YAP Binəqədi rayon təşkilatında 31 Mart Soyqırımına həsr olunmuş tədbir keçirildi

 

YAP Binəqədi rayon təşkilatının, rayon icra hakimiyyətinin birgə təşəbbüsü ilə 31 Mart Azərbaycanlıların Soyqırımının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbir iştirakçıları tərəfindən soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, çıxış edən Binəqədi rayon icra hakimiyyətinin başçısı Alı Qocayev bədnam qonşularımızın zaman-zaman başımıza gətirdikləri dəhşətli faciələrdən danışdı və eləcə də, azərbaycanlıların soyqırımı ilə bağlı həqiqətlərə nəzər saldı. Diqqəti azərbaycanlılara qarşı soyqırımı siyasətinin məğzinə yönəldən natiq iki yüz ilə yaxın bir müddətdə erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdikləri genosid və deportasiya siyasəti nəticəsində azərbaycanlıların əzəli torpaqları olan İrəvan, Göyçə və Zəngəzuru itirdiklərini bildirdi. A.Qocayev qeyd etdi ki, XX əsrin sonunda erməni işğalçıları Dağlıq Qarabağı və ətraf 7 rayonu - Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Zəngilan, Qubadlı və Cəbrayılı zəbt ediblər: "Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli liderimiz Heydər Əliyevin  "Azərbaycanlıların soyqırımı" haqqında 1998-ci il 26 mart tarixli Fərmanının böyük tarixi əhəmiyyət daşıyıb".

Ermənilərin xalqımıza qarşı törətdikləri kütləvi qırğınları, terror aktlarını konkret faktlarla diqqətə çatdıran rayon icra hakimiyyətinin başçısı Ermənistanın bu gün də davam edən təcavüzkar siyasətinə münasibətini bildirdi.

YAP Binəqədi rayon təşkilatının sədri Nəbi Xəlilov çıxış edərək, zaman-zaman ermənilərin azərbaycanlılara və türklərə qarşı soyqırımı siyasəti həyata keçirdiyini bildirdi. Qeyd etdi ki, yalnız 1905-1907 və 1918-1920-ci illərdə ermənilər tərəfindən iki milyona yaxın azərbaycanlı qətlə yetirilib: "Təəssüf ki dünya birliyi bu soyqırımı, hələ ki, tanımayıb. Bu da onların məsələlərə ikili standartlardan yanaşmalarının göstəricisidir. 31 mart azərbaycanlıların soyqırımına hüquqi  qiymət verilmədiyindən, ermənilər 1992-ci ilin fevralın 26-da insanlığa və bəşəriyyətə qarşı olan növbəti bir soyqırımı - Xocalı genosidini həyata keçirdi".

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Rafael Cəbrayılov tarixən qonşu dövlətlərə qarşı məkrli ərazi iddialarını gerçəkləşdirmək, "böyük Ermənistan" yaratmaq xülyası ilə yaşayan erməni millətçilərinin, bütövlükdə, bəşəriyyətə və insanlığa qarşı yönəlmiş soyqırımı, terror siyasəti həyata keçirdiyini bildirərək,  dəhşətli cinayətlərə əl atdıqlarını vurğuladı. Bu soyqırımın əsil hüquqi-siyasi qiymətinin Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra verildiyini bildirən millət vəkili mart hadisələrinin 80-ci ildönümündə, 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət oldu. Bu fərman Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından da bir növ proqram sənədidir.

Millət vəkili onu da bildirdi ki, 31 mart və Xocalı soyqırımlarını dünya ictimaiyyətinə çatdırmaq üçün indiyədək görülmüş işlər daha da genişləndirilməli, bu sahədə virtual məkanının - internetin hüdudsuz imkanlarından geniş istifadə olunmalıdır. O, son illər, xüsusən də, Heydər Əliyev Fondunun milli həqiqətlərini dünya ictimaiyyətinə çatdırılması yönümündəki fəaliyyətini də diqqətə çəkib, ermənilərin apardığı məkrli təbliğatın qarşısının alınmasında əhəmiyyətini vurğuladı. Son illər əksər beynəlxalq təşkilatlar və dövlətlər də Ermənistanın işğalçılıq siyasətini pisləmiş, münaqişənin respublikamızın ərazi bütövlüyü və suverenliyi prinsipi əsasında həllinin vacibliyini önə çəkmişlər. Dövlət başçısı, Ali Baş Komandan cənab İlham Əliyev isə ermənilərin təcavüzkarlıq siyasətindən əl çəkməyəcəyi təqdirdə, Azərbaycanın güc tətbiq etmək məcburiyyətində qalacağını açıq bəyan edir. Azərbaycanın ərazi bütövlüyü tezliklə bərpa olunacaqdır.

Azərbaycan Beynəlxalq Universitetinin prorektoru Həsən Bayramov, Əsir və İtkin düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar dövlət komissiyasının işçi qrupunun sədr müavini Eldar Səmədov, Həsrət Yolu Əsir və Girovlara Kömək İctimai Birliyininin sədri Esmira Orucova və digərləri çıxış edərək ermənilərin "böyük Ermənistan" iddialarının həyata keçirmələrinin acı nəticələrini azərbaycanlıların hər zaman öz üzərində hiss etdikləri vurğuladılar. Onların 1918-ci ildə Bakıda, Qubada, Lənkəranda on minlərlə azərbaycanlını öldürmələrini, kəndləri, evləri heç kimə aman vermədən yandırmalarını və bu tarixi faktların dünyanın bir çox arxivlərində saxlandığını da qeyd etdilər.

Tədbirin sonunda 31 Mart Azərbaycanlıların Soyqırımına həsr olunmuş qısametrajlı filmin təqdimatı oldu.

 

 

Zümrüd BAYRAMOVA

 

Səs.- 2010.- 2 aprel.- S. 7.