"Dövlətimiz mətbuatın
maddi problemlərinin həlli istiqamətində mütəmadi
iş aparır"
Müsahibimiz "Yeni Azərbaycan"
qəzetinin baş redaktoru Hikmət Babaoğludur
- Qarşıdan gələn parlament seçkilərindən qəzetlər reklam əldə etmək üçün nə dərəcədə yararlana bilər?
- Bildiyiniz kimi, bu gün qəzetlərin maddi vəziyyətini düzəltmək üçün əsas mənbələrdən biri reklam hesab olunur. Çox təəssüf ki, Azərbaycanda reklam bazarı arzu olunan səviyyədə deyil. Bütövlükdə, ölkəmizdə mətbuatın reklamdan əldə edilən gəlirlərinə nəzər saldıqda, görürük ki, bu, çox cüzi məğləbdir. Çox təəssüflər olsun ki, respublikamızda sahibkarların bu sahəyə marağı azdır. Bunun obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəblər ondan ibarətdir ki, bu gün hələ də bazar münasibətləri bazar təfəkkürünə uyğun səviyyədə qurulmayıb. Bildiyiniz kimi, "Yeni Azərbaycan" qəzeti hakim Yeni Azərbaycan Partiyasının orqanıdır. İrəli sürüləcək partiya namizədlərinin təbliğ olunması "Yeni Azərbaycan" qəzetinin bilavasitə vəzifəsidir. Buna görə də, biz hesab edirik ki, qanunun verdiyi səlahiyyətlər daxilində bundan yararlanmaq olar. Ancaq geniş şəkildə bundan reklam gəlirləri əldə etməyi düşünmürük. Azərbaycanda birdən-birə reklam bazarında ciddi dönüş yaratmaq çətindir. Bunun üçün müəyyən zaman daxilində müəyyən proseslərin baş verməsi lazımdır.
- Azərbaycan dövləti hər
zaman mətbuata diqqət və qayğı göstərməkdədir.
Bütün bunlar KİV-in problemlərinin həllinə nə
kimi təsir göstərir?
- Dövlətimiz mətbuatın maddi problemlərinin həlli istiqamətində mütəmadi iş aparır. İstər söz və mətbuat azadlığının təmin olunması, istərsə də mətbuat-cəmiyyət münasibətlərinin formallaşdırılmasını təmin etmək üçün Azərbaycan dövləti tərəfindən hər zaman işlər görülməkdədir. Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun yaradılması və həmin fondun nizamnaməsinin təsdiq olunması Prezident İlham Əliyevin Azərbaycan mətbuatına göstərdiyi qayğıdır. Bu ənənə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Mətbu orqanların Azərbaycan Nəşriyyatına olan borclarının dondurulması, Mətbuat Şurasının yaradılması və cəmiyyətdə mətbuatın nüfuzunun qaldırılması dövlətin KİV-ə diqqət və qayğısı deməkdir. Yetər ki, mətbuat üzərinə düşən vəzifəni yerinə yetirə bilsin. Cəmiyyətin gerçəkiliklərini, onun tələbatını və problemlərini diqqətə çatdıra bilsin. Regionda və ümumiyyətlə, dünyada baş verən prosesləri təhlil etməyi bacarsınlar. Eyni zamanda, mətbuatın bir funksiyası da cəmiyyəti qərəzsiz informasiya ilə təmin etməkdən ibarətdir. Hər bir ölkənin mətbuatı həmin cəmiyyətin aynası və öndə gedənidir. KİV-ə Dövlət Dəstəyi Fondunun (KİVDDF) yaradılmasından bir il müddət keçir. Bildiyiniz kimi, adıçəkilən fond Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılıb və dövlət tərəfindən bu fonda kifayət qədər maliyyə ayrılıb. Hesab edirəm ki, KİVDDF-in fəaliyyətini qənaətbəxş hesab etmək olar. Adı çəkilən fond tərəfindən qəzetlərə layihələrin təqdim olunması və qalib gələn KİV-in təntənəli şəkildə mükafatlandırılması Azərbaycan mətbuatına göstərilən diqqətin bariz nümunəsidir. Hesab edirəm ki, bu kimi tədbirlər mətbuatın maddi problemlərinin həllinə səbəb olur.
- Sizcə, dövrü mətbuat
Dağlıq Qarabağ problemini yetərincə
işıqlandıra bilirmi?
- Hesab edirəm ki, Azərbaycan mətbuatında Dağlıq Qarabağ problemi yetərincə işıqlandırılır. Ancaq bu mövzunun təqdim olunma formasında, istərsə də KİV vasitəsilə digər ölkələrin mətbuat orqanlarına ötürülməsində müəyyən problemlər var. Biz qeyd olunan münaqişənin təqdimolunma yollarının yeni keyfiyyət formasını və metodlarını tapmalıyıq. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq münaqişə statusunu alıb. Azərbaycan mətbuatı Dağlıq Qarabağ münaqişəsindən doğan problemləri xaricdəki həmkarları ilə nə vaxtsa, hansısa formatda bölüşə bilirlərmi? Mən indiyə qədər rast gəlməmişəm ki, bu münaqişə ilə bağlı məhz mətbuat işçiləri hansısa bir tədbir keçirsin. Azərbaycan mətbuatının Dağlıq Qarabağ münaqişəsini ölkə daxilində işıqlandırması işini məqbul hesab edirəm. Həmçinin, hesab edirəm ki, bu formatı dəyişmək və daha çox xaricdəki həmkarlarımızla birgə işləmək vərdişləri qazanmaq lazımdır.
- Bəzən adlarını
müstəqil qəzet qoyan mətbu orqanlarda Mətbuat
Şurasına qarşı qərəzli və hərdən də
təhqiramiz yazılar dərc olunur. Buna sizin münasibətiniz?
- Qeyd etdiyiniz kimi, bəzən Mətbuat Şurasına (MŞ) qarşı qərəzli və təhqiramiz yazılar dərc olunur. Bu cür yazıları dərc edən mətbuat orqanları gerçəklikləri qəbul etmək istəmirlər. Mətbuata, mətbuat işçisinə yaraşmayan əməllərindən geri çəkilmirlər. Qəzet baş redaktoru olaraq, MŞ-nin fəaliyyətini yüksək qiymətləndirirəm. Bilirsiniz ki, Azərbaycanda reket jurnalistikası deyilən bir jurnalistika formalaşıb. Əlbəttə, inzibati təzyiqlər vasitəsi ilə bunun qarşısını almaq olardı. Ancaq haqlı olaraq Azərbaycan dövləti tərəfindən belə bir siyasət həyata keçirildi ki, mətbuat-cəmiyyət münasibətlərinin içərisində kök atmış bu, amil özü-özünü tənzimləsin. Yəni dövlətimiz mətbuatla cəmiyyət arasında münasibətlərin formalaşmasını cəmiyyətin öz öhdəsinə buraxıb. Ancaq çox təəssüf ki, bundan hələ də sui-istifadə edən mətbuat orqanları var. Hesab edirəm ki, bunların sayı görülən tədbirlər sayəsində ciddi şəkildə azalıb. Ancaq yenə də müəyyən mətbu orqanlar tapılır ki, MŞ-ə qarşı ittihamlarla çıxış edirlər. Bəzi qəzetlər, hətta qeyri-etik ibarələrdən istifadə edirlər. Hesab edirəm ki, Azərbaycan cəmiyyəti buna artıq öz münasibətini bildirməlidir. Ölkə cəmiyyətinin inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoyur və Azərbaycan oxucusu bu cür qəzetləri boykot etməlidir. Bir məsələ də var ki, bu cür insanlar ictimai qınaqla hesablaşmaq istəmirlər. Ancaq ictimai rəy elə bir ciddi faktordur ki, tez-gec həmin qəzetlər bununla hesablaşmalı olacaqlar.
GÜLYANƏ AĞAKƏRİMOVA,
ANAR MƏCİDZADƏ
Səs.- 2010.- 6 aprel.- S. 9.