Analar tarix yaşadır
Kərəm Kərimov:"Bu gün Azərbaycan
qadını xeyirxahlıq, Analıq simvoluna çevrilmiş
Akademik Zərifə xanım Əliyevanın həyat yolu biz
alimləri sabaha inamla, gələcəyə ümidlə
yaşamağa ruhlandırır."
Zərifə
xanım Əliyevanın həyat fəlsəfəsi,
mənəvi dünyası, oftalmologiya elminin
inkişafındakı xidmətləri zəngin və
çoxcəhətlidir. Onun fəaliyyətinə
nəzər salarkən, bu dahi insanın genişmiqyaslı
şəxsiyyət olması qənaətinə gəlmək
olur. Zərifə xanımın fitri istedada malik
novator alim, pak və nadir bir insan kimi yaşadığı
dərin mənalı ömrü, keçdiyi
şərəfli həyat yolu hər bir Azərbaycan
vətəndaşı, hər bir alim və həkim
üçün həyat və mənəviyyat dərsi,
kamillik və müdriklik məktəbidir. Onun elmi, tibbi
və pedaqoji fəaliyyəti, hər kəs üçün
örnək olan yüksək mənəvi keyfiyyəti
haqqında çoxsaylı məqalə, kitab və
əsərlər yazılıb və yazılacaqdır.
Zərifə xanım
Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın
müxtəlif sahələri üzrə apardığı
tədqiqatlar, qazandığı nailiyyətlər,
yaratdığı fundamental əsərlər Azərbaycan
tibb elminin parlaq səhifəsidir. Akademik
Zərifə xanım Əliyeva oftalmologiyanın aktual
mövzularına həsr edilmiş çoxprofilli
tədqiqatlar aparmış, fədakar həkim kimi bir sıra
göz xəstəliklərinin müalicəsində, o cümlədən,
Azərbaycanda traxomanın kökünün
kəsilməsində böyük əmək sərf etmiş,
xəstəliyin müxtəlif mərhələlərinin
öyrənilməsi və müalicə metodlarının
axtarılması yollarında dəyərli elmi-tədqiqatlar
aparmışdır. Alimin elmi fəaliyyətinin
istiqamətlərindən biri gözün oftalmoloji,
histomikroskopik və histokimyəvi tədqiqinə həsr
edilmişdir. Alim göz yaşı
aparatının xəstəliklərinin
öyrənilməsinə xüsusi diqqət yetirmiş, bu
sahəyə həsr etdiyi "Yaşaparıcı yolların
fiziologiyası", "Yaşaparıcı yolların
cərrahi müalicəsi", "Göz yaşı
yollarının qoruyucu cərrahiyyə üsulları"
və b. əsərləri ilə Azərbaycan lakrimologiyasının
əsasını qoymuşdur. Zərifə xanım dünyada
ilk dəfə olaraq, görmə orqanının peşə
patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası
yaratmış və praktik olaraq, elm aləmində yeni bir
istiqamətin, "peşə oftalmologiyası"nın
əsasını qoymuşdur. Oftalmologiyada peşə
xəstəlikləri problemi Zərifə xanımın adı
ilə bağlıdır. Oftalmologiyanın sənaye ilə
bağlı problemlərinin öyrənilməsinə həsr
etdiyi fundamental tədqiqatları alimə böyük
şöhrət gətirmiş və onu dünya
oftalmologiyası məkanında
məşhurlaşdırmışdır. Zərifə
xanım uzun illər respublikanın ondan artıq iri sənaye
müəssisələrində genişmiqyaslı
elmi-tədqiqat işləri aparmışdır.
Elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə
görə akademik Zərifə Əliyeva keçmiş
SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər
mükafat olan SSRİ Tibb Elmləri Akademiyasının
M.İ.Averbax adına mükafatına layiq
görülmüşdür. Məşhur oftalmoloq akademik
M.Krasnov Zərifə xanımın görmə
orqanının peşə patologiyasının
öyrənilməsinə həsr etdiyi tədqiqatları
yüksək qiymətləndirmişdir.
Azərbaycan
oftalmologiyasını dünya səviyyəsində tanıdan
akademik Zərifə xanım Əliyeva təbabətdə
öz dəst-xətti olan novator bir alim idi. O,
elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli
elmi-tədqiqat işləri aparmaqla
kifayətlənməmiş, yüksək ixtisaslı gənc
alim kadrların yetişdirilməsinə və
oftalmoloq-həkimlərin ixtisaslarının artırılması
işinə də xüsusi diqqət yetirmişdir.
Dünya oftalmologiya elminin tanınmış simaları
Zərifə xanım Əliyeva haqqında tarixi sözlər
demişlər.
Tibb
elmləri doktoru, professor, akademik Zərifə Əliyeva
adına Milli Oftalmologiya Mərkəzinin şöbə
müdiri, Beynəlxalq Göz Klinikasının direktoru
Kərəm Kərimov onun geniş məzmunlu fəaliyyəti
ilə bağlı fikirlərini bildirdi:
-
Zərifə xanım Əliyevanın adını hər
yerdə yaxşı tanıyırlar. Ona görə ki,
Zərifə xanım elmi tədqiqatları ilə
yanaşı, ölkənin ictimai-siyasi həyatında da
mühüm rol oynamışdır. Bununla yanaşı,
dövlət xadimi Əziz Əliyevin qızı, ümummilli
lider Heydər Əliyevin həyat yoldaşı, Azərbaycan
Prezidenti İlham Əliyevin anasıdır.
Siyasətçilər, tədqiqatçılar Heydər
Əliyev irsini araşdırarkən Ümummilli Liderlə
yanaşı, ikinci böyük bir şəxsiyyətin
adına diqqəti cəlb etməyə bilməz. Bu, akademik
Zərifə xanım Əliyevanın adıdır. O, hazırda respublikaya rəhbərlik edən,
dünya siyasətində öz dəst-xəttilə
seçilən, atasının yaratdığı
böyük siyasi məktəbin layiqli və uğurlu
davamçısına çevrilən İlham Əliyevin
anasıdır. Şübhəsiz ki, İlham Əliyevin
Azərbaycana rəhbərliyi dövründə əldə
etdiyi nailiyyətlərdə, əhali arasında və
eləcə də, beynəlxalq arenada özünə layiqli
yer tutmasında, təbii ki, ümummilli liderlə
yanaşı, anası Zərifə xanım Əliyeva
şəxsiyyətinin də böyük xidmətləri
olmuşdur. Vaxtilə bu fikri ulu öndər Heydər
Əliyev özü də etiraf edirdi. Bu, Zərifə
xanımın ailədə, evdə roluna verilən
yüksək insani qiymət idi. O, həm də
ömür-gün yoldaşının bütün
çətin məqamlarda onunla birgə
addımladığını, Vətənə layiq
övladlar bəxş etməklə onun əvəzolunmaz
xidmətlərini cəmiyyətə, insanlara bəyan
etmək istəyirdi. Bununla müdrik siyasəti
çoxlarına sonralar məlum olacaq ölkə Prezidenti
İlham Əliyev haqda bir həqiqəti xüsusi vurğulamaq
istəyirdi. Zaman öz sözünü dedi.
Möhtərəm İlham Əliyev xalqın böyük
əksəriyyətinin səsini qazanaraq Azərbaycan Prezidenti
seçildi, valideynlərinin etimadını doğrultdu, eyni
zamanda, əhalinin və regionun ləyaqətli liderinə
çevrildi.
Akademik Zərifə xanım Əliyeva ən
yüksək mənəvi hazırlığa malik bir xanım
- ana idi. Çünki o, böyük şəxsiyyət
Əziz Əliyevin qızı idi. Əziz Əliyev isə
respublikanın ictimai-siyasi həyatında özünü
təsdiqləmiş və böyük nüfuza malik
siyasətçi, ictimai-siyasi xadim kimi tanınır. O,
mənsub olduğu cəmiyyət tərəfindən,
hətta Dağıstanda keçmiş postsovet
məkanının müxtəlif guşələrində
tanınır və sevilirdi. Əziz Əliyev böyük
ziyalı idi. Belə bir ailədə Zərifə xanım
Əliyeva kimi bir şəxsiyyətin boya-başa
çatmasını, formalaşmasını təbii qəbul
etmək lazımdır.
Akademik Zərifə xanım Əliyevanın ecazkar
bir dünyası olub. İstedadlı göz həkimi
oftalmologiya sahəsində böyük zəka sahibi kimi
tanınan Zərifə xanım Əliyeva minlərlə
insanı vaxtsız günəş işığından
məhrum olmaqdan qoruyub. İnsanlara ilahi nur bəxş edib.
İnsanların böyük əksəriyyətinin
mənəvi yaddaşında Zərifə xanımı
axtarıb tapa bilərik.
1923-cü il
28 aprel... Zərifə xanım Əliyevanın
doğum günü. Naxçıvan Respublikasının
Şərur rayonunun Şahtaxtı kəndində həmin
gün dünyaya gəlmiş, 1942-ci ildə orta
məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb
İnstitutunun müalicə-profilaktika fakültəsinə
daxil olmuş, 1947-ci ildə həmin institutu bitirmişdir.
Sonralar Moskvada Mərkəzi Həkimləri
Təkmilləşdirmə İnstitutunda oftalmologiya
üzrə ixtisasartırma kursunu keçmişdir. Elmi
tədqiqatlara sonsuz marağı onu Azərbaycan göz
xəstəlikləri elmi-tədqiqat institutuna gətirib
çıxarmış və orada həkim-ordinator kimi
işə başlamışdır.
Zərifə xanım Əliyevanın aspiranturanı
bitirib elmi əməkdaş kimi fəaliyyət
göstərdiyi illərdə respublikanı traxoma
xəstəliyi ağuşuna almışdı. O vaxtlar bu
xəstəliyə qarşı təsirli müalicə
üsullarının olmamasından onunla mübarizə
təkcə oftalmologiya elmi üçün deyil,
bütövlükdə, ölkənin səhiyyəsi
üçün mühüm əhəmiyyət
daşıyırdı. Belə bir dövrdə Zərifə
xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi
və profilaktik tədbirlərin keçirilməsində
fəal iştirak edirdi. Respublikada traxoma
xəstəliyinin daha çox yayıldığı rayonlara
gedir, həkim-oftalmoloqlara mühazirələr oxuyur, əhali
arasında maariflənmə işi aparırdı. Beləliklə,
Zərifə xanımın ilk elmi
araşdırmalarının mövzusunu həyat özü
müəyyənləşdirdi. 1960-cı ildə bu
mövzuda namizədlik dissertasiyasını müdafiə
etdi. Bundan sonra gənc alim çalışdığı
institutda böyük elmi işçi seçilərək
elmi tədqiqatlarını genişləndirməyə
başladı.
1967-ci ildə bacarıqlı tədqiqatçı
Azərbaycan Dövlət həkimləri
təkmilləşdirmə institutunun göz
xəstəlikləri kafedrasına dosent vəzifəsinə
dəvət olunmuş və 1968-ci ildən
məqsədyönlü şəkildə görmə
orqanının peşə patologiyası ilə
məşğul olmağa başlamışdır. 1977-ci
ildə isə Zərifə xanım dünyanın ən
nüfuzlu oftalmologoya mərkəzlərindən birində
H.Helmoqds adına Moskva elmi-tədqiqat göz
xəstəlikləri institutunda doktorluq dissertasiyasını
müvəffəqiyyətlə müdafiə etdi.
Görkəmli
alim 15 monoqrafiyanın, 200 qədər elmi məqalənin,
məruzə, metodik vəsaitlərdən ibarət elmi irsi bu
gündə aktualdır, yüksək səviyyəsi ilə
fərqlənir. O, tədqiqat üçün elmi mövzular
seçərkən məsələlərə milli və
dövlətçilik marağıdan yanaşırdı.
Zərifə xanım insanları çox sevirdi və bu
sevgini onlara paylamağa heç vaxt xəsislik etmirdi. Elə
bu sevgi ilə də onların işığa həsrət
dolu gözlərinə nur olurdu. Həmişə
tələsirdi. Sanki taleyin ona ömür payı ayıranda
xəsislik etdiyini bilir və daha çox iş
görməyə çalışırdı.
Əliyevlər
ailəsi böyük ailə məktəbi kimi, zaman-zaman
öyrəniləcək tədqiqat məktəbi olacaqdır. Bu
ailənin Qüdrətli Ata
adı, Böyük Ana
adı daşıyan nümayəndələri
mənəvi abidə olaraq, həm övladlarının,
həm də xalqımızın qəlbində əbədi
yaşayacaqdır. Böyük analar xalqın, millətin
anasıdır. Akademik Zərifə xanım Əliyevanın
timsalında da belə böyük analığı görə
bilirik.
Bu gün
Azərbaycan qadını xeyirxahlıq, Analıq simvoluna
çevrilmiş Akademik Zərifə xanım Əliyevanın
həyat yolu yüksək mənəviyyat,
qayğıkeşlik biz alimləri sabaha inamla,
gələcəyə ümidlə yaşamağa
ruhlandırır.
Nəzakət
ƏLƏDDİNQIZI
Səs.- 2010.- 27 aprel.- S. 4.