“Milli-mənəvi dəyərlərin inkişafı və təbliği"

 

"Səs" qəzeti bu mövzuda növbəti dəyirmi masa keçirdi

 

(Əvvəli ötən sayımızda)

 

Ənənəvi olaraq "Səs" qəzetinin redaksiyasında keçirilən dəyirmi masalar ölkə ictimaiyyəti tərəfindən böyük maraq və diqqətlə izlənməkdədir. Davamlı şəkildə ölkəmizin ictimai-siyasi və sosial həyatında baş verən dəyişikliklər məhz bu dəyirmi masalarda hökumət, dövlət, millət vəkilləri, QHT rəhbərlərinin iştirakı ilə ətraflı şəkildə müzakirə olunub geniş ictimaiyyətə təqdim olunur. Bu dəfəki dəyirmi masanın mövzusu isə milli-mənəvi dəyərlərə bağlı oldu.  Dəyirmi masada Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, şair, türkoloq, filologiya elmləri namizədi, "Ədəbiyyat" qəzetinin şöbə müdiri Adil Cəmil, Azərbaycan  Gənc Tamaşaçılar Teatrının baş redaktoru Səriyyə İsmayılova, Azərbaycan Gənc Tamaşaçılar Teatrının aktyoru və rejissoru, xalq artisti, "Qızıl Dərviş" mükafatı laureatı Ağaxan Salmanlı, Azərbaycan Dövlət Pedaqoji Universitetin professoru Buludxan Xəlilov, Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalı və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Vüsalə Hüseynova iştirak edirdilər.

Dəyirmi  masada giriş sözü ilə çıxış edən "Səs" qəzetinin şöbə müdiri İlham Əliyev qarşıdan gələn milli bayramımız olan Novruz bayramı münasibətilə qonaqları qəzetin kollektivi adından təbrik etdi. Bildirdi ki, "Səs" qəzetinin redaksiyasında artıq 4 ilə yaxındır ki, hər həftənin çərşənbə günləri ölkəmizdə maraq doğuran məsələlər ətrafında dəyirmi masalar keçirilir. Bu dəyirmi masalarda millət vəkilləri, dövlət və hökumət, geniş ictimaiyyətin nümayəndələri təmsil olunur. Məqsəd isə qloballaşan dünyada internet saytlarının sayının kifayət qədər çox olduğu bir dövrdə Azərbaycanla bağlı istənilən məlumatın yayılmasında bu cür dəyirmi masalarda səslənən fikirlərin böyük məna kəsb etdiyini qeyd edən İ.Əliyev bu, günkü mövzunun milli-mənəvi dəyərlərə həsr olunduğunu bildirdi. Qeyd etdi ki, ölkəmizdə tarixi köklərimizə, milli-mənəvi dəyərlərimizə böyük hörmət və ehtiram mövcud olub. Məhz dövrümüzdə də milli-mənəvi dəyərlərə böyük diqqətin bariz nümunəsini Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva göstərir. Belə ki, bilavasitə, Onun təşəbbüsü və səyləri nəticəsində milli-mənəvi dəyərlərimizin inkişafı, geniş təbliği istiqamətində mühüm tədbirlər həyata keçirilib. YUNESKO-da Azərbaycanın milli muğam sənətinin, aşıq sənətinin maddi-mədəni irs siyahısına salınması, eləcə də, BMT-də hər ilin mart ayının 21-nin bütün dünya ölkələri tərəfindən Novruz Günü kimi qeyd olunması haqqında qətnamənin imzalanması məhz Onun uzaqgörən əməyinin bəhrəsidir. İstərdik ki, bugünkü dəyirmi masamızda iştirak edən qonaqlar da bu mövzu ətrafında öz fikir və mülahizələrini bildirsinlər.

 

QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYSTRİ YARADILACAQ

 

Aydın Xan Əbilov:

- Avropa üçün Azərbaycan mədəniyyəti çox maraqlıdır. Çünki ölkəmiz əhəmiyyətli bölgədə sərhəddə yerləşir, burada müxtəlif mədəniyyətlər qovuşur. Azərbaycan milləti dünyada olan ən yeni dəyərləri dərhal özününküləşdirmək və onu yenidən dünyaya qaytarmaq imkanına malikdir. Məsələn, yunan-Roma mədəniyyəti, ədəbiyyatı və elmi türk imperiyası olan hunların, eləcə də, islam dininin yayıldığı bir dövrdə ərəb dilinə tərcümə edildi. Daha sonra avropalılar onu ərəb dilindən götürərək müxtəlif dillərə çevirdilər. Bu tərcümələr sadə bir tərcümə deyil. Onların hamısı türklər tərəfindən tərcümə edilmiş və onlara geniş şərhlər verilmişdir. Həmin şərhlərin özü müstəqil əsərlərdir. Bu texnologiyanı milli-mənəvi dəyərlərimizə də tətbiq etməyimiz olduqca vacibdir. Milli-mənəvi dəyərlərimizin bir hissəsi olan nağıllarımızda Yaponiya, Çin, İndoneziya, hətta bir çox Avropa dövlətlərin mədəniyyətlərinin izlərini görürük.

 

Fikrət Babayev:

- Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qeyri-maddi mədəni İrs Nümunələrinin Dövlət Reystrinin hazırlanması təşəbbüsü irəli sürülüb. Burada Azərbaycana məxsusluğu təsdiq olunan mərasimlər, bayramlar, xalq rəqsləri və musiqiləri, nağıllar, əfsanələr, adət-ənənələr və s. həmin dövlət reystrinə daxil ediləcək. Bunların konkret sözügedən nazirlik, ya da Nazirlər Kabineti tərəfindən təsdiq edilməsi məsələsi isə, hələlik, məlum deyil. Yeni yaranacaq bu qurumun fəaliyyəti sözlə yekunlaşmayacaq. Azərbaycana məxsus hər bir elementin özünün anketi olacaq və orada həmin element haqqında ətraflı məlumat veriləcək. Bu qurumun yaranması təkcə nazirliyin işi deyil, bütün dövlət strukturları bu istiqamətdə fəaliyyətini birləşdirməlidir.

 

MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZİN BÜTÜN DÜNYADA TƏBLİĞİNƏ BÖYÜK EHTİYAC VAR

 

Buludxan Xəlilov:

- Hesab edirəm ki, milli-mənəvi dəyərlərimizi mühafizəkarcasına qorumaq üçün onları bütün dünyada təbliğ etməliyik. Bütün dünya vahid bir mədəniyyətdən, dildən və dindən ibarətdir. Belə olan halda dünya nə qədər yeknəsək və mənasız görünər. Dünya ona görə maraqlıdır ki, dünyada müxtəlif millətlər, mədəniyyətlər və dinlər var. Bu mənada, biz dünya üçün maraqlı millətik. Ona görə ki, Azərbaycanın özünəməxsus mədəniyyəti, adət-ənənəsi, məişəti, dili və müqəddəs kitabları var. YUNESKO səviyyəsində müxtəlif tədbirlərin həyata keçirilməsi təsadüfi deyil. Bu, dünya üçün əsil ideoloji təbliğat vasitəsidir. Bunun üçün milli-mənəvi dəyərlərimizi əks etdirən mədəniyyət nümunələrimizi müxtəlif dillərə tərcümə edərək, bütün dünyada təbliğ edə bilərik. Hətta öz ölkəmizdə belə bu dəyərləri yaşamağımız üçün kütləvi nəşrlərə ehtiyac var. Nağıllarımızı sadələşmiş formada çap edərək, orta məktəb şagirdlərinin  istifadəsinə verməliyik. Güman edirəm ki, milli-mənəvi dəyərlərimizi yaşamaq, onu milli məfkurəmizə çevirmək üçün bu dəyərlərimizin təkcə orta məktəb səviyyəsində deyil, hətta ali məktəblərdə də tədrisinə ehtiyac duyulur. Bu baxımdan, dərs saatlarında şifahi xalq ədəbiyyatının vaxtlarını artırmaq lazımdır. Əgər bu istiqamətdə ciddi işlər görsək, bu, o deməkdir ki, milli zəmin üzərində inkişaf edən vətəndaşları hazırlaya bilərik. Üzeyir Hacıbəyov, Yusif Vəzir Çəmənzəminli, Firudin Bəy Köçərli və digər dahilərimiz həmişə yazıblar ki, xalqı böyütmək üçün onun içinə enmək lazımdır. Çünki xalqın içində hər şey, mədəniyyət, ədəbiyyat, folklor və s. var. Bir sözlə, milli-mənəvi dəyərlərimizi yaşatmaq, inkişaf etmək üçün onun geniş təbliğinə yer ayırmalıyıq.

 

Adil Cəmil:

- 70 il Azərbaycan tarixinin dürüst yazılmaması, onun ideoloji basqı altında qalması bizi dəyərsizləşdirdi. İndi biz özümüzə qayıdış dövrünü yaşayırıq. Bu qayıdış yolunda isə xalqın bütün milli-mənəvi dəyərləri özünə yer tapmalıdır. Bu gün nağıllarımız və dastanlarımız xalqımızın ruhudur. Millətin bu ruhunu dunyaya çatdırmaq lazımdır. Bunları tərcümə etməklə millət olaraq öz mövcudluğumuzu sübut etmiş olarıq.

 

Səriyyə İsmayılova:

- Gəlin, bütün şəhəri gəzək və 5 nəfər uşaq götürək. Onlardan İçərişəhərin, muzeylərin, tarixi abidələrin harada yerləşdiyini soruşaq. Qoy Musa Nağıyevin tikdirdiyi 98 binadan heç olmasa 5-nin adını çəksin. Amma bunu edə bilməyəcəklər.

 

Ağaxan Salmanlı:

- Biz öz teatr sənətimizdə milli simamızı axtarıb tapmalıyıq. Əsil Azərbaycan teatrının simasını dünyaya təqdim etməliyik. Nə üçün biz digər millətlər kimi xaricə ayaq aça bilmirik. Çünki hələ öz simamızı tapmamışıq. Bu gün ölkəmizdə də mövcud olan Avropa tipli teatr dünyada çoxluq təşkil edir. Bu səbəbdən dünya üçün bu teatr nümunəsi maraqlı deyil. Azərbaycan Avropa üçün öz siması ilə maraqlıdır.

 

AZƏRBAYCAN EVİNİN OBRAZI VƏ MODELİNİN NƏDƏN İBARƏT OLDUĞU AYDINLAŞDIRILMALIDIR

 

Əkbər Qoşalı:

- Bu gün dilimizi qorumağa borclu olan insanlar, bunun əksinə olaraq, dilimizə qarşı səlib yürüşünə çıxıblar. Bu sahədə çox az sayda insan tapmaq olar ki, onların yazılarında, reklam materiallarında, çıxışlarında dilə qarşı hər hansı zərbənin vurulmadığının şahidi olmayaq. Təbii ki, bu istiqamətdə maarifləndirmə işlərini ailə-bağça-orta məktəb-ali məktəb düsturu ilə aparmalıyıq. Bu məsələlərdə dərslik yazan müəlliflərin də üzərinə böyük məsuliyyət düşür. KİV-in bu işlərə ictimai qınaq və məzəmmət kimi diqqət yetirməsi də önəm kəsb edir. Digər tərəfdən, teatrda milli simamızın olmaması məsələsi önə çəkildi. Əslində, biz milli simamızı təkcə teatrda axtarmırıq. Biz milli simamızı, çox təəssüflər olsun ki, itirdiyimiz və itirmək üzrə olduğumuz hər yerdə axtarırıq. Bəlkə bunun obyektiv tarixi kökləri və ya səbəbləri var. Görün, bizim mənsub olduğumuz türk soyu hansı tarixi yolları keçib. Ümumiyyətlə, nəzər salsaq, görərik ki, dünyanın bütün ərazilərində, xüsusilə, Avrasiyanın hər yerində türk dövlət və toplumları var. Çin isə dünyanın ən böyük xalqı olsa da, bir yerə konsentrasiya olundu, mərkəzləşdi və bir ərazidə məskunlaşdı. Onların tərkibində çoxlu millətlər olsa da, Çin monodövlət tipindədir. Azərbaycan isə başqa xalqların arasında mədəniyyət yolu açmasına, onların mübadiləsini aparmasına və bəşəriyyətə harmoniya gətirməsinə baxmayaraq, itirə-itirə gedir. Milli-mənəvi dəyərlərimizi, dilimizi itirə-itirə getdik.

Bu gün Bakı şəhərində çoxsaylı göydələnlər tikilir. Azərbaycan evinin obrazı və modelinin nədən ibarət olduğu isə aydın deyil. Məgər bizim memarlarımız, dizaynerlərimiz, mütəxəssislərimizmi yoxdur? Ancaq sanki aludəçilik yaranıb ki, mütləq Azərbaycanda hər şey Avropa stildə olmalıdır. "Xruşovka", "Stalinka", "Kievski", "Leninqradski", "İstanbul" evləri olduğu halda, nə üçün Azərbaycan evinin modeli olmamalıdır? Bu işdə təkcə dövlət yox, hər birimiz üzərimizə düşən məsuliyyəti dərindən dərk etməliyik. Özümüz deyib, özümüz eşitmək mərəzindən qurtarıb, Azərbaycan mədəniyyətini, həqiqətlərini dünyaya öz platformamızda çatdırmağa çalışmalıyıq. Türkiyə ilə nə qədər dost-qardaş ölkə olsaq da, orada Azərbaycan ədəbiyyatından çox nadir nümunələri tanıyırlar. Onlara Azərbaycandan kimlərin adlarını çəkə bilərsiniz sualını verdikdə, sadəcə, Zeynəb Xanlarovanın, Çingiz Abdullayevin, Bəxtiyar Vahabzadənin adlarını çəkirlər. Səməd Vurğunu isə B.Vahabzadənin ustadı kimi xatırlayırlar. Bu cür problemləri aradan qaldırmaq məqsədilə Türkiyədə "Çağdaş Azərbaycan şeiri" antologiyasını iki cilddə nəşr etdirdik. Türk dünyası gənc yazarların ortaq elektron məkanını yaratdıq.

 

Vüsalə Hüseynova:

- Bu gün insanlar arasında kitab oxumağa maraq azalıb. Hətta elə rayon kitabxanaları var ki, oranın qapası belə açılmayıb. Kitabı yalnız bəzək əşyası kimi alıb, evlərinə qoyurlar. Bunların hamısı valideyndən asılıdır. Kitab oxumaq da tərbiyənin bir formasıdır. Biz öncə özümüzdə islahatlar aparmalıyıq ki, böyüyən nəsil bunları görsün. Bu gün hamı deyir ki, Avropa demokratiya ixrac edir. Demokratiya zamanında bizdən Avropaya gedib. Yəni, bu prinsipi onlara aşılayan türklər olub. İndi isə zaman dəyişib və onlar bizə demokratiya dərsi verməyə cəhd edirlər. Ədəbiyyat da belədir.

 

MƏDƏNİYYƏT NÜMUNƏLƏRİMİZİN İNTERNET SAYTI YARADILMALIDIR

 

Aydın Xan Əbilov:

- Məsələ ondadır ki, biz zamanın problemini görə bilmirik. Ermənistanda bütün muzeylərin rəsmi saytları var. Bizdə isə heç bir muzey teatrın saytı yoxdur. Düzdür, Mədəniyyət Turizm Nazirliyinin virtual muzey saytı yaradılır. İnterneti izləyən hər bir kəs avtomatik olaraq həmin muzeylər barədə xəbər tutur. Ona görə , mədəniyyət nümunələrinin saytlarını yaratmaqla, onları İnternet vasitəsilə dünyada tanıtmaq çox vacibdir. Gənclərin kitab oxumadığı haqqında deyilən fikirlər, tamamilə yanlışdır. Fasebook adlı sosial şəbəkə var. Oraya baxsanız, görərsiniz ki, Azərbaycan gəncləri dünya ədəbiyyatından böyük əsərləri oxuyurlar. İnsanları maraqlandıra biləcək formatı ortaya qoymalıyıq. Milli-mənəvi dəyərlərin təqdimat məsələsi çox önəmlidir. Məsələn, indi yapon uşaqları nağıl oxumur. Yapon uşağı məktəblərdə nout-bookla işləyir, elmi-fantastik əsərlər oxuyur. Nağıl bizim uşaqlarımıza heç vermir. "Kitabi-Dədə Qorqud" dastanı əsasında çəkilmiş film ən unikal filmdir. Amma bu filmi günün günorta çağı uşaqlara göstərmək olmaz. Bu filmdə iki türk tayfasının bir-birini vurması nəticəsində dava-dalaşlar olur, çoxlu qan tökülür. Uşaqlarda məntiqi sual yaranır ki, üçün mənim babalarım bir-birini qırıblar?! Gənclərimiz maksimalistdir.

 

 

(Ardı var)

 

KÜBRA ƏLİYARLI,

 

TAPDIQ QURBANLI

 

Səs.- 2010.- 19 mart.- S. 8-9.