Şəki şəhəri
Azərbaycanın Sənətkarlıq
Paytaxtı elan olunub
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları Proqramına əsasən, 2010-cu il üçün Şəki şəhərinin Azərbaycanın Sənətkarlıq Paytaxtı elan olunması münasibətilə Şəki şəhərində təntənəli mərasim təşkil olunmuşdur.
Şəki şəhərinin mərkəzində yerləşən Bəxtiyar meydanında keçirilən, Şəki şəhər sakinlərinin və qonaqlarının böyük maraqla izlədiyi "Şəki - Azərbaycanın Sənətkarlıq Paytaxtı - 2010" təntənəli mərasiminin rəsmi hissəsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti ilə yanaşı Şəki şəhər icra hakimiyyəti aparatının rəhbərliyi, Şəki şəhər bələdiyyəsi, xüsusi dəvət olunmuş qonaqlar, şəhər ictimaiyyətinin nümayəndələri və xüsusən də, Şəki xalq sənətkarları iştirak edirdi.
Rəsmi tədbir Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin müavini Sevda Məmmədəliyevanın, Şəki şəhər icra hakimiyyətinin başçısı Nazim İbrahimovun, Şəki bələdiyyəsinin sədri Fikrət Cəfərovun, Şəki şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Aydın İbrahimxəlilovun təbrik çıxışları ilə açılmış, mahnı və rəqs ansamblının çıxışları ilə yekunlaşdı.
"Şəki - Azərbaycanın Sənətkarlıq Paytaxtı - 2010" təntənəli mərasiminin bədii hissəsi tarixi abidə olan "Yuxarı Karvansaray" mehmanxana kompleksində davam etdirildi. Burada "İrs" folklor ansamblı, Fikrət Əmirov adına Dövlət Rəqs Ansamblı, "Nuxa" instrumental ansamblı, Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının aktyorlarının ifaları dinlənildi və Şəki şəhərinin xalq sənətkarlarının əsərləri nümayiş etdirildi.
Qeyd olunmalıdır ki, "Şəki - Azərbaycanın Sənətkarlıq Paytaxtı - 2010" təntənəli mərasiminin təşkil edilməsi ilə əlaqədar Şəki şəhər icra hakimiyyəti Aparatının rəhbərliyi və Şəki şəhərinin Mədəniyyət və Turizm Şöbəsi tərəfindən geniş hazırlıq işləri aparılmışdır. Belə ki, təntənəli mərasimdə "İrs" folklor ansamblı və F.Əmirov adına Dövlət Rəqs Ansamblı, "Nuxa" İnstrumental Ansamblı, Ə.Şəkili adına "Zurnaçılar" dəstəsi, Şəki xalq sənətkarları iştirak etmiş, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasından Xan dövrünə aid Şəki xanı və əyanları üçün geyim paltarları, həmin dövrə aid döyüşçü paltarları, məşəllər istifadə olunmuşdur.
Şəki şəhərinin Mədəniyyət və Turizm Şöbəsi tərəfindən "Şəki - Azərbaycanın Sənətkarlıq Paytaxtı - 2010" loqotipi üzərində əks olunan bayraq, baner, futbolka, beysbolka, bayraqcıq, fincan, hədiyyə çantası, bəç və digər avadanlıqlar, habelə, əyani vəsait müvafiq qaydada istifadə edilmək məqsədilə hazırlanmış, Şəki sənətkarlarının əl işlərinə həsr olunmuş kataloq, 2 cür müxtəlif formatda (rəngdə) bukletlər sifariş verilmişdir.
"Şəki - Azərbaycanın Sənətkarlıq Paytaxtı - 2010" qeyd olunması ilə əlaqədar il ərzində çoxsaylı respublika və beynəlxalq tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur, bu da, öz növbəsində, Azərbaycanın qədim və möhtəşəm qeyri-maddi mədəni irsinin qorunmasına töhfə verəcəkdir.
Zümrüd
Səs.- 2010.- 8 aprel.- S. 12.