XVII yuxu
Allah lənət eləmiş “Daş yuxular”ın müəllifi
Əkrəm Əylislinin canıma saldığı, əlacı
olmayan xəstəlik ahıl yaşımda günümü
qara edibdir. Gündə gördüyüm bu oyaq yuxular məni
taqətdən salıbdır.
Bu gün
də atam Muxtar kişi öz
qayınatası, mənim ana babam olan Hacı Həsənalı
ilə yuxuma gəlmişdi. Babam məni görən kimi gileylənməyə
başladı:
- Ay mənim
şair nəvəm, bəs sən görmürsən ki, bu qəbiristanlıqda
mənim qəbrimdən başqa ikinci tərs qəbr yoxdur. Mən ölən zaman vəsiyyət etmişdim ki,
mənim övladlarım və yaxud nəvələrim nəşimi
aparıb Məkkədə basdırsınlar. Bu mənim yeganə arzum idi. Siz nəvələrim
isə, mənim bu arzumun həyata keçməsinə
çox laqeyd yanaşırsınız. Ona
görə kürəkənim Muxtar kişidən xahiş
etdim ki, məni səninlə görüşdürsün.
Necə olur ki, Gürcüstan Respublikasının Prezidenti
Şevardnadzenin sənə verdiyi ordeni yasa, toya gedəndə
döşünə taxmağı yaddan
çıxrmırsan, ancaq mənim bu böyüklükdə
qəbrimi görmürsən!
Babam Hacı Həsənalı Naxçıvan şəhərində
üç mülkədardan biri olub. O, həm də ən varlı
mülkədar sayılan Kəblə Musanın kürəkəni
idi. O, Kəblə Musa ki, 1910-cu ildə, Naxçıvan şəhərindən
30 km aralıda, dağların altından Naxçıvan
şəhərinə çeşmə çəkdirib. Düz, 110 ildir ki, xalq bu gur çeşmədən
istifadə edir.
Babamın bütün əkin sahələri bu çeşmə
vasitəsilə ehtiyacını ödəyirdi. Nənəm
deyirdi ki, bu çeşmənin çəkilişinə Kəblə
Musa bir küpə qızıl onluq xərcləyib.
Kəblə Musanın qızı Səhnənin
övladı olmadığına görə babam ikinci dəfə
Fizzə nənəmlə evlənib. Həyat
yoldaşlarının hər ikisi çox mehriban, bacı kimi
bir evdə yaşayıblar.
Nənəm
deyirdi ki, 1942-ci ildə sən anadan olanda ilk qızıl
onluğu Səhnə nənən sənin üçün
qoyaraq “Allahım, çox şükür, arzuma
çatdım”,- deyib.
Babamın bu tərs qəbir məsələsi mənim
narahatlığımı artırdı. Öz-özümə dedim
ki, ay Ramiq Muxtar, xalqın babasından nəvələrinə
var-dövlət, qızıl-zinət əşyaları
qalanda, sənin də payına babanın tərs qəbri
düşüb.
Nə isə, söz verdim ki, baba, mən mütləq
şeyximiz Allahşükür Paşazadə ilə
danışıb, sənin sümüklərini ora necə
aparmağın mümkünlüyünü öyrənərəm. İnanıram
ki, şeyximiz bu işdə mənə kömək edəcək.
O, çox xeyirxah, gözəl insandır.
Babam Həsənalının iki mərtəbəli evi,
Naxçıvan şəhərinin mərkəzində
“Sarvanlar” məhəlləsində yerləşirdi. Həmin məhəllədə
həm də Ulu öndərimiz Heydər Əliyevin iki müəllimi
yaşayırdı. Bunlar, “Lenin” ordenli Mircəfər
Ağa Mirişli, filologiya elmləri namizədi Lətif
Hüseynzadə idi. Bundan başqa, bəstəkarlar Nəriman
Məmmədov, Ramiz Mirişli, Həsənağa Qurbanov,
yazıçılardan Zeynal Vəfa, Həsən Fətullayev
də məhəlləmizin sayılan ziyalıları idi.
Lətif Hüseynzadənin vəfatından bir neçə
ay əvvəl onun övladları Talıb və Rüfətə
zəng vurub, Lətif müəllimlə görüşmək
istədiyimi bildirdim. Ona görə də istedadlı
rejissor-operator Tahir Əliyevlə əlaqə saxlayıb,
onunla birlikdə Lətif müəllimgilə gəldik.
Məni heyran edən birinci o oldu ki, “Təzə nə
yazırsan”,- deyə məndən
soruşdu. 106 yaşlı bu alimlə söhbətimiz
üç saata yaxın çəkdi. Mən
onun yaddaşına heyran qaldım. Verdiyim
suallara elə cavab verirdi ki, sanki söhbətimiz dünənki
hadisələrdən gedirdi.
Lətif
Hüseynzadə:
- Baban
Hacı Həsənalı çox məğrur, həm də
ciddi adam idi. Hamı ondan
çəkinirdi. 500 hektardan artıq torpaq
sahəsi vardı. Əsas buğda və
arpa əkdirirdi. Araz çayının
yaxınlığında inək və qoyun sürüləri
üçün böyük tövlələr
tikdirmişdir. Şəhərdə ermənilərə
qarşı döyüş dəstələri
yaratmışdı. Türk paşası
Kazım Qarabəkirin köməkliyi ilə 750 alman tüfəngini
1500 nəfərlik dəstəyə paylamışdır.
Naxçıvanın xilası üçün
gələn türk əsgərlərinin günorta yeməklərini
də baban verirdi. Onun adı çəkiləndə
ermənilər tir-tir əsirdi.
Hacının iki mərtəbəli evinə tamaşa
etmək üçün biz yeniyetmə gənclər
axşamüstü Böyük bağa gələrdik. Günəş
qüruba gedəndə onun qırmızı
şüaları sizin evin daş aynalarına düşəndə,
sanki bir tamaşa yaradırdı. Çünki
baban o daş aynaları Fransadan gətizdirmişdir.
Sən
istəsən bu gün də onun mal-dövlətinə sahib ola bilərsən. Bunun üçün “KQB”-nin Bakıdakı arxivinə müraciət et.
Dedim, Lətif
müəllim, qonşumuz Cəfər Həsənəliyev
danışır ki, 1918-ci ildə ingilis
generalı Tomson və daha bir neçə general
Naxçıvana gəlmişdir. Məktəbin direktoru bir
neçə şagirdə gül dəstəsi verib və Cəfər
Həsənəliyev də daxil olmaqla, həmin şagirdləri
indiki “Təbriz” mehmanxanasının yanına gətirib:
- Burada
qonaqlar üçün taxt qurulmuşdur. Çoxlu
adamlar - aralarında vaxtilə çar generalı olan Kərbəlayı
xan, Cəfərqulu xan öz hərbi rütbəli
paltarlarında dayanmışdılar. İngiliscə
yaxşı bilən Mirzə Bağır camaata elan edib ki, gələn
qonaqlar İngilis Dövlətinin nümayəndələridir.
Gələn qonaqların məqsədi budur ki,
Rusiya Dövlətində çarın devrilməsindən
sonra böyük qarışıqlıq yaranıbdır.
O təhlükə sizin Naxçıvan diyarına da ayaq
aça bilər. Ona görə də, biz -
İngilis Hökumətinin numayəndələri - Xatistov
adlı bir nəfəri gətirmişik ki, müvəqqəti
olaraq Naxçıvan bölgəsinə vali təyin olunsun.
Bu
sözdən sonra heç kim səsini
çıxarmayıb. Rütbələri
çiynində olan generallar başlarını
aşağı salıblar. Baban Hacı Həsənalı
camaatın arasından gəlib taxta çıxıdı və
dedi:
- Mirzə
Bağır, gələn qonaqlara de ki, Hacı onların gəlişini
alqışlayır. İkinci isə de ki, biz
biqeyrət xalq deyilik ki, dəfələrlə biz əliyalın
xalqın üstünə top-tüfənglə gələn,
türklərin tarixi düşməninə çevrilən
erməni nümayəndəsini özümüzə vali
seçək? Bu, mümkün olan iş deyil.
Mirzə Bağır tərcümə edib, Hacı Həsənalının
fikrini gələn qonaqlara çatdırdı. İngilis numayəndəsi
ciddi tərzdə: “Bu bizim yox, İngilis Hökumətinin qərarıdır”,- dedi.
Vəziyyəti
belə görən Hacı Həsənalı “O zaman biz
bütün dünya dövlətlərinə müraciət
edəcəyik”,- dedi.
Bu sözdən
əsəbləşən ingilis nümayəndəsi
ayağını yerə bərk vuraraq dedi:
- Bu cənab
bilmir ki, indi bütün dünya dövlətləri
İngilis Hökumətinin ayaqları altındadır!?
Hacı
qürurunu pozmadan səsləndi:
- Onda biz
son damla qanımıza qədər vuruşacağıq.
Hacının
bu sözündən sonra ara
qarışdı. Onu vurmaq istədilər, lakin
camaat onu araya alıb məsçid çayının yolu ilə
aradan çıxartdılar.
Xatistovun Naxçıvanda valiliyi 1-2 ay çəkdi və
camaatın təzyiqinə dözə bilməyərək, gecə
vaxtı İrəvana qaçdı.
Bütün bu hadisələri tarixçi-alim Əli Əliyev
öz əsərlərində mükəmməl şəkildə
çap etdirib.
Ermənilərlə şirin münasibətdə olan
Heydərağa, Hacı Həsənalını aradan
götürmək üçün çox canfəşanlıq
edir və 1921-ci ilin payızında Hacı namaz qılıb məsçiddən
çıxan zaman öyrətdiyi qatil tərəfindən
vurulur.
Fizzə nənəm deyirdi, Hacı bilirdi ki, bu hadisənin
başında Heydərağa durub. Ona görə də
ona güllə atan cavan oğlanı bağışladı.
Özünü dost kimi göstərən Heydərağa
Hacıya baş çəkməyə gələndə
atının ayaq səslərindən onun gəlişini
tanıdı və qardaşı Əlişirinə dedi ki, məni
dirçəld, o namərd məni uzanıq vəziyyətdə
görməsin. Heydərağa evə girən
kimi “Ay Hacı, maşallah, yaxşısan, tezliklə qalx
ayağa, səninlə birgə Məşədə getmək
istəyirəm”,-deyib.
Nənəm deyirdi ki, Hacı Həsənalı oturaq vəziyyətdə
əziyyət çəksə də, özünü o yerə
qoymadı, məğrur dayandı. Qonaqlar durub gedəndə, onlar hələ
küçə qapısına çatmamış, Hacı
qardaşı Əlişirinə “Məni üzü qibləyə
çevir, haqqımı hamınıza halal edirəm”,- dedi və keçindi.
Əlişirin, Hacı Həsənalının yeganə
qardaşı idi. O, sabiq polis rəisi Nazim Nağıyevin və YAP-ın
yaranmasında dəridən-qabıqdan çıxan Əli
Nağıyevin ana babası idi.
Hacı Həsənalının vəfatını
eşidən Heydərağa bu xəbərin yalan olduğunu
demiş və Hacını bu gün gümrah
gördüyünü söyləmişdir.
Nənəm
deyirdi, Hacı Həsənalı ölümünə bir
neçə gün qalmış camaatla söhbətində
deyib:
- Mən
öləcəyəm. Baba həkim çox canfəşanlıq
etdi. Görünür, mənim qismətim
də beləymiş. Düşmən erməninin
gülləsi məni öldürə bilmədi, qatilim isə
öz millətimin nümayəndəsi oldu.
Nənəm hər zaman Hacının çox
xeyrixahlıqlarından danışardı. Deyirdi ki,
Novruz, Qurban, Oruc bayramlarında, səhər-səhər
Hacı gedib bazarın yaxınlığındakı
çayxanada oturardı. Bazara gedənlərə fikir
verib, kim ki ayağını çəkə-çəkə
bazara gedirdisə, onu yanına çağırıb,
bayramını təbrik edib, cibinə qızıl onluq
salardı. İmkanı olmayan neçə
adamları Həcc və Məşəd ziyarətlərinə
göndərib.
Naxçıvanda teatr tamaşaları çıxaran
artistlərə evinin əşyalarını verirdi. Onları təbrik
edib mükafatlandırırdı. O ölən vaxtı
teatra rəhbərlik edən Həsən Səfərli
uşaq kimi ağlayıb. Vəfatından 10 gün qabaq,
cümə axşamı Hacı bütün qohum-əqrəbasını
başına yığıb plov bişirtdirərək deyib:
- Mənim
həyat yoldaşım Fizzə ikinci uşağa namizəddir.
Sizə agah edirəm ki, ölümümdən
sonra mənim ikinci övladım dünyaya gələndə
artıq söz-söhbətə ehtiyac qalmasın.
Beləliklə, Hacının vəfatından 5 ay sonra mənim
anam Pakizə dünyaya gəldi.
Nə isə, babamın tərs qəbri məni rahat
buraxmırdı. Ona görə də vaxt tapıb çətinliklə
də olsa, Qafqaz müsəlmanlarının şeyxi Hacı
Allahşükür Paşazadənin qəbuluna
düşdüm və babam Hacı Həsənalının
Naxçıvan qəbiristanlığında 100 ildən bəri
uyuyan tərs qəbir əhvalatını ona
danışdım. Düzdür, Paşazadə
həmin gün çox hirsli idi. Çünki telefon zəngləri
onu çox əsəbləşdirirdi:
-
Görürsən də şair, camaat mənim haqqımda necə
şaiyələr yayıb. Guya ki, mən,
müğənni qadınlarla eyş-işrətdəyəm.
Mənimlə görüşənlər “Şeyx, Allah
qüvvət versin!”, - deyə mənə
söz atırlar, mən də elə bilirəm ki, son zamanlar
idmanla məşğul olduğuma görə təbrik edirlər.
Düzdür, mənim yanıma ərə getmək istəyən
çoxlu xanımlar gəlir, mən onları peşman yola
salmamışam, sevgi duası yazmışam. Hətta eləsi
olub ki, dualarımın təsirindən iki dəfə ailə
həyatı qurub.
Qaldı ki, qadınlara pis gözlə baxmağım, bu,
heç gəncliyimdə də olmayıb. Onları mən
özümə ana, bacı bilmişəm.
İndi mən Böyük Şeyximizin cavabını
gözləyirəm ki, Babam Həsənalının tərs qəbrini
Məkkəyə necə çatdırmaq olar.
Ağdamlı zərgər dostum İsmayılın isə
bir sözü məni narahat edir. Deyir ki, şair, baban
Hacı Həsənalının qəbrinin sağ tərəfində
həyat yoldaşı Səhnə xanım, sol tərəfində
isə Fizzə xanım yatır. Onların
hər ikisinin mütləq razılığı tələb
olunacaq. Çünki xanımlar
Hacısız Naxçıvan qəbiristanlığında
darıxacaqlar.
Babam Hacı Həsənalı son mənzil
otağını Məkkəni seçdi, imzası
tanınmayan şair-dramatruqun isə Məkkə və Mədinəsi
Qarabağdır. Vəsiyyət etmişəm ki, ZƏFƏR
GÜNÜ mənim nəşimi aparıb Şuşa
dağlarında basdırıb, baş daşımda bu
sözləri yazdırsınlar: “Arzusuna çatan xoşbəxt
şair”.(“Reytinq” qəzeti)
Ramiq MUXTAR
Şair-dramaturq,
Prezident təqaüdçüsü
Reytinq.- 2019.- 12 yanvar.- S.9.