Əhalinin sosial müdafiəsinin
gücləndirilməsi prioritet istiqamətlərdəndir
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi
Rəcəblinin yap.org.az-a müsahibəsi
- Hadi müəllim, artıq 2010-cu ilin birinci rübü
başa çatıb. İlk olaraq istərdik ki, bu müddət
ərzində həyata keçirilən sosial siyasətin nəticələri
haqqında fikirlərinizi bildirəsiniz.
- Azərbaycanda əhalinin
sosial müdafiəsinin gücləndirilməsi prioritet istiqamətlərdəndir.
Bu mənada ölkədə uğurlu sosial siyasət həyata
keçirilir. Bütövlükdə sosial durumla bağlı
olan statistik rəqəmlər onu göstərir ki, Azərbaycanda
əhalinin güzaranında müsbət istiqamətdə
inkişaf var, vətəndaşların gəlirlərində
artım müşahidə olunur. Özəl bölmənin
inkişafı ilə bağlı çoxlu maraqlı məsələlər
var, eləcə də, yeni iş yerlərinin
yaradılması istiqamətində addımlar atılır.
Bütövlükdə, sosial siyasətin bütün
qollarında müsbət meyillər özünü göstərir.
İndi başqa bir məqama nəzər salaq. Mən xarici
ölkələrə səfər edəndə taksi
sürücülərinə necə dolanmaları barədə
sual verirəm. Mənim yadıma gəlmir ki, hansısa taksi
sürücüsü öz ölkəsində olan sosial
durumdan razılıq etsin. Qəribə bir tendensiyadır,
Almaniyada da, Türkiyədə də, başqa yerlərdə
də vəziyyət eynidir. Nə üçün belədir?
Səbəb nədir? Bütün bunları təhlil etməyə
çalışmışam. Məgər dünyanın
bütün ölkələrinin Azərbaycanda olduğu kimi
bir milyon qaçqın və köçkünü, o
cümlədən işğal olunmuş torpaqları, talan
edilmiş əraziləri var? Bunun kökündə duran məsələ
nədir? İllərin, tarixin, Platonun, Aristotelin dövründən
gələn bir məsələdir ki, tələbatla təminat
düz mütənasibdir. İnsanlar təmin oluna-oluna
onların tələbatı artır. Azərbaycan vətəndaşının
tələbatı da inkişaf getdikcə, artır. Əvvəllər
rayonlara səfər zamanı əhali ilə söhbətlərdə
deyirdilər ki, işıq olsun başqa heç nə istəmirik,
qaz olsun başqa tələbimiz olmaz. Mən hələ o zaman
deyirdim ki, işıq olandan sonra qaz istəyəcəyik, qaz
olandan sonra yol istəyəcəyik və s. Bütün bu
saydıqlarım inkişafın amilləridirdir və təbii
prosesdir. Yəni bu istəklər də qanunidir. Sosial durumun bu
gün müsbət tendinsiyaları respublikamızda yeni tələbatların
yaranmasına gətirib çıxarır. Və Prezident
İlham Əliyevin dövlət siyasətinin baş xətti
Azərbaycan insanının sosial durumunu
yaxşılaşdırmaqdan ibarətdir. Bu
yaxşılaşdırmanın özü də
ardıcıl olaraq insanın sosial tələbatının
artırılmasına xidmət edir. Tələbatın
artması məni sosial-siyasət mütəxəssisi kimi
sevindirir. İnsanların tələbatları ödənə-ödənə
yeni tələbatlar meydana çıxır. Bu isə
inkişafın ən vacib məqamıdır. Biz bu gün Azərbaycanda
gedən bu müsbət dəyişiklikləri xüsusi
vurğulamalıyıq.
- Cari ilin dövlət büdcəsindən sosial sahəyə
nə qədər xərclər ayrılıb? Bu, sosial layihələrin
həyata keçirilməsi üçün yetərlidirmi?
- 2010-cu ilin dövlət
büdcəsinin 31 faizi sosial məqsədlər
üçün ayrılıb. Bu göstərici
bütövlükdə normal göstəricidir. Dünya
dövlətlərində büdcələrin 20-25 faizi
birbaşa bu məqsədlərə ayrılır. Azərbaycanda
da bir vaxtlar sosial xərclərə büdcənin 40 faizi
ayrılardı. Vəsaitin ayrılması hələ məsələnin
həlli demək deyil. Yəni biz düşünürük
ki, özəl sahələr, kiçik sahibkarlıq elə
inkişaf etməlidir ki, bu sahələrdən gələn gəlir,
bu sahənin sahibləri özləri bir xeyli adamın sosial məsələlərini
həll edə bilsin. Kiçik və orta sahibkarlıq sosial məsələlərin
həllində vacib rol oynayırlar. Onlar daha çox bu məsələlərin
həllinə yardımçı ola bilirlər. Bir məsələni
də deyim ki, bu gün Azərbaycan dövlətinin büdcəsinin
böyük əksəriyyəti əgər istehsalat
yönümlüdürsə, dünya ölkələrinin
büdcələrinin mədaxil hissəsini formalaşdıran
əsas rəqəm xidmət sahələridir. Bizdə isə
25 faiz xidmət sahəsinin üzərinə düşür.
Hesab edirəm ki, bu məsələ də tədricən tənzimlənəcək
və bizim də büdcədə gəlirlərin
böyük hissəsini xidmət sahələrindən gələn
vergilər formalaşdıracaq.
- Gələcəkdə sosial xərclər
üçün nəzərdə tutulan vəsaitin
artımı gözlənilirmi?
- Prezident İlham Əliyevin dövlət quruculuğunun mahiyyətində sosial rifah durur. Yadınızdadırsa, əvvəllər bizim büdcəmizin profisiti yaranırdı. Amma ilk dəfə olaraq 2009-cu ili profisitsiz büdcə ilə başa vurduq. Bunun da obyektiv səbəbləri oldu. Cari ildə isə yenə büdcədə profisitin olması gözlənilir. Bilirsiniz ki, bu il büdcədə neftin qiyməti 45 dollarla götürülüb. Dünya bazarında isə neftin qiyməti 80-85 civarındadır. Bu amil imkan verir ki, büdcəmizdə yenə profisit yaransın. Əgər bu baş verərsə, təbii ki, sosial xərclərdə artım baş verəcək. Bu da insanların sosial rifahının yüksəlməsinə xidmət edəcək. Artıq maliyyə bazası var, hesab edirəm ki, bu məsələ cənab Prezidentin söylədiyi kimi pensiyaların baza hissəsində, minimum əməkhaqlarında öz əksini tapır. Ola bilər ki, başqa sosial müdafiə yönümlü addımlar da atılsın. Buna artıq büdcəmizin profisiti imkan verəcək.
- Hadi müəllim, ailə məsələləri də sosial sahənin tərkib hissəsidir. Bu sahə ilə bağlı bir sıra qanunlar qəbul olunub
və rəhbərlik etdiyiniz komitə baş verən yenilikləri
izləyir. Hazırda Azərbaycanda ailə məsələləri
haqqında nə deyə bilərsiniz?
- Sosial müdafiənin
baş xətlərindən biri ailə məsələsidir. Pensiyalar,
əməkhaqları və bu kimi sahələrin hansından
danışırıqsa, yenə də gəlib ailəyə
çıxırıq. Niyə? Çünki ailə cəmiyyətin
bünövrəsini təşkil edir. Ailədə problem
varsa cəmiyyətdə də problem qaçılmazdır. Ailənin
problemlərini və rifahını cəmiyyət hökmən
əks etdirəcək, bu məqam qaçılmazdır. Ona
görə də, diqqət etsək görərirk ki,
İlham Əliyev dövlət quruculuğunda ailə sosial
siyasətin prioritetidir. Bilirsiniz ki, Azərbaycanda Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi yarandı. Digər tərəfdən 2009-cu il Azərbaycanda
"Uşaq ili" elan edildi. Həmçinin, 2010-cu il
"Ekologiya ili" elan olundu. Ekologiyanı sadəcə,
ağac əkməklə təsəvvür etmək
düzgün deyil. Ekologiyanın qorunması sağlam ailə,
ailədə sağlam uşağın böyüməsi deməkdir.
Ekologiyanın qorunması gələcək nəsil
sağlamlığını qorumaqdır. Ekoloji sosial siyasətin
kökündə təbiətlə cəmiyyətin vəhdəti
durur. Sosial ekologiya deyilən elm, istiqamət var. Sosiumla təbiətin
vəhdəti sağlam cəmiyyət deməkdir. Bizim komitənin
iclasında Ailə Məcəlləsi müzakirə olunur.
"Ailə həkimi haqqında", "Reproduktiv
sağlamlıq haqqında" qanun layihələri, gənc
ailələrin sosial müdafiəsinin qorunması məsələləri
müzakirə olunacaq. Müzakirələr sırasında
ipoteka kreditində gənc ailələrə dəstək,
dağ rayonlarına işləməyə gedən gənc ailələrə
dəstək və birdəfəlik yardım məsələləri
dayanır. Görürsünüz, nəyə toxunuruqsa gəlib
ailəyə çıxır. Bu baxımdan təkrar edirəm
ki, Azərbaycan dövlət quruculuğunda sosial siyasətin
prioritetlərindən biri ailədir. Ailə nədir? O həm
cəmiyyətin əsasıdır, həm də sosial
maraqların aqreqasiyasıdır. Ailə məsələsinə
toxunanda qadın, uşaq problemləri həll olunur. Ailə
mövzusu çərçivəsinə cəmiyyəti əhatə
edən əksər mövzular daxildir. Ona görə də,
bizdə bu mövzu aktualdır və diqqət mərkəzindədir.
- Ekologiya məsələsinə toxundunuz. Necə hesab
edirsiniz, dövlətin bu yöndəki təşəbbüslərinə
cəmiyyət adekvat cavab verirmi?
- Qeyd edim ki, ekologiya ilinin elan olunması, ekoloji məsələlərin diqqətdə saxlanılması yeni və maraqlı bir istiqamətdir. Və bütöv bu ilin eklogiya ili kimi qeyd olunması çox önəmli məsələdir. Tarixə nəzər salsaq eklogiya ilə bağlı məqamların çox qədimlərə gedib çıxmağının şahidi olarıq. Birinci Pyotr hakimiyyətə gələn kimi ilk verdiyi fərmanlardan biri ağacların qırılmasında qaydalar yaratmaqla bağlı oldu. Sovet hökumətinin ilk dekretlərindən biri meşə salmaqla bağlı idi və s. Azərbaycanda da ekologiyanın qorunması Ulu Öndər Heydər Əliyevin siyasətinin bir qolu olub. Bu gün də təbiətin qorunması işi davam etdirilir. Lakin yeni ekoloji istiqamət təbiətlə yanaşı cəmiyyətin sağlamlığını əhatə edir. Vətənpərvərlik, vətəndaşlıq tərbiyəsinin mahiyyətində ekoloji tərbiyə durur. Cəmiyyət özünün ayrılmaz parçası olan təbiəti sevmək tərbiyəsini mənimsəməlidir. Sosail ekologiya sahəsində fəaliyyət prinsipləri bu istiqamətdə qurulmalıdır. Sosial ekologiya bu gün cənab Prezidentin qarşıya qoyduğu vəzifələrin başlıcasıdır və qeyd etdiyim kimi bu təkcə ağac əkmək deyil, istehsalatda, texnologiyalarda, qidalarda öz əksini tapmalıdır. İnsanın özünün sağlamlıq məsələləri sosial ekologiyanın əsaslarından birini təşkil edir.
- Hazırda parlamentin Sosial siyasət
komitəsi tərəfindən hansı qanunlar üzərində
təkmilləşmə işləri aparılır?
- Qanun
yaradıcılığı prosesi doqmatik proses deyil, praqmatik
prosesdir. Hər hansı qanun qəbul olanandan on il sonra
reallaqların dəyişməsi konteksində hökmən dəyişikliklərə
məruz qalacaq. Bu, öz əksini sosial qanunlarda daha qabarıq
tapır. Niyə? Ona görə ki, bu qanunlar bilavasitə
büdcəyə bağlı olur. Sosial sahə büdcəni
daha çox xərcləyən sahədir. Bir vaxtlar səhiyyədə
pullu xidmətlər var idi, sonra bunlar
yığışdırıldı, qanunlarda dəyişikliklər
olundu. Əlillərin müavinəti ilə bağlı da həmin
proses baş verdi. Müavinətlər artırıldıqdan
sonra qanunlarda dəyişiklik etmək labüdləşdi. Məcburi
köçkün və qaçqın ailələri ilə
bağlı da həmin proseslər yaşandı. Onların həyat
şəraitinin yaxşılaşdırılması qanunlara
yenidən nəzər salmaq zərurətini yaratdı. Belə
misallar çoxdu. Yəni qəbul edilmiş qanunlar zamanın
reallaqlarına məruz qalır. Ailə münasibətlərinə
gəlincə, biz sovet dönəmində
yaşamışdıq, sosial müdafiədə bir qədər
loru desəm daha çox ələbaxımlıq, bərabərləşdirmə
hökm sürürdü. İndi parlamentdə
qaldırdığımız məsələlərin
adını o zaman çəkə bilməzdik. Amma zaman dəyişdi
və qanunların dəyişməsi zərurətə
çevrildi. Bu baxımdan, qanunların yaranma prosesini dörd
mərhələyə bölmək olar. Birinci, yeni
qanunların hazırlanması, ikinci, qanunlara əlavə və
dəyişikliklərin edilməsi, üçüncü,
beynəlxalq konvensiyalara qoşulma və nəhayət,
dünyada gedən qanun yaradıcılığı proseslərinin,
təcrübəsinin öyrənilməsidir. Artıq bizdə
elə bir mərhələyə başlayıb ki, yeni
qanunların qəbulu yox, qəbul olunmuş qanunların
üzərində işləmək, daha çox onları təkmilləşdirmək
işinə başlamışıq.
- Hadi müəllim, əvvəllər bəzi
qanunların tətbiqi ilə bağlı monitorinqlər həyata
keçirilirdi. Bu proses yenə də davam edirmi?
- Bəli, biz Ailə və Əmək
məcəllələrini monitorinq etmişik. Bu proses davam
edir. Misal üçün deyim ki, monitorinq nəticəsində
Ailə Məcəlləsinə 101 dəyişikliyin
olmasını müəyyənləşdirmişik. Amma niyə
bu dəyişiklərin hamısını birdəfəlik edə
bilmirik? Qızların nikah yaşı, nikaha girənlərin əmlak
müqaviləsi ilə bağlı polemikalar davam edir, ortaq rəy
hələ əldə olunmayıb.
Çalışırıq ki, cəmiyyətdə bu
müzakirələri daha açıq aparaq. Çünki
qanun mütləq sosial sifarişə cavab verməlidir. Belə
olmasa, o qanunun işlək mexanizmi yaranmayacaq. Amma bununla belə
hər il Ailə Məcəlləsinə bir neçə dəyişikliklər
edilir. Əmək Məcəlləsinin monitorinqini də
vaxtaşırı aparırıq. Sosial ekologiya ilə
bağlı olaraq ekoloji yönümlü bütün
qanunların monitorinqini aparırıq. Ümumiyyətlə,
boşluqları müəyyənləşdirmək,
qanunların üzərində əlavə və dəyişikliklərin
aparılması üçün bu addımlar çox
vacibdir. Məsələn, biz ayrı-ayrı qanunlarda gənc
ailənin sosial müdafiəsi ilə bağlı müddəaları
müzakirə edib bu haqda xüsusi qanun qəbul etməyi
planlaşdırırıq. Aldığımız təkliflər
içərisində çoxuşaqlı ailələrin
sosial müdafiəsi haqqında qanunun qəbulu ilə
bağlı fikirlər də var. Bu da müzakirə ediləsi
bir məsələdir. Ən ciddi məsələlərdən
biri də əhalinin say artımı ilə
bağlıdır. Başlı-başına buraxsaq bu məsələ
əslində Çində olduğu kimi çox böyük
ekoloji fəlakətə gətirib çıxara bilər.
Dünya təcrübəsi sübut edir ki, əhalinin təbii
artımı da tənzimlənməlidir. Bu gün
aldığımız təkliflər içərisində
belə bir fikir də var ki, çoxuşaqlı ailələrin
artması üçün müəyyən güzəştlər
edək, belə ailələri bu yolla həvəsləndirək.
Bu gün lazımdırmı Azərbaycanda hər iki ailədən
biri 12 uşağa sahib olsun? Ondansa başqa bir məsələyə
nəzər salaq. Bu gün ailələrin 12 faizi reproduktiv
sağlamlığa malik deyil, dünyaya uşaq gətirə
bilmirlər. Gəlin, bu məsələnin üzərində
düşünək.
- Qeyd etdiyiniz problemlərlə bağlı ictimaiyyət
yetərincə reaksiya verirmi?
- Cəmiyyətin sosial
problemlərinə insanların özü münasibət
bildirməlidir. Hər şey dövlət tərəfindən
inzibati metodlarla tənzimlənə bilməz. Bunun
üçün ictimai qınaq olmalıdır. İctimai
qınaq nədir? Biz bu gün təmtəraqlı yas mərasimlərini
müzakirə mövzusu etməliyik. Bu məsələdə
ictimai qınaq aktiv rol oynamalıdır. Belə şeylər
şəriətdə də, cəmiyyətdə də pis hal
kimi qəbul olunur. Amma buna cəmiyyət özü etiraz etməlidir.
Və cəmiyyətin bu etirazı, bir qədər sərt
formada etirazı ictmai qınaq deməkdir. Çünki həmin
hal cəmiyyətə qarşı mədəniyyətsizlik
nümayiş etdirməkdir. O cümlədən,
bugünkü toy mərasimləri ictimai qınağın təsirinə
məruz qalmalıdır. Mən düşünürəm
ki, ictimai qınaq hər addımda olmalıdır.
Rüşvət, dövlətdən dolayısı yolla pul
qoparmaq qınaq obyekti olmalıdır. Milli mentalitetizidə var
ki, dolayısı yolla pul qazanana haram tikə ilə dolanan
deyirlər.
Ölkə
başçısının həyata keçirdiyi siyasətin
baş xəttindən biri də milli-mənəvi dəyirlərin
qorunmasıdır. Bu dəyərlər həmişə
ictimai qınaqla qorunub. Hesab edirəm ki, bu məsələ də
diqqət mərkəzində olmalıdır.
Səs.- 2010.- 13 aprel.- S. 5.