hatifi-Həzəc, Havi. İndi özünüz
baxın, 15 klassik zərb üsulunu əzbər bilən sənətkar
irtical (improvizasiya) vaxtı mahir sazəndələrlə necə
möcüzələr yaradırmış.
Başqa xalqlarla mədəni əlaqələrə girənə
qədər ərəblərin musiqi alətləri olduqca
primitiv idi. Amma vokal sənətinə, mahir xanəndələrə
ehtiram var idi. İran və Azərbaycanda
simli alətlərin çoxluğu ərəblərin diqqətini
cəlb etməyə bilməzdi.
Özünün səs imkanları, məlahəti ilə
ərəb vokal ifaçılığının tələblərinə
cavab verən gözəl bərbət Hicaza
aparılmışdı. Amma aparılan alətlər
azlıq edirdi, elə buna görə də ərəb
ustaları Hicazın özündə onu düzəltməyə
başlamışdılar. Bərbətin çanaq hissəsi
üçün lazım olan ağacı odun
parçaları halında Afrikadan gətirirdilər, bəlkə
də elə buna görə ərəblər bərbətə
”əlud”, yəni ”odun” deyiblər.
O vaxta qədər
bir-iki primitiv musiqi alətinə malik olan ərəb atəşpərəstlərdən
əxz etdiyi bərbəti öz adı ilə tanımaq istəməyib,
buna görə də bərbət uda çevrilib. Başqa bir misal. ’’Rübab”
sözü hamıya tanışdır. Amma çox az adam bilir ki, vaxtilə ərəblər Azərbaycanda
rastlaşdıqları 13 simli alətin hamısına
’’rübab” deyiblər.
İllər
keçdi, təəccüblü də olsa, ’’rübab”
sözü nəinki fars, hətta
türkdilli müəlliflərin də əsərlərində
vətəndaşlıq hüququ qazandı. Bir
müddət keçəndən sonra indiki kamança
dediyimiz simli alətin əcdadı olan qijək də risalələrdən
yoxa çıxır. Daha doğrusu, əsl
qədim türk sözü olan qijəkin yerinə rübab
sözü işlənir. Hindistana gedib
çıxmış qijəkə, indi bizim kamança dediyimiz
alətə orada ’’yektar” deyirlər. Şimali
Hindistanda yektar kamança hal-hazırda bütün toy-düyünlərin
bəzəyidir. Rübab adlandırılmış
qijəkimiz isə tədricən müxtəlif dəyişikliklərə
məruz qala-qala Şimali Afrikaya, oradan da İspaniyaya
adlamışdır.
(Ardı var)
Firuz HAŞIMOV
Reytinq.- 2017.-
6 may.- S.7.