Zərifə xanım Əliyeva
səhiyyə tariximizdə müstəsna yeri olan korifey idi
Azərbaycan Dövlət Tibb Universitetinin I Uşaq
Xəstəlikləri Kafedrasının müdiri, akademik
Adilə Namazovanın yap.org.az-a müsahibəsi
- Adilə
xanım, aprelin 28-də görkəmli oftalmoloq alim, akademik
Zərifə xanım Əliyevanın anadan olmasının
87-ci ildönümüdür. Azərbaycanın tibb elminə
böyük töhfələr vermiş bu insanı necə
xatırlayırsınız?
- Dünya təbabətində, eləcə də,
minilliklərdən qaynaqlanan Azərbaycan tibb elmində parlaq
iz qoymuş, kəsərli sözünü demiş, öz
dövründə yaşayaraq fitri elmi müdrikliyi ilə
gələcəyə çox faydaları və əbədi
yaşar elmi-təfəkkür körpüsü salmış
korifeylərimiz sayca çox deyil. Lakin onların
ümman qəlbinin, kainat tutumlu təfəkkürünün
çırağında, nurunda, enerjisində, elmin,
ziyanın, biliklərin əsrarəngsiz və ecazkar sehri,
möcüzəsi gizlənir.
Bu gün biz dünyamızın mənəvi
kamilliyinin ən uca zirvəsində dayanaraq öz ziyası
ilə işıqlandıran, müqəddəs xatirəsi
milyonlarla insanların qəlbinə, beyninə,
ürəyinə isti bir məlhəm kimi axan qüdrətli
bir şəxsiyyətin, heyrətamiz elm fədaisinin,
insanların təkcə gözlərinə yox,
şüuruna, həyatına, taleyinə gur işıq seli
axıdan böyük bir insanı - akademik Zərifə
xanım Əliyevanı xatırlayırıq. Həkim,
əsilzadə, xanım-xatın, nəcib və zərif bir
Azərbaycan qadınının obrazı gözümüz
qarşısında canlanır. Adı-ünü dünyalarca
tanınan, böyük bir nəslin layiqli övladı, öz
övladlarına dünyada ən nümunəvi
sayılmağa layiq, istəkli, kövrək bir ana
görürük. Dünyanın bütün
şöhrət və zirvələrini fəth etmiş
qüdrətli ömür-gün yoldaşı, Ümummilli
Liderimiz Heydər Əliyevin ən layiqli, mehriban, sadiq,
dəyanətli dostu, ismət mücəssəməsi,
böyük hərflərlə yazılan ANA! Bir elin, bir
xalqın pərvanəsi Zərifə xanımı xatırlayırıq.
Zərifə xanım Əliyevanın həyat yolu
çoxşaxəli, şərəfli olmuşdur. O,
sıravi həkimlikdən tibb elmləri doktoru, professor,
Azərbaycan Elmlər Akademiyasının həqiqi
üzvlüyünə-akademikliyə qədər, oftalmologiya
kafedrasının müdiri vəzifəsinə qədər
yüksəlmişdir.
-
Zərifə xanımın oftalmologiya elminin
inkişafındakı xidmətləri haqqında nə
deyə bilərsiniz?
-
Zərifə xanım Əliyevanın Azərbaycanda
oftalmologiya elminin inkişafında xidmətləri olduqca
böyükdür. Alim, pedaqoq,
qayğıkeş, bilikli həkim, həmçinin, gözəl
insan olan Zərifə xanım milli səhiyyəmizin
inkişafında mükəmməl biliyə və
bacarığa malik oftalmoloqların və
ümumiyyətlə, tibb işçilərinin
hazırlanmasında böyük əmək sərf
etmişdir.
Onun əziz
xatirəsi respublikamızda və Azərbaycanın
sərhədlərindən çox-çox uzaqlarda,
səhiyyə, elm sahəsində çalışan hər
bir insanın qəlbində yaşamaqdadır. Zərifə
xanım Əliyevanın çox müsbət aurası var idi.
Səhiyyə tariximizdə müstəsna yeri olan
Zərifə xanım oftalmologiya sahəsində geniş elmi
axtarışları və tədqiqatları olub. O, tibb
elmində, təcrübi səhiyyədə son
dərəcə əhəmiyyətli əsərlər
yazıb. Zərifə xanım oftalmologiyanın
müasir problemlərinə dair bir sıra sanballı
tədqiqatların, "Terapevtik oftalmologiya",
"İridodiaqnostika əsasları" kimi nadir elmi əsərlərin,
12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 140-dan
artıq elmi əsərin, 12 səmərələşdirici
təklifin müəllifidir.
-
Zərifə xanım Əliyevanın elmi
əsərlərində yeniliklər cəmiyyətimizə
hansı töhfələri verib?
- Zərifə xanım
novator, uzaqgörən alim idi. Onun elmi
araşdırmalarının nəticələri bu gün
də çox aktualdır. O, ilk dəfə olaraq,
dünyada analoqu olmayan on böyük sənaye
müəssisələrində: Bakı ŞİN, Yod və
Məişət Maşınqayırma zavodlarında,
Sumqayıt Üzvü Sintez Birliyində, Mingəçevir
"İzolit" və Rezin Texniki zavodunda, Gəncə
Gil-Torpaq kombinatında müxtəlif peşə və
zərərli faktorların görmə üzvünə,
daxili orqanlara (ağ ciyərlərə,
böyrəklərə, qara ciyərə) biokimyəvi
təsiri mexanizmini müayinə edərək bir sıra
yeniliklər əldə etdiyi məlumatlar əsasında tibb
elmləri doktorluq dissertasiyasını da müdafiə
etmişdir.
Ümumiyyətlə,
Zərifə xanım Əliyeva dünya
təcrübəsində ilk dəfə olaraq konserv zavodunda
xüsusi elmi-tədqiqat laboratoriyasını təşkil
etmişdir. Orada müasir həssas müayinə cihazları
ilə işçilərin görmə qabiliyyətinin funksional
vəziyyətini öyrənərək baş vermiş
göz xəstəliklərinin müalicə və
profilaktikası üsulları haqqında öz
konsepsiyasını irəli sürmüşdür. Bu konsepsiyanın həyata keçirilməsi
nəticəsində minlərlə mühəndis,
fəhlələrin görmə qabiliyyəti
yaxşılaşmış, onlar nur tapmışdılar.
Zərifə xanım Əliyevanın elmi
araşdırmalarının yeniliyinə, tibbi
təcrübədən faydalı olmasına görə Ona
Averbax mükafatı da verilmişdir.
- Görkəmli alimin
"Yüksək əqidə" adlı əsəri də
bu baxımdan diqqəti cəlb edir.
- Unudulmaz akademik Zərifə
xanımın oftalmologiya sahəsində küllü miqdarda
əsərləri var. Onların hamısı çox
qiymətli və dünyəvidir. Kitabın
redaktoru korifey alim, məşhur cərrah, bir neçə
ölkə elmi akademiyalarının akademiki Mustafa bəy
Topçubaşovdur. Bu, çox
qiymətli əsərdir. Zərifə xanımdan
əvvəl heç kim belə
əsər yazmayıb.
Bugünkü
gündə də bu əsərin mahiyyəti çox
böyük və qiymətlidir. Müəllif
əsərdə həkimin ixtisas fəaliyyətində
etikanın, mənəviyyatın həlledici
əhəmiyyətini aydınlaşdırır,
aşılayır. O, həkimin ixtisas fəaliyyətində
etikanın həlledici əhəmiyyətini
aydınlaşdırıb yazır: "Tibb elmi
gündən-günə inkişaf edir, proqressivləşir,
ancaq dəyişməyən nə varsa, o da, həkimin
yüksək mənəvi-etik və yüksək ixtisas
tələbatıdır".
Zərifə xanım
həmişə deyirdi: "Əgər belə bir sualı
götürsək ki, həkimin fəal həyati mövqeyi
hansı bünövrə üzərində qurulub? Cavab
çox qısa olar: xəstəyə münasibət!"
Və yaxud o, belə deyirdi: "Xəstəlik fiziki
cəhətdən nə qədər
mürəkkəbdirsə, xəstə insanın ruhi aləmi
o qədər incə və kövrəkdir. Ona
kömək etmək - qala kimi möhkəmləndirmək
naminə həkim ürəyinin atəşini,
gözlərinin nurunu əsirgəməməlidir". Görün, bu kəlamlarda nə qədər
böyük məna var. Bunu ancaq o insan - böyük
ürəyə, yüksək insansevərliyə malik o
Zərifə xanım deyə bilərdi.
- Həmin
əsərlərdə Azərbaycanın qədim
ənənələrinə dair fikirlər yer alıb. Eyni zamanda, xalqımızın yetişdirdiyi
mütəfəkkirlərin fəaliyyətindən
ətraflı bəhs olunur.
- Zərifə xanım
Əliyeva o ölməz əsərində göstərir ki,
Azərbaycan ərazisində etik təfəkkürün
əsası IX-XI əsrlərdə qoyulub. Yüzilliklərlə
toplanmış mədəni irsiyyət əsasında milli
adət-ənənəyə tolerantlıq, başqasına
hörmət etmək, ləyaqətini qorumaq, kiçiklərə
qayğı göstərmək, qoca, xəstə insanı
qayğı və məhəbbətlə əhatə
etmək Azərbaycan ənənəsidir. Çox
qədim zamanlardan müalicə edən insan loğman adı
ilə xalq arasında məşhur idi. Onlar
müxtəlif xəstəliklərin sirrini və
müalicə üsellarını nəsildən-nəsilə
ötürürdülər. Loğmanın birinci
tövsiyəsi belədir: "Yer kürəsində nə
varsa, insanların xeyirxahlığı ilə
əmələ gəlib", o biri tövsiyəsi alkfqolun
çox qəbul olunmasının qarşısının
alınmasıdır.
Daha sonra müəllif
Azərbaycan ədəbiyyatının qədim tarixi
abidəsi, xalq eposu "Dədə Qorqud" dastanında
göstərilən həkimin insanpərvər davranışının
əsas prinsipləri, insanın sağlamlığının
və insan üçün əxlaqın
paklığının, sağlam mənəviyyatın qorunub
saxlanılması kimi məsləhətləri
aşılayır. Zərifə xanım bu əsərində
Azərbaycanın böyük mütəfəkkirləri,
şairləri, alimləri, Bəhmənyar İbn Matavan (XI
əsr), Ömər Osman oğlu (XI əsr), Xətib
Təbrizi (XI əsr), Xəqani (XI əsr), Nizami Gəncəvi
(XII əsr), Naxçıvani (XIII əsr), Mahmud
Şəbustari (XIV əsr), Seyid Yəhya Bakuvi (XV əsr),
Vaqif (XVIII) və başqalarının öz
əsərlərində qədim həkimlərin
təmənnasız hərəkatı, xeyirxah
əsərləri və əldə etdikləri yaxşı
nəticələr haqqında olan yazılar
üzərində ətraflı dayanaraq, onların və
başqa proqressiv mütəfəkkirlərin Azərbaycanda
tibbi etikanın inkişaf etməsində mühüm rol
oynadığını göstərir.
Akademik Zərifə xanım
Əliyeva böyük iftixar hissi ilə əsərində
göstərir ki, hələ XI əsrdə Azərbaycanda ilk
mədrəsələr, sonra isə Şamaxı
şəhəri yaxınlığında
"Dar-əş-şəfa" (sağalma evi) adlı
əsil universitet fəaliyyət göstərirdi. Bu universitetin hüquq, tibb, ilahiyyət və
başqa fakültələri var idi. Universitetin
kitabxanasında 60 mindən artıq əlyazması var idi.
Elmlə, tədris ilə məşğul olmaq
biliklərini artırmaq məqsədi ilə bu universitetə
İrandan, Hindistandan, Çindən, Suriyadan, Misirdən, Orta
Asiyadan alimlər gəlirdilər. Beləliklə,
hələ o zaman xariciləri Azərbaycanın tək
var-dövləti yox, elmi də cəlb edirdi. O
dövrdə Şərqdə məşhur həkim və
əczaçı Ömər Osman oğlunun rəhbərliyi
altında tibbi kadrlar hazırlanırdı. O, özü
yüksək mənəvi prinsiplər tərəfdarı
olaraq öz tələbələrinə öyrədirdi ki,
həkimlik fəaliyyəti insana məhəbbət
üzərində qurulub. Ömər Osman
oğlu tələbələrini mənəvi təmizlik,
patriotizm və xalqa qulluq ruhunda tərbiyə edirdi. Onun
belə devizi var idi: "Hətta sənin gəlirinə ziyan
olsa da, xalqa xeyir ver". Ömər Osman oğlunun
əməllərini davam etdirən tələbəsi
Xəqani belə yazırdı: "Əgər
istəyirsənsə, sənin qəlbin təmiz olsun, oradan on
elementi: acgözlüyü, riyakarlığı, hiddəti,
təkəbbürlüyü, qanunu pozmağı,
yaltaqlığı, ikiüzlülüyü,
düşmənçiliyi, yalanı tulla".
- Zərifə xanımın
tibb işçilərinə əsas tövsiyəsi
nədən ibarət idi?
- Yüksək intellektə,
geniş erudisiyaya, zəngin mədəniyyətə, dərin
biliyə malik həkim, pedaqoq alim, gözəl insan akademik
Zərifə xanım Əliyeva çoxsaylı əsərlərində
həkimlərin, tibb işçilərinin həm
ixtisasının artmasına, biliyinin
zənginləşməsinə, həm də etik-
mənəvi cəhətdən sağlam olmasına
çalışırdı. Onun
əsərləri ölməzdir. Çünki
bugünkü gündə də, göründüyü kimi,
bu əsərlər və mövzular çox aktualdır,
dünyəvidir. Zərifə xanım həmişə
həkimlik peşəsini çox uca tuturdu, həkimi
günəşə bənzədərək deyirdi:
"Həkim insanlara günəş qədər
lazımdır". Əslində, Zərifə
xanım özü yüksək mənəviyyata malik bir
günəş idi.
Səs.- 2010.- 27 aprel.- S. 8.