Ulu öndər Heydər Əliyev ideyaları əbədidir

 

 

YAP Gədəbəy rayon təşkilatı ulu öndər Heydər Əliyevin 87-ci ildönümünə həsr olunan silsilə tədbirlər keçirir

 

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü respublikamızın hər yerində yüksək səviyyədə qeyd edilməkdədir. Dünən bu tarixi hadisə ilə bağlı YAP Gədəbəy rayon təşkilatının qərargahında "Heydər Əliyevin 87-ci ildönümü" adı ilə bağlı rayon təşkilatının idarə heyəti fəallarının  müşavirəsi keçirildi.

Müşavirədə YAP Gədəbəy rayon təşkilatının sədri Ramazan Muradov çıxış edərək, bildirdi ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar geniş tədbirlər planı hazırlanıb: "Bu işlərin ardıcıllıqla həyata keçirilməsi üçün 12 nəfərdən ibarət üzvü olan qərargah yaradılıbdır. Tədbirlər planına əsasən, ümummilli liderin doğum günü ilə bağlı Gədəbəy rayonunun bütün müəssisə təşkilatlarında, ərazi ilk partiya təşkilatlarında silsilə tədbirlər keçiriləcəkdir. Ulu öndər Heydər Əliyevin həyat fəaliyyətini əks etdirən materialların hazırlanması, mətbuatda məqalənin dərc olunması, ərazi ilk partiya təşkilatlarında müxtəlif mövzularda tədbirlərin təşkil edilməsi,  "Heydər Əliyev müasir Azərbaycan", "Heydər Əliyev Gədəbəy rayonu, Heydər Əliyevin  Azərbaycan qadınına qayğısı"  mövzusunda elmi-praktik konfransın keçirilməsi digər tədbirlər nəzərdə tutulur".

R.Muradov onu da vurğuladı ki, 5 minə yaxın partiya üzvünü özündə birləşdirən YAP Gədəbəy rayon təşkilatının 72 ərazi ilk təşkilatı var: "Partiyanın boy sırası əsasən gənclərin hesabına artıbdır. Ulu öndərin 87-ci ildönümü ərəfəsində may ayında partiya sıralarına qəbul üçün, ərazi ilk partiya təşkilatlarına 200 nəfərə qədər gənc ərizə ilə ərazi ilk partiya təşkilatlarına müraciət edib. Bu mühüm tədbirin həyata keçirilməsi üçün, hər təşkilat da özünün  tədbirlər planını hazırlayıbdır".

Görüşdə YAP Gədəbəy rayon təşkilatı aparatının rəhbəri Namiq Rüstəmov çıxış edərək, tədbirlər planında nəzərdə tutulan "Heydər Əliyev Azərbaycan gəncliyi", "Heydər Əliyev irsinin öyrənilməsi" mövzularında bütün məktəblərdə inşa yazıların keçiriləcəyini vurğuladı. Qeyd etdi ki, məktəblərə bu tədbirin həyata keçirilməsi ilə əlaqədar qərargah üzvləri ezam olunacaqlar. Yekunda şagirdlərin bu sahədə bilikləri qiymətləndirilərək, mükafatlandırılacaqlar.

Müşavirədə ərazi ilk partiya təşkilat sədrlərindən Ələddin Cabbarov, Dəmir Sadıqov, Cəlal Tomiyev, Məhəmməd Muradov qarşıdakı günlərdə keçiriləcək tədbirlər barədə ətraflı məlumat verdilər. Qeyd etdilər ki, tədbirlər müxtəlif istiqamətləri əhatə etsə , əsas mövzu ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən söhbət açmaq, gənc nəsli dolğun məlumatlandırmaqdır.

Gədəbəy rayon icra hakimiyyətinin başçısı, YAP Gədəbəy rayon təşkilatı idarə heyətinin üzvü Kamran Rzazadə çıxışında ulu öndərin anadan olmasının 87-ci ildönümü münasibətilə digər tədbirlərlə yanaşı, rayonda ağacəkmə kampaniyasına başlandığını bildirdi. O, qeyd etdi ki, Heydər Əliyev siyasətinin uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyev 2010-cu ili "Ekologiya ili" elan etdiyini bununla bağlı respublikanın bütün regionlarında geniş tədbirlər keçirildiyini söylədi: "Bu gün bütün gədəbəylilər rayonun bütün bölgələrində bu mühüm tədbiri davam etdirməklə, rayon üzrə 50 minə qədər ağac əkməyi planlaşdırıbdır.  Eyni zamanda, Qarabağ əlilləri şəhid ailələri üçün 16 mənzillik yaşayış binası artıq tam hazır vəziyyətə çatmaqdadır. Ulu öndər Heydər Əliyevin doğum günündə həmin binanın açılışı keçiiriləcək".

K.Rzazadə, ulu öndərin 87-ci ildönümü ərəfəsində rayon ərazisində idman tədbirlərinin keçiriləcəyini bildirdi.

Sonda çıxış edən Gədəbəy rayon təşkilatının sədri R.Muradov əmin olduğunu bildirdi ki, müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin doğum günü Gədəbəy rayonunda ulu öndərin adına layiq qeyd olunacaq.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2010.- 22 aprel.- S. 6.