2012-ci ildə
milli dramaturgiyamızın
banisi M.F.Axundzadənin
anadan olmasının
200 illiyi tamam olur
Son illər Azərbaycan Prezidenti İlham Əliyev cənablarının imzaladığı
Sərəncamlar Azərbaycan
dövlətinin inkişafına,
onun sosial-iqtisadi bazasının yüksəlməsinə,
regionların sosial-iqtisadi
inkişafına, insanların
rifah halının yüksəldilməsi istiqamətində
səhiyyədə yeni
islahatların həyata
keçirilməsinə
və s. yönəlmişdir.
Eyni zamanda, bu
Sərəncamlar dövlətin
təməlinin möhkəmlənməsinə,
Azərbaycanın dünyaya
inteqrasiya tempinin artmasına töhfələrini
verir. Prezidentin verdiyi Sərəncamlar
sırasında Azərbaycanın
milli-mənəvi dəyərlərinin
keşiyində duran və onun inkişafına
ömrünü həsr
edən ziyalıların
yubiley mərasimlərinin
keçirilməsi, fəxri
ad və mükafatların verilməsi
də xüsusi yer tutur. Ötən
gün İlham Əliyev
cənablarının imzaladığı
Sərəncam da məhz milli mədəniyyətimizin inkişafına
böyük təkanlar
verən, onun bədii keyfiyyətlərini
ortaya qoyan, xalqın mütəfəkkir
yazıçısı, publisisti
Mirzə Fətəli
Axundzadənin 200 illik
yubiley mərasiminin keçirilməsi ilə əlaqədardır.
Sərəncamda deyilir ki, bütün həyatı boyu doğma vətəninin və xalqının tərəqqisi
yolunda yorulmadan çalışaraq yeni dövrün irəli sürdüyü mühüm
elmi, mədəni və ictimai-siyasi məsələlərə daim
fəal münasibət
ifadə edən və zamanın qabaqcıl ideyalarından bəhrələnməyə çağıran
yaradıcılığı ilə Azərbaycan mədəniyyətinin inkişafı
tarixində parlaq səhifə açan Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin təntənəli
surətdə keçirilməsi
təmin edilsin. Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının
Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin
təkliflərini nəzərə
almaqla, Mirzə Fətəli Axundzadənin
200 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb
həyata keçirsin.
Belə bir Sərəncam
Azərbaycan xalqının
mütəfəkkirinə bəslənilən
məhəbbətin təzahürüdür.
A.F.Axundzadənin yaradıcılıq irsinə
müasir dövrdə
belə yanaşma bu zəngin ədəbi nümunələrin
təbliği istiqamətində
əhəmiyyətlidir. Çətin,
mübarizələrlə dolu
olan bir ömür yaşamış
Axundzadə XIX əsrin
filosofu, müdrik siması kimi Azərbaycan ədəbiyatına
ismini həkk etmişdir. 2012-ci ildə böyük Azərbaycan mütəfəkkiri,
milli dramaturgiyamızın
banisi, görkəmli ictimai xadim və
maarifçi M.F.Axundzadənin
anadan olmasının
200 illiyi tamam olur. Qeyd edim
ki, M.F.Axundzadənin təvəllüd tarixi müxtəlif illərdə
göstərilsə də,
ən dəqiq məlumatı özünün
1874-cü ildə tərtib
etdiyi avtobioqrafiyada məhz 1812-ci il göstərilir.
M.F.Axundov Azərbaycan yazıçı-dramaturqu,
materialist filosofu, ictimai
xadim, Azərbaycan dramaturgiyasının banisidir. Onun keçdiyi
yol yazıçının
bir şəxsiyyət
olaraq formalaşmasına
təsirini göstərmişdir.
Fətəlini ruhani kimi yetişdirmək istəyən Axund
Hacı Ələsgər
onu Gəncəyə aparır. Gənc Fətəli burada
məntiq və fiqh elmlərini, habelə, dahi Azərbaycan şair və filosofu Mirzə Şəfi Vazehdən xəttatlıq
sənətini öyrənir.
Lakin Mirzə Şəfinin gənc Fətəliyə təsiri
bununla bitmir, bu görüş Mirzə Fətəlinin həyat və yaradıcılığına, ümumiyyətlə, onun bir mütəfəkkir kimi formalaşmasına ciddi təsir göstərir. Dövrünün
müasir elmlərilə
maraqlanan Fətəli
1833-cü ildə Şəkidə
açılmış rus
məktəbinə daxil
olur və bir il burada təhsil alır. 1834-cü ildə o, Tbilisiyə gedərək, Qafqaz canişininin baş dəftərxanasında mülki
işlər sahəsində
Şərq dilləri
mütərcimi təyin
olunur və ömrünün sonuna qədər bu vəzifədə çalışır.
1873-cü ildə ona hərbi rütbə-polkovnik rütbəsi
verilir. 1851-ci ildə Rus Coğrafiya
Cəmiyyəti Qafqaz şöbəsinə üzv
seçilən Axundzadə
sonralar Qafqaz Arxeoqrafiya Komissiyasında tədqiqat işlərinə
cəlb olunur. Bu kiçik tərcümeyi-hal
Axundzadənin fəaliyyətini
əks etdirir. Bu illər ərizində
qazandığı elmi
biliklər və təcrübə sonrakı
illərdə sənət
və ictimai fəaliyyətində özünü
göstərir.
Qeyd edim ki, Axundzadənin
adı Azərbaycan teatr sənəti ilə də bağlıdır. Belə ki, yazıçının
yaratdığı dram əsərləri
tez bir zamanda
məşhurlaşdı və
teatr səhnəsində
bir-birindən maraqlı
bir şəkildə oynanıldı. Azərbaycan
peşəkar teatrının
adı, tarixi məhz Axundzadə ideyaları
ilə zəngin və əbədiyaşardır.
Axundzadə zamanın güldürücüsü,
maarifləndiricisi kimi
yaşanılan həqiqətləri
bir güzgü olaraq insanlara təqdim edirdi. Axundzadənin dərin məzmunlu
komediyalarının məğzində
insan taleləri, ictimai həyatda rast olunan eybəcərliklər,
məişət hadisələri
əsas yer tutur.
Əsərləri müxtəlif ölkələrdə,
müxtəlif dillərdə
çap olunsa da, ədibin Azərbaycan dilində komediyalarının çapı
1859-cu ildə Tiflisdə
baş tutmuşdur.
"Sərgüzəşti
mərdi-xəsis", "Hekayəti-molla İbrahimxəlil
kimyagər", "Hekayəti
Müsyö Jordan həkimi-nəbatat",
"Dərviş Məstəli
şah cadükuni-məşhur",
"Sərgüzəşti-vəziri-xani
Lənkəran", "Hekayəti-xırsi-quldurbasan"
Axundzadənin komediyalarıdır.
Bu əsərlərin nəşr
olunmasının 50 illiyi
münasibətilə hələ
1903-cü ildə "Tiflisski
listok" qəzetində
görkəmli publisist,
tənqidçi Hüseyn
Minasazov yazırdı:
"Mirzə Fətəli
Axundov Azərbaycan ziyalılarının ən
parlaq nümayəndələrindən
biridir. Həyatımızın
ən qaranlıq bir dövründə, o, nadanlıq və qaranlıq dünyasına
cəsarətlə hücum
çəkmişdir... Müsəlmanlar bu mübariz filosofla fəxr etməlidir. Məgər
onu unutmaq olarmı?.. Yubiley bayramı
mütləq keçirmək
lazımdır, hər
necə olur - olsun, keçirmək lazımdır. Bu, müsəlman həyatının
hadisələrini dərk
etmək və qiymətləndirməkdə bizim
yetkinliyimizi nümayiş
etdirən bir imtahan olmalıdır".
M.F.Axunzadə sənəti sağlığında
ikən qiymətini almasa da, sonralar
diqqət mərkəzində
olmuş, ədib və publisistlər tərəfindən tədqiq
edilmişdir. Publisist Süleyman bəy Əbdürrəhmanov isə
"Nicat" qəzetində
belə yazırdı:
"Hər millətin
arasında elə şəxslər zühur
edir ki, istiqlali-milləti və zərurəti zəmanı
fəhm və dərk edib millətə ruhi-nicat göstərir və bu təriq ilə
milləti tərəqqi
və təaliyə sövq edir. Millət belə yeganəyi - əsrin əfkari-aliyəsini
düşünüb də,
onun göstərdiyi yol ilə gedir
və şəni-milləti
ucaldır". Həqiqətən də, o, xalqın
zəruri tələblərini
vaxtında dərk edən, onun tərəqqisi, maariflənməsi,
istiqbalı, nicat yolu uğrunda fəal mübarizə aparan bir ziyalı
olmuşdur. Axundzadə hələ
iki əsr əvvəl Azərbaycanı,
onun tarixini, mədəniyyətini Avropaya
təqdim edən ziyalı mövqeyini təsdiqləmişdir. Belə bir
ziyalının dövlət
səviyyəsində yubiley
mərasimini keçirmək
Azərbaycan ictimai-mədəni
mühitinə olan münasibətin təzahürüdür.
Nəzakət ƏLƏDDİNQIZI
Səs.- 2010.- 21 aprel.- S. 10.