Müdriklik, düzgün siyasət, istedad, vətəndaşlıq mövqeyi...

 

Əli Həsənovun fəaliyyəti bu prinsiplərə əsaslanır

 

Azərbaycan müstəqillik dövrünü əldə etdikdən sonra yeni bir tarixi dövrə qədəm qoydu. Bu tarixi zaman məsafəsində görülən işlərin məzmunu dövlətə, onun inkişafına həsr olunmuşdur. Qısa bir zaman xalqın iradəsinin məntiqi olaraq nailiyyətlərlə tarixə həkk olundu. Təbii ki, bu nailiyyətlərin  əldə olunmasında şəxsiyyətlərin əməli fəaliyyətləri müstəsna rol oynayıb.

Azərbaycanın ictimai-siyasi və mədəni həyatında baş verən proseslərin həlli, onların ümumi məxrəcinin nəticəsi Azərbaycanın dünyanın sivil dövlətlər sırasında yerini tapmasına təsirini göstərdi. Müdriklik, düzgün siyasət, istedad, vətəndaşlıq mövqeyi kimi dəyərlər Azərbaycan dövlətinin imicini formalaşdırdı. Dövlət başçısının, xüsusilə də, müstəqilliyimizin ilk illərində Ümummilli lider Heydər Əliyevin müdrik siyasəti, prinsipial mövqeyi bu və digər amillərin dövlət mənafeyinə görülən iş, Azərbaycanın coğrafi məkanda sərhədləri aşması ilə nəticələndi. Bu gün qürur duyduğumuz dövlətin sivil bir şəkildə mövqeyini ortaya qoyması, eləcə də, uğurlara imza atmasında dövlət qulluğunda xidmətləri olan şəxslərin rolu da var. Prezident İlham  Əliyev cənabları belə simaların fəaliyyətini dövlət səviyyəsində qiymətləndirərək, onlara fəxri adlar və mükafatlar təqdim edir. Belə ictimai-siyasi xadimlər sırasında Azərbaycan Prezident Adminitstrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Prezident İlham  Əliyev tərəfindən Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə, 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun yola saldığı illərin hesabatında tərcümeyi-halına çox məqamları, şərəfli səhifələri əlavə etmişdir. Yaşanılan illərin sürəti, sanki onu yeni bir dünyaya doğru aparmışdır. Bu illərdə baş verən olaylar və məntiqi nəticə onillikləri bu gün onunla hesabata səsləyir. Tarixçi, ictimai-siyasi xadim ifadələrinin məğzində dayanan anlayışın leksik anlamında professorun Azərbaycana xidməti və onun nüfuzunu yüksəltmək, tarixin dönəmlərindəki həqiqətləri üzə çıxarmaq dayanır. Əli Həsənov  fəaliyyət dairəsində bu gerçəkliklərə nail oldu, Azərbaycanın mövqeyinə nəzəri baxışlarını ifadə etməkdə fəaliyyətini davam etdirir.

Bəli, bu gün Əli Həsənovun arxaya baxıb vərəqləyə biləcək yetərincə parlaq səhifələr var. Qeyd edək ki, Əli Həsənov  Azərbaycanda hələ sovet imperiyasında yaşadığımız dövrdə, ötən əsrin 80-ci illərində Sovet İttifaqının ən nüfuzlu və dünyanın sayılıb-seçilən ali təhsil mərkəzlərindən biri olan M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə göndərilmiş və orada Azərbaycan adını öz idrakı, elmə olan münasibəti, araşdırma və qənaətləri ilə doğrultmuşdur. Hələ Bakı Dövlət Universitetinin tarix fakültəsində oxuduğu müddətdə etimadı doğruldan Əli Həsənov yüksək analitik qabiliyyəti, işgüzarlığı ilə seçilmişdir. Elə ilk kurslarda universitetdə keçirilən bütün əhəmiyyətli tədbirlərdə, komandir kimi iştirak etdiyi tələbə-inşaat dəstəsində də öz qayğıkeşliyi, olduğu kollektivdə öndə getmək bacarığı, tədbirliliyi onu fərqləndirirdi. İlk uğurlarına tələbə ikən imzasını atmışdır. Belə ki, o, ikinci kursda oxuyarkən, öz təşəbbüsü ilə arxeoloji ekspedisiya təşkil edilməsinə nail olaraq, ona rəhbərlik etmişdi. Naxçıvanın ərazisində yerləşən Qazma mağarasının abidələrinin aşkar edilməsi və öyrənilməsi onun adı ilə bağlıdır.

Moskva Dövlət Universitetində təhsil aldığı müddətdə o özünün qeyd olunan keyfiyyətlərini bir daha qabarıq şəkildə büruzə verdi. Hər imtahan sessiyasını əla qiymətlərlə başa vuranda, başqa millətlərdən olan tələbələrin açıq və ya gizli qibtə hissini öz üzərində hiss edirdi. Tədricən onun elmi-tədqiqatlar aparmaq, bu sahədə sanballı söz demək bacarığı müəllimlərin də diqqətini özünə cəlb edir. Tələbəlik illərində yazmış olduğu diplom işi sərbəst və orijinal bir elmi tədqiqat işi kimi yüksək qiymətləndirilir. O, universiteti fərqlənmə diplomu ilə bitirən kimi aspiranturaya qəbul olaraq elmi fəaliyyətini davam etdirir. Dissertasiya işini vaxtından xeyli əvvəl başa vurur və müdafiə edərək, tarix elmləri namizədi alimlik dərəcəsi alır. Onun SSRİ-də milli məsələnin tədqiqinə həsr olunmuş dissertasiya işi sovet dövlətinin yeritdiyi milli siyasətin əsil mahiyyətinin ortalığa qoyulduğu ilk tədqiqat işlərindən biri olmuşdur. Bunu dissertasiya işinin müdafiəsi zamanı onun ətrafında gedən diskussiya, opponentlərin birmənalı olmayan çıxışları da əyani şəkildə göstərirdi.

Əli Həsənovun maraq dairəsi çox geniş idi. O, Azərbaycanın ədəbiyyatının, incəsənətinin, milli musiqisinin gözəl bilicisi və fəal təbliğatçısı idi. Çoxşaxəli dünyagörüşü və məlumatlılığı ilə çox zaman ətrafındakıları təəccübləndirməyi bacaran Əli Həsənov Azərbaycana sevgisini və onun yolunda hər bir fədakarlığa hazır olduğunu əməlləri və gündəlik fəaliyyəti ilə sübut edirdi.

1980-ci illərin axırı, 1990-cı illərin əvvəllərində SSRİ-nin dağılma məqamında Azərbaycana qarşı yeridilən qərəzli siyasətin mahiyyətinin aşkar edilməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında yorulmadan çalışanlardan biri də Əli Həsənov olmuşdur. 1990-cı ilin 20 Yanvar hadisələri və ondan sonrakı informasiya blokadası dövründə Moskvada geniş fəaliyyət göstərən azərbaycanlı ziyalıların ən fəal nümayəndələrindən birinə çevrilmişdir.  O, Bakıdakı qanlı cinayətə qarşı 1990-cı il yanvarın 21-22-də vüsət almış Ümummoskva hərəkatının ön sıralarında olmuşdur.

Aspiranturanı uğurla başa vurub, Azərbaycana qayıdandan sonra Əli Həsənov öz elmi-pedaqoji işi ilə yanaşı, ictimai-siyasi fəaliyyətini də davam etdirmişdir. Hələ Naxçıvanda olarkən, Heydər Əliyevin ətrafında birləşərək Azərbaycanın böhrandan çıxarılması uğrunda mübarizənin ön sıralarında bütün güc və bacarığını sərf etmişdir. Bu sahədə gördüyü hər bir işi peşəkar səviyyədə yerinə yetirmişdir. Azərbaycanın ağır günlərində öz yazıları, konkret əməlləri ilə yeni Azərbaycanın təməlinin qurulmasına öz töhfəsini vermişdir. Tutduğu vəzifələrdə ədalətli mövqeyi, möhkəm məntiqi, qəti iradəsi ilə seçilmişdir. Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü seçilmiş, eləcə də, Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmişdir. Bu gün dünyaya bəyan olunan həqiqətlərdə siyasi xadim olaraq dövlət maraqlarına söykənərək, siyasət aparır.

Əli Həsənov dövlət işləri ilə yanaşı, elmi fəaliyyətini də diqqətdə saxlamışdır. Bir-birinin ardınca qələmə aldığı elmi əsərlər gərgin axtarışlarının nəticəsində hasil olmuşdur. Elmi ictimaiyyətə təqdim etdiyi əsərlər böyük maraqla qarşılanmışdır. Azərbaycan Respublikasının xarici siyasəti haqqında yazdığı fundamental, elmi əsərlərində ölkənin ağır günlərində dövlətin  xarici siyasət haqqında düzgün təsəvvür yaratmağa, onu dolğun işıqlandırmağa imkan verirdi. "Beynəlxalq siyasi münasibətlər və Azərbaycanın xarici siyasəti" dərsliyi bu baxımdan diqqətəlayiqdir. Bu vəsait tədris olunan siyasət elminin mənimsənilməsində çox dəyərlidir.

"Səs" qəzetinin kollektivi ona ictimai-siyasi fəaliyyətində uğurlar arzulayır və cənab Prezident İlham Əliyev tərəfindən ən ali ordenə layiq görülməsi münasibətilə təbrik edir.

 

 

Zümrüd BAYRAMOVA

 

Səs.- 2010.- 11 mart.- S. 3.