NAXÇIVAN
SƏNƏT MƏBƏDİNİN AZƏRBAYCAN TEATR
MÜHİTİNDƏKİ MÖVQEYİ
“Naxçıvan teatrı köklü, əsaslı bir teatrdır. Yaxın Şərqin
ən qocaman sənət ocaqlarından biri olan Naxçıvan
teatrı böyük bir yaradıcılıq yolu keçmişdir. Teatr bu
ənənəni bu gün də qoruyub saxlayır”.
HEYDƏR ƏLİYEV
(Əvvəli ötən sayımızda)
İyirminci yüzilliyin 20-ci illərindən başlayaraq Naxçıvan teatrı iki istiqamətdə - həm romantik, həm də realist səpkidə formalaşmağa başlayır. Hüseyn Cavidin və Cəfər Cabbarlının peysləri teatra yeni sənət uğuru gətirir. Bir çox adlı-sanlı aktyor və rejissorların-Səməd Mövləvi, İbrahim Həmzəyev, İsa Musayev, Firuzə xanım Əlixanova, Əyyub Haqverdiyev, Zəroş xanım Həmzəyeva, Sofya xanım Hüseynova, Roza xanım Cəfərxanova, İbrahim Bənəniyarlı, Zemfira xanım Əliyeva, Vaqif Əsədov, Kamran Quliyev, Həsən Ağasoy, Rza Xudiyev, Yasəmən xanım Ramazanova və digərlərinin bir sənətkar kimi ərsəyə gəlməsində, püxtələşməsində H.Cavid və C.Cabbarlının dərin məzmunlu səhnə əsərlərinin mühüm rolu olmuşdur.
Müqtədir sənətkar Sidqi Ruhulla Naxçıvanda teatrın direktoru və baş rejissoru (1931-1933) işlədiyi müddətdə “Otello”, “Qaçaqlar”, “Pəri cadu”, “Dağılan tifaq”, “Bəxtsiz cavan”, “Fərhad və Şirin” əsərlərini uğurla tamaşaya qoymuş, həmin tamaşalar özünün professional səhnə həlli ilə diqqətlərdə cəmlənmiş və maraqlıdır ki, yaşlı nəsil həmin tamaşaları heyrətlə xatırlayır. Ümumiyyətlə, bu görkəmli sənətkar ömrü boyu Naxçıvanla əlaqəsini kəsməmiş, Ordubad teatrının (1912) əsasını qoymuşdur. S.Ruhullanın bu teatrların mənəvi inkişafında, aktyor və rejissor kadrların yetişməsində əvəzolunmaz xidmətləri olmuşdur.
Azərbaycan teatr mühitində Naxçıvan teatrının rolunu yüksəltmək üçün vaxtaşırı tədbirlər görülürdü. Bu məqsədlə İkinci Dünya müharibəsi illərində teatrın repertuarına yenidən nəzər salınaraq qəhrəmanlıq və vətənpərvərlik ideyalı əsərlərə geniş meydan verilir və tamaşaçılara nəcib hisslər aşılanırdı. Səməd Vurğunun “Fərhad və Şirin”, Rəsul Rzanın “Vəfa”, Zeynal Xəlilin “İntiqam”, Məmməd Hüseyn Təhmasibin “Aslan yatağı”, Konstantin Simonovun “Vətən oğlu”, Şekspirin “Otello”, Üzeyr bəy Hacıbəyovun “Arşın mal alan”, Nağı Nağıyevin “Polad” əsərləri müharibə illərinin ən gözəl tamaşaları idi.
İnkarolunmaz həqiqətdir ki, həqiqi sənət xalqları bir-birinə yaxınlaşdırır, onların dostluq və qardaşlıq hisslərinə təsir etmək üçün qüvvətli vasitəyə çevrilir. Naxçıvan teatrı da yarandığı gündən məhz bu ideya istiqamətində işini qurmuş, N.Qoqolun, M.Qorkinin, A.Çexovun, A.Ostrovskinin, K.Simonovun, A.Korneyçukun, Vs.İvanovun, B.Lavrentyevin və digər rus dramaturqlarının və eləcə də Sofoklun, Şekspirin, Şillerin, Hüqonun, Holdoninin, Lope de Veqanın və başqa qərb dramaturqlarının zəngin mənəviyyatlı əsərlərinə müraciət etmişdir. Bu tamaşaların quruluşçu rejissorları Sidqi Ruhulla, İsmayıl Hüseynov, Həsən Ağayev, Yusif Yıldız, Səməd Mövləvi, İbrahim Həmzəyev, Baxşı Qələndərli, Vəli Babayev, Vaqif Əsədov, Əliqismət Lalayev gözəl tamaşa yaratmaq üçün yaradıcı axtarışların fövqündə dayanmışlar.
Vaqif Əsədovun rejissorluğu ilə tamaşaya qoyulan Sofoklun “Elektra” və Əkrəm Əylislinin “Mənim nəğməkar bibim” tamaşaları Tiflisdə və İrəvanda keçirilən ümumittifaq teatr festivalının baş mükafatına layiq görülmüşdür. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, “Elektra” tamaşasındakı baş rolu-Elektranı respublikanın xalq artisti mərhum Zemfira xanım Əliyeva oynamışdır. “Elektra” əsəri Tiflisdə tamaşaya qoyularkən lentə alınmış və ümumittifaq televiziyası ilə nümayiş etdirilmişdir.
Həmin illərdə türk dramaturgiyasına müraciət olunması diqqəti cəlb edən mühüm cəhətlərdən idi. 1968-ci ilin axırlarında mərhum sənətkarımız Vəli Babayev dünyaşöhrətli dramaturq Nazim Hikmətin Vera Tulyakova ilə birlikdə yazdıqları “Kor padşah” pyesini tamaşaya qoymuşdur. Bundan sonra Vəli Babayev Nazim Nikmətin “Bayramın birinci günü”, Rəşad Nuri Güntəkinin “Dodaqdan qəlbə”, Orxan Kamalın “Yad qızı”, İbrahim Oflazoğlunun “Dəli İbrahim” tamaşalarına quruluş verdi. Teatrda Əsgər Əsgərovun tamaşaya qoyduğu Nazim Hikmətin “Qəribə adam”, Əziz Nesinin “Ölən adam” əsərləri də xüsusilə diqqəti cəlb etdi.
Naxçıvan teatrının inkişaf yoluna nəzər salanda burada Səməd Mövləvi, Həsən Ağayev, Əli Hüseynov, İbrahim Həmzəyev, İsa Musayev, Nəsir Sadıqzadə, Baxşı Qələndərli, Vəli Babayev, Vaqif Əsədov, Əliqismət Lalayev, Əsgər Əsgərov, Kamran Quliyev kimi rejissorlar, Bəhruz Kəngərli, Adil Qazıyev, Şamil Qazıyev, Əyyub Hüseynov, Məmməd Qasımov (qeyd etmək lazımdır ki, muxtar respublikanın əməkdar incəsənət xadimi Məmməd Qasımov fasiləsiz olaraq 35 il teatrın baş rəssamı işləmiş, 105 tamaşaya bədii quruluş vermiş və peşəkarlığı ilə fərqlənmişdir), Yuran Məmmədov, Mircəlil Seyidov, Şamil Mustafayev, Sabir Qədimov, Məmmədəli İsmayılov, Hüseynqulu Əliyev, Əbülfəz Axundov, Əli Səfərli, Səyyad Bayramov kimi rəssamlar, Ənvər Hüseynov, Adil Kəngərli, Cəfər Rəcəbli, Məmməd Cavadov, Məmməd Ələkbərov, Rəşid Məmmədov, Ramiz Mirişli, Nəriman Məmmədov, Yusif Əsgərov, Əkrəm Məmmədov, Şəmsəddin Qasımov kimi bəstəkarlar teatrla sıx əməkdaşlıq etmişlər.
Bu sənət məbədində yerli müəlliflərin əsərlərinə xüsusi diqqət verilmişdir. Müzəffər Nəsirlinin “Azadlıq günəşi” pyesinin 1929-cu ildə tamaşaya qoyulması gələcək dramaturqların yetişməsinə xüsusi zəmin yaratmışdır.
Bir məsələni də qeyd etmək lazımdır ki, bir əsrdir ki, Azərbaycan bəstəkarlarının-Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”, “Arşın mal alan”, Zülfüqar Hacıbəyovun “Aşıq Qərib”, “Evliykən subay”, “50 yaşında cavan”, Fikrət Əmirovun “Gözün aydın”, Səid Rüstəmovun “Beş manatlıq gəlin”, “Durna”, Ağası Məşədibəyovun “Toy kimindir”, Süleyman Ələsgərovun “Ulduz”, “Özümüz bilərik”, “Olmadı elə, oldu belə”, Vasif Adıgözəlovun “Boşanaq-evlənərək”, Emin Sabitoğlunun “Hicran” opera və operettaları Naxçıvan teatrında böyük uğurla tamaşaya qoyulur.
(Ardı var)
Qəhrəmanov Əli
Səs.- 2009.- 17 aprel.- S.10