31 Mart Azərbaycanlıların
Soyqırımı Günü ilə əlaqədar konfrans
keçirilib
Dünən Lənkəran Dövlət Universitetində 31 Mart Azərbaycanlılarının Soyqırımı Günü ilə əlaqədar konfrans keçirildi. İlk öncə, faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüldü.
Konfransı universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi professor Asəf İsgəndərov açaraq, erməni millətçilərinin əsassız iddialarından, Azərbaycan Prezidenti İlham Əliyevin dövlətçiliyimiz naminə apardığı haqq işindən danışdı. O, professor-müəllim və tələbə kollektivinin dövlət başçısı ilə həmrəy olduğunu bildirdi. Universitetin humanitar və pedaqoji elmlər fakültəsinin dekanı, tarix elmləri namizədi Rakif İbadov "Azərbaycanlıların soyqırımı - əsrlərin faciəsidir" mövzusunda məruzə etdi. Bildirdi ki, mart soyqırımı erməni millətçilərinin əsrlər boyu azərbaycanlılara qarşı məkrli planı və düşünülmüş şəkildə apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir.
Lənkəran Ağsaqqallar Şurasının sədr müavini Sərhəd Məmmədov, universitetin dil və ədəbiyyat kafedrasının dosenti, filologiya elmləri namizədi Mirhüseyn Abbas, pedaqogika və psixologiya kafedrasının müdiri, dosent Afiq Əliyev, fiziki tərbiyə və mülki müdafiə kafedrasının müəllimi, Qarabağ veteranı Arif Məmmədov, tələbə-gənclər təşkilatının sədri Anar Rəhimov çıxışlarında ermənilərin törətdikləri vəhşiliklərdən söz açdılar. Qeyd etdilər ki, xalqımızın başına gətirilən müsibətlərə biganə qalmamalı, haqq səsimizi ucaltmalıyıq.
Sonra tələbələrin iştirakı ilə faciə qurbanlarına həsr edilmiş bədii kompozisiya göstərildi. Konfransda dünya parlamentlərinə, Azərbaycan və türk diaspor təşkilatlarına, xaricdə yaşayan soydaşlarımıza, respublikamızın bütün ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinə qəbul edilmiş müraciətdə dünyanın bütün sülhsevər insanlarını müharibəyə, ədalətsizliyə qarşı çıxmağa çağırışlar səsləndi. 1918-ci il mart hadisələrinin azərbaycanlıların soyqırımı kimi tanınması, xalqımıza qarşı ermənilər tərəfindən törədilmiş etnik təmizləmə siyasətinə obyektiv qiymət verilməsi tələb edildi. Həmin gün universitetdə ilk dərslər azərbaycanlıların soyqırımına həsr edildi. Tədbirdə soyqırımı əks etdirən kitab sərgisi və fotostendlər nümayiş etdirildi.
SEVİNC NƏZƏROVA
Səs.- 2010.- 1 aprel.- S.7.