"Xəmsə"
kitabı işıq üzü görüb
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun
direktoru, akademik Bəkir Nəbiyevin seçilmiş əsərlərinin
beşcildliyi - "Xəmsə"
kitabı işıq üzü görüb.
AMEA Rəyasət Heyətinin qərarı ilə nəşr edilən cildlərdə yaşı
80-nə yaxınlaşan müəllifin
60 illik fəaliyyətinin
müəyyən qismi
yer almışdır.
Akademikin qeyd etdiyi kimi, həmin
materiallar redaktə səciyyəli cüzi düzəliş və labüd ixtisarlar nəzərə alınmazsa,
oxucuların mühakiməsinə
necə var, elə də təqdim olunub.
Müəllif beşcildliyində oxucularına bəzi məsələləri izah
etməyi lazım bilmişdir: "İstərdim,
nəzərə alınsın
ki, burada haqqında söhbət gedən əsərlərin
bir qismi ədəbiyyatda sosialist realizmi dövrünün məhsuludur. Bu anlayış əsasən
1934-cü ildən, yəni
keçmiş SSRİ-də
Yazıçıların Birinci
Ümumittifaq qurultayından
sonra ədəbi-elmi məişətə geniş
dairədə daxil olmuşdur. Uzun illər ərzində bizdə ayrı-ayrı bədii əsərlərin,
bütünlükdə, ədəbiyyatın
başlıca olaraq sosialist realizmi deyilən metodun prinsipləri əsasında
təhlil edilib dəyərləndirildiyi inkaredilməz
bir həqiqətdir. Bunlar isə çox kəskin və prinsiplər - şərtlər idi. Onların məhdud ölçüsü
və tələblərini
tətbiq edərkən,
ədəbiyyatın canını
təşkil edən bəzi dəyərlər
diqqətdən yayınır,
bədiiliyin özünəməxsus
qanunlarına kifayət
qədər əhəmiyyət
verilmirdi. Əsər,
məsələn, sinfilik, müsbət
qəhrəman, fəal
yazıçı mövqeyi
və sair kimi tələblərə
cavab veribsə, o yüksək qiymətləndirilir, təriflənirdi.
Əgər onda bu prinsiplərə etinasızlıq göstərilibsə,
əsər də, onun müəllifi də tənqid edilirdi".
"Xəmsə"nin birinci cildi "Klassikləri oxuyarkən"
adlandırılmışdır. Müəllif klassik poeziyamızın misilsiz nümunələrindən söz
açarkən, onun müəlliflərinə sonsuz
sevgisini bildirməkdən
də çəkinməmişdir.
Bu cilddə verilmiş "Nəsrəddin Tusinin şeir dünyası",
"Klassik poeziya və islami dəyərlər", "Möcüzənin
bayramı - Yunus İmrə", "Füzuli
məktəbinin görkəmli
nümayəndəsi Hacı
Rza Səyyaf" yazıları müəllifin
misilsiz klassik mənbəyə dərindən
bələd olmasından
xəbər verir.
Beşcildliyin hər bir kitabının mündəricatında verilən
başlanğıc yazı
sonrakı mövzulara
giriş kimi nəzərdə tutulmuşdur.
I cildin "Ədəbiyyat
tarixçiliyinin atası"
Firudin bəy Köçərliyə, II cildin
"Böyük Vətən
müharibəsi və
Azərbaycan ədəbiyyatı"na həsr edilməsi,
III cildin "Xəlil
Rza Ulutürkün həyatı, mübarizəsi
və ədəbi irsi" adlandırılması,
IV cildin "Heydər
Əliyev haqqında
etüdlər"lə
başlanması, V cilddə
"Həyat və bədii həqiqət"
məsələsinin qaldırılması,
heç şübhəsiz,
konseptual mahiyyət daşıyır.
Yeni nəşrdə diqqətçəkən
üstün cəhətlərdən
biri də müxtəlif cildlərə
"Ön söz"
yazmış müəlliflərin
sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov, filologiya elmləri doktoru, professor Vaqif Arzumanlı, AMEA-nın müxbir üzvü Teymur Kərimli, filologiya elmləri namizədi Nikpur Cabbarlı, filologiya elmləri doktoru, professor Qəzənfər Kazımov,
akademik Bəkir Nəbiyevin yazıları
haqqında böyük
məhəbbətlə söz
açmalarıdır.
Zümrüd
Səs.- 2010.- 20 aprel.- S. 12.