“Milli Kitabxananın
oxucu problemi yoxdur”
Kərim Tahirov: “Virtual
oxucularımızın sayı isə 99 minə
çatıb”
Məlum olduğu
kımi, 2008-ci ilin oktyabrın 6-da ölkə
başçısı İlham Əliyevin sərəncamı
ilə "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin
2008-2013-cü illərdə inkişafı üzrə Dövlət
Proqramı" təsdiqləndi. Lakin bu günə kimi
sözügedən sənəd ictimaiyyətə təqdim
olunmayıb. Maraqlıdır, kitabxanaların inkişafına dair dövlət
proqramı ictimaiyyətdən niyə gizlədilir? Görəsən,
o proqramda kitabxanalar və bütövlükdə oxucular
üçün nələr nəzərdə tutulub? Milli
Kitabxananın direktoru, əməkdar mədəniyyət
işçisi Kərim Tahirovla bu barədə söhbətləşdik.
- Dövlət
proqramında bütövlükdə kitabxana-informasiya şəbəkələrinin
yenidən qurulması, onların maddi-texniki bazasının
möhkəmləndirilməsi, onların informasiya
texnologiyaları ilə, müasir texniki vasitələrlə,
yeni tipli binalarla və kommunikasiya xəttləri vasitəsiylə
təchizatı məsələləri önə çəkilib.
Eyni zamanda Azərbaycan mədəniyyətinin tərkib hissəsi
kimi kitabxana işini bütün sahələr üzrə tam
şəkildə inkişaf etdirib, müasir dövrün tələbləri
səviyyəsinə çıxartmaq lazımdır. Proqramda
Milli Kitabxananın modernləşdirilməsi, dünya
miqyasında ən modern kitabxanalar səviyyəsinə
qaldırılması qırmızı xətlə göstərilib.
Və buna ayrıca bir bölmə həsr olunub. Dövlət
proqramına uyğun olaraq Milli Kitabxanada yenidənqurma işləri
də başlanılacaq.
- Milli Kitabxanada yenidənqurma işlərinə nə
vaxtdan başlanılacaq?
- 2009-cu ilin may
ayından. Kitabxananın tərtibatı başdanayağa dəyişdiriləcək.
Bütövlükdə Milli Kitabxana yenidən qurulacaq.
Kitabxanada əlavə mərtəbələr tikiləcək.
Yeni şöbələr yaradılacaq. Kitabxanamız Azərbaycan
həqiqətlərini dünyaya çatdırmaq
üçün texnoloji avadanlıqlarla təhciz ediləcək.
Bunun üçün bizə 2 il vaxt verilib. Bu müddətdən
sonra Milli Kitabxana dünyanın ən modern
kitabxanalarının siyahısına daxil olacaq. Kitabxananın
yenidən qurulmasında bir məqsəd var - kitabxana işinin
məzmunu tamamiylə yeniləşməlidir. Birinci növbədə
yeni forma-metodlar tətbiq olunmalıdır. Yeni forma
metodların tətbiqinə isə yeni, həm də müasir
şərait lazımdır.
Binanın özü
kimi avadanlıqları da köhnəlib. Bu vəziyyət belə
bir proqrama böyük ehtiyacın olduğunu
isbatlayırdı.
- Milli Kitabxananın yenidən qurulması və
avtomatlaşdırılmasına əcnəbi şirkətlər
də cəlb edilibmi?
- Mədəniyyət və
turizm naziri Əbülfəs Qarayevin təşəbbüsü
ilə bu işə xarici şirkətlər cəlb olunub. Həmçinin
yerli şirkətlər də onların arasında yer alacaq.
Müasir texnoloji təchizatları, ələlxüsus da
kitabxana işini mükəmməl bilən Alman, Avstriya
şirkətləri var. Belarus Milli Kitabxanası da bu sahədə
çox yüksək təcrübəyə malikdir. Azərbaycan
Milli Kitabxanasının yenidən qurulması işində də
Belarus firmaları da bu işə cəlb olunub. Cənab Əbülfəs
Qarayevin bütün diqqəti bu işə yönəlib. Təkcə
yerli şirkətlərlə qapanıb qalmamaşıq. Xarici
təşkilatları da bu işə cəlb etmişik.
Sözsüz ki, bu sahədə kitabxanaların yeni
texnologiyalarla iş təcrübəsi olan böyük təşkilatlar
bizə bu məsələdə dəstək verəcək.
- Rəhbərlik etdiyiniz kitabxana bir çox layihələr
həyata keçirib. Hazırda oxucularınız bu layihələrdən
bəhrələnir?
- Milli kitabxanada layihələndirmə
işləri demək olar ki, başa çatmaq üzrədir.
May ayından isə əsas işlərə
başlanılacaq. Milli Kitabxananın özü də təşkilati
işlərdən və dünya kitabxanalarından geri qalmaq
istəmir. Çalışırıq ki, yeni forma və
metodlar axtaraq, onu tətbiq edək. Demək olmaz ki, Azərbaycan
Milli Kitabxanası dünya miqyasına çıxmır.
Kitabxananın saytı və elektron kataloqu var. Bu layihə ilə
dünyaya çıxırıq. Eyni zamanda bizim
kitabxanamızın elektron məlumat-bazası da
yaradılıb. Bu isə iki xidmət növündən ibarətdir.
Biri kitablardan ibarət elektron məlumat bazası, digəri isə
analitik elektron məlumat bazasıdır. Bundan başqa qəzetlərin,
jurnalların məzmununu açan elektron baza yaradılıb.
Bu variantlardan dünya oxucuları istifadə edir. Azərbaycan
Milli Kitabxanasının elektron məlumat bazası Avropa
elektron kitabxanalarına daxil edilib.. Bu gün Avropanın 47
ölkəsi və ona bitişik olan ölkələrin Milli
kitabxanaların oxucuları Azərbaycan Milli
Kitabxanasının kataloqlarından və onun informasiya
resurslarından yararlanır. Biz özümüz də Avropa
elektron kitabxanalarının vasitəsiylə onun tərkib hissəsi
olaraq Milli kitabxanalarından istifadə edirik. Bu, vacib məsələlərdən
biridir.
İndi Milli Kitabxana
Rusiyanın Dövlət kitabxanası (keçmiş Lenin
kitabxanası) və ABŞ-ın Konqress kitabxanası ilə
müqavilə əldə edib. O müqavilədən sonra
onların məlumat bazasına bir başa
çıxış imkanı əldə olunub. Bu gün Azərbaycan
oxucusu istənilən kitabı həm Azərbaycan Milli
Kitabxanasının məlumat bazasında, həm Rusiyada, həm
də ABŞ Konqress Kitabxanasının bazasında axtara bilir.
Sözsüz ki, bütün bunlar Azərbaycanın dünyaya
inteqrasiyası çərçivəsində baş verib.
- Yəni Milli Kitabxana
alimlərimizin də işini yüngülləşdirib?
Ötən ilin
sentyabrında Azərbaycan Milli Kitabxanasından Rusiya Dövlət
kitabxanasının elektron dissertasiya fonduna birbaşa
çıxış əldə olundu. Vaxt vardı ki, bizim
alimlərimiz müdafiə edəcəkləri mövzuda hər
hansı bir bölməni araşdırmaq üçün
aylarla Rusiyada qalmalı olurdu. Təbii ki, bu da xeyli maliyyə vəsaiti
aparırdı. Amma bu gün Azərbaycanın elm arxasınca
qaçan hər bir oxucusu Rusiya Dövlət
kitabxanasının elektron-dissertasiya fondunda olan 350 mindən
artıq dissertasiya və avtoreferatdan birbaşa bəhrələnir.
Əlbəttə, bu, bizim
mütəxəssislərimiz üçün yaradılan
böyük imkandır. Yol və mehmanxana xərcləri,
xüsusi imtiyazların hamısı aradan qalxıb. Artıq
bu gün həmin dissertasiya bizim alimlərimizin öz evinin
içinə gəlib. Milli Kitabxanada əyləşib
xüsusi kod vasitəsiylə həmin dissertasiyaları oxuya
bilirlər. Bunun özü də bir inteqrasiyadır. Bu istiqamətdə
biz öhdəmizə düşən bütün işlərimizi
görürük.
- Kitabxanada Milli Mətbuatın analitik-elektron məlumat
bazası yaradılacağı xəbəri nə dərəcədə
doğrudur?
- Bəli. Bu günlərdə
biz Azərbaycan milli mətbuatının analitik-elektron məlumat
bazasını yaratmaqdayıq. Tam
mətnli elektron məlumatlar hamısı burada öz əksini
tapacaq. Əslində kitabxanada analitik-məlumat bazası
ötən ildən fəaliyyət göstərir. Tam mətnli
resurs baza yaratmağa isə yeni başlamışıq.
Tam mətnli resurs baza nəyə xidmət edəcək?
- Azərbaycan Milli
Kitabxanasına 100-dən artıq qəzet daxil olur. Həmin qəzetlərin
mətni tamamilə açılır. Rusiyada hər hansı
bir oxucu Azərbaycanda iqtisadiyyata aid çap olunan mə-lumatların
hamısını bizim məlumat bazamız vasitəsiylə
oxuya biləcək. Eləcə də, mədəniyyət,
idman, siyasət barəsində yazılanlar. Bəzən bizə
sual ünvanlayırlar ki, qəzetlərin elektron variantı
olan yerdə bu nəyə lazımdır? Qəzetlərin elektron
variantı hələ o demək deyil ki, oxucular
ayrı-ayrı mövzular üzrə tam axtarış apara
bilərlər. Əsas odur ki, mövzular üzrə materiallar
oxuna bilsin. Hansısa bir materialı oxumaq üçün 100
qəzetin hamısına bir-bir baxmalı olursan. Amma bizim layihəmizdə
ayın tarixini yazıb axtarış verməklə
iqtisadiyyata aid bütün materiallar ekrana gələcək.
Bu gün Azərbaycandakı
qəzetlərin 90 faizi internetdə açılmır.
Açılanlar isə 10 gündən sonra
açılır. Bu da kommersiya məsələsidir. Əgər
qəzetlərin elektron versiyası hər gün
açılsa, onda o qəzetləri heç kəs almayacaq.
Ona görə də qəzet rəhbərləri onların
açılışını 10 gün yubadır ki,
qoyduğu maliyyə vəsaitinin bir hissəsini də olsa, əldə
etsin. Amma Milli Kitabxana skayner vasitəsiylə həmin qəzetlərdə
çıxan məlumatların hamısını dünya
oxucularına çatdıracaq. Əslində bu, bir çox
öl-kələrdə istifadə olunmayan metoddur. Milli
Kitabxana oxucuların görüşünə evdə də gələcək.
Arxiv kitabları elektron-kataloq vasitəsiylə tapıb, evlərindən
iş yerinə sifariş eləmək şansı da əldə
olundu. Bu gün insanlar
üçün ən vacib vaxt və zamandır. Heç kəs
vaxtını itirmək istəmir.
- Rəhbərlik etdiyiniz kitabxana oxucularda vaxt itkisini aradan
qaldırmaq üçün, eyni zamanda iş yerindən
virtual sifariş metodu da tətbiq edibmi?
- Bu, bizim
üçün ən başlıca metoddur. Oxucu ona lazım
olan kitabı axtarır, əgər varsa bura gəlir. Yoxdursa,
niyə vaxtını itirir? Sifariş verib vaxtını
bildirir, oxucu artıq kitabxanaya girəndə onun sifarişi
stolunun üstündə olur.
Bu günlərdə
Qorki adına Şəhər Kitabxanasında İnformasiya Mərkəzi
yaradıldı. Layihə Bakı Şəhər Baş Mədəniyyət
və Turizm idarəsi ilə birgə hazırlanıb. Oxucu
axtardığı kitabı əldə edə bilməyəndə,
oradan birbaşa Milli Kitabxananın elektron kataloquna daxil olur və
axtardığı kitabı əldə edir. Ancaq bir şərtlə
bunu oxucu deyil, yalnız kitabxanaçı edə bilər.
Bunun üçün bütün kitablar skayner
olunmalıdı. Buna isə bizim imkanımız yoxdur. Odur ki,
ilk vaxtlar oxucuya lazım olan hissələr skayner olunacaq. Bir
neçə il ərzində hər bir kitabxananın
özünün bazası yaranacaq.
- Maksim Qorki adına şəhər kitabxanası informasiya
mərkəzinə çevrildi. Deyilənə görə,
paytaxtda daha 10 kitabxana informasiya mərkəzinə çevriləcək...
- Düzdür. Gələcəkdə
Bakı Şəhər Mədəniyyət və Turizm
İdarəsi ilə birlikdə 10 informasiya mərkəzi yaradılacaq.
Bütün bunlar həyata keçdikdən sonra oxucular
Bakının istənilən yerində Milli Kitabxananın xidmətindən
istifadə edə biləcəklər.
Bu gün Milli
Kitabxananın oxucu problemi yoxdur. Bizim kifayət qədər
oxucularımız var. Virtual oxucularımızın sayı isə
99 minə çatıb. Şənbə-bazar günləri
zallarda oxuculardan yer olmur. Biz istərdik ki, oxucular kitabxanaya kənardan,
virtual şəkildə daxil olsunlar. Hamısı elmi
zallardır. Onların tam şəkildə dolması isə
oxuculara mənfi təsir edir.
Bahar
RÜSTƏMLI
Reytinq.- 2009.- 22 fevral.- S. 14.