XVIII yuxu
1961-ci il idi. Mən Teatr İnstitutunda
oxuyurdum. Atam Muxtar Nağıyev Bakıya
ezamiyyətə gəlmişdi. O vaxt atam
Naxçıvan MSSR Nazirlər Soveti yanında Yol-İstismar
İdarəsinin rəisi idi. Mənə dedi ki, axşam səni
qohumumuz Leyla xanımgilə aparacağam. Mən
ondan soruşdum ki, Leyla xanım kimdir? Dedi ki, əsli-köklü
irəvanlıdır. Onun atası mənim
atamın həm dostu idi, həm də kirvə qohumluğumuz
var.
Axşamüstü atam, Leyla xanım üçün
Naxçıvandan gətirdiyi kişmişi üzümü
götürüb köhnə "İnturist"dən
birbaşa Zevin küçəsi-4 ünvanında yaşayan
Leyla xanımgilə gəldik.
Bu
ünvan mənə tanış idi. Çünki o vaxt "Ədəbiyyat və İncəsənət"
qəzeti bu ünvanda yerləşirdi.
Leyla
xanım qapını açıb atamı görcək
çox sevindi: "Ay mənim Əfşan xalamın
yadigarı",- deyib atamı qucaqlayıb
öpdü. Biz otağa girəndə, yan otaqdan
Gülarə xanım Əliyeva çıxdı və atamla
mehribancasına görüşdü.
- İndi Heydər də gələcək, biz irəvanlıların
paxlalı plovunu çox xoşlayır.
Az sonra
Heydər Əliyev gəldi. Atamla çox
mehriban görüşdülər. Biz
süfrə arxasında Leyla xanımın Naxçıvan
qovurması ilə paxlalı plovunu yedik. Leyla
xanım atamın qardaş-bacılarının necə
mehriban olduqlarından ürəkdolusu danışır,
uşaqlıq və gənclik illərini vərəqləyirdi.
O vaxt Heydər
Əliyevin rütbəsi polkovnik idi. Atam mənim
Teatr İnstitutunda oxumağımdan, rejissor olmaq həvəsimdən
söz açdı. Görkəmli rejissor
Tofiq Kazımovun təşəbbüsü ilə Akademik Dram
Teatrında səhnə fəhləsi kimi işə düzəlməyimdən
danışdı. Mənim bu
addımımı Heydər Əliyev razılıqla
qarşıladı. Çünki o,
özü də hələ uşaq yaşlarından
Naxçıvan şəhər Pioner və Məktəblilər
Evində görkəmli rejissor və aktyor Miribrahim Həmzəyevin
rəhbərlik etdiyi dram dəməyində baş rollarda
çıxış etmişdi. "Ağlar
və qaralar" tamaşasına görə xüsusi diplom və
qiymətli hədiyyələrlə
mükafatlandırılmışdı.
Leyla
xanım atamın gəlişinə o qədər sevinirdi ki,
tez-tez "Ay mənim Əfşan xalamın yadigarı",- deyirdi.
Sonra çay süfrəsində Heydər Əliyev
anamla orta məktəbdə birgə oxumaqlarından, Pedaqoji
Texnikumu əla qiymətlərlə bitirmələrindən,
voleybol komandasının üzvləri kimi məşqçi
İbrahimxəlil Axundovun rəhbərliyi ilə 1937-ci ildə
birgə Spartakiadaya getmələrindən söhbət
açdı.
Heydər Əliyev atama və mənə məlum olmayan
bir əhvalatı danışdı. Dedi ki, 1939-cu ildə
Naxçıvan Pedaqoji Texnikumunun buraxılış məzunlarının
venetkası hazırlanan vaxt texnikumun direktoru Kazım
Talıbova töhmət verilmişdi. Ona görə
ki, venetkada Pakizə Abbasovanın şəkli ən
yuxarıda vurulmuşdu. Pakizə isə
mülkədarın qızı olduğu üçün
Kazım Talıbovu siyasi sayıqlığını itirməkdə
günahlandırmışdılar. O isə demişdi
ki, Pakizə Abbasova həm dərs əlaçısıdır,
həm də qızların içində ən gözəlidir.
Bu
sözdən sonra atam dönüb mənə baxdı və
dedi:
- Evimizdə
olan venetkada Heydər Əliyevin şəklini sənə
göstərərəm.
İndi o venetka Heydər Əliyev Fondunda nümayiş
etdirilir.
1971-ci ildə
mən, Cəlil Məmmədquluzadə adına
Naxçıvan Dövlət Musiqili Dram Teatrında rejissor
işləyən vaxtı Xanımana Əlibəylinin
“Dovşanın ad günü” pyesini hazırladım. Bakıdan gələn Mədəniyyət Nazirliynin
nümayəndəsi uğurlu tamaşa üçün məni
təbrik etdi. Bunun müqabilində Mədəniyyət
Nazirliyindən Adlerin “İzvestiya” sanatoriyasında istirahət
etmək üçün mənə “putyovka” göndərdilər.
Həmin vaxtı atam da Bakıda ezamiyyətdə
idi. Atam mənimlə birgə “İnturist”
mehmanxanasında qalırdı. Biz
axşamüstü atamla birgə Leyla xanımgilə gəldik.
Leyla xanım çoxlu şirniyyat
bişirmişdi. Axşamüstü Leyla xanım, atam və
mən Əzim Əzimzadə adına Rəssamlıq
məktəbinin yanındakı binaya gəldik. Bu
binada Heydər Əliyevin bacanağı Fərrux əminin ailəsi
yaşayırdı. Biz evə çatanda
bu vaxt Zərifə xanım qızı Sevil və oğlu
İlham maşından düşdülər. Heydər Əliyev atamı görcək
maşından düşdü. “Muxtar Abasoviç”,- deyə onu qucaqladı:
– Mən
ad günündə iştirak edə bilməyəcəyəm,
xaricdən gələn çoxlu qonaqlarım var. Sabah işin
sonunda Mərkəzi Komitəyə gəl.
Nə isə,
məclis başladı, Fərrux əmi qonaqlara xoş gəldiniz
dedi. Fərrux əmi o vaxt neft şirkətində
rabitə işlərinə rəhbərlik edirdi.
Məclisdə
Heydər Əliyevin digər bacanağı, həkim Ağəli
Babayev, qayını Tamerlan həkim, onun qızı Nigar və
bir neçə nəfər tanımadığım şəxs
də var idi.
Məclis yenicə başlamışdı ki, Amerikadan
telefon zəngi gəldi. Danışan şəxs ilk növbədə
Heydər Əliyevin qayını Cəmilin səhhəti ilə
maraqlandı. Leyla xanım dedi:
- Edison,
narahat olma, bu gün yanındaydım. Bir-iki
günə xəstəxanadan çıxacaq.
(Leyla
xanım Əliyeva ailə üzvləri ilə)
Məclis
qurtarandan sonra atamla mehmanxanaya gələndə Edisonun kim olduğunu atamdan soruşdum. Atam dedi ki, mənim
mühasibim, ordubadlı Əlmərdanovun qardaşı
oğludur, böyük alimdir, Amerikada ezamiyyətdədir. Beləliklə,
sabah atamın Naxçıvana
qayıtması təxirə düşdü, çünki
Heydər Əliyev atamı şənbə günü işdən
sonra özü ilə Zağulbaya apardı.
1971-ci ilin avqust ayının sonunda mən, xalq şairi Bəxtiyar
Vahabzadənin “İkinci səs” pyesini
hazırlamalıydım. Rolları bölmüşdüm. Baş rolun ifaçısı Naxçıvan
teatrının sönməz ulduzu Zəroş Həmzəyeva
idi. Bu vaxtı teatrın baş rejissoru Nəsir
Sadıqzadə məni kabinetinə çağırıb
dedi:
- Ramiq,
pyesdən imtina et, hazırlama.
Dedim, nə
üçün Nəsir müəllim?
Dedi, mən
də hazırlamayacağam. Qoy, rəhbərlik
kitabxana işçisi Adil Salmanovu işdən
çıxarıb yerinə Miribrahim Həmzəyevi təyin
etsin.
Mən qaldım ortada. Biri deyir, başla, o
biri deyir, başlama.
Həmin Nəsir Sadıqzadə “Bəxt
üzüyü” filmində veteran rolunun
ifaçısıdır. Çox savadlı,
istedadlı idi. Xasiyyətində isə
problemlər var idi. Nə isə,
aralarında olan savaş-söyüş “Eyfel qülləsi”nə
çatdı. Mən tez teatrdan birbaş
Naxçıvanın mədəniyyət naziri, xalq
yazıçısı Hüseyn İbrahimovun yanına gəldim
və xahiş etdim ki, teatrda vəziyyət çox gərgindir,
məni başqa işə keçirin. Hüseyn
müəllim teatrda ikinci rejissor olmadığına görə
məni fikrimdən daşındırmağa
çalışdı. Amma mənim qəti
inadımı görüb, dedi:
- Şahbuzda musiqi məktəbinin direktoru vəzifəsi
boşdur. İstəyirsən səni ora göndərim.
Mən səhərisi günü əmrimi alıb sevincək
Şahbuza yollandım. Rayonun birinci katibi Murtuz müəllim məni
çox mehriban qarşıladı və rayonun mərkəzində
üçotaqlı evlə təmin etdi.
Düzü, o vaxt musiqi məktəbi çox bərbad vəziyyətdə
idi. Atamdan xahiş etdim ki, məktəbin təmirinə
kömək eləsin. O, bir ay ərzində məktəbi
yaxşı vəziyyətə gətirdi.
Bir gün işin axırına yaxın bir nəfər
məktəbə gəlib özünü mənə təqdim
etdi. O, mənim
yazıçı olduğumu bildiyi üçün ona
köməklik göstərməyimi xahiş etdi. Həmin adam kənd məktəbində dərs hissə
müdiri Valeh müəllim idi. Mənə bacısı
oğlu Şəmilin günahsız yerə tutulub 8 il iş almağını danışdı və
bildirdi ki, dəfələrlə Mərkəzi Komitəyə
- Heydər Əliyevin adına məktublar göndərməsinə
baxmayaraq, bir cavab yoxdur.
Demək, hadisə belə olmuşdur. Rayonun
Külüs kəndindən 19 yaşlı qız rayona 3
aylıq ticarət kursuna gəlibmiş. Həmin
qız uzaq qohumumuz olsa da, bacımgildə qalırdı.
Qız bir müddətdən sonra hamilə qalır.
Və məhkəmənin hakimi Şəmili məcbur
edir ki, qızla evlənsin. Yoxsa 8 il məhkumluq
həyatı yaşamalıdır. Bu işdən
xəbəri olmayan Şəmil hakimə qəti
etirazını bildirir. Beləliklə, hakim Şəmil
Qəhrəmanovu 8 il həbs cəzasına
məhkum edir.
Valeh müəllim bildirdi ki, bu işi törədən
şəxs rayonun rəhbər vəzifəsində işləyən
bir şəxsin qayınatası olduğuna görə hakim
cinayəti ört-bastır etmək üçün bu qərarı
vermişdir.
Mən Valeh müəllimə dedim:
- Siz Mərkəzi Komitəyə hansı poçtla məktub
göndərmisiniz?
O isə
Şahbuzun poçt idarəsindən göndərdiyini
söylədi.
Dedim,
Valeh müəllim, sizin məktubların heç biri
Şahbuz rayonundan çıxmayıb. Siz mənə
3 gün möhlət verin, sonra yanıma gəlin, mən sizə
yolunu göstərərəm. Mən
Şamilin günahsız olduğunu bilmək üçün
rayonun ziyalı adamları ilə görüşüb
söhbət etdim. Atamın dostları
Manaf Xudiyev, Əsəd Quliyev, Məmməd Həşimovla
görüşdüm. Onlar Şəmilin
günahsız olduğunu söylədilər. Mən
Valeh müəllimlə ikinci görüşümdə dedim:
- Valeh
müəllim, Siz Heydər Əliyevin adına
məktub yazıb mənə gətirin. Mən
Heydər Əliyevin qayınanası Leyla xanıma öz
adımdan məktub yazıb xahiş edəcəyəm ki, bu məktubu
Heydər Əliyevin özünə çatdırsın.
Leyla xanım mənim məktubumu özü şəxsən
Heydər Əliyevə çatdırmışdır. Bu məktub
söhbətindən 1 ay keçməmiş xəbər
yayıldı ki, Şəmili həbsdən azad ediblər.
Şəmilin
atası Məhəmməd kişi hərbi
komissarlıqda gözətçi işləyirdi. Nurani, sakit adam idi. Bu xəbəri eşidən
rayon camaatı onun evinə hər gün quzu, çəpiş,
toyuq-cücə gətirirdi.
Şəmil
danışdı ki, məni türmədən
çıxarıb Bakı-İrəvan qatarına mindirdilər:
“Düzü, əvvəl elə bildim ki, məni
Naxçıvan türməsinə aparırlar. Qatar Naxçıvandan tərpənəndə məni
qorxu bürüdü. Düşündüm
ki, yəqin məni İrəvan türməsinə göndərirlər.
Qatar İliç stansiyasında dayandı.
Məni düşürüb rayon milis
şöbəsinə gətirdilər və bildirdilər ki,
sən həbsdən azad olunmusan, evin telefon nömrəsini de,
zəng edək, gəlib aparsınlar. Düzü,
həyacanımdan evimizin nömrəsini yadıma sala bilmədim.
Dedim, bizim ev Şahbuzda rayon milis
şöbəsinin qonşuluğundadır. Sonra
qardaşlarım, qohumlarım İliç rayonuna gəlib, məni
Şahbuza apardılar”.
Bu hadisədən
10-15 gün sonra Şahbuzun kuratoru olan “KQB” işçisi Nadir
Əfəndiyev mənimlə görüşəndə dedi:
-
Gizli-gizli işlər görürsən Ramiq Muxtar, elə
bilirsən sənin yazdığın məktubla Şəmili
açıb həbsdən buraxdılar? Bu
işi dərindən öyrənmək üçün Heydər
Əliyev Bakıdan polkovnik rutbəli bir şəxsi
Şahbuza - avtotəmir zavoduna ezamiyyətə göndərmişdi.
O isə 3 gün rayonda qalandan sonra gedib Şəmilin
günahsız olduğunu bildirmişdir. Düzdür,
Heydər Əliyev o cinayəti törədən adamı
işdən qovdurdu. Respublikanın adına
ləkə gəlməsin deyə, məsələnin
açıqlanmasına yol vermədi. Çünki
onun kürəkəni çox səviyyəli, gözəl və
perspektivli partiya işçisi idi.
Bu hadisədən
7 il sonra Heydər Əliyev məni Mərkəzi
Komitənin Bürosunda Naxçıvan Muxtar
Respublikasının Bədən Tərbiyəsi və
İdman Komitəsinin sədri təyin edəndə, Mərkəzi
Komitənin şöbə müdiri Fikrət Əhmədovun
yanında bu sözləri dedi:
- Vaxtilə sənin Leyla xanıma yazdığın məktuba görə mən o günahsız oğlanı həbsdən azad etdirdim. Lakin o günahı törədən şəxsə daha ağır cəza verilməli idi. Mən onu kürəkəninə görə həbs etdirmədim.
Allah həm Ulu öndərimiz Heydər
Əliyevə, həm də Leyla xanıma rəhmət eləsin!
Çox şükürlər olsun ki, həyatda yaxşı
insanlar pis qüvvələri üstələyir.
Ramiq MUXTAR
Şair-dramaturq,
Prezident təqaüdçüsü
Reytinq.- 2019.- 19 yanvar.- S.11.