Ağalar İdrisoğlu
- 60
60 bahar, xəzan, qış yaşamış
ömrün səhifələri
Yola saldığımız
onilliklər yarım əsrdən artıq bir zamanı haqladıqdan sonra həyat fəlsəfəsinin
rəngarəngliyi bu zaman məsafədə özünü göstərməkdədir.
Zamanın ixtiyarına buraxdığımız
ömrə nəzarət
edən ağıl və idrak bu
fəlsəfənin mahiyyətini
açıb göstərir,
naxış salınan
izlərin əlvanlığında
kimliyini təsdiqləyir
və bu aləmdə varlıq olaraq mövcudluğunu dərk edirsən.
Həyat yoluna salınan
körpülər üzərindəki
hərəkətin, izin
ruhi və maddi dünyanda sənin varlığını
tamamlayır. Ömrünü
böyük işlərə
həsr edib, daim tələsib istək və arzunu həyata keçirmək məqsədində
olan insanlar Tanrının bəxş
etdiyi ömür yolunda ülviləşir,
paklanır, mənən
təmizlənir, bir ömrə neçə-neçə
ömürləri daxil
edərək cəmiyyət
üçün gərəkli
bir simaya çevrilir. Bu gün 60 illik yubileyini qeyd edən Ağalar İdrisoğlu kimi. Geniş ürəkli, incə ruhlu, mübariz, axtarışlarla zəngin
olan bir ömrün yaradıcısı.
Əslində, bu və digər keyfiyyətləri özündə
birləşdirən insanlar
varlıqlarının yaradıcılarıdır.
Daxilindəki bacarıq
və qabiliyyəti üzə çıxarıb,
ağlın diqtəsi
və məntiqlə hərəkət etmək
cəmiyyətdə öz
yaradıcına çevrilmək
deməkdir. Səmimi etiraf edək ki, A.İdrisoğlu da sənət aləminə gəldiyi zamandan özündə olan daxili keyfiyyətləri
üzə çıxarmaqla
mənəvi portretinin
müəllifidir.
60 il, 60 bahar, 60 xəzan, 60 qış yaşamış bir ömrün zaman məsafəsindən boylanan
illəridir bu onilliklər. Bu illəri arxada qoyub, ömrün müdrikliyinə qədəm
qoyan A.İdrisoğlunun
haqq-hesab verməyə
sənət tərcümeyi-halında
dəyərli məqamlar
var. Bu, onun yaradıcılıq bioqrafiyasının əsasında
duran dəlillərdir.
Ömür biblioqrafiyasının
ilk səhifələrindən
oxuyuruq. Ağalar İdrisoğlu Mirzəağa
Əliyev adına İncəsənət İnstitutunun
dram və kino aktyorluq fakültəsinə daxil olmuş, buranı müvəffəqiyyətlə bitirdikdən sonra Moskvada A.V.Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunun rejissorluq fakültəsinə
daxil olmuşdur.
Mükəmməl ali təhsil
yaradıcılığının zənginləşməsinə baza yaradır. 40 il bədii yaradıcılıqla
məşğul olan sənətkar professional teatr səhnəsində bir-birinin ardınca maraqlı tamaşalara yozum verərək, onları yaradıcılıq
təxəyyülündən keçirib, zamanla əlaqəli şəkildə tamaşaçısına
təqdim etmişdir. Tamaşalarda 40-dan artıq
rollarda çıxış
edib və 90 adlı tamaşaya quruluş vermişdir. O, 25 il Sumqayıt
Gənclər Xalq Teatrının, Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının,
Əbdürəhim bəy
Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının, Azərbaycan-Dağıstan Beynəlxalq
Teatr truppasının
bədii rəhbəri
və dirijoru kimi çalışmışdır.
Azərbaycan Teatr Xadimləri İttifaqının
katibi olmuşdur. Teatr aləmi onun üçün ən ali bir
məkana çevrilmişdir.
Azərbaycanın qeyd
olunan teatr səhnələrində çalışdığı
illər həmin sənət məkanlarına
nailiyyətlər, uğurlar
gətirmişdir. Ağalar
İdrisoğlu daim axtarmış, klassik və mükəmməl əsərləri üzə
çıxarıb, yaradıcı
simaların daxili imkanlarını nəzərə
alıb, onlara rolları həvalə etmiş, nəticədə
alqışlarla qarşılanan
tamaşaların sevincini
yaşamışdır. Professor,
yazıçı-tərcüməçi
Zeydulla Ağayev onun bu fədakarlığı
haqqında belə deyir:"Onun vaxtilə Əbdürrəhim
bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrını ayaqüstə
qoymasından indi həmin rayonun və ətraf ərazilərin əhalisi
ürək dolusu ilə danışır. Sonra direktor və bədii rəhbər kimi Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrını respublikanın ən aparıcı sənət
məbədlərindən birinə
çevirməsi də
reallıq olmuşdur."
Bəli, A.İdrisoğlu rejissor olmaqla yanaşı həm də istedadlı yazıçı-publisistdir. Yazıçı, dramaturq, publisist kimi "Ramiz İslamoğlu sorağında
və ya əkmə qəm ağacı", "Sərhədsiz
dünyamız", "Ömrün
akkordları", "Qaranlığı
yaran işıq",
"Bir alim ömrünün salnaməsi"
romanlarının, "Kəfənini
geymiş qoca",
"Vicdan mühakiməsi",
"Ulu Tanrı və Ağ Gəmi əhvalatı",
"Şahidin şahidləri
və şəhidlər" povestlərinin, "Həyatın
astanasında", "Qonaq",
"İnan mənə",
"Məhkəmədən əvvəl", "Məhkəmədən
əvvəl məhkəmə",
"Şah İsmayıl",
"İmam Şamil",
"Çarəsiz ölüm",
"Öz qanunları
olan şəhər"
və bir çox pyeslərin,
50-dən artıq hekayənin,
esselərin, elegiyaların,
400-dən artıq məqalənin,
ressenziyaların, publisist
yazıların müəllifidir.
Ağalar İdrisoğlunun "İnan
mənə", "Ən
xoşbəxt gün",
"Məhkəmədən əvvəl məhkəmə
və ya kəfənini geymiş qoca", "Ramiz İslamoğlu sorağında
və ya əkmə qəm ağacı", "Dünya
azərbaycanlıları", "Qaranlığı yaran işıq", "Bir alim ömrünün salnaməsi" kitabları
çap olunmuşdur.
10-dan artıq topluya isə hekayələri, pyesləri, tərcümə
etdiyi əsərləri
daxildir. Bu ismin qarşısına tərcüməçi məfhumunu
da əlavə etmək lazımdır. Belə ki, o,
dünya xalqlarının
10 pyesini Azərbaycan dilinə tərcümə
etmişdir.
Ağalar İdrisoğlunun yaradıcılıq
fəaliyyəti öz
qiymətini almışdır.
Belə ki, o, "İnan
mənə" əsərinə
görə 1985-ci ildə
Ümumittifaq Gənc Dramaturqlar Müsabiqəsinin
qalibi olmuş, quruluş verdiyi A.Həsənoğlunun "Yanmış
evin nağılı"
tamaşası Q.Mirzəyev
adına mükafata və "Şah İsmayıl" tamaşası
"Qızıl Dərviş"
mükafatına layiq görülmüşdür.
O, Azərbaycan Yazıçılar
Birliyinin və Teatr Xadimləri İttifaqının üzvüdür.
Müxtəlif janrlara müraciət
edən və hər janrda özünü tapıb həyatda rast gəldiyi hadisələrin
fəlsəfi kökünü
araşdıraraq, məntiqə
gələn yazıçı
böyük ideyaların
arxasında həyat həqiqətlərini ortaya
çıxarıb, ümumiləşdirmələr
əsasında insanların
obrazlarını bədiiləşdirərək,
cəmiyyətin, bütövlükdə,
kökündə olan
bəlaları üzə
çıxarmağa, onların
həlli yolunu göstərməyə cəhd
göstərir. Bu yolda yazıçının arxaya
boylanaraq, yaşadığı
zaman çərçivəsində
söylənilən həqiqətləri
dərk etməyə və bəzən isə zamanla həqiqət arasındakı
uçuruma təsadüf
etdikdə, onun hiddətini, qəzəbini,
bəzən isə kövrələrək, bu
hiddətin qarşısında
bir ziyalı mövqeyini görürük. Təbii
ki, bu mövqedə
yazıçının heç
də gücsüzlüyü
və iradəsizliyi nümayiş olunmur. O, zamanın hökmünə
qarşı hökmünü
qoymaqdada iqtidarlıdır.
Elə bu həqiqətlərin içərisində
ömrünün 60-cı baharını
yaşayan ziyalı neçə-neçə ömürləri
öz ömür yolunda birləşdirib, onlarla bərabər mübarizəyə çıxmış,
var qüvvəsini, iradəsini məhz bu işə sərf etmişdir.
Bədii ümumiləşdirmələr
əsasında yaratdığı
qəhrəmanlar xalqın
iradəsini üzə
çıxarır. Ağalar
İdrisoğlu, sözün
həqiqi mənasında,
yaradıcı bir ziyalıdır.
Yaşadığı illər onu xalqa tanıtdırıb və sevdirib. Sənətkarı 60 illik
yubileyi münasibəti
ilə təbrik edir, ona axtarışlarında
uğurlar arzulayırıq.
Zümrüd
Səs.- 2010.- 12 mart.- S. 12.