Həyata keçirilən
sosial-iqtisadi siyasət uğurlu nəticələrini əhəmiyyətli
dərəcədə artırır
Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr
müavini,
- Musa müəllim, məlum
olduğu kimi bu günlərdə Azərbaycan Prezidentinin Sədrliyi
ilə Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün
sosial-iqtisadi inkişafının yekunlarına həsr
olunmuş müşavirəsi keçirildi. Müşavirədə
ötən müddət ərzində görülən
işlər haqqında geniş məlumat verildi. İstərdik
ki, ilin birinci rübünün yekunlarına dair fikirlərinizi
bildirəsiniz.
- 2008-ci ildən başlayan dünya iqtisadi böhranı fonunda Azərbaycanın iqtisadi sahədə əldə etdiyi göstəricilər, bir daha sübut edir ki, Ümummilli Lider Heydər Əliyevin böyük uzaqgörənliklə müəyyən etdiyi Azərbaycanın iqtisadi siyasət kursu ölkəmizin sürətli inkişafına hesablanıb. Bu kurs dövrün tələblərinə, zamanın dəyişikliklərinə uyğun olaraq Prezident İlham Əliyev tərəfindən çox uğurla həyata keçirilir və inkişaf etdirilir. Əhalinin sosial müdafiəsi Azərbaycan dövlətinin daxili siyasət xəttinin çox mühüm və prioritet istiqamətidir. Həm ötən ilin yekunları, həm də 2010-cu ilin birinci rübünün yekunları göstərir ki, Azərbaycan qarşıya qoyduğu stareji məqsədlərə çatır. Xüsusilə, cənab Prezidentin vurğuladığı kimi iqtisadiyyatın diversifikasiyalaşdırılması, neft sektorundan əldə olunan kapitalın qeyri-neft sektorunun inkişafına yönəldilməsi, regionların sosial-iqtisadi cəhətdən dövlət proqramları vasitəsilə inkişaf etdirilməsi ölkədə sosial-iqtisadi tarazlığı tam təmin edir və möhkəmləndirir. Belə bir böhran şəraitində iqtisadiyyatda, əmək haqlarında artımın olması, aztəminatlı ailələrin sosial müdafiəsinin daha da gücləndirilməsi, yaşayış minimumunun artırılması və digər amillər Azərbaycanın iqtisadi gücündən və imkanlarından, eyni zamanda, gələcək uğurlarından xəbər verir.
Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın valyuta ehtiyatı 22 milyard dolları ötüb. Bu, artıq böyük rəqəmdir və bu vəsaiti, lazım gəldikdə, istənilən sahəyə yönəldərək inkişaf etdirmək olar. Eyni zamanda, regionların inkişafına xüsusi diqqət yetirilməsi və Sahibkarlığın İnkişafına Kömək Milli Fondu tərəfindən xüsusilə kənd təsərrüfatı və turizm sahəsində sahibkarlığın inkişafı üçün kreditlərin məbləğinin ildən-ilə artırılması, ipoteka kreditlərinin sistemli şəkildə orta təbəqəyə verilməsi göstərir ki, ölkəmizin iqtisadi gəlirləri əhalinin sosial rifahına yönəldilir və bu siyasət özünü doğruldur. Azərbaycanda yoxsulluğun səviyyəsi sürətlə aşağı düşür. Bir neçə il ərzində yoxsulluq 49 faizdən 11 faizə düşüb ki, bu, dünyanın inkişaf etmiş ölkələri ilə müqayisədə xeyli müsbət göstəricidir.
- Bəs sosial sahədə əldə
olunmuş nəticələri necə qiymətləndirmək
olar?
- Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi siyasətin başlıca istiqamətlərindən biri də əhalinin sosial müdafiəsinin gücləndirmək, vətəndaşlarımızın daha yaxşı yaşamasını təmin etməkdir. Bu məsələ bu gün də Ulu Öndərin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin nəzarəti altındadır. Dövlət başçısının sərəncamları ilə ildən-ilə bu sahəyə diqqət artır. Xatırlayırsınızsa, Prezident İlham Əliyev cəmiyyətə belə bir mesaj göndərdi ki, heç bir halda, Azərbaycanın dövlət büdcəsində sosial layihələrə ayrılan vəsait azalmayacaq. Bu, çox cəsarətli addım idi. Çünki maliyyə böhranı davam edirdi və heç kim proqnozlaşdıra bilmirdi ki, böhran nə zaman dayana bilər. Buna baxmayaraq, ölkəmizdə, nəinki sosial proqramların maliyyələşməsi azalmadı, əksinə, artırıldı. Səhiyyə, təhsil sahəsində yeni proqramların qəbul olunmasının və icrasına başlanılmasının şahidi olduq. Pensiya islahatları, təhsil islahatları uğurla davam edir. İndiyə qədər biz təhsilin maddi-texniki bazasının gücləndirilməsi və təhsil müəssisələrinin yeniləşdirilməsi istiqamətində işlər aparırdıq və son illər Azərbaycanda 2 mindən artıq məktəb tikilib. Bütün bunların hamısı Azərbaycanda sosial siyasətin ölçülüb-biçilmiş bir siyasət olduğunu, xalqın maddi-rifah halının yüksəlməsinə yönələn siyasət olduğunu və daim Azərbaycan dövlətinin diqqətində olduğunu sübut edən amillərdir. Turizm, mədəniyyət və idmanın inkişafı da xüsusi qeyd edilməlidir.
- Sosial sahənin mühüm
istiqamətlərindən biri də pensiya islahatları ilə
bağlıdır. Son illər ərzində bu sahədə vəziyyəti
inkişaf etdirmək üçün hüquqi baza xeyli təkmilləşdirilib.
Sizcə, hazırda pensiya sistemində aparılan təkmilləşdirmə
işləri öz müsbət təsirini nə dərəcədə
göstərir?
- Ölkədə pensiya islahatları, demək olar ki, başa çatıb. Əmək pensiyası haqqında qanun qəbul olunub və bu il çox uğurla tətbiq edilir. Eyni zamanda, sosial müavinətlər haqqında qanun da qəbul edilib. Ünvanlı sosial yardım haqqında qanun qəbul olunub və bu da ən uğurlu sosial layihələrdən biridir. Bu, o deməkdir ki, yoxsulluq səviyyəsində yaşayan insanlara dövlətin birbaşa sosial yardımı müəyyən olunub və bu yardımın da həddi ildən-ilə artırılır. Eyni zamanda, 2001-ci ildə ölkəmizdə yoxsulluğun azaldılması üzrə Dövlət Proqramı qəbul olunub və proqram uğurla icra olunur. Məhz bunun nəticəsidir ki, 2003-2009-cu illər ərzində dünyada görünməmiş sürətlə Azərbaycanda yoxsulluq aşağı düşdü. Təsəvvür edin ki, hazırda Azərbaycanda yoxsulluq 49 faizdən 10,9 faizə qədər aşağı enib.
- Əhalinin məşğulluğunun
təmin olunması istiqamətində həyata keçirilən
tədbirlər haqqında nə deyə bilərsiniz?
- Əhalinin məşğulluğunun təmin olunması istiqamətindəki tədbirlər ciddi layihələrdəndir. İnsanların sosial vəziyyətinin yaxşı olması birbaşa onun əmək məşğulluq vəziyyəti ilə bağlıdır. Buna görə də Prezident İlham Əliyevin 2003-cü ildə 600 min iş yerinin açılması ilə bağlı proqramı o zaman məşğulluq sahəsində beynəlxalq ekspertlərin də təəccübünə səbəb oldu. Onlar Azərbaycanda qısa müddət ərzində bu qədər iş yerinin açılmasına inanmırdılar. Amma 5 il ərzində 700 mindən çox yeni iş yeri açıldı. Həmin vaxtdan indiyədək açılan iş yerləri 800 mindən artıqdır ki, bunun da 75 mini ötən yaradılıb. Məşğulluq məsələsi həll edildiyi üçün Azərbaycanda işsizlik problemi yoxdur. Dünya böhranı şəraitində Azərbaycanın bu böhrandan müdafiə olunması və ən az itki ilə çıxması dünya ekspertlərinin marağı çərçivəsindədir. Böhran dövründə Azərbayan, demək olar ki, itkilərlə üzləşmədi. Azərbaycanda əhalinin nə sosial vəziyyəti aşağı düşmədi, nə maliyyə böhranı baş vermədi, nə də çox ciddi iqtisadi-sosial layihələrin icrası dayandırılmadı. Bütün bunlar sosial-iqtisadi siyasətin çox düzgün və gələcəyə hesablanmış siyasət olduğunu göstərir.
- Musa müəllim, sosial
qanunvericilik sahəsində hansı işlər
görülür? Hazırda Milli Məclisin Sosial Siyasət
Komitəsi hansı layihələr üzərində işləyir?
- Bilirsiniz ki, parlamentdə sosial sahə ilə bağlı, mütəmadi olaraq, yeniliklər baş verir. Yəni yeni qanunların qəbul olunması ilə yanaşı, bir sıra qanunvericilik aktlarına dövrün tələblərinə uyğun olaraq dəyişikliklər edilir. Ötən sessiyalar zamanı sosial sahədə "Kurortlar haqqında", "Bədən tərbiyəsi və idman haqqında" qanunlar qəbul edilib. Eyni zamanda, bir çox qanunda sosialyönümlü dəyişikliklər olunub. Əmək Məcəlləsinə, "Əmək pensiyası haqqında", "Dərman vasitələri haqqında" qanunlarda dəyişikliklər edildi. Bunlar arasında ən mühüm qanunlardan biri çoxuşaqlı ailələrin sosial müdafiəsi ilə bağlıdır. QİÇS-ə qarşı 1996-cı ildə qəbul olunmuş qanun yenidən işlənərək qəbul olunub. Həmçinin, bu günlərdə Milli Məclisin iclası zamanı Ailə Məcəlləsinə də dəyişikliklər olundu. Başqa bir sıra qanunlar da var ki, onlar da dövrün tələblərinə uyğun təkmilləşdiriləcək. Bundan əlavə, gələcəkdə komitəmiz bir neçə layihənin hazırlanması üzərində işini davam etdirəcək.
Quliyev Musa
Səs.-2010.- 23 aprel.-S.4.