"Regionların sosial-iqtisadi
inkişafı: uğurlar və perspektivlər"
"Səs" qəzeti Şabran və Siyəzən
rayonlarında bu mövzuda növbəti dəyirmi masa
keçirdi
"Səs" qəzeti tərəfindən ənənəvi
olaraq respublikamızın bütün rayon və şəhərlərində
"Regionların sosial-iqtisadi inkişafı: uğurlar və
perspektivlər" mövzusunda keçirilən dəyirmi
masalar ölkə ictimaiyyəti tərəfindən
böyük maraq və diqqətlə izlənilməkdədir.
Dəyirmi masanın budəfəki ünvanı Şabran və
Siyəzən rayonlarını əhatə etmiş oldu. Bu
bölgədə son 6 ildə aparılan quruculuq-abadlıq
işlərinin, açılmış yeni iş yerlərinin
və digər uğurların geniş ictimaiyyətə
çatdırılması üçün "Səs" qəzeti
tərəfindən keçirilən bu dəyirmi masanın əhəmiyyəti
xüsusidir. Şabran və Siyəzən rayonlarında,
respublikamızın hər bir guşəsində olduğu
kimi, inkişaf meyilləri, uğurlar müşahidə
olunmaqdadır. Bunu rayon ərazisində olarkən oradakı
mühitdən də açıq şəkildə
müşahidə etmək mümkündür. Siyəzən
rayonunda bir sıra işlərin görülməsinə
baxmayaraq, rayon sakinləri ilə söhbətimiz zamanı
onlar bir sıra sahələrdə hələ də problemlərin
mövcudluğundan danışdılar. Siyəzən rayon
sakinləri daha çox su və yol nəqliyyat infrastrukturundan
narazılıqlarını dilə gətirdilər. Eyni
zamanda, rayon mərkəzində apardığımız
müşahidələr və sakinlərlə söhbətimiz
zamanı onlar rayon icra hakimiyyətindən və bələdiyyələrin
işindən narazılıqlarını ifadə etdilər.
Bütün bunların
müqabilində isə, Şabran rayonunda böyük
quruculuq-abadlıq işləri yüksək sürətlə
davam etdirilir. Rayon sakinləri ilə söhbətimiz zamanı
onlar görülən işlərdən
razılıqlarını və yeni-yeni iş yerlərinin, məktəblərin
tikilib istifadəyə verilməsini vurğuladılar. Şabran
sakinləri son illər rayonda istirahət parklarının, xəstəxanaların,
işıq və nəqliyyat məsələləri ilə
yanaşı, yolların da abadlaşdırıldığını
xüsusi diqqətə çatdırdılar. Bu baxımdan,
Şabran demək olar ki, görülmüş işlərin
müqabilində respublikamızın ən qabaqcıl
rayonları sırasında addımlamaqdadır.
"Səs" qəzetinin
keçirdiyi məhz bu dəyirmi masalar da bölgələrdə
görülən işləri geniş oxucu auditoriyasına
çatdırmaq məqsədi daşıyır. Qəzetin
Şabran rayonunda keçirdiyi dəyirmi masada Yeni Azərbaycan
Partiyasının (YAP) Şabran rayon təşkilatının
sədri, rayon icra hakimiyyətinin (RİH) birinci müavini
Mehdi Balabəyov, Şabran RİH-in ictimai təşkilatlar və
siyasi partiyalarla iş şöbəsinin müdiri Fikrət
Nüşiyev, Siyəzən Neft Qaz Çıxartma İdarəsinin
şöbə rəisi Fərid Məmmədov, Siyəzən
RİH-in ictimai təşkilatlar və siyasi partiyalarla iş
şöbəsinin məsləhətçisi Gündüz Səmədli,
YAP Siyəzən rayon təşkilatının sədri,
RİH başçısının müavini Etibar Heydərov,
"Siyəzənneft" NQÇİ-nin baş mühasibin
müavini Cavid Abbasov, Siyəzən RİH-in təhsil, səhiyyə
və mədəniyyət şöbəsinin məsləhətçisi
Samir Baxşıyev, Şabran RİH-in
başçısının müavini Ramiz Vahabov, YAP
Şabran rayon təşkilatı qadınlar
şurasının sədri Minə Quliyeva, Siyəzən rayon
Gənclər və İdman idarəsinin rəisi Elçin
Hacızadə, Şabran rayon Maliyyə idarəsinin rəisi Bəhlul
Abbasov, Şabran rayon Təhsil şöbəsinin müdiri
Sabir Ağarzayev, Şabran rayon Mədəniyyət və Turizm
şöbəsinin müdiri Əhməd Səmədov, YAP Siyəzən
rayon təşkilatının aparat rəhbəri İxtiyar
İsayev, Siyəzən QE-nin mühəndisi Əmirxan
Hüseynli, Şabran rayon bələdiyyəsinin sədr
müavini İkram Sultanov, Şabran şəhər bələdiyyəsinin
hüquq işləri üzrə məsləhətçisi
Hüseyn Sultanov, Şabran şəhər 7 illik musiqi məktəbinin
direktoru Mütəllim Yolçuyev, Şabran Meşə
Mühafizəsi və Bərpası idarəsinin direktoru Bəybala
Allahyarov, Şabran şəhər bələdiyyəsinin sədri
Qəhrəman Quliyev, Siyəzən rayon ƏSMM-in baş məsləhətçisi
İlham Əliyev, Şabran rayon Dövlət Sosial Müdafiə
Fondunun sədri Tofiq Əmrahov, Şabran rayon Gənclər
İdman idarəsinin baş məsləhətçisi Əliyeva
Xalidə iştirak edirdilər.
Dəyirmi masanı giriş
sözü ilə açan "Səs" qəzetinin
şöbə müdiri İlham Əliyev dövlətin
inkişafını şərtləndirən əsas amilin
onun kompleks proqramının olması ilə əlaqələndirdi.
Qeyd etdi ki, "Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"
Azərbaycan dövlətinin kompleks proqramlarının tərkib
hissəsidir. Qəzetin əməkdaşı "Səs"
qəzetinin ardıcıl olaraq bölgələrdə "Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramı" çərçivəsində
"Regionların inkişafı: uğurlar və perspektivlər"
mövzusunda dəyirmi masalar keçirdiyini söylədi. Onu
da bildirdi ki, bu tip tədbirlərin keçirilməsi ilə cəmiyyətə
bir daha ölkəmizdə geniş miqyas alan quruculuq-abadlıq
işlərindən, təhsildə, elmdə, səhiyyədə
gedən qlobal dəyişikliklərdən, yeni iş yerlərinin
açılmasına xidmət edən sənaye müəssisələrinin
açılmasından, qaz, su, işıq, yol və digər
sahələrdə əldə olunan nailiyyətlərdən
geniş və əhatəli məlumatlar verilir. Qəzetin əməkdaşı
ümidvar olduğunu bildirdi ki, Şabran və Siyəzən
rayonlarının dövlət qurumlarının rəhbərləri
də bölgədə əldə olunan uğurlardan, nailiyyətlərdən
danışıb, mövcud problemlərin aradan
qaldırılması üçün qarşıda duran vəzifələrdən
söhbət açacaqlar.
DÖVLƏT PROQRAMINDA ŞABRAN RAYONUNUN İQTİSADİ
İNKİŞAFI İLƏ BAĞLI 15 İSTİQAMƏTDƏ
NƏZƏRDƏ TUTULAN TƏDBİRLƏRİN ARTIQ 12-si HƏYATA
KEÇİRİLİB
Fikrət Nuşiyev:
- Azərbaycanda aparılan
uğurlu sosial-iqtisadi islahatlar əsası ümummilli liderimiz
Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident cənab
İlham Əliyevin qətiyyətlə davam etdirdiyi
düşünülmüş strategiya respublikamızın hərtərəfli
inkişafına, qabaqcıl dövlətlər səviyyəsinə
qalxmasına səbəb olub. Yola saldığımız
2009-cu il və 2010-cu ilin birinci rübündə qlobal iqtisadi
maliyyə böhranının hələ davam etməsinə
baxmayaraq, həyata keçirilən qabaqlayıcı tədbirlər
nəticəsində Azərbaycan iqtisadiyyatının dinamik
inkişafının davamı iqtisadi islahatların uğurla həyata
keçirilməsi və əhalinin sosial rifahının daha
da yaxşılaşdırılması təmin olunub. "Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramı" (2003-2008-ci illər) respublikanın
bütün regionlarında, o cümlədən, Şabran
rayonunda da uğurla icra olunub. Dövlət Proqramının
davamı olan "Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramı"nın (2009-2013-cü illər) icrasından
üç ay keçib. Dövlət Proqramının bir
illik icrası ilə əlaqədar mart ayının 12-də
keçirilmiş konfransda və Nazirlər Kabinetinin 2010-cu
ilin birinci rübündə sosial iqtisadi inkişafın
yekunlarına həsr olunmuş iclasda Prezident cənab İlham
Əliyev geniş nitq söyləyib. O, bildirib ki, son illər
regionların sosial iqtisadi inkişafı istiqamətində
ölkəmizdə nailiyyətlər əldə olunub,
respublikanın ayrı-ayrı iqtisadi rayonları üzrə əsaslı
işlər görülüb, kənd təsərrüfatı
ilə yanaşı, sənaye sahəsində də uğurlar
əldə olunub. İstehsal və xidmət, sosial infrastruktur
müəssisələrinin yaradılması, yeni iş yerlərinin
açılması, həyata keçirilən məqsədyönlü
tədbirlər nəticəsində sahibkarlığın
ölkə iqtisadiyyatında aparıcı qüvvəyə
çevrildiyi bildirilib. 2009-cu il Şabran rayonu
üçün də uğurlu olub. Azərbaycan
regionlarını əhatə edən iqtisadi tərəqqi,
sosial-mədəni quruculuq mühiti sayəsində rayonumuzda
da əsaslı nailiyyətlər əldə olunub. Dövlət
Proqramında nəzərdə tutulan tədbirlər
Şabranda böyük müvəffəqiyyətlə həyata
keçirilib.
Qeyd edim ki, proqramda rayonun
iqtisadi inkişafı ilə bağlı 15 istiqamətdə tədbirlərin
həyata keçirilməsi nəzərdə tutulub. Lakin qeyd
etməliyəm ki, 15 istiqamətdə tədbirlərin
artıq 12-si üzrə işlər görülüb. İcrasına
başlanmayan üç tədbirdən ikisinin, yəni
Şabran rayonunda tikinti materialları yataqlarının
axtarışı və kəşfiyyat işlərinin
aparılması, Şabran şəhərini kəndlərlə
birləşdirən əhəmiyyətli yolların əsaslı
təmiri tədbirlərinin icrasına 2010-cu ildən
başlanması nəzərdə tutulub. Prezident İlham Əliyevin
qarşıya qoyduğu vəzifələrə uyğun olaraq
rayonun sosial-iqtisadi inkişafı ilə bağlı tədqiqat
aparılıb və Dövlət Proqramında öz əksini
tapmayan 32 bənddən ibarət həlli vacib tədbirlər
müəyyənləşdirilib. Həmin məsələlərin
Dövlət Proqramına əlavə tədbirlər kimi daxil
edilməsi üçün respublika hökumətinə
müraciət edilməsi məqsədəmüvafiq hesab
edilib və təqdim olunub. Həmin tədbirlərin 7-si
Dövlət Proqramına daxil edilib. Şabran rayonunun
bütün zəhmətkeşləri bu Dövlət
Proqramından irəli gələn məsələlərin
icrasını növbəti illərdə də davam etdirəcək.
"Səs" qəzetinin əməkdaşı:
- İstərdik ki, Siyəzən
rayonunda da görülmüş işlər və
qarşıda duran vəzifələr barəsində məlumat
verilsin.
Etibar Heydərov:
- Siyəzən rayonunda da
"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramı"
(2009-2013-cü illər) çərçivəsində kifayət
qədər işlər görülüb. Respublikada ilk və
ən böyük müalicə-diaqnostika mərkəzi burada
istifadəyə verilib. Ən yüksək standartlara cavab verən
bu tibb ocağının açılış mərasimində
Prezident İlham Əliyev də iştirak edib. Siyəzən
rayonunun, eləcə də, bölgənin bütün sakinləri
bu mərkəzin xidmətlərindən istifadə edir. Eyni
zamanda, rayonun tikinti-quruculuq işləri davam etdirilir. Görülən tədbirlər
nəticəsində rayon ərazisində bütün idarə
və müəssisələr ayrıca inzibati binalarla təmin
edilib.
"Səs" qəzetinin əməkdaşı:
- Siyəzən rayonunda təhsilin
səviyyəsinin daha da yüksəldilməsi və maddi
texniki bazasının təkmilləşdirilməsi
üçün hansı işlər görülüb?
Etibar Heydərov:
- Bütün ölkə ərazisində
olduğu kimi, Siyəzən rayonunda da təhsilə göstərilən
dövlət qayğısı özünü büruzə
verir. Belə ki, rayon ərazisində Heydər Əliyev
Fondunun dəstəyi ilə 4 yeni məktəb inşa olunub. Dövlət
Proqramına uyğun olaraq, Təhsil Nazirliyi tərəfindən
640 yerlik Siyəzən şəhər 6 saylı orta məktəbi
və 264 yerlik Gilgiçay stansiyası əsas məktəbi
tikilib istifadəyə verilib. Ötən il rayon ərazisində
Heydər Əliyev Muzeyi, ulu öndərin abidəsi və
geniş park kompleksi salınıb. Yolətrafı
küçələrdə abadlıq işləri
görülüb, eləcə də, binaların fasadları
və dam örtüklərinin dəyişdirilməsi prosesi
gedir. Qeyd edim ki, rayon ərazisindən keçən
bütün magistral yollarda yenidənqurma-təmir işləri
həyata keçirilir.
"Səs" qəzetinin əməkdaşı:
- 2009-cu ildə sahibkarlıq subyektlərinin inkişaf etdirilməsi üçün geniş tədbirlər həyata keçirilib. Bunun nəticəsi olaraq ölkə iqtisadiyyatına qoyulan 9,3 milyard ABŞ dolları məbləğində investisiyanın az qala 80 faizi yerli sahibkarların payına düşüb. Bütün göstəricilər, onu deməyə əsas verir ki, Azərbaycan dövləti daim sahibkarlara diqqət göstərir, onların problemlərinin həll edilməsi üçün müəyyən tədbirlər həyata keçirir. Hətta bir neçə gün bundan öncə sahibkarların fəaliyyətinin qanunsuz yoxlanılmasının qarşısını almaq üçün Prezident İlham Əliyev fərman imzalayıb. Bəs Siyəzən və Şabran rayonlarında sahibkarlığın inkişafı üçün hansı tədbirlər həyata keçirilir?
DÖVLƏTİMİZİN
QARŞIMIZA QOYDUĞU VƏZİFƏLƏRİN
LAYİQİNCƏ HƏYATA KEÇİRİLMƏSİ
ÜÇÜN SƏY VƏ BACARIQLARIMIZI ƏSİRGƏMƏYƏCƏYİK
Tofiq Əmrahov:
- "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində Şabran rayonunda bir sıra tikinti-abadlıq və quruculuq işləri aparılıb. Son iki ildə rayonun görünüşü müsbət mənada tamamilə dəyişib. Digər tərəfdən, rayonumuzun adının dəyişdirilərək, 2300 illik tarixə malik olan Şabran adının verilməsi bizlərdə sonsuz qürur və iftixar hissi doğurur. Rayonumuzun tarixi adının özünə qaytarılmasına görə, möhtərəm Prezidentimiz İlham Əliyevə, Milli Məclisə və bu işdə gərgin əməyi olmuş hər kəsə dərin minnətdarlıqlarımızı çatdırırıq. Ulu Tanrı Şabran rayonundan heç nəyi əsirgəməyib. Rayon təbii sərvətləri, saf iqlimi və əlverişli coğrafi mövqeyi ilə fərqlənir. Şabran rayonu əlverişli coğrafi mövqedə yerləşdiyinə görə, həmişə bizim rayonun ərazisi yadelli işğalçıların basqınlarına məruz qalıb. Şabran rayonu özünün tarixi abidələri ilə zəngindir. Xəzər dənizi sahilindən başlamış Baba dağına qədər uzanan, dünyada böyük Çin səddindən sonra ikinci yeri tutmuş məşhur Gilgilçay səddi, onun baş bürcü olan Çıraqqala, müdafiə istehkamı və eyni zamanda, qədim Şabran şəhəri rayonumuzun zəngin, çoxəsrlik keçmişindən xəbər verir. Bu baxımdan, hər bir rayon sakini böyük tarixə malik olan ərazimizin adını layiqincə təmsil etməyə çalışır.
Şabran rayonu respublikamızın hər bir bölgəsi kimi, sosial-iqtisadi sahədə mühüm nailiyyətlər əldə edib. Rayonda iqtisadi sahədə əldə olunan nailiyyətlərlə yanaşı, sosial sahələrdə də ciddi irəliləyişlər müşahidə olunur. Belə ki, Dövlət Sosial Müdafiə Fondunun Şabran rayon şöbəsi əhalinin sosial problemlərinin həlli istiqamətində öz üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi üçün səy və bacarıqlarını əsirgəmir. Şabran rayonunda 7303 nəfər əmək pensiyaçısı var. Bu təqaüdçülərin təqaüdlərinin vaxtında ödənilməsi üçün zəruri olan bütün addımlar atılır. Əminliklə deyə bilərəm ki, dövlətimizin qarşımıza qoyduğu vəzifələrin layiqincə həyata keçirilməsi üçün bundan sonra da səy və bacarıqlarımızı əsirgəməyəcəyik.
"Səs" qəzetinin əməkdaşı:
- Hər bir dövlətin inkişafını şərtləndirən əsas amillərdən biri də kompleks tədbirlər planının həyata keçirilməsidir. Bu proqramlardan biri də ölkəmizdə gənclər siyasəti ilə bağlıdır. İstərdik ki, Siyəzən və Şabran rayonlarında gənclərin məşğulluğu, onların savadlı kadrlar kimi yetişdirilməsi üçün hansı əməli addımların atılması barəsində məlumatlar verilsin?
Xalidə Əliyeva:
- "Gənclər Azərbaycanın gələcəyidir" tezisini irəli sürən xalqımızın ümummilli lideri Heydər Əliyev respublikamıza rəhbərliyinin bütün dövrlərində doğma vətənə, öz dövlətinə sahib dura biləcək ləyaqətli gənc nəslin yetişməsinə xüsusi diqqət yetirirdi. Ulu öndərimiz tərəfindən müəyyənləşdirilən "Dövlət Gənclər Siyasəti" də məhz buna istiqamətlənib. Bu siyasət bu gün Prezident cənab İlham Əliyev tərəfindən böyük əzmlə və uğurla davam etdirilir. Respublikamızın hər bölgəsində olduğu kimi, Şabran rayonunun gəncləri də sosial-iqtisadi və mədəni həyatın inkişafında yaxından iştirak edirlər. Şabran rayon gəncləri müxtəlif idman yarışlarında ölkəmizin və rayonumuzun idman şərəfini layiqincə təmsil edirlər. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, "Azərbaycan gənclər ölkəsidir. Azərbaycan cəmiyyəti dəyişdiyi kimi, gənclərimiz də dəyişib, inkişaf edir". Rayon Gənclər və İdman idarəsi də məhz dəyişən və inkişaf edən gənclərlə ayaqlaşmağa çalışır.
Ölkə başçısı cənab İlham Əliyev tərəfindən imzalanmış Azərbaycan "Gəncliyi Dövlət Proqramı"nda öz əksini tapan mühüm qərar və göstərişləri əldə rəhbər tutan Şabran rayon Gənclər və İdman İdarəsi "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasının birinci ilini uğurla başa vurub.
(Ardı var)
Kübra Əliyarlı,
Tapdıq Qurbanlı
Səs.- 2010.- 20 aprel.- S. 8-9.