Azərbaycanda yüksək iqtisadi inkişaf mövcuddur
Aydın Hüseynov:
"Aparılan iqtisadi siyasətin əsas
məqsədi əhalinin həyat səviyyəsinin daha da
yaxşılaşdırılmasına xidmət edir"
“Azərbaycan Prezidenti
İlham Əliyev tərəfindən uğurla davam etdirilən
siyasət nəticəsində ötən illərdə
makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın
diversifikasiyası, qeyri-neft sahələrinin, regionların
inkişafı sürətlənib, strateji valyuta
ehtiyatlarının səmərəli istifadəsi təmin
olunub, milli valyutanın sabitliyi, bank sisteminin
etibarlılığı artırılıb, konservativ xarici
borclanma strategiyası həyata keçirilib,
sahibkarlığa dövlət dəstəyi gücləndirilib,
əhalinin sosial rifah göstəriciləri davamlı olaraq
yaxşılaşıb" deyən YAP Siyasi
Şurasının üzvü, Qaradağ rayon təşkilatının
sədri, iqtisadçı Aydın Hüseynov bunun nəticəsində
2004-2008-ci illər ərzində ümumi daxili məhsulun həcmində
2,6 dəfə artım olduğunu və bunun da 1990-cı ilin
səviyyəsindən 2 dəfə artıq olduğunu
bildirib. Qeyd edib ki, əhalinin pul gəlirlərinin ümumi artımı
inflyasiyanı 1,8 dəfə üstələyib, yoxsulluq səviyyəsi
11 faizə enib, ölkədə 840 mindən çox yeni
iş yeri açılıb, xarici borcun ÜDM-ə nisbəti
7,9 faiz olub. "Neft sektorunda ümumi daxili məhsul
istehsalı 14 faizdən çox, qeyri-neft sektorunda isə 3
faizdən artıq yüksəliş olub. Ölkəmizdə
adambaşına düşən əlavə dəyər isə
2008-ci ildəkindən 7,9 faiz artıqdır. Sənaye müəssisələrində
istehsal olunun məhsulun dəyəri ötən illə
müqayisədə 8,6 faiz artıb. Ötən il əhaliyə
satılmış və pullu xidmət sahələrində də
artım müşahidə olunub ki, bu da ölkədə gedən
davamlı iqtisadi siyasətin bariz nümunəsidir. Eyni zamanda,
ticarət şəbəkəsindən satılan əmtəələrin
müqayisəli qiymətlərlə dəyərində də
artım müşahidə olunub. Pullu xidmətlərin həcmində
də xeyli dərəcədə artım qeydə
alınıbdır"- deyən A.Hüseynov ötən illərdə
əldə edilən bu müsbət göstəricilərin əsası
Prezident İlham Əliyevin dediyi kimi, düzgün
düşünülmüş sosial-iqtisadi islahatların
uğurla reallaşdırılması ilə bağlı
olduğunu bildirdi. "Bütün bunlarla yanaşı,
ölkəmizin qarşısında duran bütün vəzifələri
həll etmək üçün Azərbaycanda hər cür
imkan vardır" deyən təşkilat sədri iqtisadi sahə
ilə yanaşı, siyasətdə də əldə edilən
uğurların məhz bu yüksək iqtisadi göstəricilərə
böyük təsirinin olduğunu bildirdi. Vurğuladı ki, bu
gün ölkəmizdə sahibkarlıq iqtisadiyyatın
aparıcı qüvvəsinə çevrilib, özəl
sektorun ÜDM-də xüsusi çəkisi artıb.
"Yaradılan əlverişli biznes mühiti nəticəsində
iqtisadiyyata qoyulmuş investisiyaların həcmi 70 milyard
dolları ötüb ki, bunun da yarısı yerli
investisiyaların payına düşür. Xüsusilə, son
dövrlərdə dünyada gedən qlobal proseslər ölkəmizin
dayanıqlığını və onun regional güc mərkəzi
kimi formalaşdığını bir daha sübut edir.
Dünyanın aparıcı ölkələrində gedən
kəskin iqtisadi böhrana baxmayaraq, Azərbaycan Prezidenti
İlham Əliyev tərəfindən aparılan uğurlu
siyasət nəticəsində Azərbaycanda makroiqtisadi
sabitlik, iqtisadi artım, yoxsulluq səviyyəsinin azalması və
əhalinin maddi rifah halının yüksəlməsi də
davam edir" - deyən YAP Siyasi Şurasının
üzvü Azərbaycanın uğurlarının nüfuzlu
beynəlxalq iqtisadi-siyasi təşkilatların
hesabatlarında da öz əksini tapdığını qeyd
edib. "Təsadüfi deyil ki, Dünya Bankı və Beynəlxalq
Maliyyə Korporasiyası tərəfindən hazırlanan
"Doing Business 2009" hesabatında Azərbaycan biznes
mühitinin yaxşılaşdırılması sahəsində
ən islahatçı ölkə elan edilib deyən"
A.Hüseynov "Doing Business 2010" hesabatında da ölkəmizin
öz mövqelərini qoruyub saxladığını bildirdi.
2009-2010-cu illər üçün hazırlanmış
"Qlobal Rəqabətlilik Hesabatı"nda da Azərbaycan
18 pillə irəliləyərək, 133 ölkə
arasında 51-ci yerə, MDB ölkələri arasında isə
1-ci yerə yüksəldiyini bildirən iqtisadçı,
bütövlükdə, Azərbaycan iqtisadiyyatının gələcək
inkişafı ilə bağlı beynəlxalq təşkilatların
proqnozlarının nikbin olduğunu bildirib.
"İqtisadiyyatımızın bugünkü vəziyyətinin
keçid proqramının əsas məqsədlərinə həm
forma, həm də məzmun etibarilə nail olunduğunu və
keçid dövrünün başa
çatdığını təsdiqləyir" deyən
A.Hüseynov ölkəmizdə bazar iqtisadiyyatı
üçün səciyyəvi qanunvericilik bazasının
yaradıldığını da dilə gətirib.
"İqtisadiyyatda mülkiyyətin
çoxnövlülüyünün təmin olunması
dövlət mülkiyyətinin özəlləşdirilməsinin
həyata keçirilməsi və dövlət, özəl və
bələdiyyə mülkiyyətinin fəaliyyəti
üçün rəqabətin yaranmasına imkan verir. Özəl
sektorun xüsusi çəkisinin sənayedə artması,
tikintidə, kənd təsərrüfatında, ticarətdə,
nəqliyyatda, rabitədə, sosial və sair xidmətlərdə
artım meyillərinin yüksəlməsinə səbəb
olub. Eyni zamanda, dövlətin iqtisadiyyata müdaxiləsi minimuma
endirilib, bazar institutları formalaşdırılıb və
xarici iqtisadi fəaliyyət liberallaşdırılıb.
Makroiqtisadi sabitliyin qorunub saxlanılması qarşıya əsas
məqsəd kimi qoyulub" - deyən A.Hüseynov artıq
keçid dövrünün başa çatması ilə əlaqədar
sosial-iqtisadi inkişafın yeni mərhələsinin də
başlanıldığını bildirib. Bu mərhələnin
əsas hədəflərinin də artıq müəyyən
edildiyini bildirən təşkilat sədri makroiqtisadi sabitliyin
qorunub saxlanılmasının qarşıya əsas məqsəd
kimi qoyulduğunu vurğulayıb. "Bütün bunlara
yanaşı, ölkənin enerji, ərzaq və ekoloji təhlükəsizliyin
daha da gücləndirilməsi üçün sistemli tədbirlər
davam etdirilir. Eyni zamanda, iqtisadi artımın keyfiyyətinin
prioritetliyinin təmin edilməsi nəzərdə tutulur. Bu məqsədlə
iqtisadiyyatın diversifikasiyası genişləndirilməklə
neft sektorundan asılılıq minimuma endiriləcək,
innovativ iqtisadiyyata keçid təmin ediləcək. Bundan
sonra isə aqrar sektorun inkişafı intensiv üsullara
üstünlük verilərək və iqtisadiyyatın
klasterlər üzrə inkişafına nail olmaq
mümkünləşəcək" - deyən A.Hüseynov
qarşıdakı müddətdə ölkədə
yoxsulluğun səviyyəsinin iki dəfə
azalacağına, biznes mühitinin daha da təkmilləşdirilməsinə,
xüsusi iqtisadi zonaların, sənaye şəhərciklərinin,
biznes-inkubatorlarının yaradılmasına, məsləhət-informasiya
təminatının, sahibkarlığa dövlət dəstəyinin
gücləndirilməsi və işgüzar əlaqələrin
inkişaf etdirilməsi yolu ilə sahibkarlığın və
regionların iqtisadi inkişafının sürətlənəcəyinə
əminliyini ifadə edib. Eyni zamanda, növbəti illərdə
də sosial-iqtisadi siyasətin ana xəttinin əhalinin həyat
səviyyəsinin daha da yüksəldilməsinə xidmət
edəcəyini bildirən A.Hüseynov Azərbaycanın malik
olduğu keyfiyyətlərin bütün dünyada liderliyini təmin
etməyə imkan verdiyini söyləyib.
Tapdıq QURBANLI
Səs.- 2010.- 17 mart.- S.
8.