31 Mart Azərbaycanlıların
Soyqırımından 92 il ötür
"Səs" qəzeti bu mövzuda dəyirmi masa
keçirib
(Əvvəli ötən sayımızda)
“Səs” qəzetinin
ənənəvi olaraq cəmiyyətdə maraq doğuran
mövzular ətrafında keçirdiyi dəyirmi masalar
geniş oxucu kütləsi arasında maraqla izlənilməkdədir. Qəzetin
keçirdiyi budəfəki dəyirmi masa ermənilərin
tarixən azərbaycanlılara qarşı törətdiyi
soyqırımı siyasətinə həsr olunmuşdu.
Dəyirmi masada Yeni Azərbaycan Partiyasının Siyasi
Şurasının üzvü, millət vəkili Aydın
Mirzəzadə, Vətəndaş Həmrəyliyi
Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı,
Vəhdət Partiyasının sədri Tahir Kərimli,
politoloq Qabil Hüseynli, Azərbaycan Milli Elmlər
Akademiyasının Tarix İnstitutunun elmi işçisi Vaqif
Abışov, YAP Nəsimi rayon təşkilatının sədri,
millət vəkili Məlahət İbrahimqızı, Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının dosenti Elman Nəsirov, politoloq
Cümşüd Nuriyev, YAP Siyasi Şurasının
üzvü, partiyanın Qaradağ rayon təşkilatının
sədri Aydın Hüseynov, Böyük Quruluş
Partiyasının sədri, millət vəkili Fazil Mustafa,
tarixçi alim Firudin Cümşüdlü, 12 saylı Kəlbəcər
orta məktəbinin direktoru Kamil Əsədov, 22 saylı Kəlbəcər
orta məktəbinin direktoru Əkbər Sarıyev, Kəlbəcər
rayon icra hakimiyyətinin nümayəndəsi Sabir Heydərov,
tarixçi Firudin Cəlilov iştirak edirdilər.
Dəyirmi
masanı giriş sözü ilə açan "Səs"
qəzetinin baş redaktoru Bəhruz Quliyev 31 mart azərbaycanlıların
soyqırımının bəşəriyyətə,
insanlığa qarşı törədilən erməni
vandalizmi olduğunu söylədi. Bildirdi ki, bu qanlı ləkə,
faciə düşmənin üzündəki maskaların
düşdüyü və canilərin bütün
çılpaqlığı ilə ortaya
çıxdığı gündə baş verib: "Ermənilər
azərbaycanlılara qarşı müxtəlif
soyqırımı siyasəti həyata keçiriblər. Bu
cür vəhşilik aktlarından biri də 1918-ci il martın 18-də törədilib. Azərbaycanda
hər il 31 mart tarixi Azərbaycanlıların
Soyqırımı Günü kimi qeyd edilir. Bu
genişmiqyaslı qanlı aksiya nəticəsində yüzlərlə
yaşayış məntəqəsi yerlə-yeksan edilib, minlərlə
azərbaycanlı böyük amansızlıqla və qəddarlıqla
qətlə yetirilib. Ermənilərin Azərbaycana
qarşı uzun illər boyu apardığı ardıcıl
etnik təmizləmə, soyqırımı və təcavüzü
nəticəsində minlərlə insan elindən-obasından
didərgin düşüb. Soyqırımı
siyasətini həyata keçirmək üçün IV-XIX əsrlər
ərzində öz dövlətlərinə malik olmayan ermənilər
"böyük Ermənistan" dövlətini yaratmaq
üçün Rusiyanın imperiya siyasətindən alət
kimi istifadə ediblər. Bunun nəticəsi
olaraq Azərbaycanın XIX- XX əsrlərdə baş verən
bütün faciələri torpaqlarının zəbti ilə
müşayiət olunaraq, ermənilərin azərbaycanlılara
qarşı düşünülmüş, planlı surətdə
həyata keçirdiyi soyqırımı siyasətinin
ayrı-ayrı mərhələlərini təşkil
edib".
Baş redaktor
qeyd etdi ki, 1918-ci ilin mart-aprel aylarında qanlı hadisələr
zirvə nöqtəsinə çatıb. Həmin aylarda ermənilər
tərəfindən törədilən cinayətlər Azərbaycan
xalqının yaddaşında silinməz iz qoyub: "Təkcə
milli mənsubiyyətinə görə, minlərlə dinc azərbaycanlı
məhv edilib. Ermənilər evləri
yandırıb, insanları diri-diri oda atıblar. Onlar tərəfindən milli memarlıq abidələri,
məktəblər, xəstəxanalar, məscidlər və
digər tikililər dağıdılıb. Azərbaycanlıların soyqırımı
xüsusi qəddarlıqla Bakı, Şamaxı, Quba,
Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və
Azərbaycanın digər ərazilərində həyata
keçirilib. Bu torpaqlarda kütləvi
qaydada dinc əhali qırılıb, kəndlər
yandırılıb, milli mədəniyyət abidələri
məhv edilib. Ermənilərin
azərbaycanlılara qarşı törətdiyi bu
soyqırımı nəticəsində 1918-ci ilin mart-aprelində
Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda 30
mindən çox soydaşımız qətlə yetirilib, 10
minlərlə insan öz torpaqlarından qovulub. Təkcə
Bakıda 10 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla
öldürülüb, Şamaxıda 58 kənd
dağıdılıb, 7 min nəfər (1653 qadın, 965
uşaq) məhv edilib. Quba ərazisində 122, Qarabağın
dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan
quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə
yeksan olunub, əhali üzərində yaş və cinsə məhəl
qoymadan qətliam həyata keçirilib".
B.Quliyev onu da
bildirdi ki, 26 mart 1998-ci ildə "Azərbaycanlıların
soyqırımı haqqında" ulu öndərimiz Heydər
Əliyevin "31 Mart Azərbaycanlıların
Soyqırımı Günü" kimi qeyd olunması
üçün xüsusi fərmanı olmuşdur. 28 mart
2006-cı ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin
"31 Mart Azərbaycanlıların Soyqırımı
Günü" münasibətilə Azərbaycan xalqına
müraciəti olmuşdur.
NURU PAŞANIN AZƏRBAYCANA OLAN SEVGİSİ VƏ
BAĞLILIĞI MƏNİ HƏMİŞƏ HEYRƏTƏ
GƏTİRİB
Fazil Mustafa:
- Burada qeyd olundu ki,
1914-cü ildə Nikolayın çağırışı
ilə 200 min erməni silahlandırıldı. 1918-ci il iyunun 28-də Nuru Paşanın Ənvər
Paşaya məktubu var. Məktubda yazılır ki, 30 minə
yaxın səfərbərlik altında olan gənc Azərbaycana
gəlib. Azərbaycanda ermənilər tərəfindən
çox böyük qırğınlar törədilirdi.
Bu hadisə millətlərin hazırlıq səviyyəsinə
olan tənqidi baxışımızı ortaya qoyur. İkincisi, iyulun 1-də Ənvər Paşaya
ünvanlanan növbəti məktub var. Orada isə qeyd olunur
ki, bu insanlardan Bakını azad edə bilməyəcəyik.
Əlavə silahlı dəstə göndərin
ki, Osmanlı ordusunun nüfuzu aşağı düşməsin.
Şaumyanın bir fikri var idi. O bildirirdi ki,
Osmanlı İmperiyasının əsas strategiyası müstəqil
dövlət yaradaraq, Bakını paytaxt elan etməkdir. Şaumyanın siyasəti ondan ibarət idi ki, azərbaycanlılar
Bakıdan çıxarılsın və türklərin
buraya nəzarəti mümkünsüz olsun. Bu məqsədin qurbanı olaraq 31 mart soyqırımı
törədildi, ölkənin müxtəlif yerlərində
kütləvi qırğınlar həyata keçirildi.
Həmin ilin may ayının ortalarında Nuru Paşanın
Araz çayını keçərək buraya gəlməsi
ilə vəziyyət dəyişdi. Onun Azərbaycana
olan sevgisi və bağlılığı məni həmişə
heyrətə gətirib. Türk əsgərləri
Azərbaycanı öz evləri kimi qorudu.
TARİXLƏ PARLAMENTLƏR YOX, TARİXÇİLƏR
MƏŞĞUL OLMALIDIR
Aydın Mirzəzadə:
- Soyqırımlar
Azərbaycan xalqının məqsədli şəkildə
başına gələn faciələrdir. Məqsəd
Azərbaycan xalqının gözünü qorxutmaq,
torpağını əldə edib başqa dövlətlərin
marağına uyğun hərəkət etdirməkdir. Ümumiyyətlə, Azərbaycan xalqının
tarixinə, mədəniyyətinə, mənəviyyatına
sahib olmaqdan ötrü edilən addımlardır. Biz vaxtaşırı olaraq hər bir soyqırım
ildönümü ərəfəsində bu mövzuya ona
görə qayıdırıq ki, tarixdən nəticə
çıxaraq. Gələcəkdə belə
hadisələrin baş verməməsi üçün
qabaqlayıcı addımlarımızı göstərməkdir.
Soyqırımlarla bağlı parlamentin qərarı
var. 31 martla bağlı parlamentin qərarı olmasa da, bu,
tarixi hadisədir. Tarixlə parlamentlər
yox, tarixçilər məşğul olmalıdır. Bununla bağlı qanunvericilik səviyyəsində
öz işimizi görməliyik. Milli Məclisin
üzvləri soyqırım məsələsinin
tanınması, təbliğatı işində fəaliyyətini
gücləndirməlidir. Mətbuatda,
parlamentdə çıxışımız olmalıdır.
SOYQIRIMI ZAMANI ERMƏNİLƏR DİNC ƏHALİNİN
BAŞINA OLMAZIN MÜSİBƏTLƏR GƏTİRİB
Tahir Kərimli:
- Bütün partiyalar milli məsələlərdə
yekdil olmalıdır. Vaxtilə ermənilər
Azərbaycanda rəhbər vəzifələrdə
çalışırdılar. Bu da
rusların siyasətinin tərkib hissəsi idi. Buradan anlamaq olar ki, ermənilər ruslar tərəfindən
məqsədli şəkildə təşkil olunub. Ermənilərin Azərbaycana məkrli münasibəti
böyük Pyotrdan bu günədək davam edir. 31 mart soyqırımı da ermənilərin məkrli
siyasətinin tərkib hissəsi idi. Lakin
türk qardaşlarımızın bu məsələdə
Azərbaycana dəstək verməsi vəziyyətin dəyişməsinə
gətirib çıxardı. Soyqırımı
zamanı ermənilər dinc əhalinin başına
olmazın müsibətlər gətirib. Erməni
düşmənçiliyi köklü səbəblərə
malikdir. Qeyd edim ki, bu və ya digər məsələlərdə
xalqımızın ədalətli mövqeyini dünyaya
bildirmək üçün mütəşəkkilliyimizi
daha da möhkəmləndirməliyik. Tez bir zamanda ərazi
bütövlüyümüzü təmin etməliyik.
DÜNYA ARXİVLƏRİNDƏ AZƏRBAYCANLILARIN
QIRILMASI İLƏ BAĞLI HƏR CÜR SƏNƏDLƏR
VAR
Cümşüd Nuriyev:
- 1998-ci il
martın 26-da ulu öndər Heydər Əliyevin verdiyi fərmanı
ruslar Azərbaycanın genosid konsepsiyası kimi qəbul edib. Bu fərman daxilə hesablanmış sənəd
deyil. Ümummilil lider Heydər Əliyevin
dili ilə desək, biz ermənilərdən fərqli olaraq,
soyqırımı ilə xaricdən özümüzə
maliyyə yardımı almaq deyil, həqiqəti dünyaya
çatdırmağa çalışırıq. Məşhur
fransız diplomatı Lores deyir:
Danışmaq lazımdır ki, həqiqət
açılsın. Bu gün danışsaq da,
mövzu ətrafında müxtəlif fikirlərin səsləndirilməsi
düzgün deyil. Türkiyənin arxivlərində
Naxçıvan, Dərələyəz, Borçalı, Qərbi
Azərbaycanda əhalinin qırılması ilə
bağlı hər cür sənədlər var. Onların bir
hissəsini biz əldə etmişik. Həmin
sənədlərdə Naxçıvanın kənd-kənd
məhv edilməsi qeyd olunur. Təkcə
Şərurda 15 kəndi məhv ediblər. O cümlədən,
Dərələyəzdə 57 min azərbaycanlını qətlə
yetiriblər. Məsələ odur ki, bunların
hamısı arxiv materallardadır. Bunu kənara
qoymaq düzgün taktika deyil. Türkiyə
bu dəqiqə çətin vəziyyətdədir.
Milli Məclis ABŞ-ın Əfqanıstanda, İraqda, Cənubi
Koreyada, ingilislərin Hindistanda və digər yerlərdə
törətdiyi soyqırımları gündəmə gətirmir?
Bunları ən azı demək lazımdır.
Bütün bunların hamısı bir növ
Türkiyəyə köməkdir. Biz isə
nədən danışırıq? Bir
hissəmiz iqtidarda səhv axtarıb, müxalifət qəzetlərin
yanlış məlumatlarını başlıqlara
çıxarsın. Amma ermənilərdə
belə şey yoxdur. Malevin deyir ki, ermənilər
3 taktikadan istifadə edirlər. Birincisi,
tarixin yenidən yazılmasını, ikincisi isə, ermənilər
haqqında guya gizli qərarların çıxarılması
ilə bağlı tezisləri gündəmə gətirirlər.
Üçüncüsü, onlar onlar hüquqla
əxlaqı qəsdən dəyişdirərək hücuma
gedirlər. Varan yazır ki, mənim
üçün ən böyük, gözəl şey o idi
ki, müsəlmanları quyulara ataraq, onların üstlərini
daşlarla doldurmaq idi. Bu, mənə ləzzət
verirdi. Yazır ki, Qubada baş verən
hadisələrdə təkcə 3 min adamı mən
özüm öldürmüşəm. Lalayan
1936-cı ilin "Revalyutsyonnıy Vostok" jurnalının
2-ci və 3-cü nömrəsində 1918-1920-ci illərdən
yazıb. Bu şəxs rəsmən boynuna alıb ki, Qərbi
Azərbaycanda 959, Şamaxıda 50, Qubada 122, Qarabağda 150,
Basarkeçərdə 155 Azərbaycan kəndləri yerlə
yeksan olunub. Bunların hamısı tarixi
faktdır.
Rəvan
Xanın Şah İsmayıl Xətaiyə maraqlı bir məktubu
var. Məktubda yazır ki, bəs bura 5-10 nəfər erməni
misgər kimi və başqa ad altında gəlib İrəvanda
yerləşməyə başlayıb. Bunlar gələcəkdə
bizə bəla gətirəcək. Bunları
uzaqlaşdırmaq lazımdır. Bu Rəvan
Xanın açıq məktubudur. Biz bunu
çap etmişik. Bu, İranın arxivindən
çıxan məktubdur. Adoş İran şahına
yazırdı ki, burada erməni deyilən insanlar var. Bunlar
ancaq ara vurmaqla məşğuldur. Sizli-bizli bunları çıxarıb Anadoluda yerləşdirək.
Bunları qırarlarsa, qoy türkləri
günahlandırsınlar. Ya da bunlar
türkləri qırsın. Bizə bu,
lazımdır. Bunu da Yustiyan yazır.
Bütün bunlar ABŞ Konqresi kitabxanasında var. 1985-ci ilin
may ayının 15-də 69 Amerka alimi həm "Vaşinqton
Post", həm də "Nyu-York Tayms" qəzetinə
açıq məktub göndəriblər ki, erməni
soyqırımı olmayıb. Azərbaycanın
çox gözəl düşüncə tərzi var. Biz
tariximizi təzələməliyik, milli şüurmuzu dəyişməliyik.
Vaqif Abışov:
- AMEA-nın Tarix İstitutunun
bilavasitə azərbaycanlıların soyqırımı və
deportasiyası şöbəsi var. Şamaxıda, Qubada,
Salyanda və digər bölgələrdə soyqırımla
bağlı faktlar var. Bununla bağlı kitablar da nəşr
olunur.
Bakıya sistemli, dövlət səviyyəsində, Leninin
göstərişi ilə 5 min tüfəng, 2 milyon patron, 35
pulemyot, 200 nəfərdən ibarət dənizçi dəstələri
göndərilib. Yuxarıda qeyd etdiyimiz ərazilərdə
soyqırımı törədilib. Bu
baxımdan, bizim yaralı yerimiz çoxdur. Akademiyanın Rəyasət Heyəti 2006-cı ildə
qərar çıxardıb ki, soyqırımı mərkəzi
yaradılsın. Təəssüf ki, bu günə kimi
bir iş görülməyib. 3 il öncə,
Qubada məzarlıqla bağlı konfrans keçirdik. Bu
günə kimi dəyərli ekspertlərimiz bir iş görməyib.
Bəli, bu dəqiqə dünyanın
gözünə soxmaq üçün əlimizdə
faktlarımız var.
(Ardı var)
SEVİNC NƏZƏROVA,
KÜBRA ƏLİYARLI
Səs.- 2010.- 2 aprel.- S. 8-9.