BSU-da Dünya Azərbaycanlılarının Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib

 

Dünən Bakı Slavyan Universitetində, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Sağlam İnkişaf Maarifləndirmə İctimai Birliyinin birgə təşkil etdiyi "31 Mart Azərbaycanlıların Soyqırımı Günü" həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev açaraq, bunun gənclər üçün yüksək əhəmiyyətindən danışdı. Əsrlər boyu erməni şovinistlərinin Azərbaycan xalqını tarixin səhifələrindən silməyə çalışdıqlarını deyən K.Abdullayev bu işdə onlara dünyanın müxtəlif ölkələrində yaşayan havadarlarının yaxından kömək etdiyini xüsusi vurğuladı: "Biz, ilk növbədə, Ulu Öndər Heydər Əliyevə dərin minnətdar olmalıyıq. Çünki məhz onun Azərbaycanda hakimiyyətə yenidən qayıdışından sonra bütün bu hadisələrə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verildi. Mən əminəm ki, Qarabağ uğrunda aparılan mübarizədən, eləcə , başımızın üstünü alan qara buludlarla mübarizədən alnı açıq qələbə ilə çıxacağıq. Çünki bizim müdrik, uzaqgörən Prezidentimiz var. Bir daha soyqırımı qurbanlarına Allahdan rəhmət diləyirəm".

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili Fuad Muradov çıxış edərək, bu gün gənclərin intellektual səviyyələrinin inkişafı istiqamətində sistemli şəkildə mühüm işlərin aparıldığını qeyd etdi: "Mən, öz növbəmdə, BSU-nun rektoru, professor Kamal Abdullayevə öz minnətdarlığımı bildirirəm. BSU-da yüksək intellektual səviyyəsi olan kifayət qədər gənclər var. Elə bilirəm ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasi istiqamətində gənclərin üzərinə böyük məsuliyyət düşür".

Daha sonra millət vəkili Rövşən Rzayev çıxış edərək, həm 31 mart, həm Xocalı, həm digər soyqırımların eyni üsullarla törədildiyini diqqətə çatdırdı. Gənclərin bu istiqamətdə maarifləndirilməsinin vacibliyindən danışan R.Rzayev bu işdə hər kəsə uğurlar arzu etdi.

Millət vəkili Fəzail İbrahimli çıxışında bu tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirdi: "Bu tədbir 31 mart soyqırımına həsr olunsa da onun əhatə dairəsi daha genişdir. Bu tədbirdə gənclər əsrlər boyu Azərbaycan xalqının başına gətirilən müsibətlər haqqında geniş məlumat aldılar"

Sağlam İnkişaf Maarifləndirmə İctimai Birliyinin, Demokratik İslahatçı Gənclər İctimai Birliyinin sədrləri BSU-nun müəllimləri öz çıxışlarında soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlərdən, həyata keçirilən layihələrdən danışdılar.

 

 

NƏZAKƏT

 

Səs.- 2010.- 1 aprel.- S. 10.