Qonorar

 

(hekayə)

 

Tərcüməçi həmkarlara həsr edirəm...

– Hə, bir dəfə mənim yanıma da gəlmişdi, - naşir dedi, - deyir, bir səhifəyə nə qədər verirsiz?.. Boyundan-buxunundan da utanmır...

Tərcüməçi öz boyunun həmkarından xeyli uca olduğunu, eyni söhbəti özününetdiyini xatırladı və pərt oldu.

Şahmar bəy, inanın ki, başqa yerim olsaydı, mən heç vaxt qonorar söhbəti etməzdim, – o, utana-utana dedi.

Yo-ox, – naşir qımışdı və deyəsən "quş buraxdığını" anladı, – kitab da kimisə dolandırmalıdır, ehtiyacı olanlara qonorar verilməlidir, sadəcə...

Bu dəmdə naşirin stolun üstündəki bahalı qara telefonu yanıb-sönməyə, ona göz-qaş eləməyə başladı. O, sözünü saxlayıb, bir xeyli telefona, sonra tərcüməçiyə baxdı və sağ ovcunu tarım açaraq, möcüzə cihaza tuşladı.

Gündüz Niftullayevdi, – o dedi və başını narazı tərzdə buladı, – qonorar istəyir...

Naşirin süngüyə çevirdiyi əli telefonun içindəki yazıçının ürəyinə sancılıb onu susdurdu, o sanki titrəyib-titrəyib, qıc olduiflic olmuş alovlu xalq şairi kimi birdəfəlik susdu. Tərcüməçi isə naşirin belə bir məşhur, hər yerdə sözü keçən, hətta özünün dediyinə görə, ölkənin birinci şəxsiylə telefonda danışan yazıçının zənginə cavab verməməsinə heyrət etdi...

Tərcüməçi-naşir Şahmar bəyin rəngbərəng cildlərlə dolu rəflərlə əhatə olunmuş, qalaq-qalaq kitablarvə dişlək alma emblemli gümüşü noutbukunun yükü altında sanballı rəğbət və ehtiram doğruran masası, dəri üzlü yumşaq divan və kresloları olan, kondisionerli-sərin kabinetindən çıxıb, qonorarını almaqdan ötrü lambrin arakəsmənin o biri tərəfindəki mühasibat otağının qapısını döydü, cavab gəlmədiyini görüb, ehtiyatla araladı və qapıyla üzbəüz masanın üzərindəki kompüterin arxasında oturan zabitəli gənc xanımı salamladı:

Salam, Hürü xanım, gəlmək olar? – o, diplomatik nəzakətlə soruşdu.

Hürü xanım başını qaldırıb, onu narazı-amiranə baxışlarla aşağıdan-yuxarı istiqamətdə üstdən-aşağı süzdü və əmr formasında sonor səslə “gözləyin!” dedi.

Yarım aylıq qonorarını alıb, naşirlə sağollaşdı və nəşriyyatın sərin vadisindən Abşeron küləyinin alov üfürdüyü küçəyə çıxdı.

Qonorar almaq, bu haqda danışmaq tərcüməçi üçün həqiqətən əzablı-iztirablı bir hal idi. O istərdi ki, sadəcə işini görsün, kitabları vicdanla, keyfiyyətli tərcümə etsin, insanlar bu tərcümələr sayəsində dünya ədəbiyyatını oxusunlar, başqa dünyalardan xəbərdar olsunlar. Elə tərcüməçiliyə də xarici dildə olan kitabları özü üçün tərcümə eləməkdən başlamış, heç vaxt bu işdən pul qazanmaq haqqında düşünməmişdi. Ancaq elə gətirmişdi ki, tərcüməçilik həm də onun peşəsinə, qazanc mənbəyinə çevrilmişdi. İstəyirdi ki, zəhmətinin haqqını heç kəslə üz-üzə gəlmədən, bu haqda danışmadan, müzakirə aparmadan, sövdələşmədən, bazarlıq etmədən alsın. O bu pulun sadəcə balaca otağının nəfəsliyindən sərin meh kimi girməsini istəyir, onu verənin üzünün ifadəsini görmək, onunla danışmaq, haqq-hesab aparmaq istəmirdi. Əgər özünün və ailəsinin bioloji, ictimai varlığını sürdürmək zərurəti olmasaydı, heç bunu da istəməz, sadəcə zövq aldığı əsərləri öz dilinə tərcümə edər, zəhmətini başqalarıyla təmənnasız paylaşardı...

Amma bu mümkün deyildi. Yazmaq, tərcümə eləmək, onu paylaşmaq üçün işığa, suya, çörəyə, istiliyə, kitablara, kompüterə, internetə, evdə, ailədə hüzura, sabitliyə ehtiyac vardı və bunlara görə şahlaramarlara, hürülərə və hürüşlərə dözmək zorundaydı.

Naşir Şahmar bəy mədəni, hətta çox mədəni adam idi, o qədər mədəni idi ki, hamıdan seçilirdi. Onu Parisə, Londona, Nyu-Yorkda atsaydın, haradan gəldiyini heç kəs bilməzdi, çünki saçı, saqqalı, geyimləri, hərəkətləri, ədaları ilə dünyanın ən gəlişmiş, sivil və mədəni mərkəzlərinin sakinlərindən qətiyyən seçilmirdi, hətta onların dilini də öyrənmişdi və az-maz qırıldadırdı. Danışığı da çox nəzakətliydi, bu ölkənin əksər səlahiyyət, hökm, məqam sahiblərinin çoxundan fərqli olaraq səsinin tonunu qətiyyən qaldırmaz, qışqırmaz, konfliktə getməz, kimsənin xətrinə dəyəcək bir söz söyləməzdi. Onun özünü tam avropalı sayması, onlara oxşamağa çalışması, onları idellaşdırması hər halından bəlliydi və özübunu gizlətmir, bütün söhbətlərdə dilə gətirirdi. Bu, əlbəttə, səbəbsiz deyildi, nəşriyyatı qurmasında, hətta bina və avadanlıqlar almasında avropalıların ona xeyli köməyi dəymişdi və naşiri bu mənada anlamaq çətin deyildi. Di gəl ki, Şahmar bəy bir məsələdə qətiyyən avropalılara oxşamır və bunu arzulamırdı da; bu da maliyyə məsələsiydi. Bəlkə də, oxşayırdı, ancaq Avropada olmayanlar, oradakı həyatı ancaq kitablardan oxuyanlaronun-bunun ağzından eşidənlər, bunu tam bilə bilməzlər. Məsələ burasındaydı ki, Şahmar bəy maaş, qonorar məsələlərini qətiyyən müasir, necə deyərlər, sivil, nəinki Avropada, hətta son zamanlar bizim özümüzdə də bir çox müəssisələrdə tətbiq olunan müstəviyə keçirmirdi. Yəni insanların öz zəhmət haqlarını, məvaciblərini hürülərin, pərilərin, ham-hamların, yam-yamların üzünü görmədən dilsiz-ağızsız bank terminallarından plastik kartlarla alması üsuluna. Bunun səbəbi, bəlkə də, bir tərəfdən onun xəsisliyi, simicliyi idisə, digər tərəfdən, dürüst olmaması idi. Əlbəttə, özündən soruşan olsaydı, bütün günahı ölkədəki sistemin üzərinə atar, belə bir rejimdə düzgün işləməyin mümkünsüzlüyünü iddia edərdi, ancaq bir məsələ də var ki, düzgün adam əyri yerdə qalmaz və papağını götürüb gedərdi və Şahmar bəyin getmək imkanları vardı...

Ancaq o getmirdi. Çünki o bu ölkənin kitab patriarxı idi, bu ölkədə son illər kitab, mütaliə, ədəbiyyatadına nə vardısa, hamısı onun adıyla bağlıydı və ya bağlı olmalıydı. Bu məşğuliyyət ona əsl maarifpərvər bir ziyalı kimi həm cəmiyyətdə böyük imtiyazlar verir, həm xaricdə onu demokratik, bəşəri dəyərlərin tərənnümçüsü kimi tanıdır, həm də tarixdəki yerini təmin edirdi. Belə bir imic onun özü və yaxınları üçün məqamı gələndə siyasi qələbələr üçün də həlledici ola bilərdi. O eyni zamanda, tərcüməçilərə, redaktorlara, korrektorlara qonorar verən yeganə naşir, sovet höküməti dağıldıqdan sonra lümpenləşmiş yazı-pozu adamlarının, demək olar ki, yeganə ümid yeri idi. Hamı onun bu xüdmətlərindən, xeyirxahlığından ağız dolusu danışır, onu tərifləyirdi və o da... O da bu durumdan çox məharətlə öz xeyrinə istifadə edir, hamını özünə borclu sayır, təmənnasız işləyən tərcüməçilər, redaktorlar, korrektorlar, könüllü kitab satıcıları, kitab daşıyanlar axtarırdı və belələri tapılırdı da. Çünki insanlar onun bu qaranlıq ölkədə bir ziya olduğuna, həqiqi kitab peyğəmbəri olduğuna inanırdılar...

O özü də, deyəsən, buna inanmışdı, hətta o dərəcədə inanmışdı ki, bundan istifadə edib, muzdla işləyən insanların da zəhmət haqqını əvvəlcə bir-iki ay ödəyir, sonra pul yoxdur, kitablar satılmır deyərək ödəmir, onları ümidli saxlayaraq aylarla işlədir, o insanlar da yorulduqdan və bezdikdən sonra sakitcə, əmək haqlarını almadan çıxıb gedir, yerlərinə başqaları gəlir və naşir Şahmar bəy beləcə öz dövranını sürürdü, ən maraqlısı da o idi ki, özünü haqlı, hətta qəhrəman sayırdı – maarifçi qəhrəman.

Sual oluna bilər: bəs niyə insanlar danışmır, onu ifşa etmirdilər? Əvvəla ona görə ki, bizim ölkədə danışanların, yəni haqqını tələb edənlərin “demaqoqkimi tanınması və əbədi işsiz qalması təhlükəsi həmişə var, ikincisi, bununla nəsə əldə etmək asan deyil, üçüncüsü, “kitab peyğəmbəri”nə qarşı çıxana inananlar olmayacaq, olsa da, bunun mənası olmayaqdı və dördüncüsü, belə adamlar olanda, naşir onların ağzını tez yumurdu, yəni borcunu ödəyib, onlarla haqq-hesabı tez və həmişəlik üzürdü...

Beşincisi də vardı və bu, bizim tərcüməçi ilə naşirin arasındakı münasibət idi. Tərcüməçi qəhrəmanımız ictimai cəhətdən fəal, sosial şəbəkələrdə istədiyini yazan, yazdıqları hətta bəzən (ölkədəki siyasi konyukturayanaşirindaxil olduğu media şəbəkəsinin mənafeyinə zidd olmayanda) mətbuatın gündəminə çevrilən adamlardan idi. Odur ki, Şahmar bəy onunla son dərəcə ehtiyatlı, nəzakətli davranır, qonorarını tam vaxtında olmasa da, müəyyən süründürmələr, candərdi olsa da, vaxtaşırı ödəyirdi. Ancaq elə ödəyirdi ki, tərcüməçi istər-istəməz keşiş Qarpaqonu və Hacı Qaranı xatırlamalı olurdu. Buna görə də, tərcüməçidən yaxasını qurtarmağın ağrısız, asan yolunu axtarır, bu məqsədlə mühasibi Hürü xanımın vəfalı-acıqlı xidmətindən istifadə edirdi.

Onunla əməkdaşlığı davam etdirmək tərcüməçiyə də xoş deyildi, fəqət getməyə başqa yer, Tanrının iradəsi ilə ailəsi qarşısında götürdüyü öhdəliyi yerinə yetirməyə başqa vasitə tapa bilmir, bu səbəbdən də Hürü xanımın şıltaqlıqlarına dözürdü. Bu şıltaqlıqlar qonorarla bağlı telefon zənglərinə, e-mail müraciətlərinə cavab verməmək, yaxud kobud cavab vermək, süründürmə cəhdləri, kobud qarşılanmaqla müşayiət olunur, bəzən naşirin otağında müzakirə olunan narazılıqlara və qalmaqallara gətirib çıxarırdı. Belə hallarda naşir günahı “sevimlimühasibinin üzərinə atır, yalançı, sinədən gəlməyən saxta səslə “mən bu qızla bacara bilmirəm də” deyərək səsinin tonunu azca qaldırmağa çalışır, Hürü xanım da çöhrəsində bic-gülümsər ifadə başını aşağı salaraq susur, bundan sonra özünü bir qədər “tərbiyəli” aparır, amma bir müddətdən sonra məsələ yenidən təkrar olunurdu. Bütün bunları anlamaq üçün, əlbəttə, tərcüməçi olmağa, dünyanın nəhəng yazıçılarının dərin fəlsəfi-psixoloji əsərlərini tərcümə etməyə lüzum yox idi. Dəvəquşunun nəinki quyruğu, hətta başı da çöldəydi və üstəlik o, adamın üzünə baxıb, həyasızcasına gülümsəyirdi. Ancaq tərcüməçinin getməyə başqa yeri yox idi, o gedə bilmirdi və qalırdı.

Hürü xanım, nəhayət, qismən məğlub oldu. O artıq əvvəlki tək birbaşa kobudluq və süründürməçilik etmirdi. Onlar tərcüməçinin mənəvi-psixoloji durumuna uyğun yeni taktika hazırlamışdılar. Məsələn, tərcüməçi mühasib xanımın e-mail ünvanına yazdığı “Salam Hürü xanım! Necəsiniz? Sabah mənim qonorar günümdür, saat neçədə gəlmək olar?" məktubuna belə bir cavab alırdı: “5”. Vəssalam. Bu cavab təbii ki, özünü insan hesab edən hər kəsin qüruruna toxunar və tərcüməçiyə də yaxşı təsir etmirdi, ancaq ürəyinə salmır, bu insanların belə cavablarla öz səviyyələrini, əxlaq və mənəviyyatlarını nümayiş etdirməsiylə təsəlli tapırdı. Odur ki, ertəsi gün saat 5-də həvəssiz nəşriyyata gedib, zəhmət haqqını alırdı.

Şahmar bəy arada hətta onu yeməyə dəvət edir, aralarında “səmimi” söhbət olurdu. Bu söhbətlər zamanı naşir tərcüməçini inandırmağa çalışırdı ki, nəşiyyatın ən hörmət və diqqətlə yanaşdığı əməkdaşı odur. Tərcüməçi buna inanırdı, amma bir şərtlə ki, “hörmət və diqqət” sözləri “ehtiyat” sözüylə əvəz olunsun. Bəli, ona ehtiyatla yanaşırdılar və bu yeməklərin də məqsədi onun ağzını ucuz yolla yummaq idi. Tərcüməçi bunu anlayırdı, odur ki, bəzən hesabı özü verməyə çalışır, yaxud içki alıb aparırdı. Hətta bir dəfə içki almış və qonorarını aldıqdan sonra naşiri yeməyə dəvət etmişdi. Yeməkdən sonra hesabı vermək istəyəndə, yüngülvari keflənmiş Şahmar bəy dodağının altında mızıldanaraq rişxəndlə “qonorar alıb” ifadəsini işlətmiş və tərcüməçi bunu eşidərək, pərt olmuşdu. Söhbətlərin birində yenə azacıq keflənmiş Şahmar bəy tərcüməçilərə yüz əlli min borcu olduğunu etiraf etmişdi. Bu, bir tərcüməçinin təxminən otuz illik, otuz tərcüməçinin bir illik zəhmət haqqı demək idi. Tərcüməçi anladı ki, naşirin sahib olduğu çox şey – nəşriyyat da, mağazalardakı kitablar da, saç-saqqalını düzəltdirmək üçün bahalı bərbərə verdiyi pul da, bahalı butiklərdən aldığı və lovğalanaraq geydiyi paltarlar da (tərcüməçi bir dəfə onun özünüzarafatla” “malotaran” adlandıran bir sayt redaktoru ilə belə bir əttökən söhbətinin şahidi olmuşdu), bahalı təyyarə biletləri də, elə onunla yeyib-içməyə verdiyi cüzi hesab da həmin tərcüməçilərin alın təridir və bundan xəcalət çəkdi. Çünki o öz haqqını dava-dalaşla da olsa, alırdı, amma başqaları ala bilmirdilər. Tərcüməçini bu problemciddi narahatedir, onu həll etməyin yollarını arayır, bunu tərcüməçilərin birliyində, təşkilatlanmasında, cəsarətində görürdü. Ancaq onları bir yerə toplamaq olmurdu, orda-burda dedi-qodu etsələr də, birlik nümayiş etdirərək, açıq mövqe sərgiləməkdən qorxur, özlərinə, istedad və peşəkarlıqlarına inanmırdılar…

Elə növbəti dəfə qonorarını alıb, nəşriyyatın sərinliyindən şəhərin adamın sifətini qarsan qızmarına çıxdığı gün həmin tərcüməçilərdən birinə rastladı. Bu orta yaşlı, dul, iki qızıyla kirayədə yaşayan, qarabuğdayı, arıq, cizgiləri və danışığı ilə ingilis dilin tərcüməçisindən çox, kənd kitabxanaçısını xatırladan bir qadın idi.

Salam, Sənəm xanım, necəsiniz?

Salam, çox sağ olun, yaxşıyam, siz necəsiniz? – tərcüməçi xanım cavab verdi. Onun qan çəkmiş gözlərində qayğı, kədər və yorğunluq vardı.

– Deyəsən, qonorar almağa gedirsiniz?

– Hə, – o, qəmli-qəmli dedi, – gedirəm görümolur. İnanın ki, bezmişəm, bir ildir mənə ayda əlli manatdan artıq pul vermir o Şahmar. Mən o pulla necə dolanım axı? Kirayəmi verim, ərzaqmı alım? Min üş yüz manat borcu var mənə nəşriyyatın, di gəl, vermirlərki, gedim dərdimə-sərimə. Deyirlər, yoxdu, gözlə. Keçən dəfə Şahmara deyirəm, maa şaqalat verir, mənnən məzələnir, deyir, ala şaqalat ye. Deyirəm, məni evdən çıxardırlar, kirayə pulunu verə bilmirəm, bura şaqalat yeməyə gəlməmişəm, gülür...

Sənəm xanım getdişaqalat” yeməyə, lənət şeytana, qonorarını almağa, tərcüməçi də bu rəzalətin nə zaman bitəcəyini, kitab cildində olan bu məşum tordan necə qurtula biləcəyini ürəyində götür-qoy edə-edə üz tutdu avtobus dayanacağına. Avtobusda tələbəlik vaxtı yaxın münasibətdə olduğu, indi də ara-sıra şəhərdə qarşılaşdığı Firuza rast gəldi. Firuz hüquqşünas idi, hazırda akademiyada işləyir, hüquqi ədəbiyyat yaradıcılığı ilə məşğul olur, həm də hüquqi kitablar çap edib, satırdı. Onu dünyanın ən dürüst, halal, hətta ifrat dərəcədə qanunpərəst adamlarından saymaq olardı. Xalq Cəbhəsinin universitet şöbəsində ona “yetərsay Firuz” deyirdilər. Yetərsay olmadan bir yığıncağın keçirilməsinə imkan verməzdi və axırda da bu “zəhlətökənliyinə” görə AXC-dən xaric olundu. Firuz hüquqi ədəbiyyat nəşrinə başladıqdan sonra bir müddət Şahmarla birlikdə işləmişdi, odur ki, tərcüməçinin Şahmarın nəşriyyatı ilə əməkdaşlıq etdiyini eşidən kimi dəhşətə gəlmişdi: “Qardaş, sən o adamla işləyə bilməyəcəksən, çox acgöz və tamahkardır, həmişə qabın yekəsin öz qabağına çəkir, yalançı və riyakardır...” Tərcüməçi bunları özühiss eləmişdi, ancaq Firuza dedi ki, ona qarşı yaxşı davranır, bəlkə də hesablaşır, amma bunun özünü də qiymətləndirmək lazımdır. Amma Firuz dəqiq diaqnozunu ləngirməmişdi: “Səninki onunla tutmaz, mən hər ikinizi yaxşı tanıyıram, bu yaxında ayrılacaqsınız...”

İndionu görən kimi, uzaqdan eynilə bığlı eynək kimi gülümsəyərək, yaxınlaşdı.

Salam! – dünyanın ən dürüst adamı öz müsbət enerjisini mehriban təbəssümü ilə ona ötürdü. – Deyəsən, Şahmarın yanından gəlirsən? – o, yarısual-yarıtəsdiq tərzdə dedi.

Salam! – tərcüməçi bığlı-gözlüklü maskaya bənzəyən maskasız adamı gördüyünə sevindi. – Hə, ordan gəlirəm, qonorar almaqdan, səni çaya qonaq edə bilərəm...

Şahmarla bu vaxtacan yola getdiyinə görə, səni igidliyə görə medalı ilə təltif etmək lazımdır.

– Elə onu da, – tərcüməçi gülümsədi, – dişi bağırsağını kəsə-kəsə 6 ildir mənə dözür... Ancaq limit bitib deyəsən, ayrılacağımızı hiss edirəm...

Firuzun tələsik işi vardı, odur ki, çay içə bilmədilər. Tərcüməçi kefsiz halda evə qayıtdı. Onu qapıda qarşılayaraq, əlindəki ərzaq zənbillərini alan arvadı, qonorardan əvvəl və sonra düşdüyü həmişəki qanıqara halını görüb dedi:

– Əgər hər dəfə pul alanda o Hürüyə onca manat hörmət eləsən, səni heç vaxt əsəbiləşdirməyəcək, bu dünya əvvəldən belə qurulub, onu düzəltmək sənə qalmayıb, – o deyinə-deyinə mətbəxə keçdi, – uşaq da ona şirni verəni sevir, təzə çay dəmləmişəm, əl-üzünü yu, süzüm , yorğunluğun çıxsın, sən axı səxavətli adamsan, heç vaxt beş-on manat gözünə görünməyib, nə qədər kasıb olsan da, həmişə hər yerə əlidolu gedirsən, yadımdadır, mən atamgildə olanda bizə ən gözəl, dadlı, həm də bahalı şirniyyatları sən alıb gətirirdin, sənə gəlməyimin əsas səbəbi də elə bu olub, – o şaqqıldayıb güldüsözünü tez dəyişdi, – zarafat eləyirəm, əgər yaraşıqlı və mehriban olmasaydın, o şirniyyatların zərrə qədər mənası olmazdı, bilirəm, sən rüşvət verməyi bacarmırsan, buna utanırsan, xüsusilə də, belə xırda rüşvətləri, sədəqələr verməyi, sən təmənnalı adam deyilsən, hamını da özünlə bir götürürsən, ləyaqəti hər şeydən üstün sayırsan, ancaq əksəriyyət belə deyil, onları qınamaq da olmur, maaşları azdır, ac adamdan isə ləyaqət ummaq bir az qəliz məsələdir, bilirəm o Hürü sənə xoş üz göstərsə, hörmətlə yanaşsa, ona arabir hədiyyə-filan alarsan, ancaq onun xoş rəftarını satın almaq sənlik deyil, sən hörməti pulla, həm də kobud yolla almağı xoşlamırsan, amma insanlar belədir, bizdə hələ ki o mədəniyyət tam formalaşmayıb, qabalıq çoxdur...

 

Nadir QOCABƏYLİ

 

Reytinq.- 2018.- 11 avqust.- S.11.