Azərbaycanın uğurları bəzi
ölkələri ciddi narahat edir
Arif Rəhimzadə: "Ermənilərin yeganə
xahişi budur: bizə təzyiq göstərməyin,
qorxutmayın"
- Arif müəllim, Nazirlər Kabinetində keçirilən
2010-cu ilin birinci rübünün sosial-iqtisadi yekunlarına
dair iclasda Prezident İlham Əliyevin ölkəmizin
iqtisadi-siyasi uğurlarından və
Dağlıq Qarabağ münaqişəsi barədə
səsləndirdiyi ümummilli maraqları necə şərh
edərdiniz?
- Ölkə
başçısının 2010-cu ilin birinci
rübünün yekunlarına dair keçirdiyi müşavirədə
geniş və əhatəli çıxışı birinci
onu göstərdi ki, dünyanı
ağır iqtisadi böhranın bürüməyinə
baxmayaraq, Azərbaycanda iqtisadi inkişaf davam edir. Ölkə
iqtisadiyyatı dinamik vəziyyətdədir. Prezident təsdiq
etdi ki, Azərbaycan büdcəsi bir qədər konservativ
qaydada təşkil edib. Bu, o deməkdir ki, Azərbaycanın
imkanları daha genişdir, bunu nəzərə alaraq ölkə
başçısı qeyd etdi ki, Prezident Fondunun xeyli imkanlar
var. Bu da imkan verir ki, nəzərdə
tutulan tikinti-quraşdırma və abadlıq işləri daha
da genişlənsin. Yerlərdən təkliflər
alınıb ümumiləşdirilməlidir. Bir sözlə,
Azərbaycanda nəzərdə tutulduğundan daha çox
işlər görüləcək.
- Müşavirədə Dağlıq Qarabağ məsələsi
ilə bağlı kəskin və prinsipial...
- Müşavirədə
Dağlıq Qarabağ məsələsi ilə bağlı
ölkə başçısı aydın mövqe bildirdi. Mövqe
ondan ibarətdir ki, Azərbaycan Madrid prinsipləri əsasında
bu işi xeyli vaxtdır ki, aparır. Azərbaycan bu sənədə
müsbət yanaşır. Nizamlama ardıcıllıqla
aparılmalıdır. Eyni zamanda, cənab Prezident onu da
vurğuladı ki, Ermənistan məsələnin həlli ilə
məşğul olmur, vaxtı uzadaraq, görüntü
yaradır və hesab edir ki, bu
yolla nəyəsə nail ola bilər. Ölkə
başçısı dedi ki, məsələ Minsk Qrupu
formatında həll olunmasa, onda başqa üsullardan istifadə
olunacaq. Bu Ermənistana xəbərdarlıqdır. Yeri gəlmişkən,
sizə deyim ki, bu yaxınlarda Sankt-Peterburqda "Avropanın Təhlükəsizliyinin
Gələcəyi" mövzusunda beynəlxalq konfransda idim.
MDB ölkələri Parlament Assambleyasının təşəbbüsü
ilə bu tədbir Avropa Şurası Parlament Assambleyası ilə
birlikdə keçirilirdi. Həmin tədbirdə bir çox
beynəlxalq təşkilatlardan nümayəndələr
iştirak edirdi. Azərbaycan Prezidentinin qəti mövqeyi erməniləri
təşvişə salıbdır. Ermənilər
çıxışlarında qeyd edirlər ki, Azərbaycan
onlara təzyiq göstərir. Mən
də onlara cavab verdim ki, Azərbaycan xeyli vaxtdır ki,
problemin həlli üçün iş aparır. Siz də
vaxtı uzatmaqla, hesab edirsiniz ki, vəziyyətdən
çıxa bilərsiniz. Ancaq Azərbaycanın öz ərazisini
başqa yollarla azad etmək hüququnu ondan heç kəs
almayıb. Azərbaycan görsə ki, siz cəfəng işlərlə
məşğul olursunuz, vaxt uzadırsınız, onda Azərbaycan
əldə olunan bütün imkanlardan istifadə edəcək
və öz məqsədinə nail olacaq. Bu sözlərim
onları məyus etdi.
- Arif müəllim, mümükündür ki, indidən
Dağlıq Qarabağın infrastrukuturunun yenidən
qurulması üçün Milli Məclis hansısa bir proqram
və ya layihə təsdiq etsin və bunu beynəlxalq maliyyə
qurumlarının müzakirəsinə çıxartsın?
- Belə bir proqramı,
ilk növbədə, bunu hökumət təsdiq etməlidir. Çünki
burada iqtisadi məsələlər başlıca yer tutacaq.
Ehtiyac olarsa, qanunvericilik qaydasında bu məsələ həll
oluna bilər. Cənab Prezident çox aydın şəkildə
dedi ki, gərək ilk olaraq, Dağlıq Qarabağ ətrafına
daxil olan rayonlar azad olunsun və məcburi köçkünlərimiz
həmin rayonlara və Dağlıq Qarabağa qayıtsınlar.
Ondan sonra kommunikasiyalar açılsın və Dağlıq
Qarabağın müqəddəratı referendum və ya
hansısa yolla həll olunsun. Bu ardıcıllığı
pozmaq olmaz. Yalnız ermənilər işğal edilmiş əraziləri
tərk etdikən sonra orada böyük işlər
görülməlidir. Həmin ərazilər minalardan təmizlənməlidir.
İnsanların yaşaması üçün şərait
yaradılmalıdır. Çünki ermənilər həmin
əraziləri darmadağın ediblər. Ermənilər 7-8
il bundan qabaq binaların daşlarını da söküb
aparıblar. Cənab Prezidentin dediyi ardıcıllıqlarla bu
məsələlər öz həllini tapmalıdır.
İndidən Milli Məclis tərəfindən hansısa
qanunun qəbul edilməsinə xüsusiehtiyac yoxdur.
- Azərbaycanın dinamik inkişafı deməyə
onu əsas verirmi ki, ulu öndərimiz
Heydər Əliyev tərəfindən qoyulan siyasət
düzgün və uğurla davam etdirilir?
- Azərbaycanın
inkişafı onu göstərir ki, ölkəmiz özü
üçün düzgün yol seçibdir. Həmin
yolda çox böyük nailiyyətlər əldə olunub.
Məsələni bu tərzdə qoymaq istəyirəm ki, ulu
öndər Heydər Əliyev onun əsasını müəyyənləşdirdi,
ancaq konkret üsullar xeyli vaxtdır ki, İlham Əliyev tərəfindən
çox uğurla həyata keçirilir. Azərbaycanda bir
çox məsələlər son 5-6 ərzində öz həllini
tapıbdır. İdarəetmədə, iqtisadiyyata dəstək
verməkdə yeni ideyalar ortaya çıxıbdır. Məsələn,
10 il bundan qabaq bir pəncərə məsələsini heç
kim təsəvvür də, etmirdi. Artıq bu qayda bizdə
bir neçə sahədə tətbiq olunur. Yeni ideyalar,
iş üsulları, istiqamətlər müəyyənləşdirilib.
Azərbaycanın bütün inkişafı, demək olar ki,
proqramlar çərçivəsində həll olunur. Sovetlər
dövründə xalq təsərrüfatı planları var
idi. Mürəkkəb bir sənəd idi və bazar
iqtisadiyyatı şəritində, bu, özünü
doğrulda bilməzdi. Azərbaycanın bütün
inkişafı artıq kompleks şəkildə öz həllini
tapıb. Bu da, o deməkdir ki, bütün bunlar iqtisadi cəhətdən
araşdırılır, onun maliyyə təminatı,
işçi qüvvəsi məsələləri
müəyyənləşdirilir və böyük layihələr
həll olunur. Bu layihələrin həlli üçün də
həm vəsait, həm də təşkilati işlər
lazımdır. Azərbaycanın bütün sahələrini,
demək olar ki, kompleks proqramlar əhatə edir. Onlar, əslində,
hökumət və bütövlükdə, icra orqanları
üçün əsas fəaliyyət sənədinə çevrilib.
- Bu mənada, demək olar ki, "Regionların
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"
kompleks proqramların tərkib hissəsidir?
- Regionların
inkişafı Dövlət Proqramı da həmin kompleks
proqramlardan biridir. Həmin
proqramda istehsalat məsələləri ilə bərabər,
abadlaşma, sosial, səhiyyə, təhsil və s. məsələlər
də əksini
tapmışdır. Bu sahələr
üzrə xüsusi proqramlar olsa da, regionların
inkişafına həsr olunmuş Dövlət Proqramı,
eyni zamanda, bu proqramların hamısından bəhrələnir.
- Həm də bölgələrdən paytaxta
axının qarşısını müəyyən mənada
alır...
- Məqsəd də
ondan ibarətdir ki, yerlərdə elə şərait
yaradılsın ki, axının qarşısı kəsilsin.
Regionlarda əlverişli şərait yaradılsın ki, vətəndaş
ev-eşiyini qoyub, Bakıda özünə iş
axtarmasın. Bilirsiniz ki, əhalinin çox böyük hissəsi
kənd yerində yaşayır. Odur ki, kənd təsərrüfatının
inkişafına böyük diqqət yetirilir. Kənd təsərrüfatının
inkişafına və ərzaq təhlükəsizliyinə həsr
olunmuş xüsusi proqramlar var. Ancaq bu da regionların iqtisadi
inkişaf proqramıdır. Kənd əməkçilərinə
bir çox imtiyazlar verilir. Onlara dotasiyalar ayrılır, əlverişli
kreditlər verilir. Lizinq ilk dəfə kənd təsərrüfatında
tətbiq olunub. Bu yolla mal-qara, maşın, kənd təsərrüfatı
texnikası alınır. Xərclərin bir hissəsi dövlət
büdcəsindən ödənilir. Bunların hamısı
ondan ötrüdür ki, kənd
yerlərində həm insanların güzəranı
yaxşı olsun, onların inkişafı üçün əlverişli
şərait, eyni zamanda, məhsul bolluğu yaradılsın. Azərbaycanın
ərzaq təminatı yaxşılaşsın. Bəzi məhsulları
ananası, bananı biz yetişdirə bilmərik. İstər-istəməz,
bu meyvələr xaricdən gəlməlidir. Ancaq
özümüzdə istehsal olunan məhsullarla gərək
ehtiyacımızı ödəyək. Bu nöqteyi-nəzərdən,
deməliyəm ki, Azərbaycanın təminatı yüksək
səviyyədədir. Hesab olunur ki, xaricdən gələn ərzaq
mallarının xüsusi çəkisi 30 faizdən
çoxdursa, bu, ərzaq təhlükəsizliyinin zəif
olmasının göstəricisidir. Azərbaycanda, bu,
çox aşağıdır: 14-15 faiz. Ancaq kənd təsərrüfatının
inkişafı onu da tədricən aradan götürəcək.
Emal müəssisələrinə çox böyük fikir
verilir. Soyuduclar tikilir, məhsul yetişdirmək şərt
deyil, gərək onu saxlaya və emal edə biləsən.
Ölkədə kolbasa və s. məhsullar istehsal edilməsinə
baxmayaraq, xaricdən də həmin məhsullar gətirilir.
Çünki keyfiyyəti
yaxşıdır. Bizim məhsulların keyfiyyəti
yaxşı olmalıdır ki, xaricdən gətirməyə
ehtiyac olmasın. Xaricdən mal almaq o deməkdir ki, biz
onların iqtisadiyyatına vəsait qoyuruq.
- Milli Məclisə deputat seçildiyiniz Neftçala
rayonunda "Regionların sosial-
iqtisadi inkişafına dair Dövlət Proqramı"nın
icrasının hansı səviyyədə müşahidə edib, hansı qənaətə gəlmək
olar?
- Neftçala rayonundan Milli Məclisə
deputat seçilmişəm. Həmin
rayonunda bütün bu imtiyazlardan kənd əməkçiləri
istifadə edir. Regionların inkişafı proqramında
rayonların su təminatı və kanalizasiya məsələrinə
xüsusi diqqət yetirilməlidir. Cənab Prezident də
müşavirədə bunu xüsusi qeyd etdi ki, Azərbaycanın
rayon mərkəzlərinin çoxunda tarixən kanalizasiya
olmayıb. İlk dəfə olaraq, bu sistem yaranacaq.
Düzdür, Neftçala rayonunda bu olubdur, ancaq hazırda tələbata
cavab vermir. Hazırda müəyyən razılaşmalar gedir
və ölkə başçısının dediyi kimi bu məsələ
Neftçalaya da şamil olunacaq. İçməli su ilə təminat
məsələsi də həllini tapacaq. Hazırda
Neftçala şəhərində qazlaşma işləri
çox sürətlə və keyfiyyətlə
aparılır.
- İş yerləri ilə bağlı nə deyə
bilərsiniz?
- Kənd yerlərində
əsas iş yerləri kənd təsərrüfatı ilə
əlaqədar olmalıdır. Bundan ötrü, qeyd etdiyim kimi,
müəyyən şərait yaradılır. Ancaq yeni iş
yerlərinin yaradılması məsələsi də gündəmdədir.
- Azərbaycan dövləti 2009-cu ilin göstəricilərinə
görə, bir sıra xarici ölkələrin nəqliyyat və
energetika sektoruna 7 milyard dollar investisiya qoyub. Artıq Azərbaycan
invesitisiya qoyulan ölkədən investisiya qoyan ölkəyə
çevirlib...
- Azərbaycanın
imkanları ilbəil artır və biz investisiya qoyan ölkəyə
çevrilirik. Tək yol infrastrukturundan söhbət getmir, Azərbaycan
Türkiyədə neftayırma zavodu, Gürcüstanda,
Ukraynada, Moldovada yeni layihələr həyata keçirir. Vaxt
gələcək milli sərvətimiz neft tükənəcək.
Lakin Azərbaycanda işlər elə qurulub ki, neft tükənəndən
sonra gəlir mənbələrimiz olacaqdır. Odur ki, Azərbaycan
kapitalını əlverişli
istiqamətlərə və sahələrə qoyur.
- Ermənistanın Azərbaycanla bağlı
yaydığı dezinformasiyanı AXCP (i) sədri Əli Kərimov
böyük həvəslə qələmə alıb
"Vaşinqton Post" qəzetində dərc edib. ABŞ
-da Ə.Kərimovun belə bir yazısının həvəslə
dərc edilməsi nə ilə bağlı ola bilər?
- Müxtəlif maraqlar ola bilər. Bu
cür məsələlər çox təəssüf
doğurur. Sapı özümüzdən olan baltaların erməni
marağından çıxış etməsinin arxasında,
təbii ki, Azərbaycanın uğurlarına
qısqanclıqla yanaşan, narahatlıq keçirən xarici
qüvvələr dayanır. 1993-cü ildə AXC hakimiyyəti
dönəmində hüquq-mühafizə orqanları ilə
keçirilən müşavirədə ölkə prezidenti Əbülfəz
Əliyev üzünü zala tutub deyirdi: "Xalq deyir ki,
kaş canımız bu xalq cəbhəsinin əlindən
qurtarsın. Xahiş edirəm prokurorluq, məhkəmə
desin, ölkə niyə dağılır". Əli Kərimov
da müşavirədə iştirak edirdi və prezidentin
sözlərini təsdiq edən faktları sadalayırdı.
Tənqid söyləmək
üçün hər bir insanın mənəvi haqqı
olmalıdır. Ə.Kərimovun belə haqqı yoxdur.
SEVİNC NƏZƏROVA
Səs.- 2010.- 20 aprel.- S. 5.