“Milli-mənəvi dəyərlərin inkişafı və təbliği"

 

"Səs" qəzeti bu mövzuda növbəti dəyirmi masa keçirdi

 

Ənənəvi olaraq "Səs" qəzetinin redaksiyasında keçirilən dəyirmi masalar ölkə ictimaiyyəti tərəfindən böyük maraq və diqqətlə izlənməkdədir. Davamlı şəkildə ölkəmizin ictimai-siyasi və sosial həyatında baş verən dəyişikliklər məhz bu dəyirmi masalarda hökumət, dövlət, millət vəkilləri, QHT rəhbərlərinin iştirakı ilə ətraflı şəkildə müzakirə olunub geniş ictimaiyyətə təqdim olunur. Budəfəki dəyirmi masanın mövzusu isə milli-mənəvi dəyərlərə bağlı oldu.     Dəyirmi masada Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, şair, türkoloq, filologiya elmləri namizədi, "Ədəbiyyat" qəzetinin şöbə müdiri Adil Cəmil, Azərbaycan  Gənc Tamaşaçılar Teatrının baş redaktoru Səriyyə İsmayılova, Azərbaycan Gənc Tamaşaçılar Teatrının aktyoru və rejissoru, xalq artisti, "Qızıl Dərviş" mükafatı laureatı Ağaxan Salmanlı, Azərbaycan Dövlət Pedaqoji Universitetin professoru Buludxan Xəlilov, Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalı və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Vüsalə Hüseynova iştirak edirdilər.

Dəyirmi  masada giriş sözü ilə çıxış edən "Səs" qəzetinin şöbə müdiri İlham Əliyev qarşıdan gələn milli bayramımız olan Novruz bayramı münasibətilə qonaqları qəzetin kollektivi adından təbrik etdi. Bildirdi ki, "Səs" qəzetinin redaksiyasında artıq 4 ilə yaxındır ki, hər həftənin çərşənbə günləri ölkəmizdə maraq doğuran məsələlər ətrafında dəyirmi masalar keçirilir. Bu dəyirmi masalarda millət vəkilləri, dövlət və hökumət, geniş ictimaiyyətin nümayəndələri təmsil olunur. Məqsəd isə qloballaşan dünyada internet saytlarının sayının kifayət qədər çox olduğu bir dövrdə Azərbaycanla bağlı istənilən məlumatın yayılmasında bu cür dəyirmi masalarda səslənən fikirlərin böyük məna kəsb etdiyini qeyd edən İ.Əliyev bu, günkü mövzunun milli-mənəvi dəyərlərə həsr olunduğunu bildirdi. Qeyd etdi ki, ölkəmizdə tarixi köklərimizə, milli-mənəvi dəyərlərimizə böyük hörmət və ehtiram mövcud olub. Məhz dövrümüzdə də milli-mənəvi dəyərlərə böyük diqqətin bariz nümunəsini Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva göstərir. Belə ki, bilavasitə, Onun təşəbbüsü və səyləri nəticəsində milli-mənəvi dəyərlərimizin inkişafı, geniş təbliği istiqamətində mühüm tədbirlər həyata keçirilib. YUNESKO-da Azərbaycanın milli muğam sənətinin, aşıq sənətinin maddi-mədəni irs siyahısına salınması, eləcə də, BMT-də hər ilin mart ayının 21-nin bütün dünya ölkələri tərəfindən Novruz Günü kimi qeyd olunması haqqında qətnamənin imzalanması məhz Onun uzaqgörən əməyinin bəhrəsidir. İstərdik ki, bugünkü dəyirmi masamızda iştirak edən qonaqlar da bu mövzu ətrafında öz fikir və mülahizələrini bildirsinlər.

 

AZƏRBAYCAN, ƏSLİNDƏ, SUPER MƏDƏNİYYƏTƏ MALİK TOPLUM SAYILIR

 

Aydın Xan Əbilov:

 

- Bu məsələ dünyanın bir çox ölkələrində geniş müzakirə olunur və hər bir millət özünün milli-mənəvi dəyərlərinin mahiyyətini dərk etmək istəyir. Milli-mənəvi dəyərlər dedikdə, din, adət-ənənələr və mədəniyyətin bir çox sahələri də buraya daxildir. Gəlin əvvəl milli-mənəvi dəyərlər izahını verək. Əgər milli-mənəvi dəyərlər ibtidai-icma və feodalizm dövrlərində yaranıbsa, müasir dövrdə müstəqil Azərbaycanda onun əlimizdə nə dərəcədə bayraq etməli olduğumuzu aydınlaşdırmalıyıq. Azərbaycanın milli-mənəvi dəyərlərinin bünövrəsində türk milli-mənəvi və mədəni dəyərləri öz əksini tapır. Bu bünövrə elə möhkəmdir ki, onu bizim əlimizdən heç kim ala bilməz. Amma Azərbaycan dünyanın az-az xalqlarına nəsib olan bir proses keçib. Tarixə nəzər saldıqda, Azərbaycan, əslində, super mədəniyyətə malik toplum sayılır. Ona görə də, biz muğamı, Novruz bayramını, aşıq sənətini YUNESKO və BMT-yə təqdim etdikdə, onlar bunu qəbul etdilər. Bunun arxasında digər faktorlar da dayanır. Çünki tək aşıq sənəti digər türkdilli və türksoylu xalqlara da aid olan bir sənət nümunəsidir. Eyni zamanda, Novruz bayramı da türkdilli və farsdilli xalqların ortaq bayramıdır. Mahiyyət isə ondan ibarətdir ki, tarixən dünya sivilizasiyasında baş verən bütün hadisələr Azərbaycana bu və ya digər formada təsir edir. Məsələn, yunan-Roma mədəniyyəti Qobustandakı mədəni abidəlirimizlə yanaşı, Roma dilində sözlər var. Qədim fars, Midiya və xristian mədəniyyətləri də Azərbaycan milli-mənəvi dəyərlərinin formalaşmasında və bunun bir sivilizasiya hadisəsinə çevrilməsində çox önəmli bir rolu olub. Sonrakı dövrlərdə rus, ingilis mədəniyyətlərinin bizim mədəniyyətə təsiri müşahidə edildi. Amma bütün bunlarla yanaşı, biz babalarımızın bizə qoyub getmiş olduğu bir bünövrə üzrə addımlayırıq. Məsələn, Azərbaycan xalqının milli  pasportuna çevrilmiş olan "Kitabi-Dədə Qorqud" və "Manas" dastanları arasında milli-mənəvi dəyərlərin bünövrəsi o qədər güclüdür ki, bunu bizim əlimizdən heç kim ala bilməz.

 

NOVRUZ BAYRAMI YUNESKO TƏRƏFİNDƏN ÇOXMİLLƏTLİ BAYRAM KİMİ QORUNMAQDADIR

 

Fikrət Babayev:

 

- Azərbaycan əlahiddə bir ərazidə deyil, sivilizasiyaların qovşağında yerləşir. Biz digər xalqlara təsir etməklə yanaşı, onlar da bizə təsir göstərirlər. İslam dininin də Azərbaycanın milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə təsiri danılmazdır. Bizim həyatımızın və məişətimizin bir çox sahələri islam dininin ehkamları və tələbləri çərçivəsində qurulub. Son zamanlar ölkəmizdə maddi-mədəni irsimizlə yanaşı, qeyri-maddi mədəni irsimizə də böyük diqqət və qayğı göstərilir. Qeyd edim ki, YUNESKO bu məsələ ilə bağlı 2003-ci ildə deklarasiya qəbul edib. Yəni, bu məsələ yeni bir məsələdir. Bu öncə qeyri-maddi irs məsələsinə bu qədər diqqət yetirilmirdi. İndiki dövrdə hər bir xalqın qeyri-maddi irsinin qorunmasına YUNESKO tərəfindən böyük diqqət və qayğının yetirilməsi sevindirici haldır. Bu, ona görə əhəmiyyətlidir ki, müəyyən zaman keçdikcə, xalqlar öz milli xüsusiyyətlərini itirirlər, kiçik xalqlar assimlyasiyaya uğrayırlar. Ona görə də, YUNESKO bir çox məsələlərə nəzarəti məhz özünün öhdəsinə götürür, onun qorunub-saxlanması yönündə mühüm işlər görür. Azərbaycan özünün xalçaçılıq sənəti ilə bağlı fayl hazırlanıb, YUNESKO-ya təqdim olunacaq. Beləliklə də, Azərbayan xalçası məhfumu da YUNESKO tərəfindən qorunan bir sahə olacaqdır. Burada Novuruz bayramı ilə bağlı fikirlər də səsləndi. Qeyd ndim ki, Novruz bayramı təkcə Azərbaycan xalqının bayramı deyil. Bu bayram on ölkədə rəsmi şəkildə qeyd olunur. Məsələn, İran 2002-ci ildə YUNESKO-ya müraciət edərək, Novruz bayramını özünün qeyri-maddi irs siyahasına daxil etdi. YUNESKO isə İrana bildirdi ki, bu, təkcə sizin deyil, eyni zamanda, bir çox ölkələrin də, milli bayramıdır. Yəni, Novruz bayramı YUNESKO tərəfindən çoxmillətli bayram kimi qorunmaqdadır. Qeyd etmək istəyirəm ki, qeyri-maddi irs məsələsinin qorunması olduqca mühümdür.

 

"Səs" qəzetinin əməkdaşı:

- Milli-mənəvi dəyərlərimizin tarixi kökləri barədə deyəcəkləriniz nədən ibarətdir?

 

AZƏRBAYCANIN MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİNİN KÖKÜ DƏRİN TARİXƏ MALİKDİR

 

Buludxan Xəlilov:

- Bizim mənəvi dəyərlərimizin kökü türk qövmünün, türk tayfasının etnik dəyərləri, həyat tərzi, məişəti, etnoqrafiyası ilə bağlı olan məsələlərdir. Bugünkü müasir türk xalqlarının hamısının kökündə, düşüncəsində, həyata baxışında, dilində, dinində yaxınlıq da bu ortaq dəyərlərlə bağlıdır. Təbii ki, orta əsrlər dövründən sonra türk tayfalarının diferensiyalaşması və türk xalqlarının yaranması müxtəlif fərqli xüsusiyyətləri yaratmaqla yanaşı, ortaq dəyərləri də qoruyub saxlaya bildi. Bu ortaq dəyərlər də dil, din, adət-ənənələri özündə ehtiva edir. Məhz bu ortaq dəyərlər içərisində öncə nağıllardan başlamalıyıq. Azərbaycanın çox fundamental, təlim-tərbiyə prosesində, tədrisdə uşaqlarımızın düzgün faydalanacağı nağılları vardır. Dünyada aparılan tədqiqatlar onu sübut edib ki, hansı xalq öz uşaqlarına nağıllarını, dastanlarını oxutdurursa, həmin xalqın inkişafı daha düzgün təməl üzərində qurulur. Həmin uşaqlar milli təfəkkür və şüur əsasında yetişir. Sonradan həyatda qazandıqları, başqa xalqlar barəsində öyrəndikləri öz milli zəminində öyrəndikləri üzərində təşəkkül tapır. Belə olan halda, yetişməkdə olan gənclikdə də, vətən, xalq və dövlət üçün də faydalı olur. Biz nağıllarımızı, dastanlarımızı orta və ali məktəblərdə ciddi şəkildə tədris proqramına cəlb etməliyik. Bu istiqamətdə müəyyən işlər daha da gücləndirilməlidir ki, gənc nəsil bilsin ki, hansı istiqamətə hərəkət etmək olar. Sevindirci hal isə odur ki, bizdə bu istiqamətdə sosial məsuliyyət mövcuddur. Əgər bir statistik hesablama aparsaq, görərik ki, ölkəmizdə uşaqdan tutmuş böyüyə kimi hamı, milli-mənəvi dəyərlərə hörmətlə yanaşır. Böyük-kiçik münasibətləri, adət-ənənəni qoruyub saxlanması, konkret olaraq Novruz bayramı ərəfəsində bu bayrama olan hörməti misal göstərmək kifayət edər. Bu isə bizim milli genetikamızdan qaynaqlanan bir amildir. Sadəcə olaraq, bu amili daha da inkişaf etdirmək üçün həmin dəyərlərimizi, nağıllarımızı, folklor nümunələrimizi dərindən öyrənməliyik.

 

DƏDƏ QORQUD DASTANINDA XALQIMIZIN İLKİN RÜŞEYMİMİZİN FORMALARI, YARANMA TARİXÇƏSİ MÖVCUDDUR

 

Adil Cəmil:

- Xalqın mənəviyyatı öncə, onun folklor mədəniyyətindən keçir. Çünki bir xalqın folkloru yoxdursa, onun digər dəyərlərindən danışmağa ehtiyac belə yoxdur. Folklor anlayışı isə çox geniş bir anlayışdır. Burada hansı guşələrə daha çox nəzər salmaq lazımdır, bu məsələni dərindən anlamaq zəruridir. Əgər bu gün yeni dəyərlər yaratmaq istiqamətində müəyyən çətinliklər varsa, bunun kökündə müəyyən məsələlər durur. Köhnə dəyərlərin özünü qoruyub inkişaf etdirmək isə yeni dəyər yaratmaqdan qat-qat üstün bir hal kimi qiymətləndirilir. Biz də, türk qövmünün bir parçası olaraq, yeni bir birlik modelinin yaranmasına nial olmalıyıq ki, özümüzə məxsus olan dərin dəyərləri də qoruyub saxlaya bilək. Amma bir məsələni də unutmaq olmaz ki, biz təkcə "Kitabi-Dədə Qorqud" dastanı ilə bütün dünyaya dərin məfkurəyə və kökə malik olan bir xalq olduğumuzu sübut edə bilmərik. Çünki dastan siqlətcə dünyada mövcud olan dastanlardan üstün bir dastandır. Çünki burada Azərbaycan xalqının ilkin rüşeym formaları, yaranma tarixçəsi vardır.

 

Buludxan Xəlilov:

- Bir faktı qeyd edim ki, yəhudilərin nufuzunun bu qədər çox olmasında başlıca səbəb, onların bir sıra məqəddəs kitablarının olmasıdır. Uşaq dil açıb danışmağa başlayanda, yəhudilər onlara müqəddəs kitabları mütaliə etməyi öyrədirlər. Bu müqəddəs kitabları oxuyub öyrəndikdən sonra, dünyaya həmin təfəkkür prizmadan baxırlar. Ona görə də, milli zəmin üzərində formalaşırlar. Biz də öz işimizi məhz bu prinsiplər üzərində qursaq, daha yüksək nəticələr əldə edə bilərik.

 

Aydın Xan Əbilov:

- Nağılla bağlı səslənən fikirlərlə razı deyiləm. Çünki nağıl dövrü artıq çoxdan keçib. "Kitabi-Dədə Qorqud" dastanında olan mənəvi dəyərlərlə tam razılaşmaq olar. Bu kitab bizim sivilizasiya pasportumuzdur. Ona görə də, ulu öndərimiz Heydər Əliyev böyük təşəbbüs göstərərək, 1300 illik yaşı olan bu abidəmiz barəsində bütün dünya ictimaiyyətinə geniş məlumat verdi. Məhz bu dastanda qeyd olunan faktlarla yanaşı, ulu öndərimiz sübut etdi ki, biz bu torpaqların tarixi sakinləriyik və ermənilər buraya çox-çox sonralar köçüb gəliblər. Amma nağıllarla bağlı, onu deyə bilərəm ki, bu gün biz bir millət olaraq, dünyanın heç bir xalqının nağılını oxumuruq.

 

Buludxan Xəlilov:

-  Burada səslənən fikirlərlə razı deyiləm. Çünki nağıl bizim həyatımızdır. Həyatımız isə romantikadan da, reallıqdan da ibarət olduğu üçün bu məsələyə daha həssas yanaşmalıyıq.

 

Əkbər Qoşalı:

- Siz bir mütəxəssis və müəllim kimi məsuliyyət hiss edərək bunu deyirsiniz?!

 

Səriyyə İsmayılova:

- Biz bu gün gənclərdə müsbət və mənfi amillərə olan münasibəti daha açıq şəkildə formalaşdırmalıyıq. Ona görə də, uşaqlarımızın daha  layiqli tərbiyə olunması üçün hər şeyi birbaşa təhsildən başlamalıyıq. Belə olan halda isə, gənclərin, ümumilikdə, milli-mənəvi dəyərlərə bağlılığı tamamilə başqa olacaqdır.

 

Ağaxan Salmanlı:

- Azərbaycanın özünün malik olduğu milli-mənəvi dəyərlərin içində də bir zəngin dəyərlər mövcuddur. Çünki təkcə Novruz bayramının keçirilməsində bir sıra milli ornamentlərə müraciyət etmək mümkün olur. Ona görə də, ilk növbədə, Azərbaycxanda folklor teatrının yaranmasına ehtiyac vardır. Onu da qeyd edim ki, bizim teatrın tarixi 137 il deyil, onun yaşı daha qədimdir. Çünki bizim xalq, meydan tamaşalarımız mövcud olub. Bu gün bizim gördüyümüz teatr isə Avropa teatrı əsasında yaradılıb. Milli teatr simamızın olmaması isə bizim Avropa teatrları arasında nüfuzumuzun bir o qədər də ucalmamasına səbəb olur.

 

Əkbər Qoşalı:

- Milli-mənəvi dəyərlər mövzusunu bu formatda müzakirəyə çıxardığına görə, "Səs" qəzetinin bütün kollektivinə öz minnətdarlığımı bildirirəm. Burada səslənən əsas məqamlardan biri də o oldu ki, folklor və dil amilini unutmaq olmaz. Böyük Krım tatar şairi Niyazinin bir sözü var. Dildən bir qavramın itməsi, mədəniyyətdən bir qatın itməsi deməkdir. Biz illərdir ki, dilimizdən sözləri itirə-itirə, yad sözləri işlədə-işlədə dilimizə qarşı böyük təhriklərə yol açmışıq.

 

 

(Ardı var)

 

Tapdıq QURBANLI,

 

Kübra ƏLİYARLI

 

Səs.- 2010 .- 18 mart.- S. 8-9.