Ədəbiyyat İnstitutunda
respublika elmi müşavirəsi keçirildi
Dünən Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda 2009-cu ilin ədəbi yekunlarına həsr olunmuş respublika elmi müşavirəsi keçirildi. Müşavirəni giriş sözü ilə açan institutun direktoru, akademik Bəkir Nəbiyev təxminən əlli ildir ki, keçirilən bu ənənənin əsasının görkəmli ədəbiyyatşünas alim Məmməd Arif Dadaşzadə tərəfindən qoyulduğunu və onun ruhuna ehtiram olaraq indi də davam etdirildiyini bildirdi.
Qeyd edim ki, ənənəvi müşavirədə ötən il ərzində ölkədə baş verən ədəbi proseslər janrlar üzrə şöbələrdə təhlil olunur və məruzələr dinlənilir.
2009-cu ilin ədəbi hadisələrinə əvvəlcə akademik B.Nəbiyev öz münasibətinin açıqlayaraq bildirdi ki, ötən ildə Azərbaycan ədəbiyyatında çox zəif nümunələrlə yanaşı, yaxşı əsərlərə də rast gəlinib. Nəsr janrında Əli Abbas adlı müəllifin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən "Qaraqovaq çölləri" adlı romanı müəllifin münaqişəyə yeni yöndən baxışı, müharibənin təfərrüatlı təsviri ilə oxucuların diqqətini cəlb edir.
B.Nəbiyev Z.Yaqubun "Peyğəmbər" poeması ilə Azərbaycan poeziyasına yeni bir istedadın gəldiyini, Məmməd İsmayılın timsalında sanki yeni poetik ruhlu, müdrik bir şairin doğulduğunu, ötən ildə dramaturgiya, publisistika, ədəbi-tənqidin inkişaf etdiyini bildirdi.
2009-cu ildə Azərbaycan poeziyasında baş verən yeniliklər ətrafında məruzə ilə filologiya üzrə fəlsəfə doktoru Elnarə Akimova çıxış etdi. O bildirdi ki, ötən ildə poeziya janrında yazılan nümunələrdə ənənəvi olaraq sevgi-məhəbbət, vətənə məhəbbət, Tanrıya inam mövzuları geniş yer tutub.
Yaşlı nəsillə gənc yazarları müqayisə edərkən birincilərin yaradıcılığında nostalji, kənd həyatına məhəbbət, sosial-məişət problemlərinə münasibətin işıqlandırılması geniş yer alıbsa, ikinicilərin isə, əksinə, cəmiyyətə və həyata sərt münasibəti üzə çıxıb.
Müşavirədə oxucunu cəlb etməyən, heç bir yeni məna ifadə etməyən, bədii zövqü korlayan şeir müəllifləri müşavirədə tənqid edildilər.
Azərbaycan dramaturgiyasının ötən ildəki durumu barədə məlumat verən filologiya elmləri doktoru Aydın Dadaşovun fikrincə, bazar iqtisadiyyatının diqtə etdiyi tələblər dramaturgiyaya yeni yazarların gəlməsinə çətinlik yaradır. "Onların çoxu monotamaşalar üçün ssenari yazırlar ki, bu da bir-iki daşla ev tikməyə bənzəyir".
Elçinin "Cəhənnəm kirayəşinləri" və Ə.Əmirlinin ötən ildə yazdığı iki pyesinin tamaşaya qoyulduğunu bildirən A.Dadaşov ictimai düşüncəyə təsir etmək iqtidarında olan əsərlərin də yazıldığını qeyd etdi.
Azərbaycan ədəbi tənqidi ətrafında məruzə edən fəlsəfə elmləri doktoru Rahib Ulusel ədəbi tənqiddə boyat, bayağı təriflərin geniş yer tutduğunu, tənqidçilərin sayının kəskin dərəcədə azaldığını bildirdi. "2009-cu ildə daha çox tənqidçilərin özləri tənqid hədəfi olublar". Ədəbiyyatşünaslıqda dörd-beş tənqidçinin qaldığını bildirən məruzəçi müasir Azərbaycan poeziyasının yaradıcılarının sayını Hollandiya şairləri ilə müqayisə edib: "Azərbaycanın bir ucqar kəndindəki şairlərin sayı Hollandiyadakı şairlərin ümumi sayına bərabərdir". Bununla belə, o, müasir Azərbaycan ədəbiyyatında seçilən əsərlərin olmasını, bəzi əsərlərin xaricdə nəşrini sevindirici hal kimi dəyərləndirdi.
Publisistika janrında ötən ildə ədəbi mühitdə baş verən dəyişikliklərə aydınlıq gətirən filologiya elmləri namizədi Elçin Mehrəliyevin məruzəsi dinlənildi və sonra öz səhifələrində bədii zövqü korlayan yaradıcılıq nümunələrinə yer verdiklərinə görə, "Ulduz" və "Azərbaycan" jurnallarının redaksiya heyətinə iradlar bildirildi və bir daha bu cür hallara imkan yaradılmaması tövsiyə olundu.
Zümrüd
Səs.- 2010.- 23 aprel.- S. 12.