Folklor İnstitutunun əməkdaşları Molla Nəpəsin şeirlər kitabını nəşr etdiriblər          

 

AMEA Folklor İnstitutunun əməkdaşları Ramiz Əsgər və Əli Şamil türkmən şairi Molla Nəpəsin şeirlər kitabını nəşr etdirmişlər. XIX yüzillikdə yaşamış, xalq şeiri ruhunda lirik, fəlsəfi və didaktik şeirlər yazan el şairi vətən uğrunda döyüşlərdə aldığı ağır yaradan dünyasını dəyişmişdir.

Azərbaycanda isə bu böyük şair və vətənpərvər insan layiqincə tanıdılmamışdır. Onun bir neçə şeiri tərcümə edilərək, şeir toplularına daxil edilmişdir. Folklor İnstitutunun Qorqudşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya elmləri doktoru Ramiz Əsgər şairin seçilmiş şeirlərini Azərbaycan türkcəsində nəşrə hazırlamaqla yanaşı, kitaba dəyərli ön söz də yazmışdır. Türkmən milli naxışlarıyla bəzədilmiş kitabın üzqabığı da diqqətçəkəndir.

Azərbaycanın Türkmənistan Respublikasındakı səfiri Vəhdət Soltanzadə Folklor İnstitutunun əməkdaşlarının hazırladığı "Molla Nəpəs. Seçilmiş əsərləri" kitabını Türkmənistan prezidenti Qurbanqulu Berdimühəmmədova təqdim etmişdir. Prezident bu kitabı Türkmənistan-Azərbaycan ələqələrinin daha da yaxşılaşmasına doğru atılan uğurlu addım kimi qiymətləndirmişdir.

Kitab haqqında Türkmənistan mətbuatı və informasiya agentlikləri geniş bilgi yaymışlar.

 

 

Zümrüd

 

Səs.- 2010.- 20 mart.- S. 12.