Ədəbiyyatın
gənc dahisi
Conatan
Safran Foer
Ədəbiyyatla gənc yaşlarından məşğul
olan Conatan Safran Foeri amerikalı yazar Coys Karol Oatsın
zövqlü və zərif hədiyyələrindən hesab
etmək olar.
Yəqin ki, onu sıradan bir həkim və ya
hüquqşünas olmaqdan yayındıra bildiyi
üçün Karol minlərlə oxucunun təşəkkürünü
qazanıb.
Müasir ingilis dilinin "oyunbaz”ı sayılan Conatan
ilk romanı "Hər şey aydınlandı” ilə
("Everything is illuminated”) diqqətləri üzərinə
çəkdi.
Çox keçməmiş əksər tənqidçilər
onu dilə "hörmətsiz” yanaşmaqda ittiham etdilər.
Romanın baş qəhrəmanı ukraynalı
Aleksi kəşf etmək istəyən ingilis oxucusu, onun ana
dilini anlamaq üçün tərcüməçiyə
ehtiyac duyur. Amma maraqlıdır ki, oxucular
onun sözlər və mənalarla oynamasından narazı
deyillər, əksinə yeni nəslin İtalo Kalvinosunun
doğulmasından olduqca məmnundurlar.
Foer
yazır: "Uiston Hyu Odenin sevdiyim bir sözü var: "Nə
düşündüyümü görə bilmək
üçün yazdıqlarımı oxuyuram”.
Mən özümü genişləndirmək məqsədilə
yazmıram, amma niyə yazdığımı izah etmək
çətindir. Tələbələrimə
həmişə bunu deyirəm, sözlərin sadəcə
yaxşı romanlara ehtiyacı yoxdur, sözlərin daha
yaxşı romanlara ehtiyacı var. Amma yazmağın bir
ehtiyac olduğunu da inkar edə bilmərik. Bu, çətin peşədir, amma ədəbiyyatla
məşğul olanın ehtiyacını tamamilə
sığortlayır, yazıçını o ehtiyacdan
qurtarır – kimisini maddi ehtiyacdan, kimisini yazmaq və
anlaşılmaq ehtiyacından, kimisini də emosional
bütövlük ehtiyacından. Ehtiyac ədəbiyyatın
əsas şərtidir.”
Foer Amerika və dünya ədəbiyyatının
tanınmış mükafatlarına münsiflik etmiş ədiblərin
nəzərində "marketinqə hesablanmış ədəbiyyat”la
məşğul olan müəllifdir. Əsərlərinin təqdim
olunduğu bir çox nüfuzlu mükafatın son mərhələsində
belə onun adının olmaması, əslində, ciddi məsələdir.
Amma digər tərəfdən, onun əsərlərini
əsla birillik ömrü olan, intim mövzular hesabına
şöhrət qazanmış, yüngül sujetlərin qələmə
alındığı bestsellerlər sırasına da
qoymurlar. Başqa sözlə desək,
hamı qəbul edir ki, Foer öz oxucularına "mən də
bir dahinin, ədəbi ustanın doğuşunu yaşadım”
dedirdə bilib. Bazarda özünə yer
tapa biləcək mövzulara müraciət etməsi, marketinqə
hesablanmış kitablar üzərində işləməsi
onun yaradıcı qabiliyyətinə kölgə salmır.
Foer ABŞ-da böyük maraqla qarşılanan
və geniş müzakirələr dalğası yaradan
romanlarında istifadə etdiyi axıcı dil, zəngin təsvirlər
və yeni cığır açan ədəbi gedişləri
ilə əsrin klassiki hesab olunur. Çünki o itkilərə,
axtarışlara, insan münasibətlərinə,
yalnızlığa, meqapolis yaşantılarına, əzaba və
həvəsə, yaşadığımız şəhərlərin
labirintlərinə, əsla ünvanına çatmayan məktublara,
nağıllara, xəyala və gerçəyə, söylənməmiş
və söylənə bilməmiş bütün sözlərə
həsr etdiyi təsirli, əyləncəli, sürprizlərlə
dolu, bir az da sehirli romanların müəllifidir.
Foerin
ikinci romanı "Hədsiz səs-küylü və
inanılmaz dərəcədə yaxın”ın ("Extremely
loud and incredibly close”) reklam və təqdimatını öhdəsinə
götürmüş "Nyu-York Tayms” son dövrlərin ən
görkəmli tanıtım şüarı ilə müəllifin
satış uğurunu 50% s ığortalayırdı:
"Göz qamaşdıran fikirlərlə dolu, hər sətrindən
intellekt fışqıran roman”.
Conatan
Foer ünlü alman yazıçısı Günter
Qrasın "Tənəkə təbili”-ndən, Pol Osterin
"Ay sarayı”-ndan, İtalo Kalvinonun
yaradıcılığındakı zəhlətökən,
enerji əmən dinamizmdən izlər daşıyan bu
romanında, insanın həyat və təcrübələrini
ağılalmaz təsadüflər, dərin əzablar, nəhəng
yalnızlıqlar, iç-içə keçmiş həyatlar
və sərhədsiz həyat sevgisi fonunda qələmə
alıb.
Yox, belə olmaz. Gəlin əvvəldən başlayaq.
Tanış
olun, Conatan Safran Foer!
Conatan
Safran Foer 1977-ci il, fevralın 21-də
Vaşinqtonda dünyaya göz açıb. Şəhərin
tanınmış hüquqşünaslarından "American
Antitrust İnstitute”-nun prezidenti Albert Foer və polyak əsilli
biznes-leydi "Sixth and I Historic Synagogue”-un
direktoru Ester Safran Foerin ailəsində doğulmuş Conatan
ailənin ikinci oğludur. Conatanın
böyük qardaşı Coşua Foer frilans müxbir,
kiçik qardaşı Franklin isə "The New Republic” qəzetinin
siyasət və mədəniyyət redaktorudur.
Özü belə yazır: "Ailəmiz kənardan həmişə
"yazıb-oxuyan” kimi görünsə də, valideynlərimin
kitablarla arası yaxşı deyildi. Biz də məktəb
illərində kitabı əlindən yerə qoymayan
uşaqlar olmamışıq. Sadəcə
axırda olmaq istədiyimiz yerlərə gəldik. Franklinin tarixə və siyasətə inanılmaz
marağı var idi, Coşua isə səyahəti, yeni yerlər
kəşf etməyi, təzə insanlar tanımağı
sevirdi. Yazıçılıq isə mənim
üçün hədəf olmasa da, hər zaman həyatın
dörd təkərindən biri idi.”
Rəngarəng və həssas uşaqlıq illərindən
sonra Foer "Corctaun məktəbi”nə yazılır. Səkkizinci
sinifdə kimya laboratoriyasında baş verən
partlayış zamanı ən yaxın dostunun üzü
parçalanır. Bu hadisədən ciddi psixoloji travma alan yeniyetmə uzun müddət müalicə
alır, durmadan dərisini dəyişmək istədiyini
bildirir: "Stüartın üzü
dağılmışdı, dərisi parça-parça idi.
Durmadan ondan öz-üzümü soruşur,
üzümün yerində olduğuna and içdirirdim. Həyatımın ən xoşbəxt günü xəstəxanadan
çıxdığım gün idi, xəstəxanalar ən
sevmədiyim yerlərdi. Fiziki
ağrıdan başqa hər şeyə dözürəm.
Özümdə ən sevmədiyim şey
görünüşüm, üzümdür. Bir
müddət morqda assistent işləmişəm, həyatımın
faciəsi idi...”
Travmatik sarsıntılar və gecikmələrlə məktəbi
bitirən Foer, "Prinston Universiteti”nin fəlsəfə
fakültəsinə daxil olur. Bütün həyat
yolu bununla dəyişir. Conatan nə
zamansa Stüarta verdiyi sözü – "Bir gün mütləq
bu hadisəni yazacam, bəlkə bu sadəcə esse də olar
bilər, amma yazacam” – tutmaq üçün 1995-ci ildə
Prinstonda "Yaradıcı yazarlıq” kursları təşkil
edən Ceyms Karol Oatsın dərslərinə yazılır.
Oats onun istedadını elə ilk dövrlərdən hiss edir
və yazı nümunələrindən birinin arxasına
yazır: "Sizdə yazmaq üçün lazım olan vacib
keyfiyyətlərdən biri var – enerji”. Yazarın dəstək
və həvəsləndirməsi ilə Conatan Holokast
qırğınından sağ çıxmış yəhudi
nənəsi Luisa Safranın hekayəsi əsasında tezis
hazırlayır. Oats onun ədəbi məsləhətçisi,
elmi rəhbəri olur. Foer elə ilk ədəbi
işi ilə uğur qazanır. Onun elmi
işi və hekayəsi universitetin "Yaradıcı
Yazarlıq haqqında tezis mükafatı”-nı qazanır.
Foer bu kursun və Oatsın təsiri haqqında belə deyir:
"O məni yazmaq haqqında düşündürən,
oyandıran, yaza biləcəyimə inandıran ilk insan oldu. Bu sadəcə motivasiya deyildi, o nələri
bacardığımı göstərirdi. Mənim
həyatım həqiqətən də ondan sonra və onun
köməyi ilə dəyişdi.”
Təhsilini "Maunt Sinayi Tibb məktəbi”ndə davam
etdirməyə qərar verən Conatan, bu sahənin ona
uyğun olmadığını gec anlayır. Məktəbdən
qovulduqdan sonra birmənalı şəkildə ədəbiyyatla
məşğul olur. Əvvəlcə "The New
Yorker”, "Noisy Outlaws”, "Guardian” kimi dərgilərdə
çıxış edir. Həmin illərdə işıq
üzü görən "Nadir axtarış”,
"Yaşlanma sehirbazları buna inansalar”, "Altıncı
Boroq”, "Bəlkə də”, "Peruda yoxa çıxan
valideynlər”, "Cığırlar” və s. hekayə və
esseləri ilə özünə geniş oxucu auditoriyası
formalaşdırır.
"Prinston
Universiteti”nin mükafatını qazandıran tezis üzərində
işlənən ilk əsəri "Hər şey
aydınlandı” isə 2002-ci ildə "Houghton Miffin” tərəfindən
çap edilir. Əsərdə babasını
nasistlərin zülmündən qurtaran qadını tapmaq
üçün Ukraynaya gələn gəncin hekayəsi
canlandırılıb. Debüt əsərlə
"Jewish National Book”, "New York Public Library’s Lions Fiction
Award” və "Guardian First Book” mükafatlarına layiq
görülən müəllif, üç il sonra bu əsərin
gətirdiyi ən böyük fəxri yaşayır. Əsər 2005-ci ildə rejissor Liyev Skrayber (Liev
Schreiber) tərəfindən ekranlaşdırılır.
Elə həmin
il Foer ikinci romanı "Hədsiz səs-küylü
və inanılmaz dərəcədə yaxın” nəşr
olunur. Foer əsərdə doqquz yaşlı
Oskarın hekayəsini postmodern yazı manerası ilə qələmə
alıb. Nyu Yorkda yaşayan Oskar ölən atasına aid
açar tapır. Açarın sehirli
olduğuna inanan qəhrəman bu açarının hansı
qıfılı açdığını öyrənmək
üçün axtarışa başlayır.
Axtarış zamanı Oskar çoxlu bədbəxt, xoşbəxt,
narazı və nigaran insanla tanış
olur, onların həyat hekayələrini öyrənir.
Oskarın nənəsi ilə əlaqəsi olan, İkinci
Dünya müharibəsində Drezden bombardımanından
sağ çıxmış yaşlı, əlil kişi ilə tanış olması və
onların keçmişə münasibəti romanın paralel
sujetini əmələ gətirir. Tamamilə fərqli
təsvir üsulları və müxtəlif dinamizmə malik
təhkiyə formalarından istifadə edən
yazıçı, tənqidçilərin sərt rəyləri
ilə üzləşir. Lakin bu, əsərin
uğuruna mane olmur və Foer çox keçmədən
ikinci əsər üçün film təklifi alır.
Əsər "Paramount” şirkətinin dəstəyi
ilə rejissorlar Skot Rudin və Stefen Daldri tərəfindən
ekranlaşdırılır. Bu əsərə görə
yazıçı 2007-ci ildə "Granta’s Best of Young American
Novelists”-in qalibi seçilir.
Bundan sonra Foer yenidən hekayə və esselərlə dərgilərdə
çıxış etməyə başlayır, 2008-ci ildən
isə müəllimlik karyerasına start verir. "Yale Universiteti”ndən
"Yaradıcı yazarlıq və ədəbi karyera” dərsləri
üçün təklif alan müəllif,
bunun ona çox böyük qürur hissi
yaşatdığını deyir. 2011-ci ildən
müəllimlik karyerasına "Nyu-York Universiteti”ndə
davam edir.
2009-cu ildə Foerin ilk qeyri-bədii romanı
"Heyvanları yemək” ("Eating Animals”) oxucuların
ixtiyarına verilir. Ferma idarəçiliyi, zavod istehsal prosesi və
kommersiya məqsədli qida sənayesinin inkişafı kimi
çoxsaylı mövzuların qələmə
alındığı əsər, bu dəfə Foerin
yaradıcılığı və araşdırmalarından daha çox, vegeterianlıqla
bağlı düşüncələrini, vegeterian həyat tərzini
gündəmə gətirir. Onsuz da bir-birini təkzib edən
yazılar və qarışıq rəylərlə gündəmdən
düşməyən əsər, aktrisa Natali Portmanın:
"Foerin əsəri "Heyvanları yemək” məni 20
illik vegeterian həyat tərzimdən çıxarıb,
mübariz vegeterian aktivist olmağa sövq etdi” – deməsilə
daha da populyarlaşır.
Müzakirə və mübahisələrin mərkəzində
olmaqdan yorulan müəllif dərhal dördüncü
romanını çapa hazırlayır. 2010-cu ilin
noyabrında tanınmış illustrator Sara De Bontun möhtəşəm
sənət əsərləri və Con Qreyin
hazırladığı qapaq rəsmi ilə göz oxşayan
"Kod ağacı” ("Tree of codes”) satışa
çıxır. Foer bu əsərlə
onu daima tənqid edən "The Times” müəlliflərindən
ilk dəfə alqış alır. Dərgidə
əsərlə bağlı gedən məqalədə kitab
"əsrimizin ən möhtəşəm incəsənət
nümunəsi” kimi təqdim edilir. Əsərin
uğurlarını qeyd etməklə yanaşı, Foer bir
müddət yazmağa ara verir, tərcüməçilik
və redaktə ilə məşğul olmağa
başlayır. 2012-ci ildə gənc və
uğurlu yazıçıya çoxdandır gözlədiyi
təklif gəlir. "Little, Brown” nəşriyyatı
iki kitab üçün Foerlə müqavilə imzalayır.
Həmin müqavilə əsasında yazılan
kitablardan birincisi – "Uşaq xəstəxanasından
qaçış” ("Escape from children’s hospital”) ilə Foer
həyatının ilk faciə ortağı olmuş dostu
Stüarta verdiyi sözü tutur və ömrü boyu
içində daşıdığı faciəni qələmə
alır. Əsərin 2014-cü ildə
işıq üzü görməsi planlaşdırılsa
da, müəllif hələ ki, yayımla bağlı xoş
xəbər paylaşmayıb.
Foer 2004-cü ildə yazıçı Nikol Krausla (Nicole Krauss) ailə qurub. Bruklində yaşayan cütlüyün 10 illik evlilikdən iki övladı var. 2014-cü ildə razılaşmalı boşanma ilə ayrılan Nikol və Conatan indi də Bruklində bir-birinə çox yaxın evlərdə yaşayırlar.
"Biz tanış olanda ikimiz də ikinci
kitabımız üzərində işləyirdik. Nə mən
onun yazdıqlarını oxumuşdum, nə də o mənimkiləri.
Onu tanıyan gün birinci əsərini alıb, oxudum. Hər
gün evə gəlib şeirdən və ədəbiyyatdan
danışa biləcəyim bir insan xəyal etdim. Onu
öpdüyüm günü unutmamaq, o anı unudulmaz etmək
üçün ilk görüşdə məhz
yağış yağmasını gözlədim və
yağdı. Uşaqlardan sonra məhsuldarlıq azaldı,
onlara daha çox vaxt ayırmalı olduq. Artıq yazmaq
üçün istirahət saatlarımızdan
oğurlayırdıq. Amma mən burada, yazı
masamda oturub yazıb-oxuyarkən onların yuxarıda rahat və
xoşbəxt şəkildə yatdığını bilməkdən,
onlara vaxtımdan və enerjimdən verməkdən zövq
alıram. Əgər həyatımın hansı mərhələsinə
yenidən qayıtmaq istədiyimi soruşsalar, onların körpəliyinə,
qucağımda yatarkən üzlərindəki o qeyri-adi ifadədən
güc, sakitlik və enerji aldığım günlərə
qayıtmaq istədiyimi deyərdim”.
Tərcümə
etdi: Elcan SALMANQIZ
Reytinq 2018.- 29 dekabr.- S.11.