Dünyada ən zəngin yazılı abidələr toplanmış əlyazma mərkəzi

 

Heydər Əliyevin Sərəncamı ilə Məhəmməd Füzulinin adı verilmiş Əlyazmalar İnstitutu 60 illik yubiley ərəfəsində

 

Azərbaycan ərazisində ilk müsəlman kitabının XI əsrdə yazıldığı məlumdur. Həmin dövrdən başlayaraq ərəb, fars və türk dillərində nəfis əlyazma nümunələri yaranmış, dünyanın elm və mədəniyyət dühalarının kitabları Azərbaycana gətirilmiş, milli kitab mədəniyyəti zənginləşmişdir. Mənbələr orta əsrlərdə tarixi Azərbaycan ərazisində 1 milyondan artıq əlyazma kitabının toplandığını göstərir. Tarixin ayrı-ayrı dövrlərində, o cümlədən, XX əsrin birinci yarısında Azərbaycan əlyazmalarına qarşı xüsusi qəddarlıq müşahidə edilmiş, onların böyük bir hissəsi müxtəlif vulqar bəhanələrlə məhv edilmişdir. 1924-cü ildə xalqın yazılı irsinin şüarçılıqla sıradan çıxarıldığını görən bəzi ziyalılarımızın təşəbbüsü ilə I Ümumazərbaycan Ölkəşünaslıq Qurultayında əlyazma kitablarının, sənədlərin və qədim çap kitablarının bir yerə toplanması və ayrıca kitabxanada saxlanması haqqında qərar qəbul edilmiş, bu iş 1929-cu ildən həyata keçirilməyə başlamışdır. Toplanmış abidələr o vaxtkı Azərbaycanı Öyrənmə Cəmiyyətində kitabxana şəklində mühafizə edilməyə başlamış, sonralar akademiyanın müxtəlif müəssisələrində saxlanılmışdır. 1950-ci ildə toplanmış materialların sayının artdığını, onların saxlanması üçün xüsusi mühafizə və iqlim rejiminin vacibliyini görən Azərbaycan Elmlər Akademiyası təşəbbüs qaldırmış və Azərbaycan SSR Nazirlər Soveti ayrıca bir müəssisə kimi Azərbaycan SSR EA Respublika Əlyazmalar Fondu yaradılması haqqında qərar qəbul etmişdir. Həmin vaxtdan başlayaraq, fondun kolleksiyası ildən-ilə zənginləşmiş, onun elmi kadr potensialı güclənmiş, fəaliyyət dairəsi durmadan genişlənmişdir. 80-ci illərdə artıq Əlyazmalar Fondu akademiya sistemində özünə layiqli yer tutmuş bir institut səviyyəsində fəaliyyət göstərirdi. Bunu nəzərə alan akademiyanın və fondun rəhbərliyi Moskva qarşısında Əlyazmalar Fondunun bazasında elmi-tədqiqat institutunun yaradılması haqqında məsələ qaldırmış, lakin "perestroyka" adı altında müxtəlif müəssisələrin ləğv edildiyi və ya birləşdirildiyi bir vaxtda bu məsələ uzun müddət get-gələ salınmışdır. Yalnız 1986-cı ildə Moskvada işləyən Heydər Əliyev cənabları məsələyə qarışandan sonra Moskva həmin ilin oktyabr ayında Azərbaycan SSR EA Əlyazmalar İnstitutunun yaradılmasına icazə vermişdir. 1996-cı ilin oktyabrında Heydər Əliyevin Sərəncamı ilə Əlyazmalar İnstitutuna dahi şair Məhəmməd Füzulinin adı verilmişdir.

Bu gün Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyada ən zəngin Şərqdə yazılı abidələr toplanmış əlyazma mərkəzlərindən biri sayılır və şimallı-cənublu Azərbaycan əlyazmalarının mühafizə edildiyi yeganə milli institut kimi fəaliyyət göstərir. Hazırda Əlyazmalar İnstitutunun kolleksiyasında ümumi sayı 60 minə yaxın olan müxtəlif xarakterli materiallar saxlanılır. Bunlardan 12 minə yaxını əlyazma kitabıdır, qalanları isə tarixi arxeoqrafik sənədləri, XIX əsrin ikinci yarısı - XX əsrin birinci yarısı Azərbaycan mədəniyyət xadimlərinin şəxsi arxivlərini, daşbasma və əski çap kitablarını, əski dövri mətbuat materiallarını, foto və kserosurətləri, mikrofilmləri, həmçinin, azərbaycanşünaslığın müxtəlif sahələrinə dair müasir kitabları əhatə edir. Min illik dövrü ehtiva edən Azərbaycan və digər müsəlman Şərqi ölkələrinin türk, ərəb və fars dillərində yazılmış abidələri institutda yaradılmış xüsusi iqlim şəraiti olan xəzinələrdə mühafizə edilir. Şərqin, demək olar ki, bütün böyük klassiklərinin əsərləri və ya onlardan nümunələr institutun kolleksiyasında təmsil olunmuşdur.

Əlyazmalar İnstitutunun əsas prioritet fəaliyyət istiqaməti azərbaycanşünaslıq olub, burada qorunan abidələrin mühafizə şəraitinin daim müasirləşdirilməsi, onların müntəzəm dezinfeksiya, gigiyena və bərpası məsələlərinin həlli, əlyazmaların kataloqlaşdırılması və sistemləşdirilməsi, onların tədqiq edilməsi və nəşr etdirilərək elmi tədavülə və müasir nəsillərə çatdırılması ilə bağlıdır. Ümumiyətlə, respublikada yazılı abidələr üzərində indiyədək aparılan elmi axtarışlarda mühüm nailiyyətlər əldə edilmişdir. Bu sahədə Əlyazmalar İnstitutu alimlərinin qazandığı uğurlar ayrıca qeyd edilə bilər. Keçən əsrin 50-80-ci illərində müəssisədə Azərbaycan humanitar elminin Məmmədağa Sultanov, Həmid Araslı, Rüstəm Əliyev, Əzizə Cəfərzadə kimi simaları çalışmışlar. Həmin dövrdə Azərbaycan əlyazmaşünaslığının bir sıra sahələrinin əsası qoyulmuş və ya azərbaycanşünaslığın ayrı-ayrı istiqamətləri inkişaf etdirilmişdir.

50-60-cı illərdə müəssisənin fondunda mühafizə edilən şəxsi arxivlərin elmi təsviri işi də başlanmış, 1955-ci ildə Ağəmi İbrahimov "Mirzə Fətəli Axundov arxivinin təsviri"ni nəşr etdirməklə biblioqrafik kataloq tərtibinin əsasını qoymuş, 1961-ci və 1965-ci illərdə Mərziyə xanım Paşayeva "Cəlil Məmmədquluzadə arxivinin təsviri" və "Cəfər Cabbarlı arxivinin təsviri", 1962-ci ildə Cənnət xanım Nağıyeva "Süleyman Sani Axundov arxivinin təsviri"ni nəşr etdirmişlər. 60-cı illərdən başlayaraq, müəssisədə mühafizə edilən əlyazmaların kataloqlaşdırılması təcrübəsi həyata keçirilmişdir. İnstitutun ilk "Əlyazmalar kataloqu" M.Sultanovun və C.Qəhrəmanovun redaktəsi altında nəşr edilmiş, bundan sonra əlyazmaların kataloqlaşdırılması işinə daha əhatəli münasibət bəslənmiş və 9 cilddə kataloqlar tərtib edilmişdir. 1970-ci ildə C.Qəhrəmanov "Nəsimi "Divan"ının leksikası" adlı fundamental tədqiqatını nəşr etdirməklə, ümumiyyətlə, Azərbaycanda linqvistik mənbəşünaslıq sahəsinin əsasını qoymuş, sonralar alimin rəhbərliyi altında bu sahə daha da inkişaf etdirilmişdir.

Ancaq bütün nailiyyətlərinə baxmayaraq, institut öz fəaliyyətinin ən coşqun dövrünə, məhz Azərbaycan Respublikasının milli istiqlaliyyətinin bərpa edilməsindən sonra qədəm qoymuşdur. Müqayisə üçün göstərmək olar ki, 60-cı illərin sonunda müəssisədə cəmi 47 əməkdaş, o cümlədən, 3 elmlər doktoru və bir neçə elmlər namizədi işlədiyi halda, bu gün institutun təkcə elmi işçilərinin sayı 100-ə çatmışdır ki, onların da arasında 7 elmlər doktoru və 34 elmlər namizədi fəaliyyət göstərir. Sovet dövründə institutun əməkdaşları hər il vur-tut 2-3 kitab nəşr etdirməyə nail olurdularsa, müstəqillik dövründə institutun elmi nəşrlərinin sayı yüksələn xətt üzrə inkişaf etmiş, müəssisə, demək olar ki, hər il respublika səviyyəli elmi konfrans və seminarlar keçirmiş, Bakıda keçirilmiş ən böyük beynəlxalq elmi forumların təşkilində fəal iştirak etmişdir. 90-cı illərin ikinci yarısından burada hər il nəşr edilmiş kitabların sayı artmış, hər il orta hesabla 150-yə yaxın elmi və elmi-kütləvi məqalə nəşr olunmuşdur. Yeni şəraitdə institutun işlədiyi problematika da genişləndirilmiş, Azərbaycan əlyazma kitabının tarixi, paleoqrafiya məsələləri, islamşünaslıq, tarixi mənbəşünaslıq, elm tarixi və tərcümə tarixi istiqamətlərində işlər də həyata keçirilməyə başlamışdır.Müstəqillik dövründə institutda anadilli abidələrin orijinal qrafikada elmi-tənqidi mətnlərinin hazırlanması və nəşri işində də nəzərəçarpacaq nailiyyətlər əldə edilmişdir. Əlyazmaların kataloqlaşdırılması və arxiv materiallarının biblioqrafik göstəricilərinin nəşri sahəsində irəliləyiş də qeyd edilə bilər. 1994-cü ildən bəri institutda türk əlyazmaları kataloqunun iki cildi, ərəb əlyazmaları kataloqunun üç cildi, fars əlyazmaları kataloqunun üç cildi, Məhəmməd Füzulinin biblioqrafiyası, Xacə Nəsirəddin Tusinin biblioqrafiyası, "Kitabi-Dədə Qorqud"un biblioqrafiyası, Qarabağın biblioqrafiyası, "Füyuzat" jurnalının biblioqrafiyası, Xaqani Şirvaninin biblioqrafiyası, həmçinin, C.Nağıyevanın "Yusif Vəzir Çəmənzəminli arxivinin təsviri" və M.Məmmədovanın "Müslim Maqomayev arxivinin təsviri", eləcə də, "Firidun bəy Köçərlinin şəxsi arxivi", "Əzim Əzimzadənin şəxsi arxivi" kitabları nəşr edilmişdir. İnstitutun kataloqları həm də 1993-cü ildə Dubayda, 2001-ci ildə Tehranda, 2002-ci ildə Küveytdə çapdan çıxmışdır. Hazırda Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 8 şöbə və 1 laboratoriya fəaliyyət göstərir. Türkdilli əlyazmaların tədqiqi şöbəsi, ərəbdilli əlyazmaların tədqiqi şöbəsi, farsdilli əlyazmaların tədqiqi şöbəsi, şəxsi arxivlərin tədqiqi şöbəsi, biblioqrafiya və xidmət şöbəsi və s. fəaliyyətdədir.

Belə bir yol keçmiş elmi müəssisə 60 illik yubileyini qeyd edir. 40 min müxtəlif material toplanılan müəssisənin 3 əlyazması YUNESKO-nun əlyazmalar irsinə daxil olub. İnstitutun 60 illiyi ilə əlaqədar cari ilin oktyabrında Bakıda "Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyəti tarixi problemləri" mövzusunda beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulub. Konfransda müxtəlif ölkələrdən şərqşünasların, Almaniya, ABŞ və başqa ölkələrdən türk mənşəli alim və vətəndaşların iştirakı gözlənilir. Bundan başqa, yubileylə əlaqədar orta əsr əlyazmalarının sərgisi təşkil olunacaq ki, bu da əcnəbi alimlərin diqqətini cəlb edəcək.

 

 

Zümrüd

 

Səs.- 2010.- 1 aprel.- S. 12.