31 Mart Azərbaycanlıların
Soyqırımından 92 il ötür
"Səs" qəzeti bu mövzuda dəyirmi masa
keçirib
(Əvvəli ötən sayımızda)
“Səs” qəzetinin
ənənəvi olaraq cəmiyyətdə maraq doğuran
mövzular ətrafında keçirdiyi dəyirmi masalar
geniş oxucu kütləsi arasında maraqla izlənilməkdədir. Qəzetin
keçirdiyi budəfəki dəyirmi masa ermənilərin
tarixən azərbaycanlılara qarşı törətdiyi
soyqırımı siyasətinə həsr olunmuşdu. Dəyirmi
masada Yeni Azərbaycan Partiyasının Siyasi
Şurasının üzvü, millət vəkili Aydın
Mirzəzadə, Vətəndaş Həmrəyliyi
Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı,
Vəhdət Partiyasının sədri Tahir Kərimli,
politoloq Qabil Hüseynli, Azərbaycan Milli Elmlər
Akademiyasının Tarix İnstitutunun elmi işçisi Vaqif
Abışov, YAP Nəsimi rayon təşkilatının sədri,
millət vəkili Məlahət İbrahimqızı, Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının dosenti Elman Nəsirov, politoloq
Cümşüd Nuriyev, YAP Siyasi Şurasının
üzvü Aydın Hüseynov, Böyük Quruluş
Partiyasının sədri, millət vəkili Fazil Mustafa,
tarixçi alim Firudin Cümşüdlü, 12 saylı Kəlbəcər
orta məktəbinin direktoru Kamil Əsədov, 22 saylı Kəlbəcər
orta məktəbinin direktoru Əkbər Sarıyev, Kəlbəcər
rayon icra hakimiyyətinin nümayəndəsi Sabir Heydərov,
tarixçi Firudin Cəlilov iştirak edirdilər.
Dəyirmi masanı
giriş sözü ilə açan "Səs" qəzetinin
baş redaktoru Bəhruz Quliyev 31 mart azərbaycanlıların
soyqırımının bəşəriyyətə,
insanlığa qarşı törədilən erməni
vandalizmi olduğunu söylədi. Bildirdi ki, bu qanlı ləkə,
faciə düşmənin üzündəki maskaların
düşdüyü və canilərin bütün
çılpaqlığı ilə ortaya
çıxdığı gündə baş verib: "Ermənilər
azərbaycanlılara qarşı müxtəlif
soyqırımı siyasəti həyata keçiriblər. Bu
cür vəhşilik aktlarından biri də 1918-ci il
martın 18-də törədilib. Azərbaycanda hər il 31
mart tarixi Azərbaycanlıların Soyqırımı
Günü kimi qeyd edilir. Bu genişmiqyaslı qanlı aksiya nəticəsində
yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan
edilib, minlərlə azərbaycanlı böyük
amansızlıqla və qəddarlıqla qətlə yetirilib.
Ermənilərin Azərbaycana qarşı uzun illər boyu
apardığı ardıcıl etnik təmizləmə,
soyqırımı və təcavüzü nəticəsində
minlərlə insan elindən-obasından didərgin
düşüb. Soyqırımı siyasətini həyata
keçirmək üçün IV-XIX əsrlər ərzində
öz dövlətlərinə malik olmayan ermənilər
"böyük Ermənistan" dövlətini yaratmaq
üçün Rusiyanın imperiya siyasətindən alət
kimi istifadə ediblər. Bunun nəticəsi olaraq Azərbaycanın
XIX- XX əsrlərdə baş verən bütün faciələri
torpaqlarının zəbti ilə müşayiət olunaraq,
ermənilərin azərbaycanlılara qarşı
düşünülmüş, planlı surətdə həyata
keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı
mərhələlərini təşkil edib".
Baş redaktor qeyd etdi
ki, 1918-ci ilin mart-aprel aylarında qanlı hadisələr zirvə
nöqtəsinə çatıb. Həmin aylarda ermənilər
tərəfindən törədilən cinayətlər Azərbaycan
xalqının yaddaşında silinməz iz qoyub: "Təkcə
milli mənsubiyyətinə görə, minlərlə dinc azərbaycanlı
məhv edilib. Ermənilər evləri yandırıb,
insanları diri-diri oda atıblar. Onlar tərəfindən
milli memarlıq abidələri, məktəblər, xəstəxanalar,
məscidlər və digər tikililər
dağıdılıb. Azərbaycanlıların
soyqırımı xüsusi qəddarlıqla Bakı,
Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan,
Lənkəran və Azərbaycanın digər ərazilərində
həyata keçirilib. Bu torpaqlarda kütləvi qaydada dinc əhali
qırılıb, kəndlər yandırılıb, milli mədəniyyət
abidələri məhv edilib. Ermənilərin
azərbaycanlılara qarşı törətdiyi bu
soyqırımı nəticəsində 1918-ci ilin mart-aprelində
Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda 30
mindən çox soydaşımız qətlə yetirilib, 10
minlərlə insan öz torpaqlarından qovulub. Təkcə
Bakıda 10 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla
öldürülüb, Şamaxıda 58 kənd
dağıdılıb, 7 min nəfər (1653 qadın, 965
uşaq) məhv edilib. Quba ərazisində 122, Qarabağın
dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan
quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə
yeksan olunub, əhali üzərində yaş və cinsə məhəl
qoymadan qətliam həyata keçirilib".
B.Quliyev onu da bildirdi ki, 26 mart 1998-ci ildə "Azərbaycanlıların soyqırımı haqqında" ulu öndərimiz Heydər Əliyevin "31 Mart Azərbaycanlıların Soyqırımı Günü" kimi qeyd olunması üçün xüsusi fərmanı olmuşdur. 28 mart 2006-cı ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "31 Mart Azərbaycanlıların Soyqırımı Günü" münasibətilə Azərbaycan xalqına müraciəti olmuşdur.
ERMƏNİLƏR “YAZIQ ERMƏNİ” OBRAZI YARADARAQ,
TÜRKLƏRƏ QARŞI MÜXTƏLİF İDDİALAR
İRƏLİ SÜRÜBLƏR
Məlahət İbrahimqızı:
- 2005-ci ildə Azərbaycan
nümayəndə heyəti Vaşinqtonda səfərdə
oldu. Səfər zamanı ABŞ-ın hazırkı senatoru
Luqarla görüşümüz oldu. Amerikada xarici siyasət
üzrə tanınmış bir şəxs olan Luqar, həm
də Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləyir.
O, bizə bildirdi ki, azərbaycanlılar və türklər
bu məsələdə çox geridə
qalmısınız. Qeyd etdi ki, mən 5 yaşında olanda
çox xəstə və zəif olmuşam. Hətta yemək
yeməyim də çətinləşmişdi. O zaman bizə
deyirdilər ki, yemək yeməsəniz acından ölən
erməni uşaqları kimi olacaqsınız. Türklər
onların başına müsibətlər gətirib və nəticədə
erməni uşaqları ölüblər. Luqar bu sözləri
bizə deyən zaman onun 80-dən çox yaşı var idi. Buradan
belə nəticəyə gəlmək olar ki, hələ 100
illər bundan öncə erməni separatçıları
özünün ədalətsizliyini bütün dünyaya bəyan
edib. Onlar lyazıq erməni» obrazı yaradaraq, türklərə
qarşı müxtəlif iddialar irəli sürüblər.
Azərbaycan isə özünümüdafiə
üçün tutarlı təbliğata əl atmayıb.
Lakin 31 mart soyqırımının beynəlxalq aləmdə
tanıdılması istiqamətində ulu öndər Heydər
Əliyev əhəmiyyətli fəaliyyət göstərib. Belə
ki, ümummilli liderimiz 31 mart tarixinin Dünya Azərbaycanlılarının
Soyqırımı Günü kimi qeyd olunması
üçün fərman imzalayıb. Bu fərman hər bir
Azərbaycan vətəndaşı üçün bir proqram
və strategiyadır. Hesab edirəm ki, bu günün ən
aktual məsələsi işğal altında olan
torpaqlarımızın tezliklə azad olunmasıdır. Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı siyasi mövqeyindən
asılı olmayaraq ölkədəki bütün partiyalar
ümumi birlik nümayiş etdirməlidir. Xüsusilə,
Qubada tapılan məzarlıq da bu soyqırımının
dünyaya tanıdılması yönündə gərəkli
sübutlardandır. Əlimizdə olan bütün maddi və
mənəvi sübutlardan istifadə edərək, soyqırımı
muzeyi yaratmalıyıq. Bu muzeyin Bakının ən görkəmli
yerlərindən birində salınması təbliğatın
əsas vasitələrindən biridir.
RUSLAR ÖZLƏRİ ETİRAF EDİBLƏR Kİ,
ERMƏNİLƏR BÜTÜN FƏLAKƏTLƏRİN SƏBƏBKARIDIR
Sabir Rüstəmxanlı:
- Ermənilərin azərbaycanlılara
qarşı soyqırımı siyasəti 1918-ci ildən
başlamır. Hələ 1905-1907-ci illərdən etibarən
bu siyasət erməni millətçiləri tərəfindən
davam etdirilir. Belə ki, 1905-ci ildə erməni-türk
davası başlayanda burada yaşayan ruslar Peterburqa məktub
yazmışdılar ki, ermənilər bütün fəlakətlərin
səbəbkarıdır. Eyni zamanda, qeyd olunurdu ki, ermənilər
Bakıdan çıxarılmalıdır. Həmin məktub
Peterburqa çatmamış ermənilər sözü
türklərlə əvəz edilmişdi. Yəni, türklər
Azərbaycandan çıxarılmalıdır. Əhməd
Ağaoğlu, Əlibəy Hüseynzadə,
Topçubaşov 3-4 ay ərzində gərgin fəaliyyət
göstərərək, məktubun təhrif olunduğunu
sübut etməyə çalışdılar. O zaman ermənilər
bu hiylə ilə Bakıdan azərbaycanlıları
çıxarmaq istəyirdilər. Bunun davamı olaraq,
1911-1912-ci illərdən sonra, 1918-ci ildə Bakıda erməni
soyqırımı başladı. Bakının ardınca
Naxçıvan, İrəvan, Qarabağ, Tiflis, Gəncə və
Urmiyada soyqırımı həyata keçirildi. Nəzərə
almaq lazımdır ki, ikinci Nikolay 1914-cü ildə, Birinci
Dünya müharibəsi ərəfəsində türklərə
hücum edəcəyi ilə bağlı ermənilərə
müraciət etmişdi. Bu işdə bütün erməniləri
silahlandırmağa hazır olduğunu bildirmişdi. Nəticədə
200 min erməni rus silahı ilə silahlandırıldı. Beləliklə,
ermənilər Doğu Anadoluda türklərə qarşı
müharibədə iştirak etdilər. Şükür olsun
ki, ruslar həmin savaşda uduzdu və bütün
silahlılar həmin ərazilərdən
çıxarıldı. Ruslar və ermənilər növbəti
mərhələdə Tiflisdən Azərbaycanın şəhərlərinə
qədər bütün ərazilərdə kütləvi
qırğınlar törətdilər. Bu
qırğınlarda Bakıdakı bolşevik birləşmələri
də yaxından iştirak edirdi. Çünki Lenin
Qafqazın taleyini Şaumyana tapşırmışdı. O da
bütün siyasətini erməni azadlıq hərəkatı
adı altında aparırdı. Üstəlik, İzmirdə,
Qarsda, Ərzurumda qətlə yetirilənlərin də
çoxu azərbaycanlılar idi.
Bir sözlə, son 200
ildə ermənilər türklərə və azərbaycanlılara
qarşı müxtəlif qırğınlar həyata
keçiriblər. Hələ sovet dövründə Azərbaycan
ziyalıları ermənilərin əli ilə qətlə
yetirilib. Düşünürəm ki, erməni vəhşiliyinin
bir xronologiyası hazırlanmalı və xarici dillərə
tərcümə olunmalıdır. Bununla yanaşı,
soyqırımı muzeyinin yaradılması ilə
bağlı səslənən fikirlər tamamilə əsaslıdır.
Lakin bu muzeyin yaradılması bizim üçün problemə
çevrilib. Nədənsə, biz
ağrı-acılarımızı tez unuduruq. 1990-cı ildə
rusların həyata keçirdikləri fəlakətlərin
qurbanı olan azərbaycanlıların xatirəsinə həsr
olunmuş abidələr və bulaqlar
salınmışdı. Bu gün həmin abidələrin
hamısı dağıdılıb və onların yerində
qoyun-quzu otlayır. Bu qədər unutqanlıq ola bilməz. Bu
istiqamətdə ardıcıl olaraq tədbirlər təşkil
olunmalıdır.
Qeyd edim ki, bu vəhişiliklər
hamısı təkcə ermənilərin işi deyil, eyni
zamanda, dünyanın apardığı siyasətdir. Vaxtilə
Atatürkə savaş yolu ilə istəklərini qəbul
etdirə bilməyən Avropa, bu gün diplomatik yolla bu siyasəti
türklərə qəbul etdirmək istəyir. Bu gün
Türkiyəni parçalamaq və Anadoluda erməni dövləti
yaratmaqla, türkləri Mərkəzi Asiyaya göndərmək
istəyirlər. Hətta son zamanlar qondarma erməni
soyqırımı məsələsinin xarici ölkələrin
parlamentlərində müzakirələrə
çıxarılması da türklərə qarşı əsil
təzyiq vasitəsidir. Onlar istəyir ki, türkləri
qondarma soyqırımın tanıdılması ilə
qorxutmaqla Ermənistanla sərhədləri açmağa məcbur
etsinlər. Nəhayət, türklərdən heç nə
qopara bilməsələr də, dünyada belə bir təsəvvür
yaratsınlar ki, ermənilər türklərin əlindən
yüz illərdir ki, əzab çəkir. Gəlin heç
olmasa Qarabağ məsələsində onlara dəstək verək.
Bütün oyunların başlıca məqsədlərindən
biri budur və bu, Azərbaycanın ziyanınadır.
Dünya Azərbaycanlıları
Konqresinin sədri olaraq bildirim ki, xarici ölkələrə
səfər edən zaman müxtəlif sənədləri
özümüzlə aparırıq. Bu yaxınlarda Almaniyada
keçirdiyimiz bir görüşdə Xocalı və Urmiya
soyqırımlarını müzakirə etdik. Urmiyadakı
soyqırımı zamanı da 130 min azərbaycanlı
öldürülüb. Bu gün Cənubi Azərbaycanda
yaşayan 35 milyon soydaşımız, bəlkə də
İranın ermənilərə kömək etdiyini bilmir. Özbəkistan
bilməlidir ki, Azərbaycanı tərk edən silahlı ermənilər,
sonradan orada da faciələr törədiblər. Bu
faktları onlar bilsə, vəziyyət xeyli dəyişilə
bilər.
ERMƏNİLƏRİN MƏQSƏDİ
TERRORİZMİ TƏTBİQ ETMƏKDİR
Elman Nəsirov:
- 1917-ci ilin 5 dekabr Ərzincan,
eləcə də, Zaqafqaziya Komissarlığı ilə
Türkiyə arasında imzalanmış müqavilələr
nəticəsində, əslində, Azərbaycan
xalqının başına hansı faciələrin gətiriləcəyini
anlamaq mümkün idi. Ərzincan müqaviləsinə görə,
rus qoşunlarının Qafqazdan keçməklə cəbhədən
qayıtması məsələsi reallaşdırıldı.
O zaman rus qoşunlarında kifayət qədər erməni təmsil
olunurdu. Bu da azərbaycanlılara qarşı oyunların tərkib
hissəsi idi. Təbii ki, ermənilər artıq quldur
qüvvəyə çevrilmişdi. Geri qayıdanda Azərbaycan
kəndlərini talan edirdilər. Onsuz da nizamı olmayan ordu
talan etməklə yanaşı, həmin kəndlərdə məskunlaşırdı
və bu qırğın siyasətini həyata keçirirdi. Çox
maraqlıdır ki, komissiyanın nəticələrinə
görə, ilkin mərhələdə Daşnaksütyun
partiyası bəyanatlarla çıxış edib. Yəni,
ermənilər prinsip etibarı ilə neytral mövqedə
dayanacaqlar. Münaqişə olarsa, bolşeviklərlə
toqquşma reallaşarsa, belə bir vəziyyətdə
neytrallığı qoruyub saxlayacaq. Amma məlum olur ki, milli
qüvvələrimiz bu fikrə aldanıblar. Bunu bilmək
lazım idi ki, niyə aldanıblar. Axı, dəfələrlə
belə hallar olub. Daşnakların verdiyi bəyanatlara niyə
inanırdınız? Hadisələrin kuliminasiya nöqtəsi
real hadisələrdir. 1918-ci ilin mart ayının 24-də
general Talışınskinin komandanlığı
altındakı qərargah Bakıya gəlmişdi. Şaumyanın
həmin qərargahı işğal etməsi,
Talışınskinin həbsi baş verən proseslərin
katalizatoru oldu. Əslində, bu, bəhanə idi, səbəb
deyildi. Proseslər planlı şəkildə gedirdi. Məqsəd
o idi ki, son dərəcə azərbaycanlıları qorxutmaq,
vahimə hissi yaratmaq, yəni, terrorizmi tətbiq etmək idi.
1918-ci ilin mart ayının 30-da Şaumyanın
başçılığı altında Baksovetdə Hərbi
Müdafiə Komitəsi yaradıldı. Artıq həmin
gün ilk atəş səsləri başlandı. O zaman
Zibilli dərə, İsmayılliyə binası, Təzə
Pir məscidinin yanında qırğınlar baş verdi. Həmin
vaxt təkcə Bakıda 30 minə yaxın dinc əhalinin
qırılması qeydə alınıb. Bu proses bölgələrdə
davam etdirilir. Nəticə etibarı ilə, ermənilərin
Azərbaycan xalqına qarşı planlı soyqırım
siyasətinin şahidi olmuşuq.
Amerikanın çox məşhur
tədqiqatçısı F.Uyim erməni terrorizmi ilə
bağlı yazır. Çox dəyərli alim Berlinin,
Parisin, Londonun, ABŞ-ın və Türkiyənin arxivlərində
işləyib. Yazır ki, ermənilər üçün iki
məsələdə ixrac siyasəti var. Birincisi, onlar millətlərinin,
insanlarının başqa ölkələrə
yayılmasını və özləri ilə şovinizmi
daşıması, ikincisi isə terrorizmi ixrac edirlər. Onlar
bir şeyi idxal edirlər, bu da maliyyə
yardımlarıdır. 1918-ci ildən keçən bu müddət
ərzində sanki heç nə dəyişməyib. Yenə
də həmin siyasət, şovinizm, terrorizm, həmin
pulların maliyyə dəstəyinin alınmasıdır. Sonda
onu da qeyd edim ki, indiki məqamda ermənilər təbliğat
kampaniyasında bizdə güclüdür. Amma bir
reallığı dərk etmək lazımdır ki,
isbatımız eyni olmayıb. Yazırlar ki,1875-1877-ci illərdə
lƏkinçi» qəzetinin Azərbaycan xalqının milli
oyanışında çox böyük rolu olub. Fikir verin, yəni,
xalq yatmışdı, onun oyanışında. lƏkinçi»nin
bizi oyatmaq istədiyi vaxtda dünyaya səpələnmiş
ermənilərin Parisdə Kamazyanın
başçılığı altında diaspor təşkilatlarının
Koordinasiya Şurası yaradılır. Yəni, biz oyanmaq istəyəndə,
onlar birləşib Koordinasiya Şurası yaradır. Amma hər
halda Azərbaycan dövlətçiliyində gedən proseslər,
aparılan siyasət onu göstərir ki, tarixi proseslərdə
geridə qalsaq da, amma tendensiya, sürət sevindiricidir.
(Ardı var)
SEVİNC NƏZƏROVA,
KÜBRA ƏLİYARLI
Səs.- 2010.- 1 aprel.- S. 8-9.