Ümummilli Lider Heydər
Əliyevin müəyyənləşdirdiyi neft
strategiyası Azərbaycanın inkişafının əsasını
təşkil edir
Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini,
parlamentin Təbii ehtiyatlar,
energetika və ekologiya
komitəsinin sədri Valeh Ələsgərovun
yap.org.az-a müsahibəsi
- Valeh müəllim,
bu gün Ulu Öndər Heydər Əliyev tərəfindən
müəyyənləşdirilmiş neft
strategiyasının həyata keçirilməsi nəticəsində
Azərbaycan sürətlə inkişaf
etməkdə, böyük uğurlar qazanmaqdadır. Amma bu da məlumdur ki, "Əsrin
müqaviləsi"nin imzalanmasına qarşı müqavimətlər
olub, xarici dövlətlərlə
çətin danışıqlar aparlıb. Ümumiyyətlə,
o zaman həmin
danışıqlarda iştirak edən
şəxs kimi prosesləri necə
xatırlayırsınız?
- Ulu Öndər Heydər Əliyevin banisi olduğu Azərbaycanın neft strategiyasından danışanda o zaman ölkədə, neft-qaz sənayesində gedən prosesləri xatırlamamaq olmur. 1980-ci illərin sonunda artıq qəbul edilirdi ki, müasir Qərb texnologiyalarını, avadanlıqlarını və böyük həcmdə tələb olunan maliyyə resurslarını cəlb etmədən, tətbiq etmədən Xəzər dənizinin dərin sularında yerləşən neft-qaz ehtiyatlarının kəşfiyyatını, işlənməsini təmin etmək mümkün olmayacaq. Hətta o da qəbul edilirdi ki, bu işlərin uğurla aparılması üçün mütləq tanınmış xarici şirkətlər də cəlb edilməlidir.
1990-1993-cü illərdə çoxsaylı xarici şirkətlərlə, maliyyə-kredit institutları ilə görüşlər keçirilirdi, danışıqlar aparılırdı, tenderlər keçirilirdi, hətta bu tenderlərin qalibləri elan edilirdi, protokollar, meomrandumlar, başqa sənədlər imzalanırdı. Ancaq nəticə yox idi! Nəticə deyəndə söhbət nədən gedir - imzalanmış və hüquqi qüvvəyə minmiş anlaşma, saziş; bunun davamı olaraq qoyulmuş sərmayələr, başlanmış işlər - bunlar yox idi. Bunlar ola da bilməzdi, çünki o zamanlar hakimiyyətdə olanların arasında beynəlxalq iqtisadiyyatın, maliyyə-kredit sisteminin, ümumilikdə, beynəlxalq siyasətin və konkret olaraq milli təbii ehtiyatların kəşfiyyatı, işlənməsində xarici şirkətlərin cəlb edilməsinin qanunvericilik, hüquqi, idarəetmə və s. əsaslarını, incəliklərini mükəmməl bilən, böyük təcrübəsi olan, beynəlxalq dairələrdə nüfuzu olan, biliyinə, təcrübəsinə, nüfuzuna millətin hörməti və ehtiramına, inam və dəstəyinə arxalanıb, müsbət və mənfi məqamları, riskləri nəzərə alıb uzunvədəli neft-qaz stratategiyasını, bu strategiya ilə bərabər və buna əsaslanan iqtisadiyyatın başqa sahələrinin inkişaf strategiyasının işlənməsini və həyata keçirilməsini təmin edə bilən, bu prosesi idarə edə bilən, bunlarla bağlı bütün məsulliyəti öz üzərinə götürə bilən siyasi lider yox idi.
- Ulu Öndər
Heydər Əliyevin hakimiyyətə qayıdışı bu proseslərə nə dərəcədə
təsir etdi?
- 1993-cü ilin iyun ayında, faktiki olaraq, Azərbaycanda vətəndaş müharibəsi başlamışdı. Azərbaycan dövlət olaraq parçalanma ərəfəsində idi, Ermənistanın Azərbaycana qarşı təcavüzü genişlənərək davam edir, bir sözlə, ölkə ictimai-siyasi, iqtisadi, maliyyə böhranında idi. Bu gərgin şəraitdə xalqın təkidi ilə Azərbaycanda hakimiyyətə Ümummilli Liderimiz Heydər Əliyev gəldi. Çoxları və birinci növbədə xarici neft şirkətləri, onları dəstəkləyən dövlət və hökumətlər, beynəlxalq maliyyə qurumları gözləyirdilər ki, bu böhrandan çıxış olaraq xəzinəsində bir quruş parası olmayan və təcili maliyyə yardıma ehtiyacı olan dövlətin yeni rəhbərliyi "Azəri-Çıraq-Günəşli" neft yataqlarına dair kontraktın imzalanmasını məcburiyyət qarşısında tezləşdirərək. Ancaq hadisələr başqa istiqamətdə inkişaf etdi. Xarici neft şirkətləri ilə danışıqlar, faktiki olaraq, dayandırıldı. O zaman, o şəraitdə bu qərarı verən şəxs nə qədər səbirli, dözümlü olmalı idi, hansı iradənin sahibi olmalı idi - bunları bu gün də təsəvvür etmək adi insan üçün çox çətindir. Eyni zamanda, bu qərarı verən şəxsin nə qədər müdrik, uzaqgörən olduğunu sonrakı hadisələr göstərdi.
Azərbaycanın xarici neft şirkətləri ilə "Azəri-Çıraq və Günəşli" yatağının dərin sularda yerləşən hissəsinə dair sazişlə bağlı danışıqlara hazır olduğu, ancaq 1994-cü ilin may ayında elan edildi, sonrakı hadisələr göstərdi ki, bu 10 ay ərzində (iyul 1993 - may 1994-cü il) Azərbaycanın uzunmüddətli, ancaq bir saziş ilə, ancaq neft və qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsi ilə məhdudlaşmayan, çoxşaxəli, onlarla illəri əhatə edən neft-qaz strategiyası üzərində gərgin işlər aparılırmış.
- Bu müqavilənin
imzalanma mərasimi təntənəli oldu. Bir sıra dövlətlərin
yüksək səviyyəli hökumət üzvləri də
mərasimdə iştirak edirdi.
Həmin şəxslərin iştirakının önəmi
nədən ibarət idi?
- İllər keçdikdə, Ulu Öndərin neft-qaz strategiyasının uğurlarını gördükcə, yaşadıqca bu strategiyanın hüquqi, qanunvericilik, iqtisadi nəticələri, regional siyasətə, regionda, Avrasiya məkanında güclər balansına, geosiyasi tarazlığa təsirlər açıqlandıqca, başa düşürsən ki, Heydər Əliyevin neft-qaz strategiyasını izah etmək, şərh etmək, təhlil etmək bir adamın işi deyil, bir yazı ilə əhatə edilən deyil. Ancaq, bu strategiyanın böyüklüyü, zənginliyi ayrı-ayrı misallarda da göründüyündən, cəhd edib bəzi məqamlara toxunmaq olar.
"Azəri-Çıraq-Günəşli" layihəsini əhatə edən sazişə dair danışıqlar zamanı xarici şirkətlər ən böyük risklər kimi bəzi məsələləri ortaya qoymuşdular və bəyan etmişdilər ki, saziş imzalansa da bu risklər, onları qane edən şəkildə həll edilməyincə şirkətlərin sərmayə qoyub yataqların dəyərlərindirilməsini, işlənməsini təmin edib, neft hasil etmək öhdəlikləri olmamalıdır. Bu risklərdən də ən önəmlisi kimi Xəzər dənizinin statusunun qeyri-müəyyənliyi göstərilirdi. Vəziyyət o yerə gəlmişdi ki, 1994-cü ilin iyul ayından aparılan danışıqlar, faktiki olaraq, dayanmışdı və nəticə olaraq ARDNŞ-nin birinci vitse-Prezidenti İlham Əliyev Vaşinqtonda ABŞ-ın yüksək səviyyəli rəsmiləri ilə görüşüb beynəlxalq hüquq normalarına, müvafiq sazişlərə və təcrübəyə əsaslanaraq, bu tələbin əsassız olduğunu isbat edə bildi və xarici şirkətlər tələblərini geri götürməli oldular. Ancaq ümumilikdə götürəndə, əlbəttə problem var idi və gələcəkdə bu, kəşfiyyat və işlənmə işlərinin ləngiməsinə gətirib çıxara bilərdi.
Azərbaycan tərəfinin təkidi ilə sazişdə mütləq bir şərt öz əksini tapdı: saziş qüvvəyə minəndən 30 ay ərzində xarici şirkətlər bu yataqlardan neft hasilatına başlamasalar Azərbaycan tərəfi bu sazişə birtərəfli xitam verə bilər və xarici şirkətlər tərəfindən xərclənmiş vəsaitləri ödəmək öhdəliyi olmayacaq. Daha önəmli və strateji əhəmiyyətli gedişat ondan ibarətdir ki, sazişin adında və dəfələrlə mətnində də yazılmışdı: "...Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq" yataqları və "Günəşli" yatağının...".
20 sentyabr 1994-cü ildə bu sazişin təntənəli imzalanma mərasimində sazişi imzalayan şirkətlərin səlahiyyətli nümayəndələri ilə bərabər həm də bunların təmsil etdiyi ölkələrin (ABŞ, Böyük Britaniya, Rusiya, Norveç, Türkiyə) yüksək rütbəli hökumət rəsmiləri var idi. Şirkətlərin rəhbərləri "Əsrin müqaviləsi" kimi tanınmış sazişi imzalayandan sonra, saziş imzalanmaq üçün hökumət rəsmilərinə (şahidlər qismində!) təqdim edildi. Müvafiq prosedurlardan sonra bu saziş Milli Məclisdə ratifikasiya edilib hüquqi qüvvəyə mindi (faktiki olaraq, -beynəlxalq saziş statusunda) və beləliklə, saziş əhatə etdiyi dəniz ərazisinin, bu yataqların Azərbaycana məxsus olması yeni tarixdə rəsmi, beynəlxalq sənədlə tanındı və bizim üçün həyatı önəm daşıyan beynəlxalq, hüquqi presedent yarandı. Bununla, həm də Xəzər dənizinin delimitasiyasının sivil, beynəlxalq normalara, sazişlərə və təcrübəyə müvafiq şəkildə həll olunmasının təməli qoyuldu. Bu prosesin davamı olaraq, məlum olduğu kimi, Rusiya, Qazaxıstan, Azərbaycan arasında Xəzər dənizinin delimitasiyasına dair iki və üçtərəfli sazişlər imzalandı və əminəm ki, başqa ölkələrində bu sazişlərə qatılmasını görəcəyik.
- Neft
strategiyasının reallaşmasında, Azərbaycan neftinin dünya bazarına
çıxarılmasında ixrac kəmərlərinin
də rolu hər kəsə məlumdur.
İstərdik, bu məsələnin tarixi haqqında da
danışasınız. Bir neçə
istiqamətdə neft kəmərlərinin
çəkilməsi ideyası necə yarandı?
- Prezident İlham Əliyev bir neçə il bundan əvvəl çıxışlarından birində deyəndə ki, Azərbaycan hasil etdiyi neft və qazı dünya bazarlarına artıq yeddi (!) boru kəməri vasitəsi ilə ixrac edə bilər, tədbirdə iştirak edənlərin bəziləri təəccüblə bir-birinə baxdı, bəziləri bunu tərcümə səhvi kimi anladı, bəzilərinin də ürəkləri qürurla doldu - bir neçə il bundan öncə dünya bazarlarına heç bir boru kəməri olmayan Azərbaycan bu gün istədiyi istiqamətdə, istədiyi istehlakçıya, məqbul bildiyi şərtlərlə neftini, qazını ixrac edə bilər. Əlbəttə ki, bu imkanlar Heydər Əliyevin neft-qaz strategiyasının və bu strategiyanı məharətlə təkmilləşdirərək həyata keçirən Prezident İlham Əliyevin siyasətinin nəticəsidir.
"Əsrin kontraktı" imzalanmamışdan öncə, xarici sərmayəçilər (söhbət milyardlarla ölçülən sərmayələrdən gedirdi) ən böyük risklər və qeyri-müəyyənliklər sırasında həm də açıq dənizlərə ixrac boru kəmərlərinin olmamasını görürdü. Nəzərə alsaq ki, "Əsrin kontarktı" çərçivəsində yaradılmış Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) 1995-ci ilin əvvəlindən fəaliyyətinə başladı və kontraktın şərtlərinə uyğun olaraq 1997-ci ilin ikinci yarısında artıq neft hasilatına başlamalı idi və təbii ki, bu neft dünya bazarlarına ixrac edilməli idi. Çoxları inanmırdı ki, cəmi 30 ay içində, hətta hasil edilən neftin boru kəməri vasitəsi ilə sahilə nəql edilməsi təmin edilsə belə, bu nefti ən yaxın məsafədə olan Qara dəniz limanlarına çatdıra bilən boru kəmərini tikmək mümkün olar.
İqtisadiyyatın siyasi ölçüsünü, siyasətin iqtisadi ölçüsünü dərindən bilən və bunlardan məharətlə istifadə edə bilən Ulu Öndərimizin qərarı ilə Rusiya ilə danışıqlar başlandı. Məqsəd - Rusiyanın Volqaboyu, Ural və Qərbi Sibirdəki neft yataqlarını Qara dənizdəki ixrac limanı Novorossiysklə birləşdirən boru kəmərlərindən, bu neftlərin bir hissəsini bir zaman Bakı emal zavodlarına çatdıran boru kəmərini əks istiqamətdə (Bakı-Novorossiysk) istifadəsini təmin edən sazişlərin razılaşdırılması idi. Danışıqlar çox çətin şəraitdə keçsə də - çətinliklər də birinci növbədə Rusiya tərəfinin bu sazişlərlə Azərbaycan neftinin ixracını birdəfəlik ancaq öz kəmərlər sisteminə bağlamaq və ticari şərtlərin sazişlərin qüvvədə olduğu müddət ərzində dəyişmək hüququna malik olmaq istəyindən və bunlarında Azərbaycan nümayəndələri tərəfindən heç bir variantda və şəkildə qəbul etməməsindən yaranırdı - Heydər Əliyevin şəxsi müdaxiləsi nəticəsində ədalətli bir dövlətlərarası saziş imzalandı və bu gərgin prosesin sonunda 1997-ci ilin sonunda Bakı-Novorossiysk boru kəməri istismara buraxıldı.
Bununla da, həm ARDNŞ-in hasil etdiyi neftin ixracı üçün, həm ABƏŞ-in istehsal etdiyi neftin ixracı üçün
yol açıldı! Sözsüz ki, bunlarla bərabər Rusiya ilə də siyasi, ticari münasibətlərdə də yeni imkanlar
açılırdı. Başqa bir önəmli məqamda qeyd
edilməlidir - "Azəri-Çıraq-Günəşli"
kontrakt sahəsində hasil
edilən neftin Rusiya ərazisindən
dövlətlərarası saziş
çərçivəsində nəql və ixrac
edilməsi faktı həm də Azərbaycanın Xəzər
dənizinin delimitasiyasına dair beynəlxalq
hüquq normalarına, beynəlxalq
sazişlərə və təcrübəyə əsaslanan
mövqeyinə de-fakto bir
dəstək verirdi. Adları
çəkilən yataqlarda hasil edilən neft dövlətlərarası
sazişlə tənzimlənən münasibətlər
çərçivəsində iki
dövlətin ərazisindən keçən boru
kəməri vasitəsi ilə ixrac edilirsə,
deməli, bu yataqlar
artıq mübahisə predmeti deyil!
Bakı-Novorossiysk boru kəmərində
bərpa işləri hələ başlamamış Ulu
Öndər tərəfindən ARDNŞ və ABƏŞ rəhbərliyinə
Bakı-Xaşuri (Gürcüstan) neft məhsulları boru kəmərinin
vəziyyətini öyrənmək və bundan istifadə edərək
Xəzər dənizini Qara dənizlə birləşdirən
boru kəmərinin inşasına hazırlaşmaq
tapşırığı verildi. Bu qərar bəzilərini
təəccübləndirdi, bəzilərinin (xarici şirkətlər,
maliyyə qurumları və s.) narazılığına səbəb
oldu. Onları da başa düşmək olardı - təcrübədən
məlum idi ki, gərək Bakı-Novrorssiysk kəməri
istismara buraxılmalı idi, sonradan bunun keçiriləcəyinin
artırılması imkanları öyrənilməli və təhlil
edilməli idi, hasilat artdıqca addım-addım
keçiricilik də artırılmalı idi, buna da həm
zaman, həm əlavə vəsait tələb olunacaq.
Sonrakı hadisələr,
bu qərarın həm siyasi, həm iqtisadi cəhətdən
nə qədər uzaqgörən və səmərəli
olduğunu açıq-aydın göstərdi. Bir sözlə,
müvafiq dövlətlərarası, dövlət və
şirkətlərarası sazişlər imzalandı, layihənin
parametrləri, maliyyə mənbələri müəyyən
edildi və 1997-ci ilin sentyabr ayında layihənin icrasına
başlandı. 1999-cu ilin aprel ayında Bakı-Tbilisi-Supsa boru
kəməri (850 km yaxın uzunluğu olan) nasos
stansiyalarınla, Supsada inşa edilmiş terminal və limanla təntənəli
şəraitdə istismara buraxıldı. Bu hadisədən cəmi
yeddi ay keçməmiş 1999-cu ilin noyabr ayında
İstanbulda Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinə
dair dövlətlərarası saziş (buna əlavə
edilmiş tranzit ölkələrinin hökumətləri və
bu layihənin gələcək investorları,
iştirakçıları arasında imzalanacaq sazişlərlə)
imzalandı. Bundan bir il keçməmiş Cənubi Qafqaz Qaz
Boru kəməri layihəsinə (Azərbaycan qazını Azərbaycan,
Gürcüstan ərazisi ilə Türkiyəyə və gələcəkdə
başqa ölkələrə çatdıra bilən) dair Azərbaycan
və Gürcüstan arasında dövlətlərarası
saziş imzalandı və qısa müddətdən sonra eyni
dəhlizdə yerləşən bu layihələrin
inşasına başlandı.
Sadaladığım
boru kəmərlərinə dair danışıqların
aparılması, müvafiq sazişlərin imzalanması,
qüvvəyə minmə zaman və tarixlərini təhlil edəndə
görünür ki, bunların hamısı əvvəlcədən
ölçülüb-biçilmiş, hesablanmış,
uzunmüddətli bir strateji planın hissələri idi. Bu
strateji plan və ümumiyyətlə, Heydər Əliyevin
neft-qaz strategiyası o qədər məharətlə və
bütün məqamları, o cümlədən,
mümkün ola bilən təzyiqləri, siyasi oyunları, təxribatları
nəzərə alan, əsalandırılmış şəkildə
hazırlanıb və həyata keçilirdi ki, bu
planların, bu strategiyanın qarşısını heç
kim ala bilmədi.
- Enerji təhlükəsizliyi məsələsi
dünyanın qlobal probleminə çevrilib. Belə bir şəraitdə
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində
rolu haqqında nə deyə bilərsiniz?
- Azərbaycanın
Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində
rolu haqqında danışarkən bir neçə məqamı
nəzərə almalıyıq:
- Azərbaycanın zəngin
neft-qaz ehtiyatları (mövcud ehtiyatlar və gələcəkdə
kəşf ediləcək ehtiyatlar);
- Azərbaycanın, Xəzər
dənizinin neft-qaz ehtiyatlarını (tək Azərbaycan
sektorunda yox, həm də qonşu ölkələrə məxsus
olan sektorlarda) Avropa bazarlarına çatdıra bilən nəqliyyat
infrastrukturu (Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Supsa,
Bakı-Novorossiysk ixrac neft boru kəmərləri; Cənub
Qafqaz ixrac qaz boru kəməri - daha çox Bakı-Tbilisi-Ərzurum
kimi tanınan kəmər; dəmir yolu);
- Azərbaycanın, beynəlxalq
əhəmiyyətli enerji layihələrinin həyata
keçirilməsində olan təcrübəsi və qüdrəti;
- Azərbaycanın
sözünə, vədinə, imzaladığı sənədlərə
sadiqliyi (zamanla yoxlanılmış, çətin
sınaqlardan keçmiş);
- Azərbaycanda
ictimai-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin bərqərar
olunması və bunlara əsaslanan dayanaqlı sosial-iqtisadi
inkişafın təmin edilməsi.
Sözsüz ki, Xəzər
dənizinin neft-qaz ehtiyatlarının Avropa enerji təhlükəsizliyinin
təmin olunmasında xüsusi yeri var və bu ehtiyatlara Avropa
bazarında ehtiyac ildən-ilə atracaq.
Təbii ki, Azərbaycanın
mövcud ixrac-tranzit infrastrukturuna, bu infrastrukturun genişlənməsinə
də ehtiyac artacaq.
Yuxarıda
sadaladığım məqamları da nəzərə alsaq,
qəbul etməliyik ki, Azərbaycanın iştirakı, Azərbaycanın
dəstəyi olmadan, Azərbaycanın maraqları nəzərə
alınmadan, hər hansı beynəlxalq əhəmiyyətli
enerji layihəsinin icrası mümkün deyil.
- Bu gün ölkəmiz inkişafı baxımdan
dünyada ən öndə gedən dövlətlərdən
biridir və artıq Azərbaycanın iqtisadi inkişaf modeli
aparıcı beynəlxalq institutlar tərəfindən
öyrənilməkdədir. Bu mənada, Azərbaycanın
inkişaf modelinin formalaşmasında neft strategiyasının
rolunu necə qiymətləndirirsiniz?
- Azərbaycanın son
15 illik inkişaf tarixini təhlil edən hər bir kəs,
razılaşar ki, neft strategiyası, ölkəmizin
bütün sahələrinin - ictimai-siyasi, iqtisadi, sosial, mədəni
və s. inkişafını əhatə edən geniş
strateji planın bir hissəsidir; əlbəttə ki,
xüsusi yeri olan, xüsusi önəmi, dəyəri olan bir
hissəsidir.
Dayanıqlı
inkişafı təmin edən geniş strateji planın
ayrı-ayrı istiqamətlərinin, sahələrinin
inkişafını təmin edən planlar, tədbirlər
arasında hər birinin ayrılıqda və
hamısının cəm şəkildə
inkişafını təmin edən, bunlara daxildən və
xaricdən mənfi təsirlərin qarşısını ala
bilən və ya da mümkün qədər neytrallaşdıra
bilən, müsbət təsirlərin isə
gücünü artıra bilən əlaqələr, mexanizmlər,
bunların idarə olunması, icrayə nəzarəti
yolları müəyyən edilməsə idi, bunların səmərəli
tətbiqi təmin edilməsə idi və yəqin ki, həm
neft strategiyamızın uğurları, həm də həyatımızın
bütün sahələrində əldə etdiyimiz
uğurlar bugünkü səviyyədə olmazdı.
Çox önəmli
bir məqama da toxunmaq lazımdır: Heydər Əliyevin
neft-qaz strategiyasında, neft-qaz strategiyası önəmli bir
hissəsi olan geniş strateji inkişaf planının
zamanın tələblərini, regionda, dünyada gedən
prosesləri nəzərə alaraq ardıcıllıqla, əzmkarlıqla
təkmilləşdirilməsinin təşkil və təmin
olunması, tətbiq edilməsi - bunlar olmasaydı, yəqin
ki, Azərbaycan hər bir sahədə və ümumi
inkişafını əks etdirən makroiqtisadi göstəricilərinə
görə dünyada ən yüksək səviyyədə
olan ölkələr arasında olmazdı.
Neft və qaz
ehtiyatları olan, neft və qaz hasil edən ölkələrin
sayı onlarla ölçülür və bunların
içində həm neft-qaz ehtiyatları ilə, həm də
neft-qaz hasilatının həcminə görə Azərbaycandan
çox-çox irəlidə gedən ölkələr var
(o cümlədən, yaxın qonşularımız).
Ancaq ən obyektiv
göstəricilər olan maroiqtisadi göstəriciləri
müqayisə etsək ölkəmizin bunların əksəriyyətindən
gözə çarpan dərəcədə irəlidə
olduğunu görərik. Bunun da səbəbi, mənim fikrimcə,
yuxarıda qeyd etdiyim məqamlardan irəli gəlir.
VALEH ƏLƏSGƏROV
Səs.- 2010.- 18 mart.- S. 4-5.