Azərbaycanın neft və qaz sənayesi
sürətlə inkişaf
etməkdədir
İlham Şaban: "Gələn
il ölkəmizdə
57 milyon tona yaxın neft hasil olunacaq"
- Neft-qaz sənayesində uğurlu
nəticələr əldə
olunmaqdadır. Azərbaycan
hökumətinin bu sahədəki fəaliyyətini
necə qiymətləndirirsiniz?
- Azərbaycanda bu sahə yüksələn
xətlə inkişaf
etməkdədir. Neft hasilatı ildən-ilə
artmaqdadır. Qaz hasilatının artması sahəsində
problem isə ondan ibarətdir ki, istehlak bazarında qaza olan tələbat
azdır. Gələn ildən
Rusiyaya satılan qazın həcminin artırılması niyyəti
var və bu da qazın
hasilatının artırılmasına
səbəb olacaq.
Əvvəldə də qeyd etdiyim kimi, son illər neft hasilatında artım mövcuddur. Belə ki,
2008-ci ildə Azərbaycanda
44 milyon ton, 2009-cu ildə
50 milyon tondan artıq neft hasil olunub. Hökumət proqnozlaşdırır
ki, bu il respublikamızda 53 milyon ton neft hasil olunacaq. Gələn il
ölkəmizdə 57 milyon
tona yaxın neft hasil ediləcək.
Neft məhsullarının dünya
bazarında qiymətinin
artması ölkəmizə
çoxlu vəsaitin daxil olması deməkdir.
- 2010-ildə 50 milyon tondan
çox neft, 25 milyard kubmetrdən artıq qaz hasil olunacaq. İqtisadi müstəqillik və özünü təminetmə
baxımından bu göstəricinin əhəmiyyətini
necə qiymətləndirirsiniz?
- Azərbaycan
özünün neft və qaza olan
tələbatını ödəyir,
yəni ölkəmiz
özünün enerji
təhlükəsizliyini təmin
edə bilir. Düzdür,
hələ də respublikamız qazla tam təmin olunmayıb.
Bir neçə gün öncə ARDNŞ
prezidenti Rövnəq
Abdullayev qeyd etdi ki, ölkə
başçısı İlham
Əliyevin göstərişinə
əsasən, yaxın
bir neçə il ərzində ölkənin 95 %-i qazla təmin olunacaq. Bu, sevindirici
bir haldır. Bir məsələni də qeyd edim
ki, elektrik enerjisi sahəsində bu il bəzi problemlərin yaranmasına baxmayaraq, ümumilikdə, bu sahədə 5-10 il öncə mövcud olan problemlər bu gün yaşanmır.
- "Azərkimya"
DŞ-nin ARDNŞ-nin tabeliyinə verilməsi neft-qaz emalı və neft-kimya sənayesinin inkişafına
nə kimi təsir göstərə
bilər?
- "Azərkimya"
DŞ-nin ARDNŞ-ın
tabeliyinə verilməsi
tədqirəlayiq bir haldır. Artıq 2008-ci ildə hökumət
açıqlamışdır ki, qarşıda vahid neft-kimya kompleksinin yaradılması
durur. Lakin bu məsələ
maliyyə böhranı
ilə əlaqədar
olaraq, bir qədər ləngidi.
Neftayırma, neft emalı
zavodları və həmçinin, yeni kimya kompleksi ARDNŞ-nin bazasındadırsa, bu sahələrin idarə edilməsi vahid mərkəzdə cəmləşməsi bir
sıra müsbət nəticələrə səbəb
olur. Hökumətin qeyd olunan proqramı açıqlanmadığından,
dəqiq qeyd edə bilmərəm ki, kimya sənayesi
Sumqayıtda necə inkişaf etdiriləcək?
Çünki orada olan kimya müəssisələri,
bildiyimə görə,
başqa ərazilərə
köçürülməlidir. Bu, ekoloji baxımdan
da düzgün addımdır. Yeni kimya komlekslərinin tikintisi 5 il
vaxt aparacaq.
- Ümumiyyətlə, kimya sənayesindəki yüksək artımlar Azərbaycan
iqtisadiyyatının şaxələnməsinin
artıq real olduğunu
deməyə əsas vermir ki?
- Azərbaycanda
kimya sənayesi hələ sovet dönəmindən aparıcı
sahə olmayıb. Ölkəmizdə hələ də
bu sahədə uğurlu işlərə
imza atılmayıb.
Ancaq düşünürəm ki,
dövlətin diqqət
və qayğısı
nəticəsində kimya
sənayesi də inkişaf etdiriləcək.
Bunun yaxın gələcəkdə
baş tutması inandırıcı deyil.
Çünki bu sahədə
müasir texnologiyaların
qurulması və digər tədbirlər vaxt aparan işlərdir.
Xəzər regionunda Qazaxıstan
istisna olmaqla, faktiki olaraq, bütün ölkələr
kimya kompleksinə malikdir. Yəni söhbət ondan
gedir ki, bu sahədə olan bazar digər
dövlətlər arasında
bölüşdürülüb.
- Bəzi ekspertlər
qeyd edirlər ki, dünya bazarında neft məhsullarının qiymətinin
qalxması həm inflyasiyaya, həm də maliyyə böhranının davam etməsinə səbəb
olacaq. Bu fikirlər nə qədər əsaslı ola
bilər?
- Hətta Rusiya baş nazirinin müavini də qeyd edib ki,
əgər dünya bazarında neftin qiyməti qalxarsa, maliyyə böhranı qaçılmaz olacaq. 2008-ci ildə də müşahidə etdik ki, bunun fəsadları
çox pis oldu. Dünya bazarında neft
məhsullarının qiymətinin
qalxması həm inflyasiyaya, həm də maliyyə böhranının davam etməsinə səbəb
olacaq. Bəzi insanlar qeyd edirlər ki, neftin qiyməti qalxarsa, böyük layihələr həyata keçirilə bilər.
Ancaq heç kəs fikirləşmir ki, bunun mənfi nəticələri də
var. Yəni ümumiyyətlə,
qeyd etmək istəyirəm ki, dünya bazarında neft məhsullarının
qiymətinin qalxması
həm inflyasiyaya, həm də maliyyə böhranının
davam etməsinə səbəb olacaq amillərdəndir.
ANAR MƏCİDZADƏ
Səs.- 2010.- 13 aprel.- S. 10.