"Ən böyük Niyazi, ondan böyük yox"

 

 

 

Qeydlərimdən birində Bakının rəmzlərindən söhbət açanda böyükdən böyük maestro Niyazinin də adını çəkmişdim.

 

İndi onu öz düşüncə tərzimdə bir daha dilə gətirmək istəyirəm.

 

“XX yüzildə, xüsusən bitən əsrin ikinci yarısında Azərbaycanın rəmzlərindən biri olmuş maestro Niyazini hər kəs öz gördüyü kimi, şəxsiyyətinə və sənətinə öz heyranlığı, öz sevgisi çərçivəsində təsvir etməyə çalışıb”.

 

Bu fikir çox vacib həyat gerçəkliyini açıqlayır və mən də öz heyranlığım və sevgim çərçivəsində “musiqi kralı” Niyazi haqqında qısaca söz deməyə çalışacağam.

 

...Niyazi! Bu adın nüvəsində quvvətli şəxsiyyətin cazibəli dünyası, ona dərin ehtiram duyğusu cəmlənib. Məhz belə bir təlqinedici məftunluqla ona şirin-şirin “maestro” deyib müraciət edirdilər...

 

...Yaxından da yaxınları, qohumları, dostları arasında zərif-zərif “knyaz” titulu ilə çağırılırdı. Bu kəlmənin çalarında əsl bəyzadəlik, aristokratiya, ucalıq, qüdrətli Hacıbəylilər nəslinin ehtişamlı ləyaqət pafosu təcəssümünü tapırdı.

 

...Onu “musiqi kralı” sayanlar da vardı. Özü də bu deyimin fövqündə duran Niyazi fenomeni bir daha təsdiqlənirdi.

 

... “Ən böyük Niyazi, ondan böyük yox!”... Pult arxasında möcüzəli əlləri ilə orkestri vəcdlə səsləndirən Niyazi cazibəsinin əsiri olan Ankara və İstanbul tamaşaçıları aramsız alqışların müşayiəti ilə qızğıncasına böylə çığırırdılar.

 

“Knyaz” Niyazi “maestro” Niyazi kimi dünya şöhrəti tapdı, “maestro” Niyazi isə “musiqi kralı” Niyazini sənət kəhkəşanının ən parlaq “ulduzuna” çevirdi.

 

Niyazi yarıməsrlik yaradıcılıq fəaliyyətində musiqi zirvəsinin fəzalarında qartaltək qanad açıb süzdü. O, nəinki Azərbaycanda peşəkar dirijorluq məktəbinin şöhrətini göylərə qaldırdı, nəinki Azərbaycan simfoniyasının ilkin səsləndirilməsinin səbəbkarı oldu. Eyni zamanda milli bəstəkarlıq məktəbinin bərqərarlığında əvəzsiz xidmət göstərdi. Azərbaycan musiqisində “qüdrətli dəstə” mövcuddu və Niyazinin həmin “dəstədə” öz dəyəri vardı.

 

Niyazi – Yaxın, Orta və Uzaq Şərq aləmində tayı-bərabəri olmayan dirijor idi. Bütün dünya musiqi tarixində isə barmaqla sayılacaq üç-beş maestro sırasında “qərar tutmuşdu”.

 

Onun möcüzəli əlləri vardı və doğru deyirlər ki, maestronun əlləri “görür", gözləri isə “eşidirdi”. Niyazi fenomeni həm də onda idi ki, bir baxmaqla partituranı əzbərləyirdi. O, təkcə əlləri, gözləri, qulaqları ilə yox, bütünlükdə beyni, ürəyi – tam varlığıyla musiqini içinə çəkirdi. Hər hansı ifada maestronun ürəyinin hərarətini, beynindən süzülüb gələn ağlın-zəkanın duyumunu, Niyazi istedadının gerçək təzahürünü görüb, hiss edirdik.

 

Görkəmli rus pianoçusu V. Merjanov bir dəfə Niyazidən söhbət düşəndə dedi:

 

“1957-ci ilin əvvəllərində Bakıda qastrol səfərindəydim. Simfonik orkestrlə birlikdə Pyotr Çaykovskinin “Fortepiano və orkestr üçün birinci konsert”i ifa olunacaqdı. Solo çalacaqdım.

 

Konsert uğurla keçdi. Tamaşaçılar ifaçıları, xüsusən maestronu sürəkli alqışlarla qarşıladılar. Yalnız konsertdən sonra bizə bəlli oldu ki, partiturada təsadüfən iki not vərəqi çatışmadığı halda Niyazi heç nə sezdirmədən orkestri və solo ifaçını misilsiz məharətlə, ahəngdarlıqla, özünəməxsus səciyyəvi manerada idarə etmişdir. Bax, bu, sənət möcüzəsi idi və məhz Niyazi kimi misilsiz qüdrət sahibi ilə baş verə bilərdi".

 

Bəli, Niyazi – möcüzə idi. Nə gözəl ki, Moskvada Böyuk Teatrın, Sànkt-Peterburqda Marinski teatrının, Londonda “Kovent-Harden”in, Parisdə “Qrant-opera”nın, habelə Ankara, İstanbul, Ulan-Bator, Pekin, Praqa, Buxarest, Tbilisi və Kiyevin... möhtəşəm səhnələrində düzənlənən ecazkar musiqi bayramlarının ən yadda qalan, unudulmayacaq bəzəyi Niyazi olmuşdur. Özü də adları çəkilən bu yerlərdə o, təkcə qastrol çıxışına gələn dirijor olmaqdan savayı eyni zamanda yeni tamaşaların yaradıcılarından biri, simfonik orkestrin qurulmasının rəhbəri idi. Məsələn, Sankt-Peterburqun məşhur Marinski teatrında bəstəkar Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin ilk səhnə quruluşunda Niyazi tamaşanın dirijoru olmuşdur. Sonradan isə qısa müddətə də olsa həmin teatrın baş dirijoru kimi fəaliyyət göstərmişdir. Heç bilirsiniz Yevgeni Mravinski kimi qüdrətli maestronun yaşayıb-yaratdığı bir şəhərin teatrında baş dirijor kreslosunda əyləşmək nə deməkdir?!

 

 

 

Bundan sonra Niyazi Parisin dünya şöhrətli “Qrant-opera”sında (qısa müddətə də olsa) baş dirijor vəzifəsini tutdu. Nə qədər ürəkaçan bir fakt! Musiqi bilicilərinin dəqiq məlumatına görə, Niyazi Şərq və müsəlman ölkələrindən ilk təmsilçi idi ki, “Qrant-opera” kimi möhtəşəm sənət ocağında pult arxasında dirijor qismində dayanmışdır.

 

Xalqımızın bu böyük sənətkar oğlu uzaq Monqolustan paytaxtı Ulan-Batorda da bir müddət fədakarlıqla çalışmış, yerli simfonik orkestrin daha da təkmilləşməsində, repertuar proqramının tərtibində, xüsusən ustalıq səviyyəsinin yüksəldilməsində az əmək sərf etməmişdir. Onun “usta dərsləri” indi də yaddaşlardan silinməyib.

 

Niyazinin Türkiyədəki yaradıcılıq işi xüsusi diqqətə və qiymətə layiqdir. Qardaş məmləkətdə – Ankara opera teatrında onun rəhbərliyi altında düzənlənən klassik opera tamaşaları millətin mədəniyyət xəzinəsinə nadir incilərtək daxil olmuşdur. “Niyazi məktəbi” kimi qəbul olunan bu iş proqramı, fəaliyyət dairəsi ətrafında əfsanəyə çevrilmiş söz-söhbətlər indiyədək sadə türklərin dilində dolaşır, Niyazi adı həmişə hörmət və ehtiramla anılır.

 

Niyazi şəxsiyyətini, onun ecazkar sənət qüdrətini sözlə etiraf edən saysız-hesabsız müəllif tanıyırıq. Təbii ki, hamısını sadalamaq burada mümkünsüzdür. Caizsə bir neçəsinə nəzər salaq.

 

D. Şostakoviç (Moskva):

 

“Niyazi – incə interpretatordur... musiqi formasının strukturunu çox aydın duyur”.

 

K. Tsekki (İtaliya):

 

“Niyazi sənəti ən yüksək tərifə layiqdir. Onun qeyri-adi əlləri, böyük iradəsi və qüvvətli xarakteri var".

 

N. Hikmət (Türkiyə):

 

“Azərbaycan xalqının bəxti onda gətirib ki, Niyazitək dirijoru var. Bu güvən duyğusuna bütün türk dünyasının haqqı çatır”.

Y. Mravinski (Sankt-Peterburq):

 

“Niyazi özünün temperamenti ilə orkestr ifaçılarının bütünlükdə yüksək ovqat notuna qalxmasına nail olur”.

 

J. Blox (Paris):

 

“Orkestr şefi Niyazi kimi dahi sənətkara minnətdarıq ki, Prokofyev musiqisini bütün incəliklərinə qədər duya bildik. Çaykovski musiqisi də çox təmiz səsləndi. İlahi, necə də unudulmayacaq gecə oldu bu. Sağ ol, maestro!”.

 

Qeorq Qarau (Leypsiq):

 

“Mən bir skripkaçı kimi dünya ölkələrinin çoxunda görkəmli dirijorların rəhbərliyi ilə simfonik orkestrlərlə çıxış etmişəm. Bizim şəhərə qonaq gəlmiş Niyazi, cəsarətlə deyərəm ki, istisnadır. Onun şefliyi ilə Çaykovskinin “Altıncı simfoniya”sı, Bethovenin “Skripka konserti” böyük ləzzətlə səsləndi. Niyazi kimi musiqi duyumu olan ikinci bir dirijorla qarşılaşmamışam"...

 

Rafael Hüseynov, akademik (Bakı):

 

“Maestro Niyazi universal bilikləriylə, zəngin daxili aləmi ilə, istedadlı bəstələri ilə, qabil təşkilatçılığı ilə canlı klassik idi, örnək idi, öndər idi”...

 

***

 

...Dirijor Niyazi ilə müqayisədə bəstəkar Niyazi yaradıcılığı da böyük önəm kəsb edir. Onun saysız-hesabsız mahnıları, xüsusən də bəzi xalq mahnılarının simfonik orkestrin müşayiəti ilə ifası, teatr tamaşalarına və kinofilmlərə yazdığı musiqi, “Xosrov və Şirin” operası, “Çitra” baleti, “Rast” simfonik muğamı, “Zaqatala süitası” – bəstəkar Niyazi böyüklüyünün özül daşlarıdır.

 

Bu sözləri qələmə aldığım çağlarda – 2004-cü ilin noyabrında məlum oldu ki, “musiqi kralı”nın “Rast” simfonik muğamı xüsusi libretto əsasında balet tamaşası kimi səhnə ömrü qazanıb. Bakı Opera və Balet Teatrının kollektivi bu ehtişamlı yaradıcılıq işi üçün, əlbəttə, hər cür tərifəlayiqdir.

 

Niyazi ilə ötüşən günlərimi andıqca özümü çox xoşbəxt sanıram. Haqqında yazdığım məqalələr Misirdə, Çexoslovakiyada, Rumıniyada yerli mətbuat səhifələrində işıq üzü görüb. 1982-ci ilin martında Moskvada Mərkəzi televiziya ilə Niyazi barədə yayımlanan bır saatlıq verilişin ssenari müəllifi idim.

 

***

 

...Moskvada işimizi bitirib Kuybışevə uçduq. Niyazinin yerli opera və balet teatrında göstərilən “Çitra” baletinin növbəti tamaşasına birlikdə baxdıq.

 

Deməyə bilmədiyim bir faktı da xatırlamaq istəyirəm. 1971-ci ildə mən ailə həyatı qurdum. Toyumun qonaqları sırasında Niyazi masabəyi olmasa da o, məclisi tam ələ almışdı. Onun bədahətən söylədiyi satirik şeirlər, yoldaşlıq şarjları, lətifələri, zarafatları, gülüşü və ecazkar rəqsi gözəl idi. Ciddi, “tündməcaz” Niyazidən əsər-əlamət yoxdu. Başqa Niyaziydi Niyazi î axşam.

 

Maestronun mənzilindəki ənənəvi toplantılar, onun səxavətlə açdığı süfrə, hamının böyük ehtiram və hörmətini qazanan əziz Həcər bacımızın qonaqpərvərliyi, xanım-xatın davranışı, bişirdiyi ləzzətli təamlar barədə çox yazılıb, çox deyilib. Mən də î mənzildə dəfələrlə qonaq olmuşam, Niyazinin bərəkətli süfrəsindən tikə kəsmişəm. Toyumuzdan sonra bizi ilk “ayaqaçdı” qonaqlığına dəvət edən də məhz Niyazi ilə Həcər xanım oldular. Tarixi gün indiki kimi yadımdadır: 1971-ci il 25 sentyabr Niyazinin Həcər xanımla 1936-cı ildə Kiyevdə birgə çəkdirdikləri fotoşəkli o, həmin axşam bizə xatirə verdi. Maestro şəklin arxasında belə avtoqrof yazdı:

 

“Əziz Fazil bəyə və gözəl xanımına. Sizə də özümüz kimi uzun illər birgə xoşbəxt yaşamağı arzulayırıq”.

 

Sayğılarla,

 

Həcər xanım, Niyazi”

 

25.IX.1971.

 

***

 

Yeri gəlmişkən deyim ki, şəxsi arxivimdə olan ikinci fotoşəkil dahi sənətçidən 1980-ci ildə yadigar qalmışdır. Redaksiyamızda birgə çalışdığımız jurnalist dostum mərhum İsmayıl Kərimov (o, Niyazinin yaxın qohumu idi) mənə xatırladırmış kimi dedi: “Sabah Niyazinin ad günüdür. Bilirsən də...”.

 

Dedim hər halda zəng vurub planlarından xəbər tutaq. Adətən biz onu ad günündən bir neçə gün öncə “oğurlayır”, şəhərkənarı kababxanalardan birində “qeyd edirdik”. Hə, telefonda 493-18-36 rəqəmlərini yığdıq. Qısası, maestronu razı saldıq. Axşam artıq Qaradağ yolu istiqamətində dəniz sahilindəki restoranda “lövbər” saldıq. Dəstəmiz Niyazidən, Şəmsi və Fərhad Bədəlbəylilərdən, İsmayıl Kərimovdan və məndən ibarət idi. Buradaca maestro ilə qeyri-adi bir görüş keçirdik.

 

Şəhərə qayıtdıq. Niyazi şəstlə dedi ki, maşını sür həyətə, qalxaq bizə. Sizi türk qəhvəsinə və əla Gəncə konyakına qonaq edəcəyəm... Söz güləşdirməyi sevməzdi. Qalxdıq onlara. Elə iş otağındaca kitab dolabının şüşəsi arxasında gördüyüm fotoşəkil və onun əllərinin təsviri diqqətimi çəkdi. Bilirdim ki, yenicə çəkilmişdir. Və mənə elə gəldi ki, yarım əsr ərzində “Musiqi krallığına” qədər yüksələn Niyazinin heyrətamiz obrazının ən səciyyəvi anı bu fotoşəkildə əksini tapıb. Şəkli ərklə oradan götürdüm. Maestro da qəlbimi sındırmadı, alıb şəklin arxasında yazdı:

 

“Qardaşım Fazil, əksimlə yanaşı, ürəyimin hərarətini də hədiyyə verirəm”.

 

Niyazi.

 

19.IX.1980.

 

***

 

...1972-ci il aprelin 9-da Bakı teatrının səhnəsində “Çıtra” baletinin yeni redaksiyada ilk tamaşası oldu. Həmin axşam Niyazinin ovqatı əla idi. Görünür, əsərin təzə səhnəqrafik şərhi maestronu razı salmışdı. Tamaşadan sonra bir qədər gec də olsa Şəmsi Bədəlbəyli bizi şam yeməyinə dəvət elədi. Adını da qoydu ki, “gedək “Çitra”nı çimizdirək”... Masa arxasında Şəmsi bəylə Niyazi î ki var zarafatlaşdılar. Geri qayıdarkən maestro ərkyana tərzdə mənim maşınımın sükanı arxasına keçdi. Niyazinin bir qədər kefli çağlarında belə şıltaqlıqlarından böyük həzz alırdım...

 

 

 

Bəli, avtomobili işə salıb (biz Mərdəkandaydıq) bir-iki km. irəliləmişdik ki, sola buruldu. “Hə, gedək Üzeyir əmimin bağına baş çəkək”, – dedi. Gəlib çıxdıq Üzeyir bəyin unudulmuş, gözdən iraq qalmış bağ evinə. Divarın qənşərində təkərlər əvəzinə daşlar üzərində durmuş qara rəngli “M-1” markalı köhnə maşını dərhal gördük. Niyazi avtomobilə yaxınlaşıb ehmallıca əllərini toz basmış qapıların üzərində gəzdirdi. Kövrək səslə: “Əmimlə î qədər bu maşında gəzmişəm ki? Hərdənbir də özüm sükan arxasında oturub sürücünü əvəz eləməkdən həzz alırdım...”, – dedi.

 

Artıq çox gec idi, qayıtdıq şəhərə. Yol boyu o, Üzeyir bəylə bağlı unudulmaz xatirələrini danışırdı.

 

 Reytinq.- 2019.-19 yanvar.- S.15.

 

Fazil RƏHMANZADƏ