Azərbaycanda turizmin inkişaf
potensialı böyükdür
BMT-nin İnkişaf Proqramının Turizmin
İnkişafı layihəsinin milli koordinatoru Faiq
Qürbətovun yap.org.az-a müsahibəsi
- Faiq müəllim, bu
günlərdə ölkə Prezidenti tərəfindən
Azərbaycanda 2010-2014-cü illəri əhatə edən
Turizmin İnkişafına dair Dövlət Proqramı təsdiq
olunub. Bu proqramın əhəmiyyəti haqqında nə
deyə bilərsiniz?
- Bildiyiniz
kimi, Azərbaycanda turizmin inkişafı ilə bağlı
ilk Dövlət Proqramı 2003-2005-ci illəri əhatə
edirdi. Həmin proqramın icrası tam başa
çatdıqdan sonra biz onun nəticələrini
ölkəmizə gələn turistlərin sayının
artmasında, yeni turizm infrastrukturunun qurulmasında, turizm
potensialının inkişaf etdirilməsində gördük.
Təbii ki, bu uğurların davamını təmin etmək
və mövcud potensialı daha da artırmaq üçün
yeni proqrama ehtiyac duyulurdu. Biz ötən illər
ərzində yeni proqram üzərində
çalışdıq. Yeni qəbul olunmuş
Dövlət Proqramı, sözsüz ki, vaxtında, yerində
qəbul olunmuş sənəddir. Ən əsas məqamlardan
biri də odur ki, dövlət başçısı
vurğulayıb ki, Azərbaycanda qeyri-neft sektorunun əsas
istiqamətlərindən biri də məhz turizm
sənayesidir. Bundan irəli
gələrək, ölkə Prezidenti, nəinki
Azərbaycanda turizm sahəsinin inkişafına cavabdeh olan
Mədəniyyət və Turizm Nazirliyinə,
həmçinin, digər aidiyyatı qurumlara da müvafiq
tapşırıq və göstərişlərini verib.
İnanıram ki, proqramın icra olunduğu dövrdə
qarşıya qoyulan bütün məsələlər
yerinə yetiriləcək. Aidiyyatı nazirliklərlə
yanaşı, turizm sahəsində çalışan
sahibkarlar da bu proqramın icrasına yardımçı
olacaqlar və nəticədə bundan Azərbaycan
dövləti qazanacaq.
- Siz 2003-2005-ci illəri
əhatə edən proqrama toxundunuz. Ümumiyyətlə, bu
proqramın icrası nəticəsində əldə
olunmuş nailiyyətləri necə xarakterizə edərdiniz?
- 2003-2005-ci
illəri əhatə edən Dövlət Proqramının
əsas məqsədlərindən biri Azərbaycanda turizm
zonalarının müəyyən edilməsi idi. Hesab
edirəm ki, buna nail olduq və bu gün də bu iş davam
etdirilir. Yəni artıq Azərbaycanda hansı
bölgədə hansı turizm formasının inkişaf
perspektivlərinin mövcud olduğu aydındır və
onların sənədləşdirilməsi prosesi gedir.
Proqramda əksini tapan ikinci mühüm məsələ kadr
hazırlığı ilə bağlı idi. Bu
məqsədlə Turizm İnstitutu yaradıldı və
sevindirici haldır ki, bu il artıq institut ilk
məzunlarını buraxacaq. 300 nəfər məzun
müxtəlif turizm obyektlərində
çalışacaqlar, onların da əldə etdikləri
biliklər, təcrübələr də
gələcəkdə turizmin daha da inkişafına
yardım edəcək. Bilirsiniz ki, Turizmin inkişafına dair
Dövlət Proqramı ilə yanaşı, Yoxsulluğun
azaldılması üzrə Dövlət Proqramı da icra
olunurdu. Bu proqrama uyğun olaraq, turizm sahəsində də
açılmış yeni iş yerləri, xüsusən
turizm imkanları olan bölgələrdə əhalinin daha
artıq gəlir əldə etməsinə şərait
yaradıb. Belə ki, Bakıda müvafiq infrastruktur qurulub
və Azərbaycanın 8 turizm potensiallı rayonlarında
regional turizm informasiya treninq mərkəzləri
yaradılıb.
- Bütövlükdə,
ölkəmizdə turizmin inkişaf potensialını necə
qiymətləndirmək mümkündür?
-
Azərbaycanın ərazisi digər böyük turizm
ölkələri ilə müqayisədə o qədər
də böyük olmasa da, müxtəlif istiqamətli turizm
sahələrinin inkişafı üçün böyük
potensialı vardır. Bu baxımdan ölkəmizin
mədəni turizm potensialını qeyd etmək istəyirəm.
Bilirsiniz ki, Azərbaycanda 6600-dən çox qeydiyyatdan
keçmiş tarixi abidələr var və bunlar turizm
marşrutlarının üzərində
yerləşirlər. Digər tərəfdən,
Azərbaycanın unikal təbiəti də istənilən
turizm növü ilə məşğul olmağa imkan verir.
Yay mövsümündə dənizdən, qış
mövsümündə qış turizmindən istifadə
olunur. Bilirsiniz ki, hazırda Qusarda Şahdağ milli
parkının ərazisində böyük bir qış
turizm bazası tikilir. Eyni zamanda, ölkəmizdə
yüksək standartlara cavab verən infrastruktur qurulmaqdadır
və bu da bir nöqtədən digər nöqtəyə
çox qısa müddətdə və maneəsiz
çatdırılmaya imkan verir. Həmçinin,
Azərbaycan xalqının intellekti, qonaqpərvərliyi
də turizmin inkişafında çox böyük
önəm daşıyır. Maddi mədəniyyətdən
danışarkən, mətbəxi və milli yeməkləri
də vurğulamaq lazımdır. Qeyd etməliyəm ki,
Azərbaycan mətbəxi turistlərdə böyük maraq
oyadır. Azərbaycanın hər bir bölgəsinin
özünəməxsus mətbəxi var. Eyni zamanda,
sənətkarların əl işləri, aşıq
mədəniyyəti və digər tarixi mədəniyyət
və sənət nümunələri də turistləri
özünə cəlb edir. Təbii ki, dövlət
tərəfindən verilən dəstək də mövcud
imkanların səfərbər olunması ilə yüksək
turizm potensialının yaradılmasına və
inkişafına imkan verir.
- Son illər turizmin inkişafı statistikada
özünü necə göstərir? Ölkəmizə
gələn turistlərin sayı nə qədər artıb?
- Əgər 2009-cu ilin
statistikasına nəzər salsaq, 1,4
milyona yaxın turist ölkəmizə səfər
etmişdir. Biz illər arasında müqayisə aparsaq, bu
prosesdə hər il 10-15 faiz artımın
olduğunu görərik. Əgər bunu
bölgələrə bölsək, ən çox turist
Bakı şəhərinə gəlib. Sonrakı
yerdə isə şimal istiqamətində yerləşən
turizm obyektləri dayanır. Burada da Quba, Qusar
rayonlarının adını çəkmək olar. Əgər turistlər regional marşrut üzrə
ölkəmizə gəliblərsə, onlar Şamaxı,
Şəki - Zaqatala zonalarına üz tuturlar. Yay aylarında Bakı, Abşeron, Nabran
ərazisində yerləşən obyektlərə daha
çox turistin gəlməsini müşahidə edirik. Təbii ki, bu da həmin ərazilərdə
çimərliklərin mövcud olması ilə
bağlıdır.
- Azərbaycanın turizm potensialının xaricdə
təbliğ olunması, turizm imkanlarının
tanıdılması yönündə hansı işlər
həyata keçirilir?
- 2001-ci ildə ümummilli
liderimiz Heydər Əliyevin sərəncamı ilə turizm
sahəsinə cavabdeh olan dövlət qurumu yaradıldı. Həmin nazirliyin ilkin vəzifələrindən biri
Azərbaycanın turizm ölkəsi kimi dünya
ictimaiyyətinə təqdim olunması, bu yöndə
təbliğati işlərin həyata keçirilməsi idi.
İlkin olaraq, nazirlik tərəfindən aparılan
işlər nəticəsində, Azərbaycan Ümumdünya
Turizm Təşkilatının tam hüquqlu üzvü
seçildi və bu da, ona imkan verdi ki,
bütün dünya dövlətləri Azərbaycanı
turizm ölkəsi kimi tanısınlar. Həmçinin,
ölkəmizin təbliğatı məqsədilə
dünyanın böyük turizm sərgilərində
Azərbaycanın da iştirakı təmin edilir. İlkin illərdə 5-6 sərgidə iştirak
edirdiksə, bu gün artıq 16 böyük sərgiyə
qatılmışıq və orada ölkəmizin turizm
potensialını nümayiş etdirməyə
çalışmışıq. Bundan
başqa, bilirsiniz ki, Azərbaycan dövlətinin
dəstəyi ilə ölkəmizin turizm imkanlarından
bəhs edən bir neçə video-roliklər
çəkilib və onlar dünyada böyük
tamaşaçı auditoriyası olan BBS, CNN, Euronews, National
Geographic, Travel Channel kanallarında mütəmadi olaraq
nümayiş etdirilir. Görülən
işlərin nəticəsi olaraq, Azərbaycana turizm
axını artmaqdadır.
- Faiq müəllim, sizcə, turizmlə əlaqədar
qanunvericilik bazasını necə qiymətləndirmək
olar? Bu sahədə
təkmilləşdirilməyə ehtiyac varmı?
- Ötən dövr
ərzində turizm sahəsinə aid qanunvericilik
sənədlərinin də təkmilləşdirilməsi
üçün lazımi işlər görülüb
və görülməkdədir. Bunlar turizm
sahəsində fəaliyyət göstərən şirkətlərin
sertifikatlaşdırılması, qeydiyyatı və digər
məsələləri əhatə edir. Əgər
nazirlik yaradılarkən ölkəmizdə cəmi 30-a
yaxın turizm şirkəti fəaliyyət
göstərirdisə, bu gün onların sayı artıq
200-dən çoxdur. Mehmanxanaların sayına
gəldikdə isə, bir neçə il
öncə 20-yə yaxın mehmanxana var idisə, bu gün
artıq 100-ə qədərdir. Bunlar da
hamısı, sözsüz ki, tələbatdan irəli
gəlir. Hazırda "Turizm haqqında" qanuna
əlavə və dəyişikliklər üzərində
iş gedir. Bu məqsədlə xüsusi bir
komissiya yaradılıb və bu komissiya da bütün
təklifləri topladıqdan sonra Milli Məclisə təqdim
edəcək. Bu qanunda müasir dövrün
tələblərinə cavab verən məsələlər,
dəyişikliklər öz əksini tapacaq və mən
inanıram ki, bundan sonra daha yeni turizm obyektləri
fəaliyyətə başlayacaq və onların daha yeni
formada, müasir standartlara cavab verən iş üslubunda
fəaliyyət göstərəcəyinin şahidi
olacağıq.
- Siz Azərbaycanda turizmin
inkişafı layihəsinin milli koordinatorusunuz. İstərdik ki, bu layihə haqqında da məlumat
verəsiniz?
- Azərbaycanda turizmin
inkişafı layihəsi Mədəniyyət və Turizm
Nazirliyi, Birləşmiş Millətlər
Təşkilatının İnkişaf Proqramı
tərəfindən birgə həyata keçirilən
layihədir. Əsas vəzifəmiz turizmin
inkişafı nəticəsində, regionlarda və
xüsusən, Bakı şəhərində turistlər
üçün informasiya mərkəzlərinin
yaradılması, həmçinin, bu informasiya
mərkəzləri vasitəsilə regionlarda turizm
sahəsində yeniliklərin təbliği, bu sahənin
inkişafına yardımçı olmaq məqsədilə
təlimlərin keçirilməsidir. Biz
həmçinin, Turizm İnstitutuna da texniki köməklik göstəririk.
Bununla yanaşı, turizm sahəsində fəaliyyət
göstərən iş adamları üçün
mütəmadi təlimlər təşkil edirik, marketinq
sahəsində araşdırmalar aparırıq. Bu proqram çərçivəsində ÜTT
tərəfindən də dəstəklənən bir
neçə konfransın, Turizm İnstitutunda qısamüddətli
kursların keçirilməsi, marketinq sahəsində
araşdırmalarımızın nəticəsini əks
etdirən broşurların çap olunmasını
planlaşdırırıq.
Səs.- 2010.- 17 aprel.- S. 7.