Beynəlxalq Kitab Sərgisi davam edir

 

1200-ə yaxın nəşriyyat evinin təmsil olunduğu sərgidə Azərbaycan ilk dəfədir ki, iştirak edir

 

Parisdə Beynəlxalq Kitab Sərgisi keçirilir. Həmin sərgi-yarmarkada Azərbaycan Respublikası da təmsil olunur. Mədəniyyət və Turizm Nazirliyinin bu məqsədlə icarəyə  götürdüyü stenddə ölkəmizdə işıq üzü görmüş 200-ə qədər kitab, jurnal, turizmə aid bələdçi kitablar və s. çap məhsulları nümayiş olunur. 1200-ə yaxın nəşriyyat evinin təmsil olunduğu sərgidə Fransanın bütün regionları ilə yanaşı, 30-dan artıq xarici ölkə nəşriyyatları da iştirak edir.

Xatırladaq ki, dünya naşirlərinin ən mötəbər kitab forumlarından biri olan sərgi-yarmarka bu il özünün 30 illik yubiley açılışını gerçəkləşdirib. Parisdə keçirilən sərgi-yarmarka dünyada mövcud olan məşhur kitab sərgiləri və forumları arasında ən populyar tədbirlərdəndir. Azərbaycan 30 illik yubileyini təntənəli şəkildə qeyd edən belə genişmiqyaslı sərgidə ilk dəfədir ki, iştirak edir. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən, çağdaş Azərbaycan naşirləri tərəfindən çap olunmuş çoxsaylı kitabların ən yaxşı nümunələri arasından seçilmiş 200-dək kitabımız dünyanın ən mötəbər sərgisində nümayiş olunur.

Azərbaycan kitabının yayılma coğrafiyası həddindən artıq genişdir. Sərgidə Azərbaycan kitab fondunun zənginliyi, poliqrafik baxımdan keyfiyyəti tamamilə fərqlidir. Sərgidə nümayiş etdirilən kitabların ölkəmizin siyasi həyatını, mədəniyyətini, iqtisadi həyatını, incəsənətini, turizm sahələrini və s. əhatə edir. Heydər Əliyev Fondu tərəfindən nəfis şəkildə nəşr edilmiş kitablara xüsusi maraq göstərilir.

Azərbaycan guşəsində kitablarla yanaşı, YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilmiş Novruz bayramı şirniyyatları, milli kulinariyamızın nümunələri də sərgi iştirakçılarına təqdim olunur.

Azərbaycan guşəsinin zənginliyi qonaqlarda böyük maraq oyatmışdır. Fransa rəsmi dairələrinin nümayəndələri, Mərakeşin mədəniyyət nazirinin xanımı və digər dövlətlərin yüksək vəzifəli təmsilçiləri, digər qonaqlar Azərbaycan guşəsinə yaxınlaşaraq ölkəmiz barədə ətraflı məlumat əldə etmişlər. Ölkəmizə maraq göstərənlərə respublikamızın görməli yerlərini, qədim tarixini və zəngin mədəni abidələrini əks etdirən bukletlər, xəritələr və broşurlar hədiyyə verilmişdir.

Sərgiyə xüsusi olaraq "30 illik pavilion" (Pavillon 30 ans) adı altında "Fəxri qonaq" qismində 30 fransız və 30 xarici ədəbiyyat nümayəndəsi dəvət olunub. Sərgi çərçivəsində təmsil olunan iştirakçılar öz milli musiqi və mətbəxlərini də nümayiş etdirirlər. Azərbaycan Respublikası da, öz növbəsində, YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilən Novruz bayramının atributları olan bayram şirniyyatlarını, həmçinin, milli kulinariya nümunələrini sərgi iştirakçılarına təqdim edirlər.

Tədbirdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının, qədim musiqi alətləri ansamblının ifasında milli rəqslər və mahnılar, Şirvan aşıqlarının çıxışları alqışlarla qarşılanmış və ölkəmiz barədə müəyyən təsəvvür yaratmışdır.

Novruz bayramının YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilməsi və 2010-cu ilin YUNESKO tərəfindən Mədəniyyətlərin Yaxınlaşması İlinin elan olunması ilə əlaqədar TÜRKSOY-a üzv dövlətlərin elmi-yaradıcı nümayəndə heyətlərinin iştirakı ilə mart ayının 29-da YUNESKO-nun Baş Qərargahında Novruz bayramının təqdimat mərasimi keçirilib. Martın 30-da isə Avropa Şurası qərargahında, Strasburq şəhərində belə bir mərasim təşkil olunacaq. TÜRKSOY təşkilatının təşəbbüsü ilə keçirilən tədbirdə Azərbaycanla yanaşı, bir sıra türkdilli ölkələrin nümayəndə heyətləri də iştirak edəcəklər. Bundan başqa 30 mart tarixində Fransanın "Maison des cultures du monde" ("Dünya mədəniyyətləri evi") Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Parisdə hər il keçirilən "Təxəyyül" Festivalında Şirvan aşıqları iki günlük konsert proqramı ilə çıxış edəcəklər. "Maison des cultures du monde" Assosiasiyasının konsert salonunda baş tutacaq konsertdə aşıqlarımız Azərbaycan folklor nümunələrini ifa edəcəklər.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin tərkibinə Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının,  "Pəncərə" jurnalının, "Salnamə" sənədli filmlər studiyasının əməkdaşları, Şirvan aşıqları, Qədim Musiqi Alətləri Ansamblının bir qrup üzvü  və Dövlət Mahnı və Rəqs Ansamblının kollektivi daxildir.

Sərgi martın 31-dək davam edəcəkdir.

 

 

Zümrüd

 

Səs.- 2010.- 30 mart.- S. 12.