Əflatun Amaşov: “Cəmiyyət ilk növbədə diffamasiyanın olduğunu anlamalıdır"

 

Mətbuat Şurasının sədri, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü Əflatun Amaşovun SİA-ya müsahibəsi

 

- Əflatun müəllim, bir neçə gün bundan əvvəl Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaranmasının bir ili tamam oldu. Bu bir ili necə dəyərləndirirsiniz?

- İlk olaraq, fondun yaranmasına qədərki dövrə diqqət yetirək. Heç bir ölkədə mətbuat birdən-birə inkişaf etmir, xüsusilə keçid dövrünü yaşayan ölkələrdə. Avsrtiya, İsveçrə kimi ölkələrdə mətbuat maddi baxımdan müstəqil olaraq fəaliyyət göstərə bilmir. Bu ölkələrdə mətbuat dövlətdən əlavə bir sıra qurumlardan yardım alır. Azərbaycan mətbuatı sovet mətbuatından müstəqil mətbuata keçid dövrünü yaşayır. Dövlət isə müstəqil mətbuatın inkişafı üçün bütün inkanlardan istifadə edir. Senzuranın ləğvi, Kütləvi İnformasiya Vasitələrinin qanunvericilik bazasının təkmilləşdirilməsi, əlavə dəyər vergisinin ləğvi, mətbuata pul yardımlarının edilməsi, iki mühüm dövlət sənədinin imzalanması, KİV-in nəşriyyata olan borclarının silinməsi digər bu kimi tədbirlər dövlətin mətbuata diqqətinin göstəricisidir.

KİV-in inkişafına dair dövlət konsepsiyası qəbul edilib həyata keçirilir. Konsepsiya KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsini, jurnalistlərin peşəkarlığının artırılmasını, sosial-problemlərin həllini nəzərdə tutur bu məsələləri həyata keçirmək üçün yollar göstərilir. Fond da məhz bu konsepsiyanı həyata keçirmək üçün yaradılıb. Bir ildə fond iki dəfə KİV-lər arasında müsabiqə keçirib. Həm fərdi jurnalistlər arasında müsabiqələrin təşkil edilməsi təqdirəlayidir. İl ərzində daha bir neçə dəfə müsabiqənin təşkil edilməsi qərara alınıb.

Qarşıdan mətbuatın 135 illiyi gəlir. Həm bu yubiley ərəfəsində, həm ilin sonunda müsabiqə elan ediləcək. Bütün bunlar az bir zaman ərzində fondun böyük işlər gördüyünu göstərir. Həm KİV-lər, həm orada çalışan jurnalistlər maliyyələşdirilir. Fond yaranana qədər elə mətbuat orqanları var idi ki, onların bank hesabları belə yox idi.

- Fondun fəaliyyətindən narazı olanlar da kifayət qədərdir...

- Fond yaradılmasında əsas məqsəd müstəqil mətbuatın inkişafına kömək etməkdir. Nəzərə alaq ki, fond Şuranın "qara siyahısı"nda olan mətbuat orqanlarına maliyyə yardımı etmir. Hər bir mətbuat orqanının müsabiqələrdə iştirakına icazə verilmir. Müstəqil mətbuatın maddi-texniki imkanlarının yaradılması üçün tədbirlər görülür. Fondun tələb etdiyi sənədlər arasında Şuradan alınacaq sənədlər var.

Fondun fəaliyyəti ilə bağlı birmənalı olmayan fikirlərin ortaya çıxması da təbiidir. Müsabiqənin tələblərini müzakirə edərkən qərara gəldik ki, müsabiqədə azı 500 nüsxəsi satılan qəzetlər iştirak etsin. Bu həm onların özləri üçün bir stimuldur. Əsas narazılıq yaradan məqamlar da müsabiqənin tələbləri ilə bağlı olub.

- Fondun büdcəsinin formalaşmasında özəl sektorun, sahibkarların cəlb olunma perspektivini necə qiymətləndirisiniz?

- Bu çox əhəmiyyətli bir addım olardı. Xarici ölkələrdə bu istiqamətdə kifayət qədər təcrübə var. Bu ölkələrdə, nəinki mətbuata, həmçinin təhsil sahəsinə özəl sektor, ayrı-ayrı vətəndaşlar tərəfindən yardım edilir. Azərbaycanda bu ənənə bir qədər yaddan çıxıb. Sovet dövründə XIX əsrin sonu XX əsrin əvvəllərində yaranan xeyriyyəçilik ənənəsi tamamilə unudulub. Yenidən bu ənənə bərpa olunarsa, mətbuatımızın inkişafı üçün daha geniş imkanlar yaranar.

- Mətbuat Şurası mətbuatımızın yaranmasının 135 illiyi ilə bağlı hansı tədbirlər keçirəcək?

- Mətbuat Şurası yubileyin keçirilməsi ilə bağlı təkliflərini hazırlayaraq Prezident Administrasiyasına təqdim edib. Biz yubiley tədbirlərini fondla birlikdə keçirəcəyik. Təkcə Bakıda deyil, regionlarda da müəyyən tədbirlərin həyata keçirilməsini planlaşdırırıq. Şura bu ildən başlayaraq özünün mükafatlarını vermək əzmindədir. Bununla bağlı işlər gedir, danışıqlar aparılır. Çox güman ki, jurnalistlərin müəyyən adların alması ilə bağlı siyahını hazırlayaraq ölkə başçısına təqdim edəcəyik.

- 2010-cu ilin ilk üç ayını keçən ilin eyni dövrü ilə müqayisə etdikdə şikayətlərin sayında hansı dəyişikliklər müşahidə olunur?

- Şikayətlərin sayında getdikcə artma müşahidə olunur. Şura yaradılan zaman şikayətlər əsasən paytaxtdan gəlirdi. Ancaq, ötən ilin yekunlarına baxdıqda regionlardan da şikayətlərin artdığını görürük. Şikayətlərin əsas hissəsi reketçiliklə, şərəf ləyaqətin alçaldılması böhtanla əlaqədardır.

Keçən il , bu ilin əvvələrində Şura adı "qara siyahı"ya salınan bir neçə mətbuat orqanı tərəfindən məhkəməyə verildi bütün proseslərdə Mətbuat Şurası qalib gəlib. Şikayətlər üzrə Komissiyanın gördüyü işlərin nəticəsidir ki, insanlar əvvəlki kimi yenə Şuraya müraciət edir.

- Şura 2010-cu ili "diffamasiya ili" elan edib. Bu iştiqamətdə hansı işlərin görülməsi nəzərdə tutulub?

- Biz bu missiyanı ATƏT- birgə həyata keçiririk. Qurumla yazışmalar gedir, hələ ki, ümumi razılıq yoxdur, məsləhətləşmələr aparılır. İstəyirik ki, məsələlərə kompleks yanaşaq. Məsuliyyətimizi hiss edərək müzakirə obyekti olan maddəni cinayət məcəlləsindən çıxaraq. Azərbaycan jurnalistlərinin birinci qurultayında qəbul olunan peşə etikası kodeksinə xarici mütəxəssislərin iştirakı ilə yenidən baxmaq istəyirik. Azərbaycanda müxtəlif görüşlər keçirərək peşə etikasının prinsiplərini təkmilləşdirmək niyyətindəyik. Eyni zamanda, diffamasiya qanunvericiliyi ilə bağlı müəyyən layihələri icra etmək planlarımız var. İlin sonuna qədər jurnalistlərin peşə davranışı qaydalarının yeni variantını hazırlamaq jurnalistlərin forumunu keçirmək istəyirik. Forumda da, nəinki Şuranın üzvlərinin, bütün KİV-lərin bu qaydalara qoşulması yaxşı olar.

Digər istiqamət isə ondan ibarətdir ki, diffamasiya ilə bağlı qanunvericiliyin müzakirəsindən sonra layihəni hazırlayaraq parlamentə təqdim edək. Bütün bunlar müəyyən qədər vaxt aparan məsələlərdir. Dövlət məmurları ilə jurnalistlər arasında dialoqun təşkili gündəlikdədir. Cəmiyyət ilk növbədə diffamasiyanın olduğunu anlamalıdır. Burada jurnalistlərin məsuliyyəti əsas məsələdir.

- Bu qanunla bağlı xarici ölkələrin təcrübəsi necədir? Milli Məclisin son iclasında belə fikirlər səsləndi ki, inkişaf etmiş xarici ölkələrdə belə bu qanun qəbul edilməyib.

- Həmin ölkələrdə cəmiyyətin inkişafı tamamilə başqa cürdür. Məsələn, bu ölkələrdə heç kim faktı yoxlamamış mətbuat səhifəsinə çıxarmır. Heç bir jurnalist başqasına böhtan atmır, qarayaxmaya yol vermir. Orada münasibətlər tamamilə fərqlidir, başqa formada qurulub. Heç ehtiyac da yoxdur ki, həmin ölkələrdə bu qanun qəbul edilsin. Əgər mətbuatımızı inkişaf etdirmək, özümüzü Avropaya inteqrasiya etmək istəyiriksə, bu addımları atmaq lazım gələcəkdir. Qanunun qəbul edilməsinə qarşı çıxanların iddiası budur ki, Azərbaycan müharibə şəraitindədir, jurnalistikamız o səviyyədə deyil ki, insanları alçaltmasın. Bu kimi problemlər var mən müəyyən qədər deyilənlərlə razıyam. Ancaq qarşımıza müəyyən məqsədlər qoymuşuqsa, bu qanunu qəbul etməliyik.

 

 

Səs.- 2010.- 8 aprel.- S. 9.