“Azərbaycan qadınlarının cəmiyyətdə rolu"

 

"Səs" qəzeti bu mövzuda növbəti dəyirmi masa keçirdi

 

(Əvvəli ötən sayımızda)

 

“Səs” qəzeti ənənəvi olaraq Azərbaycanın ictimai, siyasi, mədəni həyatında baş verən əhəmiyyətli hadisələrlə bağlı hökumət, dövlət nümayəndələrinin, Milli Məclis üzvlərinin, ziyalıların iştirakı ilə dəyirmi masalar təşkil edir. Dünən belə tədbirlərin davamı olaraq növbəti dəyirmi masa 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş "Azərbaycan qadınlarının cəmiyyətdə rolu" mövzusunda keçirildi.

 

Dəyirmi masada YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, "XXI Əsrin Qadınları" İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova, Sabunçu rayon icra hakimiyyəti başçısının müavini Cəmilə Ramazanova, "Demokratik Qadın Dünyası" İctimai Birliyininin sədri Vəsilə  Kərimova və qurumun sədr müavini Ruhiyyə Kəlbiyeva, Dövlət Miqrasiya Xidməti Kadrlar və Kadr Hazırlığı idarə rəisinin müavini Vəfa Əsədova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva, Səbail rayon icra hakimiyyəti başçısı aparatı təhsil, səhiyyə və mədəniyyət şöbəsinin müdiri Pərvanə Kazımzadə, "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, YAP Qadınlar Şurası sədr müavini, YAP Nərimanov rayon qadınlar şurasının sədri Məhəbbət İbrahimova, YAP Binəqədi rayon qadınlar şurasının sədri Məlahət İbrahimova və "Azəri-Türk" Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, BQP-nin Sabunçu rayonunun Bakıxanov qəsəbə təşkilatının sədri Ulduzə Məmmədova  iştirak edirdilər.

 

Mehriban xanım Əliyevanın gördüyü işlər dünya miqyasında yüksək qiymətləndirilir

 

Tənzilə Rüstəmxanlı:

- Azərbaycanın dünya dövlətləri sırasında tanınmasında, eləcə də, ən ağır zamanlarda müstəqillik dövrümüzün ilk illərində ölkəni mövcud olan xaoslardan xilas edən ümumilli lider Heydər Əliyevin qadınlarımıza verdiyi qiymət hər kəsə bəllidir. Heydər Əliyev Azərbaycan qadınına nə qədər zərif, mədəni bir şəkildə yanaşaraq onun incə ruhuna xoş ovqatlar bəxş edirdi. Onu da qeyd edim ki, hər il 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində Heydər Əliyev qadınlarla görüş təşkil edir, onların bayramını təbrik edirdi. Bu, qadına dövlət tərəfindən göstərilən qayğının  təzahürü idi. Qadınla bağlı dövlət tərəfindən verilmiş qanunların, sərəncamların həyata keçməsinə və onun icrasına lazımi şəkildə nail olmağa çalışmalıyıq. İstəyirik ki, qadının zərif məxluq olduğu üçün qarşısına maneələr qoyulmasın. Qadın incə məxluq olduğuna görə, onunla münasibətlər də bu çərçivədə qurulmalıdır. Qadının cəmiyyətdə üzərinə düşən öhdəliklər ağır və məsuliyyətlidir. Ana kimi sağlam ruhlu, cəmiyyət üçün yararlı ola biləcək övlad tərbiyə etmək, ailədə qadın kimi funksiyanı yerinə yetirmək, eləcə də, ictimai fəaliyyətdə öz potensialını üzə çıxararaq, dövlətin inkişafına töhfələrini vermək qadının ağır yükün daşıyıcısı oluğunu göstərir.

Müasir dövrümüzdə Azərbaycanda kifayət qədər qadın təşkilatları fəaliyyət göstərir. Təbii ki, onlar müxtəlif faktorları nəzərə almadan sırf qadın problemləri ilə məşğul ola bilərlər.

Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır və Azərbaycan qadını bu haqsızlıqlara qarşı haqq səsini ucaldır. Bu yaxınlarda 18-ci ildönümünü qeyd etdiyimiz Xocalı soyqırımı günündə Azərbaycan parlamentində təmsil olunan qadınlarımız dünya dövlətlərinə üz tutaraq qeyd olunan hadisə ilə bağlı tədbirlərdə iştirak etdilər. Qənirə Paşayeva, Gülər Əhmədova və başqaları bu siyasi mahiyyət kəsb edən tədbirlərdə çıxış edərək yaşadığımız soyqırımı törədən qüvvələrdən söz açmışdılar. Qadınların ictimai təşkilatlarda, qurumlarda sayının artması Azərbaycanın inkişafına müsbət təsirini göstərir. Avropa, Amerika kimi ölkələrdə Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili  Mehriban xanım Əliyevanın keçirdiyi görüşlər, tədbirlər və Onun çıxışları yüksək səviyyədə qarşılanır. Bu, onu təsdiqləyir ki, qadına münasibət, inam tamamilə başqa bir səpkidədir. Mən Belçikadan bu yaxınlarda dönmüşəm. Mehriban xanımın gənc olmasına baxmayaraq, Onun gördüyü bütün işlər dünya miqyasında yüksək qiymətləndirilir və birinci hesab olunur. Azərbaycan qadınlarının fəaliyyətindən söz düşmüşkən, onu da qeyd edim ki, Leyla xanım Əliyevanın "Xocalıya ədalət" kampaniyası çərçivəsində Belçika senatorunda faciənin əsasında dayanan faktlar, eləcə də, şəkillər təqdim edilərək erməni vəhşiliklərinin, onun törətdikləri acı həqiqətləri dünya ictimaiyyətinə təqdim olundu.

Azərbaycan qadınına yanaşma mövqeyində mətbuatımızın, televiziyanın da rolunu qeyd etmək yerinə düşərdi. Qəzet səhifələrində bəzən elə manjetlərə təsadüf olunur ki, insanda ikrah hissi oyanır. Qadına belə soyuq münasibət Azərbaycan xalqına yaraşan keyfiyyət deyil. Mən arzu edərdim ki, növbəti parlament seçkilərində də Azərbaycan qadınlarına lazımi səviyyədə etimad göstərilsin.

 

Azərbaycan BMT-nin "Qadınlara qarşı ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi" ilə bağlı konvensiyaya qoşulub

 

Taliyə İbrahimova:

- Azərbaycanda dövlət və qadın siyasəti məsələsinə gəlincə, qeyd etməliyik ki, qadına etimad göstərilməsi və irəli çəkilməsində ümummilli lider Heydər Əliyevin fərman və sərəncamları olmuşdur. Onun bu məsələ ilə bağlı ilk sərəncamı 1998-ci ildə olmuşdur və bu sərəncamın məğzində qadınların rolunun cəmiyyətdə artırılması dayanırdı. Digər bir fərman isə möhtərəm Prezidentimiz İlham  Əliyev tərəfindən 2006-cı ilin 6 mart tarixli sənəddir. Bu, dövlət qadın siyasəti ilə bağlı tədbirlərin həyata keçirilməsi ilə bağlı fərman olmuşdur. Qeyd olunan rəsmi sənədlər imzalandıqdan sonra bizim dövlət siyasətini həyata keçirməklə bağlı tədbirlərimiz ardıcıl keçirilmişdir. Nazirlər Kabinetinin qərarı ilə hər bir dövlət qurumunda gender məsələləri ilə məşğul olmağa məsul şəxs təyin olunmuşdur. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hər zaman həmin məsul şəxslərlə işləyir. Azərbaycanda dövlət qadın siyasətinin istiqamətləri ilə bağlı, mütəmadi olaraq, onları maarifləndirir, məlumatlandırırıq. İşimizi bu istiqamətdə birgə təşkil edirik. Bildiyimiz kimi, dövlətimiz BMT-nin mühüm mahiyyət kəsb edən konvensiyalarına qoşulmuşdur. Bunlardan biri də qadınlara qarşı ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi ilə bağlı konvensiyadır. Bu konvensiya ilə bağlı Azərbaycan öz üzərinə mühüm öhdəliklər götürmüşdür. Hər dörd ildən bir Azərbaycan BMT-nin müvafiq komitəsinə hesabatlar verir. 2009-cu ildə həmin hesabatlardan biri "BMT-nin qadınlara qarşı ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi" həmin komitəyə təqdim olunmuşdur. Onu qeyd etmək istəyirəm ki, Azərbaycandan gedən nümayəndə heyəti yüksək səviyyədə ölkəni təmsil etmişdir. Hesabat da yüksək səviyyədə təqdim olunmuşdur. Bütün dövlət proqramlarına gender amilinin nəzərə alınması mühüm komponent kimi daxil edilmişdir. Bunun dövlət proqramlarında əksini tapması olduqca müsbət qiymətləndirilmişdir.

Bildiyiniz kimi, bizim komitə qadın problemlərinin həlli ilə məşğul olur. Azərbaycan qadınlarının, xüsusilə, rayonlarda yaşayan xanımlarımızın  müraciəti olunur. Qadınların əsas problemlərindən biri onlara ailədə olan münasibətlə bağlıdır. Bəzi ailələrdə qadınların təzyiqlərə məruz qalması problem kimi qaldırılır. Təbii ki, Avropa dövlətlərində də qadınlara qarşı bu cür münasibət mövcuddur. Qadınlara qarşı zorakılıq aktual məsələlərdən birinə çevrilib. Fransada bu il qadınlara qarşı zorakılığa mübarizə ili elan olunub. Azərbaycanda bununla bağlı məişətdə zorakılığın qarşısını almaq haqqında qanun layihəsi qəbul olunmuşdur. Biz çalışırıq ki, bu qanun layihəsi Milli Məclisdə qəbul olunsun. Komitə tərəfindən qadınları məlumatlandırma və maarifləndirmə kampaniyaları mütəmadi olaraq keçirilir. Bu, bütöv respublikanı əhatə edir. Azərbaycan ailəsinin milli-mənəvi dəyərləri ilə bağlı geniş şəkildə tədbirlərimiz keçirilir. Azərbaycan qadınları cəmiyyətdə fəaldır. Onlarla bağlı dövlət tərəfindən lazımi qanunlar qəbul olunmuş, dövlət tərəfindən təminatları var. Amma bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan qadınının ailədaxili problemi daha çoxdur. Bu istiqamətdə də öz işimizi qurmalıyıq. Azərbaycan qadınının ailə problemi ilə bağlı, ailədə olan stereotiplərlə bağlı bu və ya digər problemlərin aradan qaldırılması üçün davamlı işlər görülməlidir.

 

2009-cu ilin "Uşaq ili" elan olunması Azərbaycan qadınına olan diqqətin bir nümunəsi idi

 

Vəfa Əsədova:

- Məndən əvvəl çıxış edənlər Azərbaycan qadınlarının uğurları, problemləri haqqında çox ətraflı danışdılar. Mən qurumumuzu təmsil edən bir nümayəndə kimi deyərdim ki, Dövlət Miqrasiya Xidməti 2007-ci ildə yaranmış bir dövlət qurumudur. Miqrasiya bütün dövlətlərdə baş verən bir prosesdir. Müasir dövrümüzdə Azərbaycan qadını ziyalı, mübariz, iddialı bir xanımdır. Tarix boyu bu, belə olmuşdur. Bildiyimiz kimi, Azərbaycanın ilk diplomat qadını Sara xanım olmuşdur. Bu gün isə bu ənənə davam edir. Siyasi arenada sözünün kəsəri olan xanımlarımız yetişib. Dünya Azərbaycanın belə xanımlarını tanıyır və rəğbət bəsləyir. Mehriban xanım Əliyeva belə nüfuza malik bir xanımdır. Beynəlxalq mahiyyət daşıyan, humanist ideyalı layihələri ilə geniş miqyasda nümunəyə çevrilib. Mehriban Əliyevanın Azərbaycan ailələrinə qayğı və diqqətlə yanaşması, onların problemlərin çözülməsinə diqqət göstərməsinin hər birimiz şahidi oluruq.

Ötən il Azərbaycanda "Uşaq ili" elan olunması və respublika çərçivəsində bu səpkidə tədbirlərin keçirilməsi Azərbaycan qadınına olan diqqətin bir nümunəsi kimi də dəyərləndirilir. Bu, hər bir ailənin övladına dövlət tərəfindən göstərilən bir qayğıdır. Onların sağlam və elmi biliklərə yiyələnən fərd kimi yetişməsində bir sıra mühüm işlər görülmüşdür.

 

"Səs" qəzetinin əməkdaşı Rəfiqə Hüseynova:

- Demokratik proseslərdə Azərbaycan qadınları ölkənin həyatında fəallıq göstərir, ictimai-siyasi xadim olaraq dövlət müstəqilliyimizin qorunmasına çalışırlar. Bu yaxınlarda Azərbaycan qadınları bələdiyyə seçkilərində özlərini bir daha təsdiqlədilər. Sizcə, Azərbaycan qadını mövcud şəraitdə, bu və digər proseslərdə güc və potensiallarını yetərincəmi ortaya qoya bilir?

 

Azərbaycanda cəsarətli və işgüzar qadınlarımızın sayı çoxdur

 

Məlahət İbrahimova:

- Bu gün Azərbaycanın haqq səsini dünya dövlətlərinə bəyan edən Azərbaycan qadınlarıdır. Bu qadınların başında duran Mehriban xanım Əliyevadır. Bütün dünya dövlətlərinin qadınları özünü Mehriban xanıma bənzətməyə çalışırlar. Eləcə də, Azərbaycanda bütün xanımlar öz əməlləri ilə Mehriban xanımın yolu ilə getməyə çalışırlar. Mehriban Əliyevanın məqsəd və ideyasının əsasında böyük amillər dayanır. O, bütövlükdə, insanlığa, bəşəriyyətə xidmət göstərir. Azərbaycanın dünya miqyasında tanınması, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində gördüyü işləri ölkəmizin imicinin daha da yüksəlməsinə səbəb olmuşdur.

Bir məsələni də, xüsusilə, qeyd etmək istəyirəm ki, bu genderlə bağlıdır. Ümummilli lider Heydər Əliyevin, eləcə də, Azərbaycan Prezidenti İlham  Əliyev cənablarının qadınların irəli çəkilməsi ilə bağlı gördüyü işlər hər birimizə bəllidir. Bu yaxınlarda keçirilən bələdiyyə seçkilərində Azərbaycan qadınlarının sayının artırılması, müasir qadına cəmiyyətdə göstərilən inam və etimadın nümunəsi oldu. Mən qadınlarımızı icra strukturlarına rəhbərlik edən görmək istərdim. Məsul vəzifədə çalışan qadınlarımızın sayı nə qədər çox olarsa, qadın problemlərinin daha çox çözülməsinin qarşısını alanar. Qadın qadın problemlərini daha dərindən dərk edə bilər. Bildiyiniz kimi, Bakı kəndlərində erkən nikahların bağlanması halları baş verir. Bunun qarşısının alınmasında qadınların rolu böyük olar.

Azərbaycan qadını öz fəaliyyətini şaxələndirib. Əsgərlərlə görüşlər keçirir, uşaq evlərində, qocalar evində, əlillər evində tez-tez olur, imkan daxilində onlara maddi və mənvi dayaq olurlar. Qadınlara etimad və imkanın daha da artırılmasını arzulayaram. İnanırıq ki, möhtərəm Prezidentimiz İlham  Əliyev qarşıdan gələn parlament seçkilərində də qadınlarımızın sayını artırar və icra strukturlarında onların sayı çoxalar. Azərbaycanda cəsarətli və işgüzar qadınlarımızın sayı çoxdur.

 

 

(Ardı var)

 

Nəzakət ƏLƏDDİNQIZI,

 

Murad İSMAYILZADƏ

 

Səs.-2010.- 5 mart.-S. 8-9.