Kəlbəcərin işğalından 17 il keçir

 

Kəlbəcərlilərin ən ümdə arzusu doğma yurda qayıtmaqdır

                                                                                                        

"Kəlbəcər öz coğrafi mövqeyinə görə, elə bir yerdir ki, oranı işğal etmək, sadəcə olaraq, mümkün deyildir. Təsadüfi deyil ki, Ermənistanın işğalçı dəstələri Azərbaycana 1988-ci ildə hücum etmiş, Kəlbəcər isə 1993-cü il martın sonunda işğal olunubdur. O vaxt Azərbaycanın bir çox bölgələri, o cümlədən, bütünlüklə Dağlıq Qarabağ və Kəlbəcərlə qonşu olan Laçın rayonu işğal edilmişdir. Amma Kəlbəcər bir ada kimi qalmışdı. Bir tərəfdən, doğrudan da, coğrafi mövqeyinə görə, ikinci tərəfdən isə kəlbəcərlilərin özlərinin qəhrəmanlığına görə. Demək, onu saxlamaq, qorumaq mümkün idi və Ermənistanın işğalçı qüvvələrini Azərbaycanın zəbt edilmiş torpaqlarından, o cümlədən, Dağlıq Qarabağdan, Laçından, başqa yerlərdən çıxarmaq üçün, şübhəsiz ki, Kəlbəcəri strateji nöqteyi-nəzərdən qoruyub saxlamaq lazım idi. Bu, bir nömrəli vəzifə idi. Ancaq təəssüf ki, bunu o vaxt etməyiblər. Xəyanət, satqınlıq, ayrı-ayrı məqsədlər olubdur".

 

Heydər ƏLİYEV

 

Kəlbəcərin işğalından 17 il keçir. Hələ də cavabsız suallar saysız-hesabsızdır. Həmin günlər barədə hadisələrin canlı şahidləri də, eşidənlər də, fərziyyə yürüdənlər də danışır. Bəlkə də, ona görədir ki, biz işğalın səbəblərini hələ də tam aydınlaşdıra bilmirik.

Ermənistan silahlı birləşmələri Kəlbəcəri işğal etmək üçün ciddi hazırlıqdan sonra hücuma keçdilər. Dəqiq hazırlanmış hücum planı ilə hərəkət edirdilər. Bu, faktdır. Ancaq o da faktdır ki, dəfələrlə, konkret olaraq, Kəlbəcərdə nəinki ordu hissələrimiz, özünümüdafiə dəstələrimiz özlərindən qat-qat üstün qüvvəyə malik erməni hücumlarının qarşısını alıb, geri oturdublar. Bəs sonda niyə belə oldu? Kəlbcərin işğalında kim təqsirkardır?

Kəlbəcər qüdrətdən qalalı bir məkandır. Təbii səngərlər, quşqonmaz laçın qayalar, zirvəsinə boylananda papağı başdan salan dağlar... Bu bölgə niyə birdən-birə işğal olundu? Niyə özünümüdafiə dəstələrinin qoruduğu bu yurdu ordu qoruya bilmədi? Əzəmətindən adamın bağrını yaran dağlar, 1936 kvadratkilometrlik bir ərazi, necə oldu ki, bir neçə günün içində yağı əlinə keçdi?.. Gəlin, o günlərə qayıdaq - Kəlbəcərin işğal günlərinə.

1992-ci il may ayında AXC-Müsavat cütlüyünün hakimiyyətə gəlməsi ilə ölkədə yaranmış hakimiyyətsizlik, xaos, özbaşınalıqlar sərhəd zonalarında, o cümlədən, Kəlbəcərdə bütün müdafiə planlarını altst etdi, hərc-mərcliyin bünövrəsini qoydu. O zamankı rəhbərlik Kəlbəcərin müdafiəsini dövlət səviyyəsində təşkil etmək adı ilə, əslində rayonun müdafiə sistemini dağıtdı. Orduda siyasiləşmə, yerli döyüşçülərin, könüllülərin rayonun müdafiəsindən uzaqlaşdırılması əhalinin döyüş əzmini sarsıtdı. Beş il düşmənlə mərdliklə vuruşan, bütün əzabziyyətə sinə gərən, yurdunu canından artıq sevən rayon əhalisi çıxılmaz vəziyyətə düşdü. Getdikcə pisləşən proseslər, hakimiyyətdaxili ziddiyyətlərin artması, xəyanətkarlıqların baş alıb getməsi, AXC-Müsavat cütlüyünün səriştəsizliyi ermənilərə əl-qol açmağa və 1993-cü ilin mart ayında Kəlbəcərə hücumları genişləndirməyə, aprelin 2-də Kəlbəcəri işğal etməyə əsas yaratdı.

Kəlbəcərin ermənilərə təslim edilməsi AXC-Müsavat cütlüyü hakimiyyətinin tarix və millət qarşısında ən ağır cinayətlərindən biridir. 1996-cı ilin aprelində Kəlbəcər ictimaiyyətinin nümayəndələri ilə görüşdə ümummilli liderimiz Heydər Əliyev demişdir: "Doğrudan da, Kəlbəcər öz coğrafi mövqeyinə görə, elə bir yerdir ki, oranı işğal etmək, sadəcə olaraq, mümkün deyildir. Təsadüfi deyil ki, Ermənistanın işğalçı dəstələri Azərbaycana 1988-ci ildə hücum etmiş, Kəlbəcər 1993-cü ilin mart ayının sonunda işğal olunmuşdur. O vaxt Azərbaycanın bir çox bölgələri, o cümlədən, Dağlıq Qarabağ, o zaman Kəlbəcərlə qonşu olan Laçın rayonu işğal olunmuşdu. Amma Kəlbəcər bir ada kimi qalmışdı. Bir tərəfdən, doğrudan da, coğrafi mövqeyinə görə, digər tərəfdən isə, kəlbəcərlilərin özlərinin qəhrəmanlığına görə. Demək, onu saxlamaq, qorumaq mümkün idi. Ermənistanın işğalçı qüvvələrini Azərbaycanın zəbt olunmuş torpaqlarından, o cümlədən, Dağlıq Qarabağdan, Laçından başqa yerlərdən çıxarmaq üçün, şübhəsiz ki, Kəlbəcəri coğrafi nöqteyi-nəzərdən qoruyub saxlamaq lazım idi. Bu, bir nömrəli vəzifə idi".

Təəssüflər olsun ki, nə Əbdürrəhman Vəzirovun, nə Ayaz Mütəllibovun, nə də AXC-Müsavat cütlüyünün hakimiyyətləri dövründə bu həqiqət dərk edilmədi. Kəlbəcərin strateji əhəmiyyəti qiymətləndirilmədi. Kəlbəcərin işğalı digər sonrakı rayonlarımızın işğalında ermənilərə böyük üstünlüklər qazandırdı.

İşğal nəticəsində Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. Biz illərlə ağır sosial-məişət problemləri ilə üzzə durmalı olmuşuq.

Xatırladaq ki, ərazisinə görə Azərbaycanın ən böyük rayonu (1936 kv.m) olan Kəlbəcərin işğalı nəticəsində 50 min nəfərə yaxın əhali məcburi köçkünə çevrilib. Kəlbəcərlilər ölkənin 59 rayonunda məskunlaşıb. Kəlbəcərin işğalı ilə sonuclanan döyüşlərdə 55 hərbçimiz və 511 mülki şəxs şəhid olub, minlərlə sakin yaralanıb, 321 nəfər əsir götürülüb. O vaxtkı qiymətlərlə rayonun xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulub.

Kəlbəcərin işğalına qədər rayonda 19 ibtidai, 44 orta, 33 natamam orta məktəb, 1 qiyabi orta təhsil məktəbi, 1 peşə məktəbi, 1 texnikum (tibb texnikumu), 16 uşaq bağçası, günü uzadılmış 38 qrup, 41 mədəniyyət evi, 44 klub, 1 şəhər mərkəzi xəstəxanası, 1 uşaq xəstəxanası, 9 kənd xəstəxanası, 23 kənd həkim ambulatoriyası, 75 feldşer-mama məntəqəsi və sair fəaliyyət göstərirdi.

Kəlbəcər, həmçinin, ölkənin ən mənzərəli və şəfa mənbələri bol olan rayonlarından biridir. Buradakı İstisu mineral suyu hələ SSRİ dövründə dünyada məşhur olub. Kəlbəcər Azərbaycanın ən çox qızıl ehtiyatlarına malik olan bölgəsi kimi də məşhurdur. Kəlbəcər qədim tarixi abidələrlə zənginliyi ilə xüsusi seçilən bölgələrimizdəndir. Rayon ərazisində alban abidələri, türklərin tarixini özündə əks etdirən abidələr çoxluq təşkil edirdi. Kəlbəcər tarix diyarşünaslıq muzeyində 2 mindən yuxarı nadir eksponat var idi. Onların içində əksəriyyətinin tarixi min illərlə ölçülürdü.

Şübhəsiz ki, tariximizin qara səhifələri olan o illər heç zaman unudulmamalıdır. Bu tarix yaddaşlarımızda hər an təzələnməlidir ki, gələcək nəsillər bizim səhvlərimizi təkrar etməsinlər. Məktəblərimizdə, tədris ocaqlarında hər gün bu, baş mövzu olmalıdır. Burada səhlənkarlıq, başısoyuqluq özü bağışlanmaz səhvdir.

Hər bir kəlbəcərlinin ən ümdə arzusu doğma yurda qayıtmaqdır. Əlbəttə, biz inanırıq ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin ağıllı və qətiyyətli siyasəti nəticəsində torpaqlarımız sülh yolu ilə azad ediləcək, bütövləşmiş Azərbaycanımız daha qüdrətli bir dövlətə çevriləcək. Lakin əgər düşmən sülhə gəlməsə, Azərbaycan Ordusunun, xalqımızın gücü ilə torpaqlarımız azad ediləcək. Bu gün hər bir kəlbəcərli torpağımızın azad edilməsi uğrunda canından keçməyə hazırdır.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2010.- 30 mart.- S. 7.