“Ən böyük Niyazi, ondan böük yox”

 

...Bəziləri deyirdilər ki, Niyazi həddən ziyadə ötkəm, ağır təbiətli, çox tələbkardır. Tamamilə doğrudur. Fikrimcə, “krallar” zatən elə belə də olmalıdırlar. Fəqət onu yaxşı tanıyanlar əla bilirdilər ki, Niyazi eyni zamanda uşaq təbiətli, ürəyi nazik insan idi. Xeyirxah və mərhəmət sahibi kimi çoxunu “ayağa qaldırmışdı”.

 

Onun mənzili, hərgah belə demək caizsə, “musiqi akademiyası” olan tədris ocağını xatırladırdı. Universitet idi. Burada Niyazinin “dərsini” keçən hər kəs sonradan sənətin uca zirvəsinə qalxmış, dünya şöhrəti qazanmışdır. Lütfiyar İmanov, Müslüm Maqomayev, Fərhad Bədəlbəyli, Fidan və Xuraman Qasımova bacıları. Hamısını sadalamağa hacət yox...

 

Niyazinin son iş yeri Filarmoniya idi. Filarmoniyanın sol qanadında incəsənət muzeyinə bitişik binada redaksiyamız yerləşirdi. Bəzi hallarda maestro işini tamamlayan kimi bir az “nəfəs dərmək” üçün redaksiyaya – mənim yanıma gəlirdi. İstəyindən agah idim; odur ki, dərhal bir fincan isti türk qəhvəsi, bir stəkan bumbuz soyuq su və 50 qramlıq qədəhdə konyak hazır olurdu. Niyazi söhbət edir, olub keçənləri yada salır, zarafatından da qalmırdı. Sadəcə onu görməkdən, dinləməkdən ruhi qida alırdım.

 

Danışırdı, gülməli yerində qəhqəhə çəkirdi. Onun bu şirin qəhqəhəsi mənə də sirayət edirdi.

 

Deyirdi: “Bir vaxt Bakı musiqi nəşriyyatı Pyotr Çaykovskinin IV-V-VI simfoniyalarının notunu çapdan buraxmışdı. Moskvada idim. Həmkarlardan biri haradansa əldə elədiyi həmin çap nüsxələrindən bəzisini mənə göstərdi, bunlarda xeyli qüsurun, səhvin olduğunu, nəşrin yararsızlığını deyib gileyləndi. Zarafatla dedim ki, Pyotr İliç Çaykovskinin adından nəşriyyata bir məktub yazıb kimdirsə î savadsız redaktora etirazınızı bildirin. Musiqişünaslardan biri elə belə də edir. Məktub Bakıda nəşriyyatın həmin əməkdaşının əlinə keçir. Î da Moskvaya Bəstəkarlar İttifaqına – çoxdan vəfat etmiş (ancaq bundan tam xəbərsiz olduğundan) dahi bəstəkara ünvanlanmış cavab məktubunda yazıb:

 

“Hörmətli Pyotr İliç! Nəşriyyatımız tərəfindən buraxılmış notun çapındakı qüsurlar barədə iradlarınız doğrudur. Gələcək nəşrlərdə yığılmış nüsxəni mütləq çapdan öncə sizə göndərəcəyik...”. Bəli, belə-belə işlər...

 

...Niyazi Həcər xanımla 51 il ömür sürdü. Mən deyərdim ki, Niyazinin dünya şöhrəti qazanmasında Həcər xanımın xüsusi xidməti danılmazdır. Hər ikisinin bir-birini böyük məhəbbətlə sevdikləri də məlumdur. Sonralar Həcər xanım öz xatirəsində bu barədə yazacaqdır: “Bizim özümüzə məxsus sevgi dastanımız vardı.

 

Bir dəfə necə oldusa o, lüzumsuz olaraq xətrimə dəydi. Mən də qərara aldım ki, axşam onun konsertinə getməyim. Qoy tək yollansın. Dinib-danışmırdım. Ona bir fincan qəhvə içirtdim. Çünki konsertdən öncə o, yeməzdi. Ütülənmiş konsert paltarını və frakını gətirdim. Geyindi. Sakitcə bildirdim: “Konsertə özün get, mən bir az xəstəhalam...”.

 

Dərhal özündən çıxdı: "Deməli belə, getmirsən, hə?... Onda qoy konserti təxirə salsınlar. Mən də getməyəcəyəm”. Î saat da frakını, ayaqqabılarını çıxardı. Mənə də bu lazım idi. Təzədən onun könlünü aldım, yola gətirdim. Tezcə geyindim. Heç nə olmamış kimi qoluna girdim və birlikdə konsertə getdik...”.

 

Niyazi isə Həcər xanımla bağlı məzəli söhbətlərini bər-bəzəklə nağıl edirdi:

 

“Bir dəfə yenə də cinim tutmuşdu. Ağzımdan nəsə kobud bir ifadə çıxdı. Həcər küsdü. Səhər durub işə gəlməzdən öncə masa arxasına keçib yeməyə başladım. Î da adəti üzrə gəlib mənimlə üzbəüz oturdu. Amma dinib danışmırdı. Gördüm süfrəyə xardal və qara istiot da qoyub. Ancaq î qədər də fərqinə varmadım. Diqqət verəndə gördüm ki, Həcər xanım əl boyda çörəyin üstünə xardal yaxdı. Sonra da üstünə qara istiotdan səpdi. Bu əndərəbadi yemək növündən çaşıb qaldım. Özümü saxlaya bilmədim. Dedim: “Yaxşı, bu day nooldu?!”. Həcər üzümə baxıb sakitcə cavab verdi; “Oldu Niyazi”...

 

Maestro daha bir məzəli əhvalat söylədi:

 

“Türkiyədən mötəbər qonaqlarım gəlmişdilər. Evdə onlara ziyafət verirdim. Dalbadal sağlıqlar deyirdik. Qonaqlardan biri görür ki, Həcər xanım boş qədəhi qaldırıb dodaqlarına aparır, guya ki, sağlıqlara qoşulur. Qonağımız maraq hissi ilə məndən soruşdu: “Maestro, Həcər xanım rakı içməzmi?”. Mən də keçdim zarafata: “Bəy əfəndim, niyə ki, içər. Î yalnız mənim qanımı içər, rakı yox!”...

 

 

 

Bu məzəli əhvalatları gərək Niyazinin öz dilindən eşidəsən. Belədə xüsusilə ləzzət olur.

 

Bir başqa qeyddə nəzərə çarpdırmışam ki, əvvəllər dostluq etmiş dahi sənətkarlar bəzi hallarda sonralar küsülü olurdular. Təəssüf, min təəssüf ki, üç musiqi korifeyi – Qara Qarayev, Niyazi və Fikrət Əmirov ömürlərinin son çağlarında bir-birlərindən uzaqlaşmışdılar. Halbuki bir vaxtlar onların birgə əməkdaşlığının bəhrəsi kimi Azərbaycan incəsənətində şedevrlər doğulurdu.

 

Həcər xanım deyirdi: “Niyazi ilə Qara küsülü idilər. İndi bunun səbəbini arayıb araşdırmaq çətindir. Münasibətləri get-gedə kəskinləşirdi. Niyazinin Qaraya, Qaranın da Niyaziyə xeyli məktubu vardır. Hamısında da isti bir məhəbbət, ehtiram duyğusu.

 

1958-ci ildə “Azərbaycanfilm” kinostudiyasında “Uzaq sahillərdə” bədii filmi istehsal olunmuşdu. Filmə musiqini Qara bəstələmişdi. Ancaq Qara Qarayevin vacib işi olduğundan musiqinin orkestrlə yazılışını gecikdirmişdi. Onun Niyaziyə yazdığı xüsusi bir məktubu bu haqdadır;

 

“Əziz Niyazi, “Uzaq sahillərdə” üçün musiqinin yazılışı prosesində heç cür iştirak etməyə vaxt tapmıram. Səhhətim imkan vermir. Ancaq rahatsız deyiləm. Çünki sən varsan. Tapşırmışam ki, bu işi yalnız Niyazidən başqa kimsə görməsin. Əziz dostum, sənə inanır və etibar edirəm...

 

Səni bağrıma basıram və öpürəm.

 

Sənin Qara Qarayevin.

 

28 iyun, 1958...”.

 

Qaranın başqa məktubları da beləcə...

 

Niyazi də Qara Qarayevi böyük şəxsiyyət və sənətkar kimi çox yüksək dəyərləndirir, insani keyfiyyətlərini, Azərbaycan və dünya musiqi mədəniyyəti qarşısında xidmətlərini qəlb genişliyi ilə təsdiqləyirdi. Kimsə orada-burada söz gəzdirib onların arasını vururdu. Ürəyim ağrıyır bundan”.

 

Niyazi və Fikrət Əmirov arasında da dostluq və qardaşlıq ruhu hökm sürürdü. Fikrət Əmirov dəfələrlə mətbuatda qeyd etmişdir ki, Azərbaycan bəstəkarlarının böyük əksəriyyəti irihəcmli, monumental simfoniyalarının, balet əsərlərinin dünya orbitinə çıxmasında ilk növbədə Niyazi istedadına borcludur.

 

Kimlər üçünsə sərfəli olduğundan bu üç böyük sənətkarın əlaqələrini qırmaq istəyinə çatmışlar və yanğı ilə deməliyik ki; hər üçünün bir-birilə küsülü qalması ömürlərinin son anlarınadək davam etmişdir. Qəribədir, bu nəhənglər – Qara Qarayev, Niyazi və Fikrət Əmirov sanki ayrılığa dözümsüzlük göstərərək qısa zaman kəsiyində bir-birinin ardınca dünyadan köçdülər. Ötən əsrin 80-ci illərinin lap əvvəllərində hər üçü bizləri dalbadal tərk etdi. Ancaq elə ömür yaşadılar ki, əsrə bərabər oldu”.

 

• Niyazinin Həcəri barədə əlavə qeydlər

 

Onların övladı yox idi. Ona görə də belə razılığa gəldilər ki, yaxın qohumlarının cocuğunu övladlığa götürsünlər. Uşağın adı Ceyhun idi və Fransada mühacirətdə yaşayıb elə oradaca vəfat etmiş doğma əmisinin adını daşıdığına görə bu uşağı Niyazi daha çox sevir və əzizləyirdi. Həcər xanım balacaya ana mehri ilə bağlanmışdı.

 

Ancaq Ceyhun ərköyün böyüyürdü. Küçədə çox olur, evə gec gəlir, arzuolunmaz uşaqlarla dostluq edir, xoşagəlməz əməllərə baş qatırdı. Niyazinin vəfatından sonra Ceyhunun əl-qolu daha da açıldı. Zavallı Həcər xanım sinninin bu ahıl çağında ona münasibətdə acizlik, qətiyyətsizlik göstərirdi. Narkotik maddələrə qurşanan, iynə vurub nəşələnən Ceyhun Həcər xanımın pensiya pulunu belə son qəpiyinəcən əlindən qoparıb alaraq, izafi yerlərə xərcləyir, evdə nə qab-qacaq, əntiqə şey vardısa aparıb satır, əvəzinə axşamlarını içki məclislərində keçirirdi. Bir gün də evə gəlib Həcər xanımı məcbur edir ki, ona pul tapıb versin. Mümkün olmur. “Qeyzlənən” Ceyhun Həcər xanımı əzabla, vəhşicəsinə öldürür, mənzildə olan-qalan əşyaları da götürüb aradan çıxır.

 

Dahi Niyazinin yadigarı gözəl Həcər xanımın ömrü beləcə faciəli və dəhşətli sonluqla bitir.

 

Vallah adam qoruyub qalır. Günahsız, təmiz və ləyaqətli ömür yaşayan bu xanım-xatın qadının qəddarlıqla qətlini doğrudanmı tale yazısı saymalıyıq?!

 

Düşünməyə dəyər...

 

***

 

İctimaiyyətə məlumdur ki, bolşeviklər burada hakimiyyəti ələ aldıqdan sonra Hacıbəylilər nəslinin bir qismi pərən-pərən olmuş, bir qismi isə amansız təqiblərə məruz qalmışdır. Üzeyir Hacıbəylinin başına açılan oyunları yada salanda adamı dəhşət bürüyür. Saşa Oqaneraşvili, Mustafa Quliyev, Tağı Şahbazi Simurq mətbuatda bu dahi insanın ünvanına nələr yazmamışlar!..

 

Nə isə, keçmiş ola. Nə gözəl ki, Üzeyir bəy və onun Bakıda qalan yaxınları 30-cu illərinin fiziki repressiyarından salamat qurtulmuşlar.

 

Üzeyir bəyin qardaşı, çox böyük vətənpərvər el oğlu, istedadlı publisist, işıqlı ziyalı Ceyhun bəy Hacıbəyli Fransada yaşadığı çağlarda bolşevik hökmranlığı ilə mücadiləsini ömrünün sonunadək əzmlə davam etdirmişdir. Belə olan təqdirdə təbii ki, Fransada məskunlaşan Hacıbəylilərlə Bakıdakı Hacıbəylilər arasında əlaqələrdən söhbət gedə bilməzdi.

 

Fəqət Sovet qruruluşunun “başkəsənlərinin” diqqətindən yayınaraq Parisdəki yaxınları ilə əlaqəyə girmək naminə Niyazi misilsiz fədakarlıq və cəsarət nümunəsi göstərdi. Və nəhayət doğmaca əmisi və əmisi oğlu, habelə onların övladları ilə qovuşmaq xoşbəxtliyinə nail oldu. Məhz onun israrlı fəaliyyəti və çalışmaları sayəsində emiqrant həyatı yaşayan Hacıbəylilərin bir qismi nəhayət ki, tarixi vətənə – Azərbaycana səfər edə bildi.

 

Başqa bir önəmli məsələdən də yan keçmək olmaz. Xalq şairi Nigar xanım Rəfibəylinin ata nəslindən olanlar da misilsiz qəddarlıqla məhv edildilər. Rəfibəylilərin çox az bir qismi ölümdən can qurtarıb müxtəlif ad və soyadlarla başqa-başqa ölkələrə səpələndilər. Bunlardan biri də Nigar xanımın qardaşı Kamil idi ki, qardaş Türkiyədə məskunlaşmışdı. Fəqət kimsəyə bu barədə bildirmək olmazdı. Zavallı Nigar xanım intizarla xoş bir xəbərin sorağı ilə yaşayırdı. Tanınmış publisist, akademik Rafael Hüseynovun Rəfibəylilərə həsr edilmiş kitablarında bu barədə geniş araşdırma ilə qarşılaşırıq.

 

Mətləbdən uzaq düşməyək. Söhbət Niyazidən gedir. Və Rafael Hüseynovun “Rəfibəylilər” kitabının 362-ci səhifəsinə nəzər salaq:

 

“... 1965-ci ilin dekabrında bir axşam maestro Niyazi Nigar Rəfibəylinin həyat yoldaşı Rəsul Rzaya zəng çalır: “Rəsul, Türkiyədəydim, Bakıya dünən qayıtmışam. Vacib sözüm var. İstəyirəm sizə gəlim...”.

 

Gəlir və bir məktub gətirir. Kamildən yox. Onun oğlundan. Adını eşitməyib, üzünü görmədikləri Aydından.

 

“Sevgili xalacığım! (Türkiyə türkcəsində “bibi”yə: “xala” deyirlər – R.H.). Şu anda qələmi əlimə alıb sizə yazmaq üzrə bəyaz kağızın üstünə qoyunca necə bir halət-ruhiyyə içində olduğumu təxmin edirsiniz. Bu, tanımadan sevilən və sayılan, özlənən bir insana xitab olacaq.

 

Bu gün Niyazi bəylə görüşdüm. Təəssüf ki, yarım saat sonra İstanbuldan ayrılır. Bu məktubu bir neçə dəqiqə içərisində yazmaq məcburiyyətindəyəm. Sizin haqda ilk məlumatı Məlih Cevdət Anday bəydən aldım. Onu Azərbaycan səfərindən qayıdandan sonra gördüm.

 

Atam Elarığ vilayətində bir xəstəxananın baş həkimidir. Anam Ruqiyyə bacılarının təhsili üçün İstanbulda bulunmaqda və bir xəstəxanada işləməkdədir.

 

Mən fransız litseyini bitirib iqtisadiyyat üzrə təhsil aldım. İndilik jurnalistlik edirəm. İki bacım litseydə oxuyur. Evlənmişəm. Beş aylıq bir oğlum var. İsmini Ayxan qoydum. Məlih bəy vasitəsilə Anar və yeznəmi qiyabi tanıdım. Kiçik qızınızın da şokoladı çox sevdiyini Niyazi bəydən öyrəndim. İrəlidə daha müfəssəl görüşmək ümidilə sizlərə fotolarımızı göndərirəm. Sizlərdən də fotolarınızı gözləyir, sizə və yeznəmə sevgi və sayğılarımı sunur, qardaşlarımın gözlərindən öpür, təkrar bütün Arranlar naminə hamınızı qucaqlayıram.

 

6.XII.1965. İstanbul”.

 

***

 

Beləliklə də Niyazinin Rəsul Rza və Nigar xanım Rəfibəyli ailəsinə çatdırdığı bu “sehrli” məktub misilsiz sevincə səbəb oldu, 45 illik acı intizara birdəfəlik son qoydu...

 

Hər dəfə Niyazi ilə qarşılaşanda Nigar xanım böyük minnətdarlıqla bildirirdi: “Maestro, o məktubla da ömrümüzü uzatdın. Tanrı Sizin də ömrünüzü uzatsın”...

 

***

 

Bir mənbədə oxumuşdum... “XX yüzildə, xüsusən bitən əsrin ikinci yarısında Azərbaycanın rəmzlərindən biri olmuş maestro Niyazini hər kəs gördüyü kimi, şəxsiyyətinə və sənətinə öz heyranlığı, öz sevgisi çərçivəsində təsvir etməyə çalışıb”.

 

Bu deyilənlərlə tam razıyam. Mən də “öz heyranlığım və sevgim çərçivəsində” Niyazi barədə qısaca da olsa söz deməyə çalışdım...

 

Fazil RƏHMANZADƏ

 

Reytinq.- 2019.- 26 yanvar.- S.15.