31 Mart Azərbaycanlıların Soyqırımından 92 il ötür

 

"Səs" qəzeti bu mövzuda dəyirmi masa keçirib

 

“Səs” qəzetinin ənənəvi olaraq cəmiyyətdə maraq doğuran mövzular ətrafında keçirdiyi dəyirmi masalar geniş oxucu kütləsi arasında maraqla izlənilməkdədir. Qəzetin keçirdiyi budəfəki dəyirmi masa ermənilərin tarixən aəzərbaycanlılara qarşı törətdiyi soyqırımı siyasətinə həsr olunmuşdu. Dəyirmi masada Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı, Vəhdət Partiyasının sədri Tahir Kərimli, politoloq Qabil Hüseynli, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun elmi işçisi Vaqif Abışov, YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Elman Nəsirov, politoloq Cümşüd Nuriyev, YAP Siyasi Şursanının üzvü Aydın Hüseynov, Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa, tarixçi Firudin Cümşüdlü, 12 saylı Kəlbəcər orta məktəbinin direktoru Kamil Əsədov, 22 saylı Kəlbəcər orta məktəbinin direktoru Əkbər Sarıyev, Kəlbəcər rayon icra hakimiyyətinin nümayəndəsi Sabir Heydərov, tarixçi Firudin Cəlilov iştirak edirdilər. 

Dəyirmi masanı giriş sözü ilə açan "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev 31 mart azərbaycanlıların soyqırımının bəşəriyyətə, insanlığa qarşı törədilən erməni vandalizmi olduğunu söylədi. Bildirdi ki, bu qanlı ləkə, faciə düşmənin üzündəki maskaların düşdüyü və canilərin bütün çılpaqlığı ilə ortaya töküldüyü gündə baş verib: "Ermənilər azərbaycanlılara qarşı müxtəlif soyqırımı siyasəti həyata keçiriblər. Bu cür vəhşilik aktlarından biri də 1918-ci ilin martın 18-də törədilib. Azərbaycanda hər il 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Bu genişmiqyaslı qanlı aksiya nəticəsində yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilib, minlərlə azərbaycanlı böyük amansızlıqla və qəddarlıqla qətlə yetirilib. Ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə, soyqırımı və təcavüzü nəticəsində minlərlə insan elindən-obasından didərgin düşüb. Soyqırımı siyasətini həyata keçirmək üçün IV-XIX əsrlər ərzində öz dövlətlərinə malik olmayan ermənilər "böyük Ermənistan" dövlətini yaratmaq üçün Rusiyanın imperiya siyasətindən alət kimi istifadə ediblər. Bunun nəticəsi olaraq Azərbaycanın XIX- XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edib".

   Baş redaktor qeyd etdi ki, 1918-ci ilin mart-aprel aylarında qanlı hadisələr zirvə nöqtəsinə çatıb. Həmin aylarda ermənilər tərəfindən törədilən cinayətlər Azərbaycan xalqının yaddaşında silinməz iz qoyub: "Təkcə milli mənsubiyyətinə görə, minlərlə dinc azərbaycanlı məhv edilib. Ermənilər evləri yandırıb, insanları diri-diri oda atıblar. Onlar tərəfindən milli memarlıq abidələri, məktəblər, xəstəxanalar, məscidlər və digər tikililər dağıdılıb. Azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla Bakı, Şamaxı Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər ərazilərində həyata keçirilib. Bu torpaqlarda kütləvi qaydada dinc əhali qırılıb, kəndlər yandırılıb, milli mədəniyyət abidələri məhv edilib.   Ermənilərin azərbaycanlılara qarşı törətdiyi bu soyqırımı nəticəsində 1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda 30 mindən çox soydaşımız qətlə yetirilib, 10 minlərlə insan öz torpaqlarından qovulub. Təkcə Bakıda 10 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb, Şamaxıda 58 kənd dağıdılıb, 7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edilib. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə yeksan olunub, əhali üzərində yaş və cinsə məhəl qoymadan qətliam həyata keçirilib".

B.Quliyev onu da bildirdi ki, 26 mart 1998-ci ildə "Azərbaycanlıların soyqırımı haqqında" ulu öndərimiz Heydər Əliyevin "31 Mart Azərbaycanlıların Soyqırımı Günü" kimi qeyd olunması üçün xüsusi fərmanı olmuşdur. 28 mart 2006-cı ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "31 Mart Azərbaycanlıların Soyqırımı Günü" münasibətilə Azərbaycan xalqına müraciəti olmuşdur.

 

DÜNYANIN BİR ÇOX SİYASƏTÇİLƏRİ "ERMƏNİ SOYQIRIMI" MƏSƏLƏSİ İLƏ BAĞLI MƏKRLİ SİYASƏT YERİDİR

 

Məlahət İbrahimqızı:

 

- Bu gün 31 Mart Azərbaycanlıların soyqırımı Günüeyni zamanda, Azərbaycanın ən gözəl bölgələrindən olan Kəlbəcərin işğalının ildönümüdür. Bununla bağlı "Səs" qəzeti dəyirmi masa keçirdiyinə görə, qəzetin kollektivinə və onun baş redaktoruna dərin təşəkkürümü bildirirəm. Həqiqətən də, "Səs" qəzeti müxtəlif mövzularla bağlı önəmli və ardıcıl müzakirələr, tədbirlər keçirir. Bu, çox təqdirəlayiq haldır. Təbii ki, bir Azərbaycan vətəndaşı kimi soyqırımla bağlı danışmaq mənə çox çətindir. XX əsrdə ermənilərin başımıza gətirdiyi soyqırımı siyasətini düzgün təbliğ etsəydik, bəlkə də XI əsrdə torpaqlarımızın 20 faizi işğal, 1 milyon əhalimiz qaçqın və köçkün olmazdı. Artıq bir neçə aydır ki, dünyanın bir çox siyasətçiləri "erməni soyqırımı" məsələsi ilə bağlı məkrli siyasət yeridirlər. Bu məkrli siyasət dünyanın parlamentlərinə də xərçəng xəstəliyi kimi siyarət edir. Artıq 20 ölkə bu qondarma soyqırımını tanıyıb. Görünür, biz bu təbliğatı düzgün apara bilməmişik. Düzgün apara bilməməyimizin də əsas səbəbi odur ki, biz nədənsə günahı başqasında axtarırıq. Erməni mənbələrinə istinadən, dünyada təxminən 6 milyon erməni var. Amma insan bir anlıq dəhşətə gəlir. Biz bir millət kimi özümüzə nəzər yetirməliyik. Millət kimi milli kimliyimizi, ləyaqətimizi yenidən nəzərdən keçirməliyik. Düşünməliyik ki, ötən illər ərzində 6 milyon erməninin cavabını verə bilməmişik. 1905-ci ildən bu günə qədər erməniləri oyunçu edib, meydana atan siyasətçilərin azərbaycanlılara və türk millətinə qarşı apardığı siyasətin nəticəsidir ki, deportasiyalara, soyqırımlara məruz qalmışıq. Sovet dövründə biz Zəngəzuru itirdik. Ermənistana torpaq verərək, onların dövlət qurmalarına şərait yaratdı. Əsrin əvvəllərindən bu günə qədər, nəhayət, "böyük Ermənistan" siyasətinin ən acı mərhələsi olan torpaqlarımızın 20 faizini itirdik. Ermənilər və onların havadarları tərəfindən işğal olunduq. Ən dəhşətlisi isə, insanlığa qarşı cinayət sayılan Xocalı faciəsinin şahidi olduq.

 

ERMƏNİLƏR TƏKCƏ AZƏRBAYCANLILARA QARŞI DEYİL, BÜTÜN TÜRKLƏRƏ QARŞI AMANSIZ OLUBLAR

 

Sabir Rüstəmxanlı:

 

- Ermənilərin türk  düşmənçiliyi haradan başlayıb? Bununla bağlı 2-3 ciddi fakt var. Birincisi, bunun arxasında XIX əsr boyu davam edən Avropanın anti-Osmanlı siyasəti durur. Türkiyədə amerikan, erməni məktəbləri, cəmiyyətləri erməni siyasi partiyaları yaratdılar. Onlar terror əməliyyatlarına erməni üsyanlarına başladılar. İkincisi, Rusiya-Türkiyə müharibəsində ermənilərin ruslara yardım etməsidir. Üçüncüsü, Rusiyanın Cənubi Qafqazı, yəni Azərbaycanı türklərdən təmizləmə siyasəti idi. Bu da II Yekaterina dövründən başlamışdı ki, Cənubi Qafqazdan türklər çıxmalıdır. Burada ermənilər, gürcülər ruslar məskunlaşmalıdır. Bu siyasətin nəticəsi olaraq, uzun illər Türkiyədə çox rahat yaşayan ermənilər terrorçu xalqa çevrildilər Türkiyənin bütün düşmənlərinə yardım etməyə başladılar. Avropa Türkiyəyə qarşı olan bütün qüvvələrə kömək edirdilər. Məsələn, Balkanlarda serb, yunan üsyanları başlayırdı buna Avropa kömək edirdi. Yəni, Türkiyənin əleyhinə olanlardan istifadə edirdilər. Sonuncu həlqələrdən biri erməni idi. Ermənidən bu niyyətdən istifadə etdilər erməniləri tədricən bu bölgədə türk düşmənçiliyinin ocağına çevirdilər. Azərbaycanda bu hadisələrə təkcə azərbaycanlılara qarşı yox, ümumiyyətlə, antitürk siyasətinin tərkibi kimi baxmaq lazımdır. 

 

ERMƏNİLƏR "BÖYÜK ERMƏNİSTAN" DÖVLƏTİ YARATMAQ ÜÇÜN İNSANLIĞA UYĞUN GƏLMƏYƏN FİTNƏ-FƏSADLARDAN İSTİFADƏ EDİBLƏR

 

Elman Nəsirov:

 

- Biz bu gün həqiqətən olduqca, vacib aktual məsələlərin müzakirəsinə toplaşmışıq. Buna görə, "Səs" qəzetinin redaksiyasına təşəkkürümü bildirirəm. Bu gün başımıza gələn hadisələri düzgün cavabını tapmalıyıq bunlardan lazımi dərs almalıyıq. Başımıza gələn faciənin səbəbləri içərisində hər dəfə tendensiya müşahidə olunmaqdadır. Bu proseslərdən, başımıza gələn soyqırım hadisələrindən, Ermənistanın dövlət terrorizm siyasətindən danışarkən sanki biz hər zaman elə məğlub olmalıyıq. Yeri gəlmişkən, "Fəryad" filmində olduğu kimi, mübarizlik rolu yoxdur. Niyə bütün bu müsibətlər bizim başımıza gəlib, səhvimiz nədə olub? Niyə birliyimiz olmayıb? Niyə hədəf seçilmişik hədəfdən yayına bilməmişik? Ermənilər tarixən bizim düşmənimiz olub. Onların da iddiaları bəllidir. Bilirsiniz ki, həmin iddialar Qara, Xəzər, Aralıq dənizləri sahillərində "böyük Ermənistan" dövləti yaratmaq ideyası olub. Bu ideyanı həyata keçirmək üçün onlar bütün potensialını ortalığa qoyub insanlığa gəlməyən fitnə-fəsadlardan istifadə ediblər. Lakin məsələ ondadır ki, qədər bunları deyib sadalayırıqsa, bu məsələdə özümüzün səhvlərimiz olub. Nəyə görə onların bu planlarının qarşısını ala bilməmişik? Son nəticədə məğlub durumda olmuşuq. Mənə elə gəlir ki, bu istiqamətdə araşdırmalar çox vacibdir.

Qeyd etmək istəyirəm ki, Fətəli Xan Xoyskinin başçılığı altında yaradılmış komissiya bu istiqamətdə xeyli işlər görüb, sənədlər toplayıblar. Həmin sənədlər əsasında bir daha təsdiqini tapdı ki, hələ 1917-ci ildə fevral inqilabından sonra milli partiyaların, qüvvələrin fəallaşması üçün imkan, baza yarandı. Bundan istifadə edib milli qüvvələrin muxtariyyat ideyası daha da pərvazlandı. Amma məsələ ondadır ki, oktyabr inqilabından sonra hər şey baş-ayaq oldu. Bütün bu ümidlər, arzular puça çıxdı. Hətta Müsavat partiyasında belə bir təsəvvür əmələ gəlmişdir ki, Bakı Sovetini ilkin proseslərin gedişatında müdafiə etmək lazımdır. Hesab edirdilər ki, Bakı Soveti Lenin, xalqların öz müqəddəratını təyin etməklə bağlı ideyaları son nəticədə azərbaycanlıların muxtariyyat ideyasının reallaşmasına səbəb olacaq. İlk dövrlərdə belə bir tendensiya da var idi.

 

 

(Ardı var)

 

SEVİNC NƏZƏROVA,

 

KÜBRA ƏLİYARLI

 

Səs.- 2010.- 31 mart.- S. 8-9.