QATİLLƏR
hekayə
Əvvəllər bu qədər doğma olduqlarını bilmirdilər. Vaxt keçdikcə hər şeyi tədricən anlamağa başladılar. Demə, bacı-qardaş imişlər.
Onlar bir-biri ilə səssizcə, yalnız özlərinin başa düşdüyü bir didə “danışırdılar”. Qardaş çox dəcəl idi, dinc durmağı xoşlamırdı. Bacı isə öz sakit “hücrəsində” dincəlməyi sevirdi. Qardaş öz bacısı üçün nəsə xoşagələn bir şey etmək, ən azı ona iltifat göstərmək, onun qulluğunda durmaq istəyirdi. Amma hələlik bunu bacarmırdı. Daha doğrusu, buna imkanı çatmırdı. Onlar qonşuluqda, lap elə birlikdə olsalar da hələ əl-ələ tutub üz-üzə dayana bilmirdilər. Hərəsinin öz aləmi, öz “yuvası” vardı. Ama ikisi də doğma və yaxın olduqlarını daim hiss edirdilər.
Onlar hiss edirdilər ki, haradasa, bir qədər uzaqda, hələlik onların səsi çatmayan daha geniş, daha işıqlı bir aləm var.
Onlar əmin idilər ki, günlərin bir günü həmin o geniş aləmə çixacaq, həmin o işıqlı dünyaya qədəm basacaqlar. Deyəsən, o gün yaxınlaşmaqda idi. Onlar tələsirdilər. Onu da əvvəldən duyurdular ki, o geniş, o işıqlı aləmdə onları gözləyənlər var.
Son vaxtlar onların isti, ilıq “yuvasına” bir soyuqluq çökməkdə idi. Düzdür, onlar hələ isti-soyuğun nə olduğunu düz-əməlli bilmirdilər. Amma öz kiçik vücudları ilə hiss edirdilər ki, onların həvəslə, həsrətlə gözlədikləri işıq get-gedə uzaqlara çəkilməkdədir. Sanki kimsə o işığı oğurlamaq istəyirdi. Onlarsa bu işıqsız yaşaya bilməzdilər.
...
-Onu rədd elə getsin.
-Vallah, ürəyim gəlmir.
-Üçü var, bəsimizdir. Biri də bu yandan gəlmək istəyir. Kimdir onu saxlayan? Ağır zəmanədir, çörək çatdırmaq olmur.
-Allah yaratdığının ruzisini özündən qabaq verir.
-Boş-boş danışma. Burada
Allahlıq bir iş yoxdur. Dedim, rədd
elə getsin...
-Yeddi aylıqdır...
-Lap olsun doqquz aylıq.
-Yekə uşaqdır... Ürəyimin
altında tərpənir...
Lap nəfəsini də
hiss edirəm...
-Nə olsun ki?
-Mən onu məhv edim?
Öz uşağımın, öz
bətnimdəki körpənin
qatili olum? Allah bunu bağışlamaz mənə...
-Yenə başladın? Yenə Allah-bəndə sönbəti?
-Axı...
-Mənasız
şeylər danışırsan,
vallah. Hazırlaş,
sabah qonşunun
maşınında aparacam
səni şəhərə.
Orada tanış
həkim var. Doğrayıb
atsın...
-Günaha bataram...
-Nə günah? Bəyəm təkcə bizik
bu cür günaha batan? Bəyəm görünməmiş işdir? Bunu hamı eləyir ki... Onda sənin
sözünlə bütün
dünya günah içindədir... Yaxçı ki, bu barədə
cinayət məcəlləsində
bir şey yoxdur. Bəlkə də var, mənim
xəbərim yoxdur...
Hazırlaş. Sabah gedirik...
-Axı...
-Axısı-zadı
yoxdur. Bizim nəyimizə lazımdır
bir çətən külfət? Elə uşaq
doğub-törətmək bu kasıbların alnına yazılıb deyəsən. Bax gör
bu varlıların, milyon qazananların neçə uşağı
var? Bir ya, uzaqbaşı, iki... Amma bu
kasıb bədbəxt...
Mənim
böyük külfəti
saxlamaq imkanım haradandır? Fəhləyəm,
daşyonanam, nazir-zad deyiləm ki... Bir əlimə bax, gör nə
gündədir, lap yonulmamış
daş parçasına
oxşayır...
-Sən məni anlamaq istəmirsən...
-Sən də məni...
...
Soyuq. Zülmət. Sükut.
Əvvəllər
hiss edirdilər ki, onları duyan, onları bir qədər, uzaqdan da olsa belə,
oxşayan bir əl var. İndi bu əl də
soyumuşdu sanki.
Bacı öz aləmində idi: o, özünün sakit “yuvasında” arın-arxayın “dincəlirdi”.
Qardaş nəsə narahat idi: onun dincəlmək
fikri yoxdu, ətcəbala quş kimi çırpınırdı.
Bir dəfə boğuq
bir uğultu eşitdilər. Sanki onları harasa, uzaq, uzaq olduğu
qədər də qararanlıq bir yerə aparırdılar.
Onlar, qardaş və bacı, işığa çıxmaq istəyirdilər.
Bəs harada idi o işıq?
Niyə görünmürdü? Əksinə, onlar zülmətə doğru üzürdülər.
Onların hər ikisi yerlərində tərpənməyə başladılar...
Sonra uğultu kəsdi...
Yenə sükut.
Az
sonra inilti eşidildi.
Uzaqda soyuq bir şeyin işıltısı
duyuldu. Yox, bu, onların
çoxdan bəri gözlədikləri işıq
deyildi. O soyuq işıq, o soyuq parıltı özü
ilə nəsə bir fəlakət gətirməkdə
idi. Bu, lap aydın
hiss olunmaqda idi.
Onların canından bir
üşütmə keçdi.
Qardaş bir zaman öz bacısı üçün nəsə
etmək, ona nəsə özünün
də bilmədiyi xoş bir iltifat
göstərmək istəyirdi.
Deyəsən, indi bunun vaxtı gəlib yetişmişdi.
İnilti get-gedə artmaqda
idi.
Onun öz bacısına
“kömək etmək”
zamanı yetişmişdi.
Bacısının qorxuya
düşdüyünü aşkarca hiss edirdi. Qız “yuvanın” lap “dərinliyinə” çəkilmişdi.
Qardaş onu, öz bacısını sanki yaxınlaşan müdhiş
fəlakətdən qorumaq
üçün irəliyə
doğru dartındı.
Hər necə olsa da o, özünü bacısından qoçaq
və cəsarətli
hesab edirdi.
İndi inilti qışqırığa
çevrilmişdi.
Soyuq parıltı yaxınlaşmaqda
idi.
Hər tərəf qırmızı
rəngə boyanmışdı.
Onlar rəngləri hələ tam aydınlığı
ilə seçə bilməsələr də
hiss edirdilər ki, bu, onların
çoxdan bəri gözlədikləri işığın
gəngi deyil. Bu, nəsə başqa
işıq idi. Əslində, bu, soyuq işartının gətirdiyi
bir rəng, qan rəngi idi. Bu, lap yaxında
olan, onlara doğru sürünən
fəlakətin rəngi
idi.
İndi onlar, qardaş
və bacı, əl-ələ verib bu qaranlıq aləmdən xilas olmaq istəyirdilər, amma onların əlləri bir-birinə çatmayırdı.
İndi onlar ağız-ağıza
verib qışqırmaq
istəyirdilər, amma
onların səsi bir-birinə yetməyirdi.
Soyuq parıltı əvvəlcə
onun, qardaşın sinəsinə dirəndi.
Nəsə xırçıldadı.Qardaş
lap “dərinliyə” çəkilmiş
bacısının çırpındığını
aydınca hiss edirdı.
Daha sonra bu soyuq
işartı dərinliyə,
bacının sığınıb
titrədiyi “yuvaya” doğru sürünməyə
başladı...
Bayaqkı qışqırıq və
iniltini hıçqırıq
əvəz etmişdi...
...
-Yox, Allah bu günahı bağışlamayacq...
-Yenə də Allah? Allahına şükür et ki, sağ-salamat qurtardın. Bu mənasız
fikirləri də başından at getsin...
-Ekiz imiş sən demə..
-Nə? Ekiz?
-Hə də... Biri oğlan imiş, o birisi qız... Həkim əvvəlcə oğlanı götürüb.
Sonra bilib ki, biri də
var. Qız... Bizim üç
oğlumuz var, mən həmişə qız arzulayırdım.
Bacısız da qardaş
olar? Biz bacı-qardaşı məhv
elədik. Mən indi
özümü cəllad
yerində görürəm.
Mən qatiləm... İki adamın qatili...
-Bəs indiyəcən bunu hiss etməmişdin?
-Nəyi?
-Onların cüt olduğunu?
-Yox... Bir də ki,
indi bunu bilməyin nə mənası var ki?..
-Yox ey... Bir var
birini rədd edəsən, biri də var iksini
birdən...
-Nə fərqi var ki? Mən qatiləm,
qatil... Ya birinin qatili oldun, ya da
ikisinin...
-Görən onları harada dəfn edəcəklər?
-Dəfn? Bəyəm bətndə məhv edilən uşaqları dəfn edirlər ki?..
Hər tərəfə soyuq bir sükut
çökmüşdü.
Firuz MUSTAFA
Reytinq.- 2017.- 21 oktyabr.- S.7.