Naxçıvan
Televiziyasının canlı salnaməsi
Naxçıvan Yazıçılar Birliyinin sədri Asim Yadigar müasir Azərbaycan ədəbi mühitində orta nəslin Naxçıvanda yaşayan nümayəndələrindən biri kimi ədəbi ictimaiyyətin yaxşı tanıdığı istedadlı şairlərdəndir. Oxucular onun "Zirvəyə gedən yol", "Unut bu sevdanı", "Oğul dağı", "Midiyanın süqutu", "Hər şeyin sonu var", və "Kəlba Musa çeşməsi" şeirlər və poemalardan ibarət kitablarını maraqla qarşılayıblar.
Asim Yadigarın haqqında söz açdığım 2009-cu ildə "Qızıl dağ" nəşriyyatında dərc olunan "Sənətinin vurğunu" kitabı bəzi cəhətləri əvvəlki kitablarından fərqlənir. Belə ki, əvvəlki kitablar poeziya nümunələri idisə, bu kitab onun nəsrlə yazdığı ilk kitabıdır. Şübhəsiz ki, bu janr, xüsusilə, publisistika Asim Yadigar üçün yeni deyil. İndiyəqədərki iş yeri və vəzifəsi ilə əlaqədar olaraq, (Naxçıvan Televiziyasında kiçik redaktor, redaktor, şöbə müdiri, baş redaktor (1996-2007) onlarla ədəbi-bədii verilişlərin görkəmli şəxsiyyətlərin ildönümləri, yubileyləri, görüşləri haqqındakı televiziyada efirə gedəcək verilişlərin ssenarisi, onlarla sənət-peşə adamları haqqında teleoçerklər onun qələmindən çıxmışdır. Digər bir tərəfdən, bu kitabın qəhrəmanı Asim Yadigarın nə Midiyanın süqutundakı qədim tarixi qəhrəmanlardandır, nə də ki, müəllifin yaradıcılıq təxəyyülünün məhsulu olan məkan və zamanı bilinməyən bədii bir obrazdır. Bu kitabın baş qəhrəmanı 70 illik ömrünün 46 ilini, fasiləsiz olaraq, Naxçıvan MR Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin ali dərəcəli kino-operatoru Ənvər Məmməd oğlu Rəhimovdur. Ənvər Rəhimovun keçdiyi həyat yoluna işıq salan müəllif onun yaşadığı dövrü, bu dövrün səciyyəvi xüsusiyyətlərini, hətta həmin zamanların ictimai-siyasi mühiti, ailənin yaşam tərzi, təhsil aldığı illəri, xüsusilə, əmək fəaliyyəti oxucunun gözü qarşısında bir daha canlanır. Oxucuda bu həyati obraza qarşı məhəbbət, rəğbət hissi oyadır. "Sənətinin vurğunu" kitabının dəyəri, bir də ondadır ki, bu kitab yalnız Ənvər Rəhimovun bir kinooperator kimi fəaliyyətini deyil, həm də Naxçıvan Televiziyasının tarixi ilə əlaqədar faktlarla zəngin material məbəyidir.
Kitabda Ənvər Rəhimovun fəaliyyəti Naxçıvanda gedən ictimai-siyasi və mədəni hadisələrin ən qaynar nöqtəsində olan Naxçıvan Televiziyasının inkişafı ilə paralel olaraq verilir. Bu da, çox təbii alınır. Ona görə ki, bunlar bir zəncir kimi bir biri ilə bağlıdır. Birinin inkişafı digərinin də inkişafına səbəb olur. Belə ki, Ənvərin sevdiyi sənətdə püxtələşməsində, məhz televiziya komitəsinin rəhbərliyinin qayğısı xüsusi qeyd olunur.
"Səfərlər" başlığı altında verilən hissədə Ənvər Rəhimovun sovetlər dövründəki fəaliyyətindən bəhs olunur.
Onu da qeyd edək ki, Ə.Rəhimovun fəaliyyətinin qiymətləndirilməsi də unudulmayıb. Qeyd olunur ki, ona 1967-ci ilin may ayının 7-də Naxçıvan MSSR Ali Sovetinin Fəxri Fərmanı, 1980-ci ilin dekabr ayının 16-da Naxçıvan MSSR-in Əməkdar mədəniyyət işçisi fəxri adı verilmişdir.
"Ağır illər" başlığı altında verilən hissəni oxuduqca Ənvər Rəhimovun vətənpərvərliyi, cəsurluğu, azərbaycançılığı oxucunu riqqətə gətirir. Bu salnamədə Ənvər Rəhimovu o zamankı hadisələrin ən qaynar nöqtələrində - Zəngilanda, Vedibasarın Şidli kəndində, Sədərəkdə, Şadada, Buzqovda görürük. 20 Yanvar hadisələrinin Naxçıvanda oyatdığı təlatümü həyəcansız oxumaq olmur.
Asim Yadigar yazır: "Ulu öndərimiz, xalqımızın xilaskarı Heydər Əliyevin Moskvadan Bakıya, Bakıdan da Naxçıvana gəlişi bu torpağın yaddaşına qızıl hərflərlə yazılıb. Naxçıvanlıların Heydər Əliyevə sonsuz sevgisi, tükənməz məhəbbəti həmin dövrün salnaməsinə çevrilən saysız-hesabsız lentlərin yaddaşlarında bu gün də yaşamaqdadır. Bu lentlərin içərisində Ənvər Rəhimovun çəkdiyi lentlər də az deyil". Bəli, bu lentlərin içərisində ulu öndərimizin Naxçıvandakı həyatı, ictimai-siyasi fəaliyyəti, onun verdiyi tarixi əhəmiyyətli fərmanlar, qərarlar, dövlət rəhbərləri ilə siyasi xadimlərlə keçirdiyi görüşlər, 1992-ci ilin körpüsünün açılışı əbədiləşib.
Kitabın bir hissəsi Ənvər Rəhimovla birgə işləmiş, onu sənətində yaxından tanıyanların xatirə xarakterli yazılarıdır. Bu yazılar sənətinə ürəkdən bağlanan Ə.Rəhimovun görünən və görünməyən xarakterini oxucuya daha geniş tərzdə çatdırmaq üçün müəllifin bir janr növü, yazıçı priyomu kimi də qəbul edilə bilər.
Asim Yadigarın "Sənətinin vurğunu"
kitabını oxuyub qurtardıqdan sonra, oxucu bu
qənaətə gəlir ki, bu kitab yalnız bir kinooperatorun həyat və
yaradıcılığını deyil,
Naxçıvanın rus imperiyasından xilas olub, müstəqilliyə
qovuşduğu illərin və eyni zamanda, erməni təcavüzünə
qarşı xalqın yurd, torpaq
uğrunda apardığı mübarizənin
tarixi faktlarını özündə əks
etdirən bir salnamədir.
Naxçıvan Dövlət
Universitetinin və Naxçıvan Müəllimlər
İnstitutunun dosenti, Azərbaycan Yazıçılar
Birliyinin üzvü
Əbülfəz MUXTAROĞLU
Səs.- 2010.- 5 mart.- S. 7.