İstənilən halda danışıqlar prosesi Azərbaycanın işğal altında olan torpaqlarının qaytarılması ətrafında gedir

 

Yeni Azərbaycan Partiyasının Sədr müavini, icra katibi Əli Əhmədovun APA-ya müsahibəsi

 

- Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yenilənmiş Madrid prinsiplərinin Azərbaycan tərəfindən ümumilikdə qəbul olunması cəmiyyətdə birmənalı qarşılanmayıb. Bu qərara ikili mövqenin olmasını necə qiymətləndirirsiniz?

- Ümumiyyətlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqlar konfidensial xarakter daşıyır. Təbii ki, bu, özünü danışıqlar prosesində ortaya çıxan məsələlərin müzakirəsi ilə bağlı məsələlərdə də göstərir. Bu mənada, indi danışıqlar masasına konkret hansı təkliflərin qoyulduğu barədə fikir söyləmək düzgün olmazdı. Çünki bir halda ki, bu, müzakirə predmetidir və bu müzakirələr konfidensial gedir, detallarına varmaq məqbul deyil. Amma bütövlükdə, danışıqlar prosesində Azərbaycan tərəfinin iştirakının məntiqi fəlsəfəsi tamamilə aydındır. Bu barədə Prezident İlham Əliyev mövqeyini açıq şəkildə bəyan edib ki, istənilən halda danışıqlar prosesi Azərbaycanın işğal altında olan torpaqlarının tamamilə qaytarılması və məcburi köçkün vəziyyətinə düşmüş insanların öz yurdlarına qaytarılması ətrafında gedir. Ermənistan tərəfi yeniləşdirilmiş Madrid prinsiplərinə sərt münasibət göstərdiyi halda, Azərbaycan bu prinsiplərin danışıqların bundan sonrakı mərhələsi üçün əsas olaraq qəbul oluna biləcəyi mövqeyini bəyan edib. Yeniləşdirilmiş Madrid prinsiplərinin kökündə dayanan məqamlar Azərbaycanın ədalətli mövqelərini daha əsaslı şəkildə əks etdirməyə imkan verir.

- Ancaq müxalifət Madrid prinsiplərinin Azərbaycan tərəfindən qəbul olunmasına etiraz edir. Bunun üçün əsaslar varmı?

- Azərbaycan müxalifətinin davranışında uzun illərdir, müşahidə etdiyimiz bir reallıq var. Bu da, ondan ibarətdir ki, iqtidar nə edirsə, müxalifət mahiyyətinə varmadan, birmənalı şəkildə, buna qarşı çıxır. Güman edirəm ki, Madrid prinsiplərini müxalifət mövqeyindən tənqid etmək də müxalifətin özü üçün qəbul etdiyi həmin prinsipə əsaslanır. Əgər Azərbaycan hakimiyyəti bu prinsiplərə müsbət mövqe bildiribsə, onda müxalifət buna instinktiv olaraq etiraz edir. Mən bilmirəm, müxalifətin bu etirazları səsləndirməyə kifayət qədər arqumenti varmı? Qeyd etdiyim kimi, danışıqlar konfidensal gedir və inanmıram ki, danışıqların detalları barədə müfəssəl məlumatlar olsun. Belə olmayan halda, Azərbaycan tərəfdən danışıqlar prosesində iştirak edən insanlar yeni prinsiplərin Azərbaycanın mövqeyini əks etdirdiyini bəyan edirlərsə, müxalifətin bunun əksini söyləməsi üçün əsaslar yoxdur. Müxalifət daha çox hay-küy, iqtidarın siyasətinə qarşı çıxmağa meylli olduğunu ifadə etməyə çalışır.

- Qarabağ məsələsi ümummilli problemdir. Mümkündürmü ki, hakimiyyət bu məsələni bütün siyasi qüvvələr və müxalifətlə bir masa arxasında müzakirə etsin, danışıqların detallarını onlara açıqlasın, onların da məsələnin mahiyyətindən xəbərləri olsun?

- Mən belə hesab edirəm ki, bu, məhz belə də olmalıdır. Ümummilli məsələlərdə müxalifət, iqtidar mövqeyində dayanmaq düzgün deyil. Biz dəfələrlə bu barədə öz mövqeyimizi ortaya qoymuşuq. Siyasi mübarizə ümummilli məsələlər üzərində həyata keçirilməməlidir. Amma təəssüf hissi ilə qeyd etmək lazımdır ki, baxmayaraq, müxalifət də ümummilli məsələlərdə vahid mövqe nümayiş etdirməyə hazır olduğunu bəyan edir, konkret fəaliyyətə gələndə, bu bəyanatlarla davranışları arasında əhəmiyyətli fərqlərin olduğu ortaya çıxır. İndinin özündə də biz bunu müşahidə etməkdəyik. Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar danışıqlar prosesinin strukturu və xarakteri məlumdur. Hər dəfə deyilib ki, danışıqlar prosesində hər iki tərəfin razılaşmaya gəldiyi zaman bütün qüvvələrlə müzakirələr aparılacaq. İndiki məqamda hələ tərəflər arasında müzakirələr gedirsə, o zaman ölkə daxilində aparılacaq müzakirələr prosesə zərər verə bilər. Ümumi rəy yarananda, hər iki tərəf öz xalqı ilə məsləhətləşəcək və xalqın iradəsi əsasında da son qərar veriləcək. Tərəflər arasında tam razılaşma əldə edilməyibsə, bununla bağlı müzakirə aparmaq mənasızdır.

- YAP dəfələrlə bəyanat verərək ATƏT-in Minsk Qrupunun fəaliyyətini pisləyib. Bu bəyanatların həmsədrlərin fəaliyyətinə hər hansı təsiri varmı?

- Bu bəyanatlar təkcə bizim partiyanın qənaəti deyil, bütün cəmiyyətdə formalaşmış rəydir. YAP bunu qəti şəkildə ifadə etməklə həmsədrlərə Azərbaycan xalqının rəyini çatdırır. Əslində, bu cür mövqelərin açıq ifadə olunması son dövrlərdə Minsk Qrupunun fəallaşmasına təsir göstərib. Amma bütövlükdə, əgər 18 illik fəaliyyəti nəticəsində Minsk qrupu münaqişəni həll edə bilməyibsə, onun barəsində müsbət fikir səsləndirmək mümkün deyil. Bu qrupun fəaliyyətində nöqsanlar var. Bunlardan biri odur ki, Minsk Qrupu vasitəçilik missiyasını üzərinə götürərkən münaqişənin səbəbləri və kökləri barədə açıq fikir bildirməyib. Əgər təcavüz varsa, o zaman təcavüzkar da var. O zaman təcavüzkarın adı çəkilməlidir. Minsk Qrupu təcavüzkarın adını çəkməməklə, üzərinə götürdüyü missiyanı əngəlləmiş olur. Mən güman etmirəm ki, bizim tənqidlərimiz, bütövlükdə, onların fəaliyyətinin dəyişdirilməsi üçün ən ciddi və təsirli vasitədir. Amma hesab edirəm ki, vasitələrdən biridir.

- YAP bu il Azərbaycanda keçiriləcək parlament seçkilərinə necə hazırlaşır?

- YAP-ın seçki kampaniyasında bir sıra yeniliklər olacaq. Amma bu barədə indidən danışmaq tezdir. İndi biz seçkilərlə bağlı təhlillər aparırıq, seçki proqramı üzərində iş gedir və güman edirəm ki, zamanında bu təhlillər nəticəsində seçki konsepsiyamız olacaq. Çünki situasiyanı, partiyanın resurslarını təhlil etmədən seçkilərə qatılmaq mümkün deyil. Bunu yalnız seçkiyə kortəbii şəkildə qatılanlar edə bilər. Biz isə heç zaman seçkilərə lüzumsuz bəyanatlarla hazırlaşmırıq.

- Namizədləri nə zaman müəyyənləşdirəcəksiniz?

- Seçkilərə xeyli vaxt var, indidən namizədlərin müəyyən edilməsi düzgün taktika olmazdı. Baxmayaraq ki, bəzi mətbuat səhifələrində YAP-ın namizədlərinin müəyyənləşdirilməsi ilə əlaqədar guya hansısa ajiotajların olması barədə məlumatlar yayılır. Bunlar bəzi hallarda məqsədli olaraq ortaya atılır. Amma həqiqət odur ki, YAP hazırda yuxarıda qeyd etdiyim məsələlər üzərində işləyir. Əslində, təhlillər aparmaq özü nəticə etibarı ilə bizim fərdlərlə bağlı konsepsiyamızın müəyyənləşməsinə gətirib çıxaracaq. YAP rəhbərliyi olaraq biz parlament korpusumuzun fəaliyyətindən razıyıq.

- Ötən seçkidə YAP üzvü olan bəzi şəxslər öz namizədliklərini partiya siyahısından kənar irəli sürdülər. Bu dəfə də belə olacağı halda hansı addımlar atılacaq?

- Hesab edirəm ki, 2010-cu ilin parlament seçkilərində fərdi qaydada namizədliyini irəli sürəcək YAP üzvlərinin sayı əhəmiyyətli dərəcədə azalacaq. Həm 2005-ci il parlament seçkilərinin, həm 2009-cu il bələdiyyə seçkilərinin təcrübəsi zamanı bizim tətbiq etdiyimiz texnologiya partiya üzvləri üçün bir həqiqəti bir daha dərindən aydınlaşdırıb ki, YAP-ın üzvü olan hər kəsin başlıca məqsədi partiyanın həyata keçirdiyi seçki kampaniyasına imkanı daxilində köməklik göstərmək və qələbənin təmin edilməsinə öz töhfəsini verməkdir. Partiyanın hər bir üzvündə belə mövqe formalaşarsa, o zaman fərdi qaydada namizədliyini irəli sürənlərin və partiyanın ümumi kampaniyasına maneçilik törətmək istəyənlərin sayı da az olacaq.

- Müxalifət partiyaları seçkilərdə birgə iştirak etmək üçün müxtəlif təkliflər irəli sürür. Sizcə, bütün müxalifət partiyaları bir araya gəlsə, ciddi uğur əldə oluna bilərlərmi?

- YAP-ın 500 min üzvü var. Bunların hamısı seçicilər, fəal insanlardır. Bu şəxslərin hər birinin 2-3 nəfəri özü ilə gətirib onun qəbul etdiyi mövqeyə səs verməyə təşviq etmək imkanı var. Bütün müxalifət partiyalarının sahib olduğu elektorat bazası YAP-ın elektoratı ilə müqayisəyə belə gələ bilməz. Bu mənada, müxalifətin hamısının birləşməsi - baxmayaraq bu ağıla gəlməyən bir şeydir - mümkün olsa belə, bu, YAP-a rəqib mövqenin formalaşmasına gətirib çıxarmayacaq. Qüvvələr nisbətindəki fərq o qədər böyükdür ki, müxalifətin hamısının eyni mövqedən çıxış etməsi belə, YAP üçün hər hansı təhlükə yaratmır. Bu, Azərbaycan siyasi reallığının hamı üçün aydın mənzərəsidir. Bu reallığı müxalifət vahid mövqeyə nail olmaqla dəyişmək iqtidarında deyil. Müxalifətin birlik şanslarına gəldikdə, son 15 ildə müxalifətin birlik cəhdləri həmişə iflasa uğrayıb. Müxalifətin birləşmək potensialı yoxdur. Özləri də dərk edirlər ki, nə birlikdə, nə də ayrılıqda YAP-la mübarizə aparmaq imkanındadırlar. Müxalifətin birləşməzsizlik sindromu var. İstənilən halda onların seçkilərdə necə iştirak edəcəyi bizi qayğılandırmır, biz öz gücümüzü və imkanlarımızı bilirik.

- Müxalifət, həmçinin, kütləvi aksiyalara başlamaq qərarı verib. Bunu necə qiymətləndirirsiniz?

- Nə siyasət, nə seçkilər mitinq və piketlərdən ibarət deyil. Azərbaycan müxalifətinin indiyə qədər başa düşə bilmədiyi həqiqətlərin biri də odur ki, onlar siyasi mübarizəni küçə mübarizəsi səviyyəsində qavramaq fəlsəfəsindən kənara çıxa bilməyiblər. Seçkidə insanlar küçədə səs vermirlər. Müxalifətin insanların çoxluq təşkil etdiyi yerlərlə mitinq təşkil etmək istəyi məntiqsizdir. Onlar elə yerdə mitinq təyin etməlidirlər ki, heç olmasa özləri üçün sosial bazalarının nədən ibarət olduğunu müəyyən edə bilsinlər. İnsanların çox olduğu yerlərdə aksiya təyin etmək isə qeyri-sağlam niyyətlərdən xəbər verir. Bunda birinci məqsəd odur ki, təxribat törədilsin, cəmiyyətdə gərginlik yaradılsın. Digər məqsəd odur ki, insanların təbii olaraq toplaşdığı yerdə aksiya keçirərək, tərəfdarlarının çox olduğu illüziyası yaratsınlar. YAP 2008-ci ilin prezident seçkilərində Bayıl stadionunda aksiya keçirdi. Bizim tərəfdarlarımız aksiyanın hara təyin edilməsindən asılı olmayaraq, o aksiyada iştirak edirlər. Müxalifət isə deyir ki, həmin yer uzaqdır, tərəfdarları ora gedə bilmirlər. Halbuki 2003-cü ildə keçmiş "Qələbə" kinoteatrının qarşısında keçirilən aksiyalarda iştirak edənlərin 90 faizi rayonlardan gəlmişdi. Əgər indi 5 kilometr yolu gedib aksiyada iştirak etmirlərsə, deməli, müxalifətin ictimai dayağı yoxdur. Onlar mitinq keçirmək istəmirlər. Sadəcə, görüntü yaradırlar ki, mitinq keçirmək istəyirlər, amma buna imkan verilmir.

- AXCP (i) sədri Əli Kərimlinin  "Vashington Post" qəzetində məqaləsinin çap olunmasını necə qiymətləndirirsiniz?

- Siyasətlə məşğul olan şəxs üçün iki halda faciəvi sonluq olur. Onun biri öz tərəfdarlarını bütünlüklə itirməkdir. Bundan ağır faciə isə o zaman baş verir ki, ölkə daxilində, seçicilər arasında tərəfdarlarını itirirsən və ölkədən kənarda dayaq axtarmağa başlayırsan. Çox təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycan müxalifətində bu iki faciəli cəhət özünü göstərir. Müxalifət ölkə daxilində nüfuzunu itirib, bunu kompensasiya etmək üçün isə mümkün ola biləcək ən pis yolu seçir, xaricdən özlərinə dayaq axtarırlar. Mənim müşahidə etdiyim digər bir meyil də var. Azərbaycan üçün seçkilər ərəfəsində müxalifətin bəzi təmsilçilərinin ölkədən kənarda olan və Azərbaycana qarşı işləyən qüvvələrlə təmasları artır. 2005-ci ilin parlament seçkiləri ərəfəsində Əli Kərimlinin ətrafında olan Ruslan Bəşirlinin ermənilərlə əməkdaşlığı barədə müzakirələr aparıb, maliyyə dəstəyi almaq barədə razılaşmaları yəqin hamının yadındadır. Qarşıdan yenə seçkilər gəlir, bir neçə günün içərisində uzun illər unudulmuş Əli Kərimli birdən-birə qısa vaxtda iki dəfə "Vashington Post" qəzetində çıxış edir. Bu, o zamana təsadüf edir ki, Ermənistana kömək etməkdən ötrü həm Türkiyə, həm da Azərbaycana açıq təzyiqlər edilir. Əli Kərimli isə, sanki bu kampaniyanın iştirakçısı olur.

Azərbaycana Ermənistanla Türkiyə arasında sərhədlərinin açılmasında mövqeyinin dəyişdirilməsi üçün təzyiqlərin olduğu heç kimə sirr deyil. Belə olan məqamda Azərbaycana qarşı əsassız ittihamlarla və qərəzlərlə dolu bir müsahibənin qəzetdə verilməsi açıq-aydın Azərbaycana qarşı olan təzyiqlərin tərkib hissəsi kimi başa düşülməlidir. Buna ayrı cür qiymət verilməsi mümkün deyil. Bu yazı nə üçün bir il, iki il əvvəl verilmirdi? Çünki Azərbaycana indi təzyiq etmək lazım idi. Zamanı yetişəndə Azərbaycanın əleyhinə istifadə etmək üçün Azərbaycanda insan axtarıb tapmaq lazım olanda, müxalifətdən belə adamlar tapılır. Hesab edirəm ki, müxalifətçiliyindən və qeyri-müxalifətçiliyindən asılı olmayaraq, hər bir vətəndaşın milli təəssübkeşliyi olmalıdır. Əli Kərimli Amerikanın prezidenti olmayacaq. Onun siyasi ambisiyalarının həyata keçiriləcəyi yeganə məkan Azərbaycandır. O ambisiyaların həyata keçirilməsi üçün yeganə həlledici şərt də Azərbaycan xalqının iradəsidir. Amerika qəzetində Əli Kərimlinin apardığı təşviqat ona Azərbaycan seçicilərindən nə dividend gətirəcək? Bunun bir mənası var: ermənilərə kömək məqsədilə həyata keçirilən siyasətə dəstək vermək. Bu dəstəyi də verir. Əgər o, müxalifətçiliyi Azərbaycanın milli maraqlarına qarşı çıxmaq, xarici təzyiqlərə qoşulmaq kimi başa düşürsə, Azərbaycan vətəndaşları bundan nəticə çıxarmalıdırlar.

 

 

Səs.- 2010.- 9 aprel.- S. 5.