XEYİRXAH İNSAN, BÖYÜK
ALİM, GÖRKƏMLİ YAZIÇI...
APRELİN 26-SI MİR CƏLAL PAŞAYEVİN DOĞUM
GÜNÜDÜR
Elə
insanlar var ki, onların keçdiyi çətin və
məşəqqətli ömür yolu sonradan minlərə,
milyonlara örnək olmaqla yanaşı, bir həyat
dərsinə, əsl nümunəyə çevrilir. Bu, bir daha göstərir ki, böyük
şəxsiyyətlərin qazandığı və
xalqına bəxş etdiyi əbədi sənət nümunələri
bir növ onların ömür yolu və tale qisməti
ilə üst-üstə düşür. Çətin,
məşəqqətli, eyni zamanda olduqca şərəfli
yolun yolçuları sırasında Azərbaycan
elminə, incəsənətinə olduqca böyük
dəyərlər verən simaların sayı heç də
az deyil. Bu sıralanmada onun da öz yeri, öz çəkisi
və öz görüntüsü vardır.
Məsafədən asılı olmayaraq bu insana haradan və
neçə baxırsan bax o, bu müstəvidə yalnız
və yalnız olduğu kimi, düz, saf, həm də
bütöv görünür.
XX əsr
Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin
inkişafında misilsiz xidmətlər göstərmiş
xeyirxah insan, görkəmli yazıçı, böyük
alim Mir Cəlal Paşayev məhz belələrindəndir...
Mir Cəlal 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın
Ərdəbil kəndində yoxsul kəndli ailəsində
dünyaya göz açmışdır. Kiçik
yaşlarında atası Gəncəyə
köçdüyündən uşaqlığını
burada keçirmişdir. 1918-ci ildə atası vəfat
etmiş, böyük qardaşının himayəsində
yaşamışdır. Yuxarıda qeyd etdiyimiz
kimi, əzablı ömür qisməti dünyaya gəldiyi
ilk illərdən onu izləməyə başlasa da, ulu
yaradanın mərhəməti sayəsində Mir Cəlal
Paşayev çox çətinliklərə sinə
gərərək, öz yolu ilə inadla, inamla
irəlləyə bilmişdir. O, 1918-1919-cu
illərdə xeyriyyə cəmiyyətinin köməyi
ilə ibtidai təhsil almış və Azərbaycanda sovet
hakimiyyəti qurulduqdan sonra Gəncə
Darülmüəlliminə daxil olmuşdur. Tələbə
təşkilatının, sonra isə şəhər
tələbə həmkarlar təşkilatının
sədri seçilmişdir.
Mir Cəlal Paşayev Kazan Şərq Pedaqoji
İnstitutunun ədəbiyyat şöbəsində,
Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun
aspiranturasında təhsilini davam etdirməklə
yanaşı, müəllimlik etmiş və millətinin
övladlarına xalqının tarixini,
mədəniyyətini, zəngin keçmişini
mənimsətmişdir. Bu mənada Mir Cəlal
Paşayevin XX əsr Azərbaycan elminin,
ədəbiyyatının, təhsilinin inkişafındakı
xidmətləri misilsizdir. Yazıçı kimi 1928-ci
ildə ədəbiyyat aləminə gələn Mir Cəlal,
elə həmin ildə də ilk tədqiqat əsərini
yazmışdır. Sözün
gücünə güvənib, onun
böyüklüyünə baş əyən
sənətkarın könüllərə yanğı
salmış "Bir gəncin manifesti" əsəri,
zəmanənin güzgüsü olan hekayələri klassik
bədii nümunələr kimi müəllifinə
ədəbiyyat tariximizin səhifələrində
əbədiyaşarlıq qazandırmışdır. Yuxusuz gecələrinin, gərgin zəhmətinin
bəhrəsi olan "Füzuli
sənətkarlığı", "XX əsr Azərbaycan
ədəbiyyatı", "Azərbaycanda ədəbi
məktəblər (1905-1917)", "Ədəbiyyatşünaslığın
əsasları" adlı fundamental əsərləri
ədəbiyyatşünaslıq elminin qızıl
nüsxələrindəndir. Ali
təhsilimizin beşiyi sayılan Bakı Dövlət
Universitetinin sevimli müəllimi, nüfuzlu professoru kimi
xatirələrdə daim yaşayacaq Mir Cəlal Paşayev
həqiqət, düzlük, səmimiyyət aşiqi,
ailəsini, övladlarını sevən, qoruyan
şəxsiyyət olmuşdur. Onun bu kəlamı indi
də dillər əzbəridir: "Həyatımda
yaratdığım ən böyük əsər
ailəmdir". XX əsrin 20-30-cu
illərində ədəbi aləmdə əvvəlcə
şeir, sonra isə oçerk və hekayələri ilə görünən
Mir Cəlal, az sonra istedadlı və orijinal
yaradıcılıq üslubu olan yazıçı kimi
tanınmışdır. Əlli illik yaradıcılıq
fəaliyyəti dövründə o, görkəmli nasir
kimi Azərbaycan ədəbiyyatı tarixində öz layiqli
və şərəfli yerini tutmuşdur. Qəti
əminliklə deyə bilərik ki, təkcə "Bir
gəncin manifesti" əsərinə görə Mir
Cəlal klassik sənətkarlar sırasında dayanmaq
haqqını qazanmışdır. Bu əsər çapdan
çıxanda onun heç 30 yaşı yox idi. 1928-ci
ildə mətbuatda ilk şeirləri ("Dənizin
cinayəti", "Ananın vəsiyyəti",
"Müxbir") çap olunmuşdur. Lakin o, bundan sonra,
daha doğrusu, 1930-cu ildən etibarən hekayələr
yazmışdır. O dövrün
"Şərq qadını", "Gənc
işçi", "İnqilab və
mədəniyyət", "Ədəbiyyat qəzeti"
kimi nüfuzlu nəşrlərində "Doktor
Cinayətov", "İfşa", "Mərkəz
adamı", "Naxələf", "Bostan
oğrusu", "Qüdrət nümayişi",
"İstifadə", "Dəzgah qızı",
"Heyrət" ... hekayələrini çap etdirmişdir.
1932-ci ildə "Sağlam yollarda", 1935-ci ildə
"Boy" adlı ilk oçerklər və novellalar
kitabları çap olunmuşdur. Mir
Cəlalın bütövlükdə yaradıcılıq
dünyası ilə tanışlıqdan sonra belə
qənaətə gəlmək olur ki, onu
düşündürən həyati məsələləri,
milli folklorun, xalq təfəkkürünün
işığını, milli, mənəvi
dəyərlərin klassik ənənələrə
uyğun inkişafını və bu istiqamətdə yaranan
problemləri, xalq həyatının real
görüntüsünü nəsr dilində aydın,
qabarıq şəkildə vermək mümkündür.
Necə ki, böyük Sabiri oxuyanda şeirin, Mirzə
Cəlili oxuyanda satira və yumorun gücünü duyursan, Mir
Cəlal hekayələrini oxuyanda da eyni hissləri
keçirirsən. Mir Cəlalın ilk irihəcmli
əsəri - "Dirilən adam" romanı 1935-ci ildə
ayrıca kitab kimi nəşr olunmuşdur. Hələ
yarım əsr bundan əvvəl akademik Məmməd Arif
yazmışdır: "Mir Cəlal "Dirilən adam"la
diqqətli bir realist yazıçı olduğunu
göstərmişdir".
İlk dəfə 1937-39-cu illərdə
hissə-hissə "Revolyusiya və kultura" jurnalında
nəşr olunan "Bir gəncin manifesti" əsəri
isə yazıçının həyatında böyük
bir dönüş yaratmış, ədəbi zirvəyə
aparan yoluna cığır açmış və
müəllifə böyük oxucu auditoriyası
qazandırmışdır. 1940-cı ildə
"Uşaqgəncnəşr"də kitab halında
kütləvi tirajla buraxılan bu əsər oxucu
tələbatına görə sonrakı illərdə də
dəfələrlə çap edilmişdir. "Bir gəncin
manifesti"i bu gün də qəlbləri riqqətə
gətirir. Doqquz dəfə müxtəlif illərdə
ayrıca kitab halında nəşr olunmuş "Bir
gəncin manifesti" Azərbaycanın hüdudlarından
çox-çox uzaqlarda da sevilmişdir.
Mir
Cəlalın nəşr olunmuş altı romanı oxuculara
məlumdur. "Dirilən
adam", "Bir gəncin manifesti", "Yolumuz
hayanadır" romanlarında keçmiş,
"Açıq kitab", "Yaşıdlarım",
"Təzə şəhər" romanlarında isə
müasir həyat lövhələrinin bədii təsviri
ustalıqla qələmə alınmışdır. "İnsanlıq fəlsəfəsi" (1961)
kitabında toplanmış hekayələri böyük
tərbiyəvi-əxlaqi əhəmiyyətə malikdir.
"İnsanlıq fəlsəfəsi", "Subaylıq
fəlsəfəsi", "Təzə toyun nəzakət
qaydaları", "Vicdan mühakiməsi", "Vicdan
əzabı", "Hesab dostları",
"Təsadüf, ya zərurət", "Qocaların
uşaq söhbəti" və digər
hekayələrində real həyat lövhələri,
fəlsəfi düşüncələr əks olunmuşdur.
Mir Cəlalın bədii
yaradıcılıq nümunələri
dəfələrlə nəşr olunmuşdur:
"Seçilmiş əsərləri" (2 cilddə,
1956-57), "Seçilmiş əsərləri" (4
cilddə, 1967-68), "Seçilmiş əsərləri"
(2 cilddə, 1986-87), hekayə və povestlərdən ibarət
"Şəfəqdən qalxanlar" (1972), "Dağlar
dilə gəldi" (1978), "Ləyaqət",
hekayələrdən ibarət "Bostan oğrusu" (1937),
"Gözün aydın" (1939), "Vətən"
(1944), "Həyat hekayələri" (1945), "Sadə
hekayələr" (1955), "Xatirə hekayələri"
(1962), "Gülbəsləyən qız" (1965),
"Silah qardaşları" (1974) və sair. Ümumiyyətlə,
indiyədək yazıçının 70-dən çox
kitabı nəşr olunmuşdur.
XX əsrin
ədəbi-elmi fikrinin korifeylərindən sayılan Mir
Cəlal Paşayev
ədəbiyyatşünas-nəzəriyyəçi alim kimi
də müstəsna və özünəməxsus yer
tutmuşdur. Filologiya
təhsili alan tələbələrin I
kursda istifadə etdikləri
"Ədəbiyyatşünaslığın
əsasları" dərsliyi sonralar da mütəxəssislərin
stolüstü kitabı olmuşdur. Mir Cəlal
müəllim 1936-cı ildən ömrünün sonunadək
dərs dediyi Bakı Dövlət Universitetinin
auditoriyalarında bu fəndən mühazirələr
oxumuşdur.
Elmi fəaliyyətini davam
etdirən gənc Mir Cəlal Paşayev 1940-cı ildə
"Füzulinin poetik xüsusiyyətləri"
əsərinə görə filologiya elmləri namizədi,
1947-ci ildə isə "Azərbaycanda ədəbi
məktəblər" əsərinə görə filologiya
elmləri doktoru alimlik dərəcələrini
almışdır. Füzuli poeziyasının
qüdrətinə heyran olan, ümumiyyətlə, klassik
ədəbiyyata qəlbən bağlı Mir Cəlal
Paşayev 1958-ci ildə bu mövzuya yenidən müraciət
edərək və əvvəlki əsərini
təkmilləşdirərək "Füzuli
sənətkarlığı" adlı monoqrafiyasını
nəşr etdirmişdir. Professor Qara
Namazov deyir ki, Mir Cəlalın "Füzuli
sənətkarlığı" monoqrafiyası Füzuli
ədəbi irsini öyrənmək, mənimsəmək
və dərk etmək üçün elmi açardır.
Əsər 1994-cü ildə təkrar
nəşr olunmuşdur.
"Azərbaycanda
ədəbi məktəblər (1905-1917)"
əsərində isə Mir Cəlal Paşayev XX əsrin
əvvəllərində inqilabi-demokratik meyillərlə
əlaqədar baş verən ictimai-siyasi hadisələr
kontekstində Azərbaycanda realizm, romantizm ədəbi
məktəbləri, maarifçi-didaktik yazıçılar
və xırda məişət dramları haqqında
müfəssəl tədqiqatlar aparmış, əhatəli
elmi nəticələr əldə etmişdir.
Mir Cəlal Paşayevin tanınmış
tədqiqatçı Firudin Hüseynovla birgə
yazdığı "XX əsr Azərbaycan
ədəbiyyatı" əsəri 40 ilə yaxındır
ki, ali məktəblərin dərs vəsaitidir. Bu dərslikdə XX əsrin böyük
ədəbi şəxsiyyətləri, onların
yaradıcılığı, ədəbi mühitə
gətirdiyi yeniliklər haqqında əhatəli elmi
fikirlər əks olunmuşdur. Mir Cəlal
Paşayev böyük şəxsiyyətlərin həyat
və yaradıcılıqlarını, dövrün
ictimai-siyasi, ədəbi-mədəni mühitini
öyrənməklə, tədqiq etməklə özü
də uca zirvələr fəth etmiş, şəxsiyyət
kimi müdrikləşmişdir.
Əməkdar
Elm Xadimi Mir Cəlal Paşayev XX əsr ədəbiyyat,
ədəbiyyatşünaslıq tarixində elə bir iz
açmışdır ki, bu, XXI əsrin də
ədəbi-elmi zirvəsində görünəcəkdir. Müdriklik,
saflıq, vicdan, ləyaqət tarix boyu mənəviyyat
zirvəsində dayandığı kimi.
1978-ci il sentyabrın 28-də
əbədiyyətə qovuşan, böyük
şəxsiyyət kimi tarixləşmiş, əziz
müəllim, görkəmli yazıçı, istedadlı
ədəbiyyatşünas Mir Cəlal Paşayevin xatirəsi
daim qəlblərdə yaşayacaq,
ədəbiyyatımızın,
ədəbiyyatşünaslığımızın
əbədi mövzusu olacaqdır.
Bu gün
təkcə Azərbaycanda deyil, onun
sərhədlərindən kənarda da bu böyük
ədibin həyat və yaradıcılığı geniş
şəkildə öyrənilir və əsərləri
çap olunaraq maraqla oxunur. "YUNESKO-nun 2008-2009-cu
illərdə görkəmli şəxsiyyətlərin və
əlamətdar hadisələrin qeyd edilməsi proqramına
Azərbaycanla bağlı daxil olmuş yubileylərin
keçirilməsi haqqında" Azərbaycan Prezidentinin
2008-ci il 31 yanvar tarixli Sərəncamına əsasən,
yazıçı Mir Cəlal Paşayevin yubiley mərasimi
təntənə ilə qeyd edilmişdir. Parisdə, YUNESKO-nun
iqamətgahında XX əsr Azərbaycan
ədəbiyyatının görkəmli
nümayəndəsi, alim, pedaqoq Mir Cəlal Paşayevin 100
illiyinə həsr olunmuş mərasim keçirilmişdir.
XX əsr Azərbaycan ədəbiyyatında,
elmində müstəsna xidmətlər göstərən Mir
Cəlal Paşayevin 100 illiyinin YUNESKO səviyyəsində
qeyd olunması, ilk növbədə, Azərbaycan elminə,
mədəniyyətinə və ədəbiyyatına
dünya miqyasında verilən önəmin və
dəyərin təzahürüdür.
2008-2009-cu illərdə YUNESKO-nun dünya miqyaslı
hadisələrin və şəxsiyyətlərin
yubileylərinin qeyd olunması ilə bağlı
qərarına Mir Cəlal Paşayevin də adının daxil
edilməsi, həm də Azərbaycan-YUNESKO
əməkdaşlığının inkişafının
bariz nümunəsidir. İllər ötdükcə Mir
Cəlal Paşayevin təkcə elmi irsi tədqiq edilmir, onun
həm də xeyirxahlığı, bəşəri
insanlığı heyranlıqla qarşılanır və
əsl örnək kimi sevilə-sevilə qəlblərdə
özünə ucalıq, əlçatmazlıq heykəli
qurur. Bu zirvənin yeri daim öz ucalığını
itirməyəcək və onun mərhəmət sevgisi
heç vaxt azalmayacaqdır.
Səs.- 2010.- 27 aprel.- S. 6.