Bu gün Kəlbəcərin
erməni soyqırımına məruz qaldığı
gündür
"Kəlbəcər rayonu Azərbaycanın gözəl guşələrindən biridir. Onun çox zəngin təbiəti, tarixi abidələri vardır. Kəlbəcər Azərbaycanın qədim dövrlərdən ibarət öz tarixini qəlbində, sinəsində, qoynunda saxlayan ərazilərdən biridir. Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikamızda həmişə çox hörmətə, ehtirama layiq görülübdür".
HEYDƏR ƏLİYEV
Azərbaycanın cənnət məkanı olan Kəlbəcərin işğalından 17 il vaxt keçir. Bu gün bu cənnət məkanı olan Kəlbəcər Azərbaycanın Dağlıq Qarabağdan kənarda işğal olunmuş ikinci rayonu, Dağlıq Qarabağla Ermənistan arasında mühüm strateji bölgəsi idi. Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü il martın 27-də başlanan genişmiqyaslı hücumdan sonra aprelin 1-i və 2-də işğal edildi. Azərbaycan Respublikasının cənub-qərb bölgəsinin zirvəsi hesab olunan Kəlbəcər rayonu dəniz səviyyəsindən 1500-3800 m yüksəklikdə Tərtər çayı vadisində Kiçik Qafqazda yerləşir. Kəlbəcər antik dövrün abidəsi olmaqla, çox zəngin flora və faunası olan bir təbiət muzeyidir. Rayonun "Qaragöl", "Zalxa" gölləri sahillərində, "Ayıçınqıl" və "Pəriçınqıl" dağlarında qayalara həkk edilmiş qayaüstü təsvirləri tədqiqatçı alimləri tərəfindən öyrənilmişdir.
Tədqiqat zamanı məlum olub ki, dəniz səviyyəsindən 3000 m yüksəklikdə yerləşən bazalt daşlarının üzərinə həkk olunmuş yazılar və rəsmlər ölçü, kompozisiya və çəkilmə texnikasına görə biri-birindən kəskin fərqlənir. Bu abidələrin əksəriyyəti tunc dövrünün əvvəlinə (e.ə. III minillik) aiddir. Tunc dövrünün sonlarında daha mürəkkəb kompozisiyalı lövhələr yaradılmışdır ki, bu da mədəniyyətin bu yerlərdə başlanması demək idi. 1976-cı ildə Kəlbəcərin qayaüstü təsvirlərin yerləşdiyi ərazidə qədim yaşayış məntəqəsi aşkar edilibdir. Həmin yerdə divarın qalınlığı 2 metrə çatan tikinti və həmin ərazidə tapılan gil qab bir daha təsdiq edir ki, e.ə. III minillikdə Kəlbəcər ilk insanların yaşayış məskəni olub.
Kəlbəcərin səthi dağlıqdır. Dəlidağ, Keyti, Murovdağ, Kəpəz, Sərgi Göyçəgölü, Göyçənin Mıxtökən, Qarabağ yaylasının bir hissəsi Kəlbəcərin təbii sərhədlərini təşkil edir. Ən yüksək dağ zirvəsi olan "Camışdağ"ın (Murovdağın başıdır) hündürlüyü 3724 m-dir. Kəlbəcər inzibati rayon kimi 1930-cu il avqustun 8-də təşkil edilibdir. Ərazisi 1936 kvadrat kilometr, əhalisi işğaldan öncə 61 min nəfər idi. Rayonda 1 şəhər (Kəlbəcər), 1 şəhər tipli qəsəbə (İstisu) və 128 kənd vardı. Kəlbəcərin işğalı nəticəsində 511 nəfər həlak olub, 321 nəfər itkin düşüb və girov götürülüb, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib. Ermənistan hərbi birləşmələrinin martın 27-də başlanan genişmiqyaslı hücumu Kəlbəcər rayonunun işğalı ilə başa çatıb. Kəlbəcər Azərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən böyüyüdü. İşğal nəticəsində rayon mərkəzi, 150-ə yaxın kəndi, həmçinin, onlarla tarixi-mədəniyyət abidəsi, bir muzey, "İstisu" sanatoriyası və s. Ermənistan silahlı qüvvələri tərəfindən xarabazara çevrilib. Kəlbəcər rayonunun işğalı o vaxt üçün Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti idi. Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi faktiki olaraq başa çatdı.
Ermənilər Kəlbəcərin Vəng kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Alban kilsəsi (Həsən Camal kilsəsi), Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndinə Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi, Aşıq Şəmşir adına Mədəniyyət Evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı və daha neçə-neçə mədəni-tarixi abidəni də dağıdıblar.
Qeyd edək ki, Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib. Sonradan BMT Təhlükəsizlik Şurasının Ağdam rayonunun azad edilməsi ilə bağlı 854-cü, Füzili rayonunun azad edilməsi ilə bağlı 874-cü və digər işğal edilmiş rayonların azad edilməsi ilə bağlı 884-cü Qətnamə qəbul elib, lakin həmin qətnamələr kağız parçası olaraq qalmaqdadır.
Qeyd edək ki, Qarabağ münaqişəsinin başladığı ilk günlərdən 1993-cü il aprelin 2-nədək Kəlbəcər qanlı döyüşlərin getdiyi ərazilərimizdən biri olub. Ermənilər Kəlbəcəri ələ keçirmək üçün 5 il ərzində bir neçə dəfə güclü həmlə ediblər. Ermənistanla sərhəddə yerləşən və Azərbaycanda Aşıq Şəmşir yurdu kimi tanınan Ağdaban kəndi 1992-ci il aprelin 7-də erməni silahlı birləşmələrinin hücumuna məruz qaldı. Ermənilər dinc sakinləri qətlə yetirərək, Ağdabanı yandırdılar. Lakin kənd əhalisinin və hərbçilərimizin əzmkarlığı nəticəsində düşmən Ağdabanda çox qala bilməmişdi.
Ermənistan Laçın rayonunu işğal edərkən Kəlbəcəri də ələ keçirməyə cəhd edirdi. Ancaq nail ola bilmədi. Lakin Laçının işğalı Kəlbəcər ətrafında dairəni daha da daraltdı. Faktiki olaraq rayon üç tərəfdən erməni qoşunlarının əhatəsindəydi. Kəlbəcər məhz bu vəziyyətdə bir il yaşadı. 1993-cü ilin mart ayının sonlarında Ermənistan qoşunlarının üç istiqamətdən güclü həmləsinin qarşısını isə almaq mümkün olmadı. Kəlbəcərin işğalında ermənilərə rus hərbçiləri də dəstək verdi.
Kəlbəcərin işğalı ilə Ermənistan ordusu bütün Qarabağda ən hündür ərazini-Murovdağ yüksəkliyini əldə etdi. Kəlbəcərin işğalı zamanı öz unikallığı ilə seçilən hadisə yaşanıb. Yəqin heç kim təsəvvürünə gətirməz və inanmaz ki, Kəlbəcər işğal edildikdən sonra bu rayonun kəndlərinin birinin 64 sakini düz dörd ay dağlarda mühasirədə yaşayıb. Rayonun 128 kəndi içərisində ən böyüyü olan Başlıbel kəndinin (3 min sakini olub) əhalisi kəndi tərk etmək istəməyib. Bu kəndin əhalisi öz yurdlarını o zaman tərk edib ki, artıq Kəlbəcər, demək olar ki, işğal olunub.
Hətta kəndi piyada tərk edən camaatın bir qismi rayon mərkəzinin yaxınlığında erməni tankları ilə qarşılaşmışdılar. Nəticədə çoxlu sayda insan qətlə yetirilmiş və əsir götürülmüşdü. Kənddə qalan sonuncu 64 nəfər isə rayonun işğal olunmasından xəbər tutduqları və mühasirədə qaldıqları üçün yola çıxmayıblar və kəndin yaxınlığındakı kahalara çəkiliblər. Həmin 64 nəfərin 10- yaxını azyaşlı uşaq, təxminən 15 nəfəri qoca qadın və kişi olub. Ermənilər kəndi aprelin 2-də işğal etsələr də, kahalarda əhalinin gizləndiyindən aprelin 18-də xəbər tutublar. Kənd camaatına hücum edilib. Nəticədə 64 nəfərdən 16-sı öldürülüb, 10 nəfərə yaxın əsir götürülüb. Sağ qalanlar isə dağlara çəkiliblər. İçərisində azyaşlı uşaqların da olduğu 30-dan yuxarı kənd sakini düz 4 ay Dəlidağın ətəyində yaşamağa məcbur olublar. Dörd ay Kəlbəcərin azad ediləcəyini gözləyən və gecələr kəndə düşüb ermənilərin aparmadığı un və digər ərzaq məhsulları ilə qidalanmaqla sağ qalan kənd camaatı iyulun sonunda bir həftə gecələr yol qət etməklə dağlarla birtəhər Daşkəsənə gəlib çıxıblar.
Lakin torpaqlarından didərgin düşmüş vətəndaşların güzəranının yaxşılaşdırılması ümummilli liderimiz Heydər Əliyevin hakimiyyəti dövründə bir nömrəli problem kimi diqqət mərkəzində olmuşdur. Həmin kurs bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə Prezidentinin torpaqlarından didərgin düşmüş soydaşlarımız yüksək diqqət və qayğı ilə əhatə olunublar.
Kəlbəcərlilər inanır ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti və səmərəli fəaliyyəti nəticəsində bir nömrəli problemimiz olan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın milli mənafeyinə uyğun həll olunacaq, doğma torpaqlarımız erməni işğalçılarından azad ediləcəkdir.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2010.- 1 aprel.- S. 10.