"Teatr, təhsil və mənəviyyatımız" mövzusunda növbəti tədbir keçirildi

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Azərbaycan Universiteti ilə birgə layihə əsasında "Teatr, təhsil və mənəviyyatımız" mövzusunda növbəti tədbir keçirildi. Tədbiri giriş sözü ilə teatrın direktoru, respublikanın əməkdar artisti Mübariz Həmidov açaraq, özünəməxsus ənənələri ilə tanınan və seçilən gənc tamaşaçılar teatrının tarixi haqqında söz açıb, Azərbaycan milli teatr sənətinin müqtədir aktyor nəslinin yetişməsində məhz bu teatrın rolu olduğunu vurğuladı. Burada neçə-neçə aktyorlar, onlara həvalə olunan rollar əsasında öz məktəbini yaratmış və teatr sənətinə imzalarını atmağa müvəffəq olmuşlar. Mübariz Həmidov qeyd etdi ki, Gənc Tamaşaçılar Teatrı gənclərin mənəvi cəhətdən kamilləşməsində, onların dünyagörüşünün formalaşmasında və vətənə məhəbbət uğrunda tərbiyə olunmasında müstəsna rola malikdir. Tədbirdə çıxış edən teatrın baş rejissoru, xalq artisti Cənnət Səlimova teatrın mənəvi sərvəti və tərbiyəvi əhəmiyyəti haqqında iştirakçılara məlumat verdi. O, qeyd etdi ki, teatr bütün zamanlarda tərbiyəedici mövqedə olmuş, burada oynanılan klassik əsərlərin əsasında məhz insanların tərbiyə edilməsi məsələsi qoyulmuşdur. Bu teatr böyük ənənələrə malik olduğundan, hər zaman tamaşaçı tərəfindən diqqətdə olaraq, oynanılan tamaşalara maraq artmışdır. Bu günteatr Azərbaycan və dünya klassiklərinin əsərlərini tamaşaya qoyaraq gənclər nəslinin yetişməsinə müsbət mənada təsirini göstərməkdədir.

Tədbirdə çıxış edən Azərbaycan Universitetinin rektoru Akif Musayev teatrda çalışanların ağır və məsuliyyətli vəzifəsindən söz açıb, onların üzərinə düşən məsuliyyətə diqqəti yönəltdi. O bildirdi ki, teatr olduqca vacib bir sahədir və burada çalışanların əməyi yüksək qiymətləndirilir. Tələbələrin məhz belə mədəniyyət ocaqlarına davamlı olaraq gəlməsini tövsiyə edən Akif Musayev hər bir gəncin mənəvi cəhətdən zənginləşməsində teatrın rolu olduğunu söylədi. Tədbirdə çıxış edən Azərbaycan Universitetinin müəllimi, dosent Xədicə İskəndərli Azərbaycan Universitetində təhsil alan gənclərin Gənc Tamaşaçılar Teatrına olan marağı diqqəti çəkmişdir. Universitetin üçüncü kurs tələbəsi Gülnar Əzimi və gənc nəslin nümayəndəsi kimi çıxış edərək, teatr rəhbərliyinə və müəllimlərinə dərin minnətdarlıq hissini qeyd etdi.

Akademik Gənc Tamaşaçılar Teatrının təbliğində kollektivə göstərdiyi diqqətə görə filologiya elmlər namizədi Xədicə İskəndərli təhsil tərbiyə işlərində iştirak etdiklərinə görə teatr tərəfindən fəxri diplomlara layiq görüldülər.

Tədbirdə qeyd olundu ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmri ilə respublikamızda 2010-cu ilin fevral ayından başlanaraq noyabr ayınadək milli teatr festivalı keçiriləcək. Artıq festival çərçivəsində Azərbaycan Universitetinin müəllim və tələbə heyəti üçün rejissor Nicat Kazımovun quruluşunda Əbdürrəhim bəy Haqverdiyevin Zirvə mükafatına layiq görülmüş "Pəri cadu" tamaşası oynanılmışdır.

 

 

Zümrüd

 

Səs.- 2010.- 22 aprel.- S. 12.