Bəşir Səfəroğlu
- 85
Bəşir Səfəroğlu istedadı ilə
adını kino tariximizə qızıl hərflərlə
həkk edib
Azərbaycan Dövlət Musiqili Komediya Teatrında xalq artisti Bəşir Səfəroğlunun 85 illik
yubileyinə həsr edilmiş tədbir keçirildi. Tədbir iştirakçıları əvvəlcə
mərhum sənətkarın
Fəxri Xiyabandakı
məzarını ziyarət
edərək, üzərinə
tər çiçək
dəstələri düzdülər.
Teatrın foyesində yubilyarın həyat və fəaliyyətinə
həsr olunmuş fotosərgi açılmışdır.
Tədbirdə çıxış edən teatrşünas alim Məryəm Əlizadə bildirdi ki, Musiqili Komediya
Teatrında ciddi yumorun sənət keşikçilərindən olan,
həm yumorlu, həm satirik elementli personajların məharətli ifaçısı,
xarakterik satira obrazlarına psixologizm aşılamaqda böyük
səriştəsi olan
Bəşir Səfəroğlu
çağdaş dramaturq
və bəstəkarların
musiqili komediyalarında
müxtəlif xarakterli,
satirik, yumoristik, məzhəkəli rollarda
çıxış etmişdir.
Ölməz sənətkarın
həyat və yaradıcılığından söz açan natiq cəmi 44 il yaşamış Bəşir Səfəroğlunun
öz istedadı ilə adını kino tariximizə də qızıl hərflərlə yazdıra
bildiyini vurğuladı.
Aktyorun keçdiyi yola nəzər salan teatrşünas bildirdi ki, Bəşir
Səfəroğlu 11 mart
1925-ci ildə Bakıda
doğulub. Yeddi illik təhsilini Bakıda alıb və ailə vəziyyətinin ağırlığı
ilə əlaqədar
məktəbdən uzaqlaşmalı
olub. On dörd yaşlarından şoferlər klubunun dram dərnəyinə gedib. Kiçik intermediyalarda, birpərdəli
məsxərə tamaşalarında
kiçik rollar oynayıb.
1941-ci ilin axırlarında faşistlərlə müharibəyə
yollanan Bəşir
1942-ci ildə ordu sıralarından kontuziyalı
qayıdıb. Dili tutulub və qulaqları çox ağır eşidib. Bir müddət fəhlə, yük maşınının sürücüsü
işləyib. Rejissor
Niyaz Şərifov ona məsləhət görüb ki, müntəzəm olaraq teatrın tamaşalarına
gəlsin. O, tamaşalara
baxmağa başlayıb.
Bir müddət sonra isə, onu truppaya aktyor
qəbul ediblər. Yaradıcılıq ehtirası
ilə çırpınan
Səfəroğlu həyəcanlanır,
daxili iztirablar keçirirdi. Ömrünün
bu gərgin çağlarında o, yuxuda bərk həyəcanlanıb və
bununla da dili açılıb. Həmin vaxtdan Bəşir Səfəroğlunun
zəngin aktyorluq tarixçəsi başlayıb.
Bəşir Səfəroğlu
Üzeyir və Zülfüqar Hacıbəyovun
klassik operettalarında,
əsasən isə, çağdaş dramaturq
və bəstəkarların
musiqili komediyalarında
müxtəlif xarakterli,
satirik, yumoristik, məzhəkəli rollarda
çıxış edib.
Aktyorun yaradıcılığında xüsusi yer tutan əsas rolları Möhsün
("Beş manatlıq
gəlin", dramaturq
Məmməd Səid Ordubadi və bəstəkar Səid Rüstəmov), Qaradavoy və Çiko ("Keto və Kote",
Vladimir Dolidze), Usta Məhərrəm, Qoçu Əsgər və Məşədi İbad ("Məşədi
İbad", Üzeyir
bəy Hacıbəyov), Uzun və Nəcəf ("Durna", Süleyman Rüstəm və Səid Rüstəmov), Qədir və Gülümsərov ("Ulduz",
Sabit Rəhman və Süleyman Ələsgərov), Səlyanski
və Qəhrəman
("Gözün aydın",
Məhərrəm Əlizadə
və Fikrət Əmirov), Ohan yüzbaşı və Hacı
Qara ("Xəsis",
Mirzə Fətəli
Axundzadənin əsəri
əsasında Şəmsi
Bədəlbəylinin işləməsi.
Bəstəkarlar Vasif Adıgözəlov
və Ramiz Mustafayev), Kazbek ("Kəndimizin mahnısı",
dramaturq Kərim Kərimov, şeirlərin
müəllifi Ənvər
Əlibəyli və bəstəkar Zakir Bağırov), Şulu, Muxtar bəy ("Əlli yaşında cavan" və "Evliykən subay", Zülfüqar bəy Hacıbəyov), Mir İsmayıl ("Qızıl axtaranlar", Həsən
Seyidbəyli və Tofiq Quliyev), Baləmi ("Rəisin arvadı", Məhərrəm
Əlizadə və Səid Rüstəmov), Qiya ("Tiflis nəğməsi", Levon
Cubabiriya və Şota Milorava), Əli Dinməzov ("Bir dəqiqə", Məhərrəm Əlizadə
və Hacı Xanməmmədov), Hacı
Kərim ("Hacı
Kərimin Aya səyahəti", dramaturqlar Qulamrza
Cəmşidi ilə Əbülfəz Hüseyni
və bəstəkar Azər Rzayev), Qoçu ("Keçmişin
məişət səhnələri",
Soltan Dadaşov və Vasif Adıgözəlov),
Nadir və Azay ("Qızılgül",
Məhərrəm Əlizadə
və Soltan Hacıbəyov), Murtuzov,
Dayandur, Polis rəisi ("Özümüz bilərik",
"Olmadı elə,
oldu belə" və "Milyonçunun dilənçi oğlu",
Şıxəli Qurbanov
və Süleyman Ələsgərov), Darçmov
("Səndən mənə
yar olmaz", Məhərrəm Əlizadə
və Əşrəf
Abbasov), Firuzbala ("Altı qızın biri Pəri", Məhərrəm Əlizadə və
Tofiq Bakıxanov ilə Nəriman Məmmədov), Səbrəli
("Bizə bircə
xal lazımdır",
Qulamrza Cəmşidi ilə Bəşir Səfəroğlu və Telman Hacıyev) və başqalarıdır.
Bəşir Səfəroğlu
"Azərbaycanfilm"in
istehsal etdiyi "Əhməd haradadır?"
və "Ulduz" filmlərində Sərxoş
və Gülümsərov,
"Tacikfilm"in çəkdiyi "Xoca Nəsrəddinin 12 qəbri"
kinolentində Xacə
Nəsrəddin rollarını
ifa edib.
Altmışıncı illərin
ortalarında Azərbaycan
Dövlət Filarmoniyasında
"Gəlməli, görməli,
gülməli" Miniatür
Teatrı təşkil
olunub. Onun üzvləri xalq artisti Əliağa Ağayev, əməkdar artist Müxlis Cənizadə, aktrisa Ofeliya Abbasova (Məmmədzadə) və
Bəşir Səfəroğlu
idilər. Bu kollektivdə Bəşir Səfəroğlu onlarla satirik obraz yaradıb.
Rejissor Rauf Kazımovski
görkəmli gülüş
ustası Bəşir
Səfəroğlu haqqında
eyniadlı bədii-sənədli
televiziya filmi çəkib.
Sənət uğurlarına görə
29 iyun 1964-cü ildə
Bəşir Səfəroğluna
Azərbaycan Respublikasının
əməkdar artisti,
25 iyun 1968-ci ildə xalq artisti fəxri
adları verilib. Şöhrətli sənətkar
Bəşir Səfəroğlu
Bakıda 44 yaşında
ikən dünyasını
dəyişib və
Fəxri Xiyabanda dəfn olunub. Bəşir Səfəroğlu
ötən əsrin altmışıncı illərinin
ortalarında Azərbaycan
Dövlət Filarmoniyasında
təşkil olunmuş
"Gəlməli, görməli,
gülməli" Miniatür
Teatrında onlarla satirik obraz yaratmışdır.
Tədbirdə o da diqqətə çatdırıldı ki,
iki övlad atası olan Bəşir Səfəroğlunun
sənəti daim yüksək qiymətləndirilmişdir.
Gecədə Səfəroğlu
sənətinin layiqli
davamçısı, görkəmli
aktyorun qızı, xalq artisti Afaq
Bəşirqızının iştirakı ilə E.Sabitoğlu və T.Vəliyevanın "Bankir
adaxlı" tamaşası
göstərildi.
Zümrüd
Səs.- 2010.- 13 mart.- S. 12.