XIX yuxu

 

Atam Muxtar kişi bu gün yuxuma öz atası Məşədi Abbasla gəlmişdi. Dedim, ay ata, babamın qəbri İrəvanda, sənin qəbrin isə Naxçıvandadır. Necə olub ki, tapışıb, görüşmüsünüz?

 

Dedi ki, oğul, bizim tarixi düşmənlərimiz olan ermənilər İrəvanda müsəlman qəbristanlığını, məsçidləri, dini ocaqları alt-üst ediblər. Babanın ruhu isə uçub gəldi Naxçıvana. İndi o, mənimlə bir yerdədir.

 

Həm də dedi ki, sənin “Reytinq” qəzetində dərc olunan yuxularını birgə oxuyuruq:

 

- Baban mənə dedi ki, gedək, nəvəmlə görüşək, ona bir neçə məsləhətim var.

 

Babam birinci olaraq Şəhidlər Xiyabanına getməyi və orada uyuyan türk əsgərlərinin məzarını ziyarət etməyi xahiş etdi. Mən, ağdamlı dostum zərgər İsmayıla dedim ki, gözəl bir gül çələngi hazırlasın, birgə Şəhidlər Xiyabanına gedək.

 

Mən, daha hörmətli olsun deyə, əmimin nəvəsi Elçin Kələntərliyə zəng vurdum ki, anan Emanın babası Bakıya gəlib. Gəl, maşınla birgə gedək Şəhidlər Xiyabanına.

 

O isə dedi ki, Ramiq, dünən arvad qohumları ilə o qədər “vurmuşam” ki, hələ də “paxmel”dən özümə gələ bilmirəm. Allah qoysa, sonra görüşərik.

 

Zəng etdim bibim nəvəsi Natiq müəllimə. Dedim, Natiq, anan Kimanın babası Məşədi Abbas bəy gəlibdir. Gəl, görüş, həm də onunla birlikdə gedək Şəhidlər Xiyabanına.

 

Natiq çox əsəbi halda dilləndi:

 

- Necə olur ki, Türkiyədən gələn milyonçu qohumumuz İsrafil ağanı bizdən gizlədirsən, aparıb Lənkəran qəbristanlığında yad qəbrləri göstərib, qohumlarımızın hamısının öldüyünü ona deyirsən, onun da gətirdiyi qızıl-ziynət əşyalarının dalına keçirsən, indisə Nuh əyyamından qalmış anamın babası ilə məni görüşdürmək istəyirsən? Bu gün institutda elmi müdafiə olacaq, mən bəstəkar Oqtay Rəcəbovla orada iştirak etməliyəm.

 

Naəlac qalıb Natiqin qardaşı bərbər Namiqə zəng çaldım. O da and-aman elədi ki, arvadı Gülnarənin qardaşı Moskvadan gələcək, heç onu da gedib qarşılaya bilməyəcəyək. Çünki “yağlı” bir ərəb “klenti” var, onun saçını qırxmalıdır.

 

Daha sonra əmi qızı Pəroş xanıma zəng vurdum. Dedim ki, ananın babası Məşədi Abbas bəy gəlibdir, gül-çiçək almışam, gəl, birlikdə gedək Şəhidlər Xiyabanına.

 

Pəroş dedi ki, vallah, bu gün müğənni Elnarə Abdullayeva yas mərasimi aparacaq, sən də bilirsən ki mən onun vurğunuyam, dünya dağılsa da, gələ bilmərəm. Yaxşı olar, Rəna əmiqızıya zəng edəsən.

 

Rəna xanım ilə söhbətimiz isə lap qanımı qaraltdı. Dedi ki, ay Ramiq əmioğlu, sənin bu oyaq yuxuların camaatı zinhara gətirib:

 

- A kişi, ölkənin 8 himnini yazmısan, Ulu Öndərimiz Heydər Əliyevin göstərişi ilə, “Dünya Azərbaycanlılarının Birlik nəğməsi”nin (Bəstəkar: N. Məmmədov), Azərbaycan jurnalistlərinin himninin müəllifi sənsən (Bəstəkar: E. Mansurov), “Avropa oyunları”, “Bakı İslam Oyunları” (Bəstəkar: S. Fərəcov), “Bakı-Tbilisi-Ceyhan”, Uşaq filarmoniyasının himnini (Bəstəkar: Lalə Cəfərova) də sən yazmısan. Get, rəhbərlikdən xahiş elə, səni xaricə müalicəyə göndərsinlər, həm canın qurtarsın, həm də biz qohumları sevindir. Ya da ki, Şahbuz rayonunun Keçili kəndində, Molla Əlinin yanına get, cinlərlə söhbət edib səni bu xəstəliyə düçar edən “Daş yuxular”ın müəllifi Əkrəb Naibyanı it küçüyünün sidiyi ilə bir də murdarlasın, bəlkə səni bu bəladan o qurtara.

 

Nə isə, gördüm qohumlardan heç biri analarının babası Məşədi Abbas bəylə görüşmək istəyində deyillər. Babam pərt olmasın deyə, Zərgər İsmayılın qulağına dedim ki, get “Topaz”a, ordakılara de, şair xahiş edir ki, babamla gedək Şəhidlər Xiyabanına. Oradan çıxandan sonra pitiyə qonaq edəcəyəm, yanında da “ceyran südü”. İsmayıl gəlib dedi ki, camaat saat 4-də itlərin qaçışını gözləyir. Deyirlər ki, şair getməzdən əvvəl pitini alacaqsa, yeyib gedək.

 

Mən naəlac qalıb dedim ki, gəlsinlər, ancaq arağı “Sirab” butulkasında içsinlər, babamın müsəlmanlığı murdarlanmasın.

 

Nə isə, operada işləyən Əli, Arif, Talıb, Azad, çox danışan Elşən və bığı hamını narahat edən Nadir kişi gəldilər. Mən onları beşmərtəbənin yanındakı pitixanaya gətirdim. Məclis çox uzandı, “Topaz” dostlarım haraya gedəcəklərini unutdular, hərdən adımı da unudub gah Randik, gah Rafiq, gah da Rufiq deyə sağlığıma içdilər. Ağızları söz tuta bilmirdi. Mən vəziyyətdən çıxmaq üçün hərəsinə bir taksi tutub evlərinə yola saldım. Babam bunlara baxıb mənə dedi ki, oğul, bu dostlarına hər gün üzərrik sal, qoy səni tək buraxmasınlar.

 

Nəhayət, babam, mən və bir də Zərgər İsmayıl Şəhidlər Xiyabanına gəldik. Babam dua oxuyub, gül-çiçəkləri türk əsgərlərinin abidəsi önünə qoydu. Babam məsləhət gördü ki, gedək evə, 1918-ci ildə İrəvanda baş verən hadisələri sizə danışım.

 

Babam Məşədi Abbas bəy İrəvanda çox hörmətli bəylərdən biri olmuşdur. O, Fransada iqtisadiyyat təhsili aldığından ömrünün son illərinə qədər hər il ora gəzməyə gedirdi.

 

Velosipedi ilk dəfə Fransadan İrəvana da babam gətirmişdir. Rus və fars dillərində də təmiz danışırdı. Qardaşı Əbdül isə Londonda oxumuşdur. O, İrəvanda bütün vəkillərin rəhbəri idi.

 

Babam İrəvanda ən varlı adamlardan biri idi. Onun şəhərin 18 küçəsində səngə (çörək) dükanı var idi. O, həm də qardaşı ilə birlikdə İrəvan şəhərini qəndlə təmin edirdi. Odessadan gətirilən qənd gəmisi Batumiyə boşalırdı və oradan İrəvana daşınırdı.

 

Babamın çayın kənarında 10 hektardan artıq dəlmə bağı da var idi. Atam deyirdi ki, mart ayında 200-dən artıq fəhlə həmin bağda budama, calaq, təmizlik işləri aparırdı.

 

Bağda dünyanın bütün meyvələrindən var idi. İrəvana xilasa gələn türk qarnizonunun əsgərləri o bağda kefə baxırdılar. Qarnizonun rəhbəri Cəlaləddin paşa şam yeməyini bizdə - atamla birgə yeyərdi. Yeməkdən sonra mürəbbəli çay süfrəsi açılardı. 12 adda qəzet və jurnallar oxunardı. Atam deyirdi ki, hətta Hindistandan ingilis dilində jurnallar da alırdıq.

 

Bir gün məclisin şirin yerində dayımın qızı Zəhra qaça-qaça gələrək atamdan muştuluq istədi: “Əbdül əmimin oğlu oldu”,- dedikdə, atam cibindən bir qızıl onluq çıxarıb Zəhraya verdi. Cəlaləddin paşa isə əmr etdi ki, uşağı görmək üçün çölə çıxarın! Körpəni parçaya büküb bayıra çıxardılar. Uşaq tir-tir əsirdi. Cəlaləddin paşa bir əlini uşağın kürəyinə qoyub, bir əli ilə ayaqlarından yapışıb eyvanın qabağına gətirib söylədi:

 

- Ey cocuq, bu gündən mən öz ismimi sənə pay edirəm. Böyü, ucal, sən də paşa ol, xalqını özün qoru, özün xilas et!

 

Bir neçə gündən sonra Cəlaləddin paşa atama söylədi ki, İstanbul əldən gedir, biz geri qayıtmalıyıq:

 

- Biz şəhərdən çıxandan sonra dağlarda, dərələrdə gizlənən ermənilər sizə hücum edəcəklər. Nə məsləhət görürsünüz, sizi hara köçürək?

 

Atamın dayıları Qarsa köçməyi məsləhət bildilər. Babam Məşədi Abbas bəy isə İranın Mərənd şəhərini seçdi. Çünki babamın Mərənd şəhərində Qanlı Məşədi İsmayıl adlı dostu var idi.

 

Türklər iki vaqon ayırıb, bir vaqona babamın qohum-əqrəbasını, digər vaqona isə qiymətli ev əşyalarını yığdılar. Həmin vaqonlar Tiflis-Bakı-Culfa xətti ilə Culfaya gəldi. Orada 30-dan artıq inək arabası gələn qonaqların yolunu gözləyirdi. Vaqona iki türk əsgəri rəhbərlik edirdi.

 

Babamgil 1925-ci ilədək Mərənddə qalıblar və orada atamgil, əmilərim farsca oxuyublar. Ermənistanda Sovet hökuməti qurulandan sonra babam Leninə məktub yazaraq, ailəmizin qaçqın yaşamağını bildirmiş və xahiş etmişdir ki, onlara öz ata-baba yurduna qayıtmağa icazə versin. Leninin vəfatına bir ay qalmış Sovet hökuməti babamgilin İrəvana qayıtmasına icazə verdi. Bütün var-dövlətinin əlindən çıxdığını görən babam 56 yaşında ürək tutmasından vəfat etdi.

 

1980-cı ildə atam mənə dedi ki, oğlum, ata evi yuxuma girib. Bir vaxt tap, məni İrəvana apar. Mən şənbə günü dostum və kirvəm Rza Abbasovla birgə atamı və onun yaxın dostu Ənvər Vəzirovu İrəvan şəhərinə apardım. “Sevan” restoranında farer balığı yeyəndən sonra atamgilin şəhərin məkəzində - Opera və Balet teatrının yanında yerləşən Çaykovski küçəsi, 7 nömrəli evə gəldik. Ev iki mərtəbəliydi, indi o evdə ən azı 10 ailə yaşayır.

 

Biz o həyətə girəndə qoca bir kişi ağacın dibində əyləşmişdi. Atam erməni dilində bu kişiylə salamlaşıb, hal-əhval tutdu. Ondan soruşdu ki, neçənci ildən bu həyətdə yaşayırsınız? Həmin kişi dedi ki, 1928-ci ildən. Atam soruşdu ki, bu evin sahibi kim olub? Həmin qoca Əfşan adlı türk qadınının bu evin sahibəsi olduğunu bildirdi. Sonra atam soruşdu ki, onun övladlarını xatırlayırsanmı? Həmin qoca atamın və əmilərim Yusif və İbrahimin adını çəkdi. Atam özünün Muxtar olduğunu kişiyə bildirdi. Həmin kişi ayağa qalxıb atamı qucaqladı və ucadan səslənərək, bütün camaatı həyətə yığdı. Dedi ki, bu evin sahibinin oğlu gəlib.

 

Həyətdə gözəl süfrə bəzəndi. Atamın ermənicə təmiz danışmağı onlara xoş təsir bağışlayırdı.

 

Həmin ev 1890-cı ildə tikilmişdi. Erməni uşaqları “Ənnaqıbekov” sözünü daşla vurub qırsalar da, yenə də kölgəsindən “Ənnaqıbekov” oxunurdu.

 

Vaxtilə atam Naxçıvan teatrının tikintisi üçün Ermənistan Dövlət Plan Komitəsinə gələndə, həmin komitənin sədri atamı erməni bilib demişdir:

 

- Siz erməniləri Naxçıvanda necə yola verirlər?

 

Atam isə “paxıl millət elə bizik”,- deyə, özünü erməni kimi təqdim etmişdir.

 

Atam daş məsələsini həll edəndən sonra ezamiyyət vərəqəsinə möhür vurdurmadan Naxçıvana qayıtmışdır. Bunun üstündən 5-10 il keçəndən sonra Nazirlər Sovetinin ümumi şöbəsinin müdiri Şəfiqə xanım İrəvana gedəndə atam ezamiyyət vərəqəsini ona verərək demişdir:

 

- Şəfiqə xanım, bu ezamiyyət vərəqəsini aparın İrəvanda Plan Komitəsinə, qoy, sədr möhürləsin, sonra gəlib mənə danışarsan.

 

Şəfiqə xanım sədrlə görüşəndə, o təəccüblə Şəfiqə xanımdan soruşub:

 

- Axı, bura bir erməni yoldaş gəlmişdir.

 

Şəfiqə xanım isə atamın əsl irəvanlı olduğunu ona bildirmişdir.

 

Babam məni kənara çəkib dedi:

 

- Oğul, eşitmişəm Türkiyənin prezidenti Ərdoğana iki mahnı yazmısan. Çox gözəl iş görmüsən, lakin onunla görüşməli olsan deyərsən ki, Türkiyədə neçə min erməni yaşayırsa, Türkiyənin sinəsində o sayda zəhərli ilan yatıb. Böyük Atatürk demişdir: Türkün türkdən başqa dostu yoxdur!

 

 

 

 

Ramiq MUXTAR

Şair-dramaturq,

Prezident təqaüdçüsü

 

 

Reytinq.- 2019.- 26 yanvar.- S.11.